Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasyası (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İşğalçının ifşası: görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçivəsində ilk dəyirmi masa keçirib. Bu dəyirmi masada AMEA Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, AVCİYA-nın vitse-prezidenti, tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Vaqif Abışov, həmin İnstitutun “Qarabağ tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli, “1905.az” portalının direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev, layihənin rəhbəri İrina Muxtarova, 1905.az saytının eksperti Təmkin Məmmədli və dəyirmi masaya onlayn şəkildə qatılan tarix üzrə elmlər doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya iştirak ediblər.
Fuad Babayev: Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasyası (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İşğalçının ifşası: görünən kəndə bələdçilik cəhdi” layihəsinin icrasına başlayıb. Bugünkü söhbətimiz həmin layihə çərçivəsində ilk söhbətdir. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun müstəsna uğurları fonunda baş verən birinci söhbətimiz erməniliyin Azərbaycana təcavüzünün tarixi köklərinə həsr olunub. Ermənilik bizə qarşı hücuma keçməzdən əvvəl hansı ”hazırlıq” işlərini həyata keçirib?
Qasım Hacıyev: 30 ildən artıqdır ki, Qarabağın tarixi, Azərbaycanın tarixi ilə əlaqədar olaraq ermənilərin yazdığı, ermənilərin apardığı “ideoloji mübarizə” və törətdikləri hadisələr hamımızın xatirəsindədir. Biz bunu həm oxumuşuq, həm də bələd olmuşuq ki, ermənilər kimdir, bu əraziyə onlar haradan gəliblər və bizdən nə istəyiblər. Əvvəla, ermənilərin Qafqaz regionuna gəlməzdən əvvəl Aralıq dənizi sahillərində yaşaması haqqında məlumatlar var. Bizim tarixşünaslığımız indi ona hədəflənib ki, ermənilər frigiyalılarla birlikdə Ön Asiyaya gəliblər. Hətta mən Ankaraya səfərim zamanı Frigiya kralına qoyulmuş ehramı, 60 metr dərinliyində kurqanın açılışını gördüm. Ermənilər özlərini Urartuya da yamaq ediblər. Ermənilər ən qədim dövlət və millətlərin tarixlərini özlərinə uyğunlaşdırmağa çalışıblar. Amma tarixi tədqiqatlar bunu sübut etmir. Deyilənləri ümumiləşdirərək qeyd edə bilərik ki, özlərini hay adlandıran ermənilər, ən qədim dövlətləri, peyğəmbərləri öz adlarına çıxıblar. Əslində isə haylar Aralıq dənizi sahillərindən Ön Asiyaya gələrək burada Kilikiya ərazisində yerləşiblər. Onlar son dövr-lərə qədər Kilikiya ərazisində yaranan dövlətlərin tərkibində olublar. Ermənilərin Qafqaza gəlməyi XIX əsrin əvvəllərində Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra baş tutub.
İrina Muxtarova: Bizim tədbirə Gürcüstandan zoom proqramı vasitəsilə tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya qoşulub. Quram Rajdenoviç, biz ermənilərin Cənubi Qafqaza Gülüstan (1813), Türkmənçay (1828) və Ədirnə (1829) sülh müqavilələrindən sonra köçürülməsindən danışdıq. Sizin bu məsələlər haqqında fikrinizi bilmək istərdik.
Quram Marxuliya: Ermənilər Cənubi Qafqaza köçürülənə qədər onların bu bölgədə sayı çox az olub. Rusiyanın himayəsi ilə 1828-1830-cu illərdə Cənubi Qafqaza 40 min İran, 100 min isə Türkiyə ermənisi köçürülüb. Cənubi Qafqaza köçürülən ermənilərin böyük əksəriyyəti Qarabağın dağlıq rayonlarında və Gürcüstanın cənub bölgələrində məskunlaşdırıldı. Onlar erməni dilindən başqa bir dil bilmirdi, Türkiyədə yaşayanlar isə erməni dili ilə yanaşı həm də türk dilini, İranda yaşayanlar isə fars dilini bilirdi. XIX əsrin 1-ci yarısına kimi ermənilərin elə bir siyasi tələbi olmayıb. Bu müddətdə onlar rus dilini və mədəniyyətini öyrənib, uşaqlarına savad veriblər. Artıq XIX əsrin ikinci yarısında siyasi tələblər irəli sürməyə başlayan erməniliyin yeni bir erməni nəsli meydana çıxdı. Onlar azərbaycanlıların və gürcülərin dövlətçiliyinin olduğunu bilirdilər. Bəs ermənilərin niyə dövləti olmasın? Beləliklə, onların yerli əhaliyə qarşı, azərbaycanlılara və gürcülərə qarşı təqibləri başladı. Onlar indi elə hesab edirlər ki, bütün dünya erməni xalqına borcludur. Ermənilər knyazlıq titulu və ali hərbi rütbələri satın alaraq tədricən Rusiya ərazisinə nüfuz etdilər. Rusiya dvoryanlığı buna əhəmiyyət vermirdi. Rusiyanın Cənubi Qafqazda sülhə deyil, xalqlar arasındakı nifaqa ehtiyacı olduğu üçün onlar hətta bundan məmnun idi. Buna görə də ermənilər digər xalqlardan daha çox dəstəklənirdi.
Mən Sizə bir misal çəkmək istəyirəm. XIX əsrdə Tbilisidə saxtakarlıq və maliyyə fırıldaqları yolu ilə böyük bir sərvət toplamış Qriqori Artsruni adlı tacir olub. Bu tacir oğlunu Fransaya oxumağa göndərib. Amma fransız dilini lazımi səviyyədə öyrənə bilmədiyi üçün onu təhsilini davam etdirmək məqsədilə sonradan Almaniyaya yola salıb. Lakin o Almaniyada da təhsilini başa çatdıra bilmədiyinə görə Tbilisiyə diplomsuz qayıdıb. Sonradan Tbilisidə şayiə yaydılar ki, Qriqori Artsruninin elə Qriqori adlanan oğlu fəlsəfə doktoru kimi Gürcüstana geri dönüb.
Fəlsəfə doktoru nə iş görə bilərdi? Onun üçün 1872-ci ildə “Mşak” (Əməkçi) adlı bir qəzet təsis etdilər. Qriqorinin özü nə fransız, nə alman, nə rus, xüsusulə də erməni və gürcü dillərində normal yaza bilmirdi. Bu zaman maliyyə imkanları olmayan təhsilli gürcü knyazları “Mşak” qəzeti üçün məqalə yazırdılar. Tbilisidə və Cənubi Qafqazda yaşayan bütün ermənilər bu qəzeti almalı idilər. Bunun nəticəsində bir neçə il ərzində bisavad Qriqori Artsruni milyonçuya çevrildi.
“Mşak” qəzeti erməni millətçilərinin fəaliyyətlərini Osmanlı imperiyasının şərq vilayətlərinə yönəltmək imkanı qazandırdığı üçün Rus çarizmi ona maliyyə dəstəyi göstərdi. Bu mətbu orqanı ermənilərə Osmanlı imperiyasındakı vəziyyətlərinin ağırlığını təlqin edirdi. Bu qəzetin minlərlə nüsxəsi ermənilər arasında yayılması məqsədi ilə Osmanlı dövlətinə göndərilirdi. Bu qəzeti oxuyan Osmanlı erməniləri Rusiyadakı soydaşlarının zəngin yaşaması barədə məlumatları həqiqət kimi qəbul edirdi. Bunlar isə XIX əsrin sonunda Osmanlı sultanı II Əbdülhəmid dövründə baş qaldıran ziddiyyət və ilk toqquşmalara səbəb oldu. Nəticə olaraq Osmanlıdan müstəqil knyazlıq statusu qazanan Bolqarıstan erməni xalqı üçün milli azadlıq mübarizəsinin nümunəsinə çevrildi. Rusiya Osmanlı imperiyasında yaşayan erməniləri yerli əhaliyə və dövlətçiliyə qarşı mübarizəyə təhrik etmək üçün hər şeyə əl atırdı. 1045-ci ildə Bizans imperiyası Ani çarlığını lazımsız coğrafi ərazi kimi ləğv etməklə erməni dövlətinin siyasi varlığına son qoydu. Ani çarlığı erməni xalqını Kilikiyaya və Kapadokiyaya köçürməyə başladı. Osmanlı sultanı II Məhmət 1453-cü ildə Konstantinopolu fəth edəndə ermənilər onu özlərinin xilaskarı sayırdılar. Ermənilər Osmanlı imperiyasında böyük hüquqlara malik idilər. Demək olar ki, Osmanlı imperiyasının bütün iqtisadiyyatı ticarətlə məşğul olan ermənilərin əlində idi. Yəni, türklər heç vaxt ermənilərə ziyan vurmayıblar, əksinə ermənilər türkləri özlərinin xilaskarı hesab ediblər.
XVIII əsrin sonunda məqsədi Qafqazda Gürcüstan, Azərbaycan və Osmanlı imperiyası ərazilərində erməni dövləti yaratmaq olan gizli Rusiya-erməni geosiyasi birliyi yaranmağa başladı. XIX əsrin ikinci yarısında Rusiya cənub istiqamətində təcavüzkar siyasətini daha da genişləndirməyi və inkişaf etdirməyi planlaşdırırdı. Rusiya siyasətində yenə də ermənilərdən istifadə etməyə çalışdı və onlara yeni ərazilərdə erməni dövləti yaradacağını vəd etdi. Osmanlı imperiyasında ermənilərin “milli istiqlaliyyəti” uğrunda mübarizəsi başladı, bəzi dövrlərdə bu mübarizə həqiqi müharibələrə çevrildi. Bu erməni hərəkatı sonradan “erməni məsələsi” adlandırıldı.
Ermənilərin bu təşəbbüsü təbii ki, Osmanlı hökuməti ilə orada yaşayan erməni icması arasına düşmənçilik və inamsızlıq toxumları səpərək münasibətlərin xeyli kəskinləşməsinə səbəb oldu. “Dənizdən dənizə böyük Ermənistan” yaratmaq ideyası erməni millətçiləri tərəfindən qəbul edildi. Rusiya Osmanlı imperiyasının erməni əhalisinin bu istəklərini hər vəchlə qızışdıraraq gələcək siyasi manevrlərə imkan yaradırdı.
Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı imperiyasındakı ermənilərin öz dövlətinə qarşı silah qaldırması və əslində yaşadıqları ölkəyə xəyanət etməsi üçün zəmin hazır idi. Osmanlı ordusunda hər an bu orduya xəyanət etməyə hazır olan onlarla erməni generalı və əsgəri xidmət edirdi. Birinci Dünya müharibəsi başlayandan sonra erməni komandirləri və əsgərləri Osmanlı imperiyasının düşmənlərinə qarşı ortaq mübarizə aparmaq əvəzinə silahlarını öz dövlətlərinə, Osmanlıya qarşı çevirdilər. Bir neçə ay ərzində faktiki olaraq 90 min etnik türk öldürüldü, işgəncələrlə müşayiət olunan bu qətllərdə körpələrə da aman verilmirdi. Daşnak “qəhrəmanlarının” bu cür hərəkətlərini görən və Çar Rusiyasının “Erməni məsələsi”nin həlli planından xəbərdar olan türk hökuməti 1915-ci ilin aprelində Türkiyədə yaşayan ermənilərin ümumi deportasiyası barədə qərar verir. Mən demirəm ki, bu prosesdə insanlar soyuqdan, aclıqdan ölməyib, əlbəttə, qurbanlar olub. Amma ermənilərin car çəkdikləri “soyqırım” olmayıb. Mənim çıxışımın əvvəlində Qriqori Artsrunidən misal çəkməyim təsadüfi deyildi. Tbilisidəki erməni siyasi elitası qərara gəlir ki, Osmanlıda yaşayan ermənilər elə bir tarix yazmalıdırlar ki, gələcəkdə onunla fəxr edə bilsinlər və bu məsələ beynəlxalq münasibətlərdə müşkülə çevirilsin. Bu, ermənilərin milli xüsusiyyətidir. Əsrlər boyu erməni tarixçiləri öz xalqına heç vaxt yaşamadıqları və dövlətçilikləri olmadıqları yerdə yaşamaq hüququnu təlqin ediblər. İngiltərə, Fransa və Rusiya onları bu işə təhrik etdi, siyasi vədlər verib. Osmanlı dövləti türk xalqına qarşı ermənilərin xəyanətini bağışlaya bilməzdi. Ona görə də 1915-ci ildə çox sayda erməni yaşadıqları yerlərdən köçürüldü. Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı imperiyası ərazisində erməni dövləti yaratmaq haqqında Rusiyanın ermənilərə verdiyi vəd yerinə yetirilmədi. 1917-ci il inqilabından sonra Rusiya müharibədən çıxdı. Rus ordusunun Qafqaz cəbhəsini tərk etmək məcburiyyətində qalması erməniləri faktiki olaraq tək qoydu. Onlar Ermənistan sərhədlərini genişləndirmək üçün Osmanlı imperiyasına və Azərbaycana qarşı mübarizədə Gürcüstan rəhbərliyindən kömək istədilər. Ancaq bu müəyyən gürcü siyasi məkanını qorumağa çalışan gürcü menşevikləri üçün mümkünsüz bir iş idi. Təsadüf elə gətirdi ki, 1918-ci ildə bugünkü Ermənistan ermənilərə verildi. Naxçıvan silsiləsinə qədər Lori bölgəsi Gürcüstanın tarixi ərazisidir. Tarixən gürcü müdafiə naziri Loridə olub, bu gün isə Lori Ermənistan ərazisidir. Tarixən Azərbaycan xanlığı olan İrəvanın əhalisinin böyük əksəriyyəti məhz azərbaycanlılar olub. Yeni müstəqil Ermənistan Gürcüstan və Azərbaycanın tarixi ərazilərinin bir hissəsində yaranıb. Sovet İttifaqı dövründə ermənilər Gürcüstana və Azərbaycana ərazi iddiaları ilə çıxış edərək Ermənistan ərazisini genişləndirməyə çalışıblar. Bu iddialar nəticəsində Azərbaycan Respublikası ərazisində Dağlıq Qarabağ muxtar vilayəti yaranıb. Ermənilər Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinə qarşı da eyni tələb irəli sürüblər. Əvvəllər Azərbaycana qarşı irəli sürülən muxtariyyət və Ermənistana birləşmək tələbini Osmanlı imperiyasından qaçıb gələn ermənillərin indiki nəsli bu gün Gürcüstan qarşısında qoyur.
“Erməni məsələsi”nin mahiyyəti budur. Erməni xalqının əsas düşməni onlara bir zamanlar guya mövcud olmuş “Böyük Ermənistan” dövlətini bərpa etməyi əsrlər boyu təlqin edən erməni tarixçiləridir. Erməni xalqının bədbəxtliyinə səbəb həmişə erməni liderləri olub. Onlar geosiyasi məqsədləri naminə Ermənistanın müəyyən bir qüvvə olduğunu dünya ictimaiyyətinə göstərmək üçün öz xalqını qurban veriblər. Hazırda Azərbaycan öz torpaqlarını azad edərkən ermənilər bütün dünyaya, Rusiya və Fransaya Azərbaycan qoşunlarını dayandırmağa kömək etmələrini xahiş edirlər.
Qasım Hacıyev: Quram, biz işğal olunmuş ərazilərimizi azad edirik, status-kvonu dəyişdirmişik.
Quram Marxuliya: Mən qardaş Azərbaycan xalqı ilə birlikdə olduğum üçün hər zaman şadam. Mənim ruhum və ürəyim indi Azərbaycandadır, bütün Gürcüstan Azərbaycanın yanındadır və onun üçün narahatdır.
Fuad Babayev: Güntəkin xanım, buyurun. Sizin fikirlərinizlə tanış olaq.
Güntəkin Nəcəfli: Ermənilərin haradan gəlməsinin heç bir əhəmiyyəti yoxdur. İstər Balkan yarımadasından, istərsə də Qara dəniz sahillərindən gəlməsindən asılı olmayaraq onlar Cənubi Qafqazın aborigen əhalisi deyillər, gəlmə xalqdırlar. “Tarixin atası” Herodot deyirdi ki, ermənilər Balkan yarımadasından Frigiya qulları kimi Ön Asiyaya köç ediblər və məşhur rus alimi Dyakonov da bunu təsdiq edir. Erməniləri Cənubi Qafqaza köçürən Çar Rusiyasının məqsədi yeni torpaqlar ələ keçirmək idi. Çar Rusiyasının bu iddiaları XVIII əsrin I rübündə I Pyotrla başladı. I Pyotrun 1724-cü il 10 noyabr tarixli manifestində erməniləri Cənubi Qafqazın Xəzərsahili vilayətlərində yerləşdirmək nəzərdə tutulurdu. I Pyotr qeyd edirdi ki, buradakı şiələr İrana, sünnilər isə Türkiyəyə meyilli olduğu üçün onları bu regiondan uzaqlaşdırmaq, həmin əhalinin yerinə isə bu ərazilərə erməniləri yerləşdirmək lazımdır. Lakin I Pyotrun ölümü bu siyasətin həyata keçməsinə mane oldu, bölgəyə az miqdar erməni yerləşdirilə bildi. Tofiq Mustafazadənin tədqiqatlarında ermənilərin az bir qisminin Gilan, Quba və bəzi Xəzərsahili vilayətlərə yerləşdirilməsi haqqında məlumatlar var.
Sonrakı illərdə II Yekaterinanın dövründə (hakimiyyət illəri: 1762- 1796 – red.) bu siyasətin davamı olaraq çoxsaylı layihələr ortaya çıxdı. Lakin, Azərbaycan torpaqlarında Alban dövləti, Erməni dövləti, Ararat krallığı adlı xristian dövləti yaratmaq layihələri də yarımçıq qaldı. Qarabağ xanlığını devirib hakimiyyətin xristianlara verilməsi planları qurulurdu. Əlimizdə rus generalı Valerian Zubova (1771-1804-red.) verilən məxfi tapşırıqlar, Qriqori Potyomkinin (Rus generalı – 1739-1791- red.) II Yekaterinaya yazdığı məktublar var. 1783-cü il 19 may tarixli məktubunda Potyomkin II Yekaterinaya yazırdı ki, Sizə söz verdiyim ki, mən Asiyada, bu torpaqlarda xristian dövləti quracam. Amma həmin dövrdə bu plan da baş tutmadı.
XIX əsrin əvvələrində Qafqaz müharibələrinə qədər Qafqaz sakit bir region idi. Qafqazda əsas aborigen əhali azərbaycanlılar və gürcülər idi. Lakin Cənubi Qafqazı işğal etmək üçün erməni ünsüründən, erməni etnosundan istifadə etmək lazım idi. Cənubi Qafqaz xanlıqlarının işğalında ermənilər və onların kilsəsi mühüm rol oynadılar. Ermənilər Üçkilsə ərazilərinə Cahan şahın (Qaraqoyunlu dövlətinin hökmdarı, hakimiyyət illəri:1436-1467 – red.) dövründə 1441-ci ildə köçürülüb. Ermənilərin tarixdə olan bir neçə knyazlığının heç birinin Cənubi Qafqaza aidiyyatı yoxdur. Bu knyazlıqların ən sonuncusu olan Kilikiyaya 1375-ci ildə məmlüklər tərəfindən son qoyuldu. Bundan sonra kiçik bir knyazlıq belə yarada bilməyən ermənilərin fəaliyyət mərkəzi kilsə olub. Erməni kilsəsi xristianlıqdan fərqlənən qriqoryan təliminə əsaslanır. Bu kilsə daim gizli məqsədlər güdərək terror təşkilatlarını silahla təmin edib.
Hələ I Pyotrun dövründən etibarən Rusiya ilə məktublaşan erməni kilsəsi ona çoxsaylı layihələr təqdim edirdi. Üç dəniz arasında (Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi – red.) guya böyük Ermənistan dövləti olması kimi saxtalaşdırmalar isə məhz XIX əsrdən başlanıb.
Ermənilər Rusiya çarı I Nikolayın göstərişi ilə 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsinə, 1829-cu il Ədirnə müqaviləsinin isə 13-cü maddəsinə uyğun olaraq işğal edilmiş Azərbaycan torpaqlarına, yəni İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə kütləvi şəkildə köçürülməyə başladılar. Rus tarixçiləri də yazır ki, bu köçürmələr 1832-ci illərə qədər davam edib. Osmanlı imperiyasında köçürülən ermənilərin sayı 100 mini ötüb keçmişdi. XX əsrin əvvəlində Milyukov (Pavel Milyukov (1859-1943) – Rusiya siyasi xadimi, kadetlər partiyasının liderlərindən biri – red.) yazırdı ki, bizə ermənisiz Ermənistan lazımdır.Yəni Çar Rusiyası Cənubi Qafqazda ermənilərin yaşayıb-yaşamamasından asılı olmayaraq Osmanlı imperiyasını türk dünyasından, Qacarlar dövlətindən ayırmaq üçün bufer xristian zolağı yaratmaq istəyirdi.
Rusiyanın xarici siyasət arxivində hazırlanmasında Aleksandr Qriboyedov (rus diplomatı və dramaturqu: 1795-1829 – red.) və İvan Paskeviçin (rus sərkərdəsi və diplomatı: 1782-1856–red.) də iştirak etdiyi 1827-ci ilə aid layihələr mövcuddur. Əvvəlcə bu xristian zolağına digər xalqların, o cümlədən 80 min kazakın və duxoborların (XVIII əsrin ikinci yarısında Rusiyada yaranmış dini sekta – red.) köçürülməsi nəzərdə tutulurdu. Lakin o zaman digər dindən olanların heç biri Cənubi Qafqaza gəlmədiyi üçün “Erməni məsələsi” ortaya çıxdı.
Bundan sonra Çar Rusiyası ermənilərdən yararlanmağı, onlardan istifadə etməyi qarşılarına məqsəd qoydu. Qeyd edim ki, ermənilərin Qafqaza köçürülməsi çox böyük qayğı ilə həyata keçirilirdi. Ermənilər 6 il vergidən, 3 il isə mükəlləfiyyətdən azad edilirdilər. Türkmənçaydan və Ədirnədən alınan təzminatlar hesabına onlara xüsusi imtiyazlar verilirdi. Şəhərdə yaşayanların şəhərə, kənddə yaşayanların isə kəndə köçürülməsi təmin olunurdu. Amma tarixi paralel aparsaq görərik ki, Stalinin qərarı ilə 1948-1953-cü illərdə azərbaycanlılar İrəvan torpaqlarından sürgün edilərkən onlara heç bir qayğı göstərilmədi. Dağlıq ərazidə yaşayan əhali aran yerlərinə uyğunlaşa bilməyərək məhv oldu.
Cənubi Qafqazda ilk dəfə Ordubad da daxil olmaqla keçmiş Naxçıvan və İrəvan xanlıqlarının ərazisi birləşdirilərək 1828-ci il martın 21-də süni Erməni vilayəti yaradıldı. İ.Paskeviç deyirdi ki, mən güman etməzdim Krasovski (İrəvan xanlığı ərazisindəki qoşunların komandanı – red.) erməni keşişlərinin sözünə uyub çoxluq təşkil edən müsəlman əhaliyə yox, ermənilərə taxıl paylayacaq. Halbuki ermənilər müsəlman əhalinin ¼ hissəsini təşkil edirdi.
Hər zaman özlərini Cənubi Qafqazın aborigen əhalisi olduğunu iddia edən ermənilərin yalanı bu regiona köçürülmə zamanı da üzə çıxır. 1828-ci ilin oktyabrında Rus qoşunları Təbrizi tutandan sonra Çar ordusunda xidmət edən erməni zabitləri köçürülmə işlərinə cəlb olundu. Bu siyasətin həyata keçirilməsinə rəhbərlik edən erməni mənşəli rus polkovniki Qazaros Lazaryan Təbrizdə, Xoyda indiki Azərbaycan ərazisinə köçmək istəməyən ermənilərə müraciətlə deyirdi: “…Orada (yəni Şimali Azərbaycanda) siz xristianların məskunlaşdırıldığı yeni Vətən əldə edəcəksiniz… Tələsin! Vaxt qiymətlidir… Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik”. Bu müraciətə Sergey Qlinkanın (rus tarixçisi:1775-1747 – red.) “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri” əsərinin erməni və rus dilində olan nəşrlərində rast gəlmək olar.
Əgər ermənilərin əvvəldən burada vətəni olsaydı onlara yeni vətən əldə etmək müraciəti edilərdimi? Yəni ermənilər daim Vətən axtarışında olub. Erməniləri Cənubi Qafqaza yerləşdirən Çar Rusiyası olub. Əgər Çar Rusiyası Osmanlı dövlətinə qalib gəlsəydi heç zaman tarixdə erməni dövləti yaranmazdı. Bu Çar Rusiyasının dövlət siyasəti idi. Rusiya sonralar Erməni vilayətini ləğv edərək İrəvan quberniyası yaratdı. Amma təəssüf ki, 1918-ci ildə böyük dövlətlərin köməyi ilə Cənubi Qafqazda ermənilərə dövlət yaradıldı.
Vaqif Abışov: “Erməni məsələsi”nin gündəmə gəlməsi, uydurma “Böyük Ermənistan” xülyasının yaranması, ermənilərin Cənubi Qafqaza köçürülməsinin məqsədi beynəlxalq konfranslarda, elmi diskussiyalarda daim səsləndirilən mövzular sırasındadır. Bu mövzularla bağlı sual doğuran bir məsələ qalmayıb. Bu məsələnin əsas kökü isə ondan ibarətdir ki, yunan məsələsindən Avropa Türkiyəyə qarşı necə istifadə edirsə, “Erməni məsələsi”ndən XIX əsrdə Çar Rusiyası, ondan sonra Sovet hökuməti, daha sonra isə yeni qurulan Rusiya Federasiyası, o cümlədən də Avropa elə istifadə edir.
Güntəkin Nəcəfli: Berlin konqresindən (1877-1878-ci illər Rusiya-Türkiyə muharibəsindən sonra imzalanmış San-Stefan sülh müqaviləsinin (1878-ci il) yenidən baxılması üçün keçirilən beynəlxalq konfrans – red.) sonra Avropa da qoşuldu.
Vaqif Abışov: Bəli. Mən dərinə getmək istəmirəm. 1828-ci il Türkmənçay müqaviləsindən, 1877-1878-ci il San–Stefano sülhündən, 1895-1898-ci illərdə, xüsusilə Birinci dünya müharibəsindən (1914-1918) sonrakı dövrdə ermənilərin Cənubi Qafqaza köçürülməsi silsilə xarakter daşıyıb. Onlar bu bölgəyə nə qədər köçürülsələr də sayları artmayıb, çünki əzəldən az olublar və nə qədər köçürülsələr də bu gün 2 milyona ancaq çatıblar. Onun da bir hissəsi Rusiyadadır. Arxiv sənədlərində, elmi tədqiqat əsərlərində, dünya tarixçilərinə bu məsələ gün kimi məlumdur. 1915-ci ildə nəşr olunmuş “Mavi kitab”ın yazarı Arnold Toynbi (ingilis tarixçisi: 1889-1975 – red.) özü də etiraf etmişdir ki, bu kitab Birinci dünya müharibəsində Osmanlı dövlətinə ağır zərbə vurmaq üçün təbliğat məqsədiilə sifarişlə yazılıb, buradakı faktlar təsdiqlənməyib. Hələ 1918-ci ildə Yusif Vəzir Çəmənzəminli (аzərbaycanlı dövlət xadimi və yazıçı, 1887-1943 – red.) yazırdı ki, biz ermənilər kimi bağırmırıq, səsimiz gəlmir. Bunu danmaq olmaz ki, biz zamanı çatanda dünya ictimaiyyətinin diqqətini bu problemə yönəldə bilməmişik və bunun ağrısını çəkmişik.
“İşğalçının ifşası: görünən kəndə bələdçilik cəhdi” layihəsini icra etdiyinizə görə mən Sizə təşükkür edirəm. Ermənilərdən istifadə edilməsi zaman-zaman olub. Əgər XVIII əsrdə bu siyasət Rusiya tərəfindən başlamışdısa, XIX əsrdə estafet Avropaya keçdi. Amma mən bir məqama toxunmaq istəyirəm. Çar Rusiyası heç vaxt erməni dövləti yaratmaq fikrində olmayıb, həmişə erməniləri aldadıb və istifadə edibdir. Hətta Leninin özünün 1917-ci il dekabr dekretində Osmanlı dövlətinin ərazisindəki torpaqlarda erməni muxtariyyətinin yaradılması haqda göstəriş var. Hətta erməni milisinin yaradılması üçün S.Şaumyana 500 min rus rublu verilməsi faktdır. Leninin ətrafında erməni bolşevikləri çoxluq təşkil etməsinə baxmayaraq onun Cənubi Qafqazda erməni dövləti yaradılması barədə heç bir qərarı, təşəbbüsü olmayıb. Tarixən ermənilərdən istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı istifadə edilib. Lakin onların Cənubi Qafqazda üstünlük əldə etmək planları baş tutmayıb. Onlar hazırkı dövlətlərinin ərazisi ilə qane olmayaraq daha böyük ərazilərə iddia etməsinin həm daxili, həm da xarici səbəbləri var. Bunun qarşısını isə əvvəlcə güc, sonra siyasətlə almaq olar.
Fuad Babayev: Biz hazırda bu gücü nümayiş etdiririk.
Vaqif Abışov: Dünyada 129 erməni terror aktı olub. Yalnız Fransada 33 erməni terror hadisəsi baş verib. 1885-ci ildə “Armenakan” təşkilatı, 1887-ci ildə “Hnçak”, 1890-cı ildə “Daşnaksütyun” təşkilatı yaradılıb.
Qasım Hacıyev: 870-ə qədər erməni diaspor təşkilatı var.
Vaqif Abışov: Təkcə Fransanın ərazisindən 6 terror təşkilatı 33 terror əməlliyyatı həyata keçirib. Bu terror aktlrının əksəriyyəti türk vətəndaşlarına, Türkiyənin səfirlik və konsulluqlarına, türk rəsmilərinə qarşı olub, amma bunlardan yalnız Fransa vətəndaşları ziyan çəkib. Bizə qarşı irad bildirən Fransa rəhbərliyinə demək lazımdır ki, sizin ərazinizdə bu qədər terror əməliyyatı həyata keçirilib. Azərbaycan da təbiidir ki, öz ərazisini terrorçulardan təmizləməlidir.
Fuad Babayev: Bəs bu məşhur ASALA-nın (1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” adlanan bu təşkilatın adının abreviaturası ingiliscə “Armenian Secret Army for the Liberation of Armenia” kimidir. – red.) qeydiyyatı haradadır?
Vaqif Abışov: ASALA-nın qeydiyyatı Amerikadadır. Nə Azərbaycanın, nə də Türkiyənin terror təşkilatı var, nə də biz terror aktları həyata keçirmişik. Bütün dünya bilir ki, terrorçu ermənilərdir. Amerikada, Fransada, İngiltərədə terror əməliyyatları keçirən, Suriyada, Livanda, Yunanıstanda terror təşkilatları yaradanlar ermənilərdir. Məhz buna görə görünən kəndə bələdçilik etmək ehtiyacı ortaya çıxır.
Qasım Hacıyev: Artıq Dağlıq Qarbağın tanınması ilə bağlı Fransa parlamentinə bir qadın deputat müraciət edib. Mən də bu haqda fransız dilində müraciət yazıb göndərmişəm. Bütün Azərbaycan ayıq olmalıdır. Sizin bu fəaliyyətiniz müxtəlif dillərə tərcümə olunub dünya miqyasına çıxarılmalıdır.
Vaqif Abışov: Qriqoryan kilsəsi Katolik, Protestant və Provaslav kilsəsindən ayrıdır.
Güntəkin Nəcəfli: Düşünün ki, bir kilsənin zirzəmisindən silah çıxır, o necə olmalıdır…
Vaqif Abışov: Bəli. Qriqoryan kilsəsi istər büdcəsinin təşkili, istərsə də siyasi və dini xətt baxımından tamamilə sərbəstdir. Ermənilərin 3 qurumu: siyasi təşkilatlar, ziyalılar və kilsələri Türkiyəyə, Azərbaycana qarşı yönəlib, məqsədləri isə ərazi əldə etməkdir.
Dünya dövlətləri Cənubi Qafqazda, Türkiyə ərazisində dincliyə, inkişafa imkan verməmək və daim burada olan ocaqları közərtmək niyyətindədirlər. Ermənilərin işğalçılıq siyasəti hamıya gün kimi aydındır. Bu barədə çox yazılıb. Amma, Azərbaycan ordusunun bu mövzuda dediyi söz sonuncu əsər olacaq.
Məhərrəm Zülfüqarlı: Mən 1977-ci ildən Azərbaycan tarixi fənnini tədris edirəm. Bu tarixi demək üçün Vətəni, milləti sevməlisən. Bu gün xalqla hakimiyyət arasında çox güclü birlik yaranmışdır. Erməni tarixən olmayan şeyləri də yazıb öz adına çıxıb. Bizim əhalidə müsəlman psixologiyası var. Yəni İslama qədərki tarixini unudub. Bura köçürülən ermənilər də bizim kəndlərdə, şəhərlərdə olan xristian abidələrinə biganəliyimizdən istifadə edib onları mənimsəyiblər. Ona görə də birinci növbədə tariximizi öyrənməliyik, tariximizi yenidən yazmalıyıq, necə ki, burada oturan tarixçilər onu yenidən yazırlar.
Əvvəllər Azərbaycan tarixi fənni universitetdə 90 saat keçilirdi, sonra 75 saata, indi isə 60 saata salınıb. Azərbaycan tarixi fənnini bütün universitetlərdə tədris etmək lazımdır. Biz gənclərə Azərbaycan tarixini öyrətməliyik, strateji sahələrdə milli kadrlar olmalıdır. Azərbaycanın ən böyük problemlərindən biri də “saxta alimlər” məsələsidir. Biz cəbhədə erməniyə qarşı qələbə çalırıqsa, burada da bu dediyimiz məsələlər həll olunmalıdır. Azərbaycan tarixi fənninin dərs yükü artırılmalıdır, strateji vəzifələrdə olan kadrlara baxmaq lazımdır. Xaricdə bizi təmsil edən milli insan olmalıdır ki, saxta xəbərlərin yayılmasının qarşısı alınsın. Dövlətimizi gücləndirmək üçün milli kadrlara üstünlük vermək lazımdır.
Qasım Hacıyev: Təbliğatla tədqiqat paralel şəkildə aparılmasa onun heç bir əhəmiyyəti yoxdur. Biz onları ifşa etməliyik. Ermənilər bu yaxınlarda Aşot Baqratuninin tacını Xankindinə gətirib ondan da təbliğat məqsədilə istifadə edirlər. Onlar hər fırıldağa əl atırlar. Bir tərəfdən Qriqoryan kilsəsi yaradaraq xristianlığa düşmən çıxır, digər tərəfdən özlərini xristiana qardaş kimi göstərirək deyirlər ki, icazə verməyin müsəlmanlar bizi öldürür.
Güntəkin Nəcəfli: Onların ən pis xüsusiyyəti odur ki, tarixi saxtalaşdırırlar və bunu təbliğ edirlər. Mən doktorluq işimi götürdükdən sonra düşündüm ki, düşmənin dilini bilməsəm bunu dəqiq şəkildə həyata keçirə bilməyəcəm. Niyə başqa mənbələrdən faydalanım. Bunun üçün də erməni dilini öyrənməyə başladım və artıq bu mənbələri tərcümə edə bilirəm. Düşmənlə mübarizə aparırıqsa, öncə onun dilini bilməliyik. Yalnız bəzi kitabların adına baxsaq erməni saxtakarlığının şahidi olarıq. Məsələn, “Hayots Patmutyunk “ əsərinin tərcüməsi “Ermənilərin tarixi” deməkdir, amma rus dilinə bu kitab “Ermənistanın tarixi” kimi tərcümə edilib. Sözügedən kitabda “Vaqarşak ermənilərin çarı oldu” cümləsi rusca tərcüməsində “Vaqarşak Ermənistan çarı oldu” yazılıb. Ermənistan sözü XX əsrə aiddir. Yunanca Armina adlan vilayət Kiçik Asiyada yerləşib. İvan Şopen (XIX əsr məşhur fransız səyyahı və etnoqrafı,1798-1870 – red.) öz kitabında deyir ki, mən bilmirəm bu xalq necə uydurub özünə başqasının adını götürüb. Armina vilayətinə yerləşən haylar həmin ərazini özlərinə götürüb Armeniya elədilər. Sonradan ərəblər buraya “Ərməniyə” dedilər. Burada dövlətdən söhbət gedə bilməz, hamısı ərazi adıdır. Ermənistan termini Sovet terminidir, sonradan yaranıb. Rusiya arxivlərində albanların I Pyotra məktubları var. İsrail Ori (Erməni milli hərəkatının rəhbərlərindən biri: 1658–1711 – red.) Zəngəzur albanlarına, məliklərə imza atdırıb Pyotra istədiyini yazırdı. Məliklərə həmin sənədlərdə ermənicə kovxa deyilir. Amma məliklərin bəzilərinin özlərinin də I Pyotra məktubu var. 1723-cü ildə Pyotra yazılmış məktubda alban türkləri ilə xristian türkləri arasında olan mübarizədən danışılır. Erməni dilində olan məktubun ruscaya tərcüməsində türk sözünü silərək “albanskiye basurmanı”(alban müsəlmanları – red.) yazılıb. 1781-ci ildə Yekaterinya məktubda kovxaların adından deyilir ki, “biz albanlar Arşaki nəslindənik”, amma rus dilinə tərcümədə yazılıb ki, “biz keçmiş erməni knyazları nəslindənik. Görün tarixi nə dərəcədə saxtalaşdırırlar.
Təmkin Məmmədli: Erməniliyin ifşasına həsr edilmiş layihələr bizim müzəffər Ordumuzun qələbəsindən əvvəl necə zəruri idisə, qələbədən sonra da bu istiqamətdə fəaliyyətin davam etdirilməsi bir o qədər vacibdir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasyası (AVCİYA) mütəmadi olaraq Ermənistanın Azərbaycana silahlı təcavüzü, ermənilərin Cənubi Qafqaza gəlmə xalq olması barədə müxtəlif layihələr gerçəkləşdirir. İstər “Xocalı soyqırımı: milyon imza – bir tələb”, istərsə də “Sərsəng harayı” layihələri çərçivəsində görülən işlər bu qəbildəndir. Aqil Şahmuradovun “1905.az kitabı” nəşri olan “Ermənilər Cənubi Qafqazda” (məskunlaşma tarixindən) kitabının Azərbaycan, ingilis və rus dillərində işıq üzü görməsi də bu istiqamətdə gördüyümüz işlərdəndir. Sonda qeyd edim ki, “İşğalçının ifşası: görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçivəsində keçirilən dəyirmi masaların materialları əsasında Azərbaycan və ingilis dillərində kitab çap ediləcək.
Vaqif Abışov: Bəlli olan məsələləri təkrar etməyin heç bir ziyanı yoxdur. Ermənilər 200 ildən çoxdur ki, eyni mövzuları, saxta məlumatları təkrar-təkrar tirajlayırlar. Bizə saxta məlumatlar lazım deyil. Amma biz həqiqi sənədləri mütəmadi olaraq dünya dövlətlərinə çatdıra bilmişikmi? Xeyr. Belə söhbətlər və ya kitab çapı silsilə xarakteri daşımalı, daim diqqət mərkəzində olmalıdır.
Güntəkin Nəcəfli: Qırğızıstanda türkdilli dövlətlərə yardım fondunun saytında mənim rus dilinə tərcümə etdirdiyim məqalələrim var idi, lakin ermənilər o saytı sıradan çıxardılar.
Məhərrəm Zülfüqarlı: AVCİYA indiyə kimi böyük layihələrə imza atıb. Şamaxı soyqırımına aid kitabımız nəşr olunub, tədbirlər keçirmişik. Xocalı soyqırımı ilə bağlı böyük kampaniya aparıb 1 milyon imza toplamışıq. Bundan başqa Sərsənglə bağlı böyük layihə həyata keçirmişik. Biz Qarabağa gedərək təhlükəli vəziyyətdə olan abidələri tədqiq etdik. Bu layihə Elxan Süleymanovun “Qəsdən sudan məhrum etmə ilə bağlı” Avropa Şurası Parlament Assambleyasına təqdim etdiyi qətnaməyə əsaslanırdı. AŞPA 2016-cı ilin yanvarında həmin qətnaməni qəbul etdi. 6 rayonun sudan məhrum olunmasından bəhs edən həmin qətnamə də kağız üzərində qaldı. Hazırda bu qətnamələri həyata keçirən Ordumuza uğurlar arzulayırıq.
Sonda bir məsələyə də toxunmaq istəyirəm. Azıx mağarasını aşkar etmiş Rəhmətlik Məmmədəli Hüseynovla biz Tuğ kəndində yaşayaraq orada 1 ay təcrübə dərsi keçmişik. Mən Məmmədəli Hüseynovun ermənilərin Azıx mağarası ilə bağlı dediyi yalanlara diqqət çəkmək istəyirəm. Ermənilər yazır ki, Azıx mağarasının içində qadın heykəlinə baxan kimi bilinir ki, bu erməni qadınıdır. Əvvəla, orada heç qadın heykəli yoxdur, sadəcə stalaktitləri, süxurları heykələ bənzədiblər. Başqa bir erməni arıçı yazır ki, burada arı pətəklərinin yeri var. Qarabağda yaşayan ermənilər vəhşi arıları əhliləşdirməklə məşğul olublar və onlara hücum edən türklərə, müsəlman ərəblərə qarşı vəhşi arılardan silah kimi istifadə ediblər. Bu saxta məlumatların qarşısını almaq üçün də biz bu tarixi gənclərə öyrətməliyik.
Vaqif Abışov: Məmmədəli Hüseynovla biz də Füzulidə qalanda danışırdı ki, 1968-ci ildə Azıx çənəsi, yəni daşlaşmış qızın çənəsi tapılanda ermənilər hay-küy qaldırıblar ki, bu erməni çənəsidir. Moskvada konfransda Məmmədəli Hüseynov çıxış edərək deyib ki, bu nə türk, nə rus, nə ləzgi, nə də erməni çənəsidir, bu sadəcə olaraq, insan çənəsidir. Azərbaycan ərazisində tapılıb, deməli burada qədim yaşayış məskəni olub. Ermənilər o zaman bundan imtina etdilər, ancaq son dövrlərə kimi ermənilər Azıx mağarasında yenə qazıntı işləri aparırdılar.
Hazırladı: Təmkin Məmmədli, Mədinə Əbilova, 1905.az
Söhbət 23 oktyabr 2020-ci il tarixdə baş tutub
Bu material “İşğalçının ifşası: görünən kəndə bələdçilik cəhdi” adlı kitabda dərc edilib. Kitabı buradan yükləmək olar.