Ermənistanın Azərbaycana təcavüzünün iqtisadi, kulturoloji və ekoloji fəsadlarının müzakirə olunduğu bu dəyirmi masada sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin T. Əliyev, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, AVCİYA-nın vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova, Azərbaycan Universitetinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Elçin Cəfərov, “1905.az” portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev, layihənin rəhbəri İrina Muxtarova, onlayn olaraq rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov və Almaniya Bundestaqının sabiq üzvü Hakkı Kəskin iştirak ediblər.
Fuad Babayev: AVCİYA-nın bügünkü tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçəvəsində keçirilən ikinci söhbətdir. Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz hər gün böyük qələbələr əldə edir. Biz adətən işğal altında olan bölgələrimiz barədə danışırdıq, amma uzaq olmayan gələcəkdə azad olunan ərazilərimizdə də tədbirlər həyata keçirəcəyik. Çox istərdim ki, bu dəfə Ermənistanın Azərbaycana təcavüzünün iqtisadi, kulturoloji, ekoloji fəsadları haqqında danışaq.
Nazim Mustafa: Bugünkü mövzu çox aktualdır. Bizim tariximizi ermənilər o qədər saxtalaşdırıblar, o qədər mənimsəyiblər ki, hansı tərəfdən baxırsan saxtakarlıqlar üzə çıxır. Tariximizi, milli mədəniyyətimizi, mətbəx mədəniyyətimizi, memarlıq abidələrimizi saxtalaşdırıblar. Ermənilər yüzillərlə belə saxtakarlıqlar törədiblər. Hesab edirəm ki, ermənilərin bizə qarşı ərazi iddialarına son qoyulsa belə, bütün aspektlərdə münaqişəmiz davam edəcək. Biz buna faktlarla, arqumentlərlə hazır olmalıyıq. Azərbaycanın Ermənistandan əsas üstünlüyü istər tarixi faktlar baxımından, istərsə də mədəniyyət baxımından həqiqəti söyləməsidir. Onların prezidentlərindən tutmuş baş nazirinə qədər hamısı ağ yalan danışır. Bizə yaxın olan dövlətlərdən bəziləri bu gün də bizə şübhə ilə yaxınlaşırlar, halbuki tarixdə ermənilər indiki Ermənistan ərazisinə gəlmədirlər, Qarabağa da son vaxtlar köç ediblər. Onlar Albaniyanın irsini mənimsəyiblər. Bizim Ermənistan ərazisindəki tarixi memarlıq abidələrimizin hamısını özününküləşdirmək istəyiblər, lakin bacara bilmədiklərini də yer üzündən siliblər, xarabalığa çeviriblər və yaxud da başqa xalqların adına yazıblar. Məsələn, İrəvandakı “Göy məscid”i fars məscidi ediblər, İrəvanın yaxınlığında 1413-cü ilə aid Əmir Səəd məqbərəsinin (Pir Hüseyn məqbərəsi – red) türkmən abidəsi olduğunu deyirlər. Türkmənistanın prezidentləri gələndə hər dəfə aparıb göstərirlər ki, baxın sizin abidələri necə qoruyub, saxlamışıq. Hər cür saxtakarlığa, alçaqlığa gedirlər. Bizim düşmənimiz sözün həqiqi mənasında saxtakarlıq etməkdə mahir ustadırlar, yalan danışmağı özlərinə ar bilmirlər. Azərbaycan bu cür saxtalaşdırmaları özünə rəva bilmir. Ermənilərin tarixlərinin saxta olmasını qərb alimləri hələ XVI əsrdən araşdırmağa başlamışlar. Ermənilərin “öz tarixlərinin atası” adlandırdıqları Moisey Xorenasinin əsəri Avropa dillərinə tərcümə olunanda məlum oldu ki, bu İncildən, Tövratdan, yunanların, sasanilərin tarixindən kompilyasiyalardan ibarətdir. M. Xorenasinin əsəri “Tarix” adlanıb, həmin əsəri əvvəlcə “Erməni tarixi”, daha sonra da “Ermənistan tarixi” ediblər. Bu da bir saxtakarlıq nümunəsidir. Ermənilərin arasında tək-tük həqiqəti söyləyən vicdanlı adamlar var, amma bu həqiqəti deyənləri özləri susdururlar. Son günlərdə Vladimir Solovyovun verlişində Karen Şahnazarov deyirdi ki, Dağlıq Qarabağ Azərbaycanın içində bir ərazidir, bunun Ermənistanla heç bir sərhədi yoxdur, heç bir dünya dövləti onu müstəqil dövlət kimi tanıya bilməz. Ermənilər buna görə Karen Şahnazoruvu satqınlıqda günahlandırdılar. Çünki Melik Şahnazarovun bacısı İbrahimxəlil xanın arvadı olub. Ermənilərin özlərinin heç nələri olmadığı üçün qonşu xalqlara məxsus hər şeyi mənimsəyiblər. Onlar qədim, əzabkeş, qırğınlara məruz qalan xalq imici yaratmaqla özlərinə haqq qazandırmağa çalışıblar. Yəni ermənilər bu qədər riyakardılar. Bizim yeganə yolumuz həqiqəti öyrənmək, həqiqəti üzə çıxarmaqdır!
Fuad Babayev: Burada bizim alban tarixinə lazımi səviyyədə sahiblənməməyimiz, islamaqədərki dövrdən az qala imtina etməmiz də müəyyən rol oynamamış deyildir hər halda.
Nazim Mustafa: Əlbəttə, əsas rol oynayır. Biz Albaniya tariximizə sahib çıxmadığımız üçün ermənilər saxta sənədlər yazdılar. Ziya Bünyadov yazırdı ki, ərəblərin gəlişindən sonra ermənilər alban kilsələrindəki tarixi yazıların hamısını tökdülər Qarqar çayına, özlərindən yeni bir tarix yazıb qoydular ki, gələn görsün onlar guya qədim xalqdılar.
Fuad Babayev: Hazırda bizim o abidələrə bilavasitə nəzarət etmək imkanımız yaranıb. Ümid edirəm ki, bu boşluq aradan qaldırılacaq. Tarixi saxtalaşdırmağın ən optimal üsulu abidələri özününküləşdirməkdir. Bizim mədəni irsimizə, memarlıq xəzinəmizə hansı zərbələr dəyib?
Elçin T. Əliyev: O dövrdə alimlərimiz heç bu problemlə məşğul olmayıblar. Mən Leninqradda oxuyarkən müəllimim Davud Axundov (Azərbaycan-sovet memarı və tarixşünası, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü, 1918-2003 – red.) idi. Onun necə gərgin əsəbi şəraitdə yaşadığını mən kənardan görürdüm. Davud Axundov ermənilərlə tək mübarizəni aparırdı. Onu bütün səviyyələrdə çox sıxırdılar, hətta azərbaycanlılar belə ona təzyiq edirdilər. O bu barədə çox unikal kitab yazmışdı. 5-6 öncə Azərbaycan Memarlar İttifaqına memarlıq sahəsinə aid əhəmiyyətli kitabların çap edilməsi tapşırılmışdı. Təəssüf ki, lazımsız kitablar fotoalbomlar çap olundu, amma Davud Axundovun unikal kitabı nəşr edilmədi. Vəziyyət belədir. Memarlıq abidələrimizin vəziyyəti təbii ki, bizi maraqlandırır. Təəssüf ki, həmin abidlərin də interyer və eksteryerləri ermənilərin saxtakarlığına məruz qalıb. Misal üçün, Alban kilsəsinə aid məşhur Gəncəsər məbəd kompleksi dünya səviyyəli memarlıq abidəsidir. Gəncəsərin fasadında daş lövhə üzərində Həsən Cəlal (Alban-Xaçın knyazı – red.) haqqında yazı var idi. Həsən Cəlal özü də ailə üzvləri ilə birlikdə orada dəfn olunub. Təəssüf ki, Həsən Cəlala aid daş lövhəni ermənilər məhv ediblər. 1985-ci ildə Azərbaycan hökuməti tərəfindən Gəncəsər məbədi bərpa olunub. O restavrasiyanın materiallarının qalıb-qalmaması haqqında məlumatım yoxdur. Həmin restavrasiya materialları ilə Gəncəsər məbədinin indiki vəziyyətinin müqayisəsi orada ermənilərin hansı saxtakarlıqlar etməsini aşkara çıxara bilər.
Belə faktlar çoxdur. Təbii ki, bu memarlıq abidələri dövlət tərəfindən qorunmalıdır. Biz ilk növbədə işğaldan azad edilən ərazilərdən başlamalıyıq. Bir neçə gün bundan əvvəl mən Mədəniyyət nazirliyinin tərkibində olan Memarlıq abidələrinin qorunmasına dair xidmətə (Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti – red.) rəsmi məktubla müraciət edərək bir bir memar, fotoqraf kimi işğaldan azad edilmiş ərazilərə ezamiyyətə göndərilmək istədiyimi bildirmişəm. Müraciətim əsasında məni də işğaldan azad edilmiş ərazilərə gedəcək mütəxəssislər qrupuna daxil ediblər. Həmin ərazilərdə ilk növbədə fotoşəkillər çəkilməli, tarixi memarlıq abidələrin ölçüləri götürülməli və onları hansı vəziyyətdə qəbul etdiyimiz qeyd olunmalıdır. 1954-cü ildə Haaqa şəhərində deklarasiya (hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında 1954-cü ildə Haaqa konfransında qəbul olunmuş Konvensiya – red.) qəbul olunub. Bütün ölkələr tərəfindən qəbul olunan bu deklarasiyanı Ermənistan da imzalayıb. Deklarasiyada qeyd olunur ki, işğal olunan ərazilərdə işğalçının memarlıq abidəsinin hansısa bir eksteryerini, interyerini dəyişdirmək, nələrisə çıxarmaq, ya da əlavə etmək hüququ yoxdyr.
Biz bu materiallar əsasında mütləq beynəlxalq məhkəmə orqanlarına müraciət etməli, bu faktları dünya ictimaiyyətinə çatdırmalıyıq. Abidələri ilkin vəziyyətə qaytarmaq üçün işğalçını kompensasiya verməyə məcbur etmək lazımdır.
Fuad Babayev: Siz qeyd etdiniz ki, Gəncəsər məbədi ilə bağlı müvafiq sənədlər saxlanılmaya da bilər?
Elçin T. Əliyev: Bəli, təəssüf ki. Mən bir memarlıq tarixçisi kimi dəfələrlə Bakının arxivlərində də işləmişəm. Mən Sizə deyim ki, bizim binaların 95 faizinin tarixi yoxdur. Binaların tarixi saxlanılmır, saxlanılan tarix isə sistemsiz şəkildədir. Bizim öz tariximizə münasibətimiz belədir. İlk növbədə bu münasibəti dəyişdirməliyik, özümüz öz tariximizə hörmət etməliyik. Xoşbəxtlikdən Gəncəsər monastrını 1985-ci ildə özümüz bərpa etmişik. Amma onun bərpa materialları haqqında məlumatım yoxdur.
Bəzən əlaqədar rəsmi qurumların öz ərazimizdə olan tarixi abidələr haqqında məlumatı olmur. Axırıncı dəfə Naxçıvanda olarkən Aza kəndindəki meşədə qala olduğunu bildirən zaman iddia edirdilər ki, orada belə bir abidə yoxdur. Amma araşdırma nəticəsində məlum oldu ki, Aza kəndində biz axtardığımız tarixi abidə mövcuddur.
Qarabağ zonasında rəsmi olaraq 2500-dən artıq mədəni-tarixi abidə var. Onların 700-ə yaxını Azərbaycan hökuməti tərəfindən qeydə alınıb. Mən hesab edirəm ki, onların sayı daha çoxdur, sadəcə bizim xəbərimiz yoxdur. İnşallah torpaqlarımız işğaldan azad edildikcə mütləq ciddi şəkildə bu işlə məşğul olmaq lazımdır.
Fuad Babayev: Cənab Prezidentin Fərmanına əsasən işğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar Siz dediyiniz məsələlərlə də məşğul olacaq.
Elçin T. Əliyev: Bu işlər mütləq mərkəzləşdirilmiş şəkildə həyata keçirilməlidir. Hazırda 1000-ə yaxın memarlıq abidəsi var və onları yenidən bərpa etmək lazımdır. Bərpa işlərinin hamısını eyni zamanda həyata keçirməyə ehtiyac da yoxdur. Bir ildə ən çoxu 10 və ya 15 abidəni bərpa etmək mümkündür, çünki bu işlərin keyfiyyətli icrası üçün kifayət qədər mütəxəssisimiz də yoxdur. Bu, 50-60 illik dövrü əhatə edən böyük bir proqram olmalıdır.
Fuad Babayev: Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində biz “Xocalı yaddaşı” kitabını çapa hazırlayırdıq. Arxeoloq alimimiz Hidayət Cəfərov həmin kitab üçün 1905.az saytına verdiyi müsahibədə deyirdi ki, ermənilər işğal olunan ərazilərdə aktiv arxeoloji qazıntılar aparırlar. Yəni ermənilər nəinki abidələri, hətta arxeologiyada mədəni təbəqə adlanan hissəni də saxtalaşdırmaqla məşğuldurlar. Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasyasının (AVCİYA) şərti olaraq Qarabağ mövzusu ilə bağlı gördüyü işlərdən biri idi. Mən istərdim ki, Dəyanət müəllim AVCİYA-nın bu sahədə gördüyü işlərdən danışsın.
Dəyanət Musayev: Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasyası (AVCİYA) 2004-cü ildə təsis olunub. Təvazökarlıqdan uzaq da olsa qeyd edim ki, AVCİYA Azərbaycanda fəaliyyət göstərən QHT-lər arasında Qarabağ reallıqlarının dünya ictimaiyyətinə çatdırılması sahəsində öncül yerlərdən birini tutur. Bu baxımdan AVCİYA-nın layihələrini və onların miqyaslarını yada salmaq kifayətdir.
Bizim həyata keçirdiyimiz ən böyük layihələrdən biri də AVCİYA-nın 2007-ci ildə gerçəkləşdirdiyi “Xocalı soyqırımı: milyon imza – bir tələb” layihəsi olub. Bu layihə çərçivəsində qısa müddətdə bütün respublika üzrə imzalar toplandı. Toplanılan imzalarla Azərbaycan vətəndaşları Xocalı soyqırımına hüquqi müstəvidə qiymət verilməsi üçün Haaqa məhkəməsinə müraciət etdilər. Bu layihənin davamı olaraq Xocalı soyqırımı ilə bağlı Azərbaycan, rus və ingilis dillərində silsilə kitablar nəşr olundu.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnaməsinin mövcud olmasına baxmayaraq, heç biri həyata keçirilmədi.Bundan sonra AVCİYA-nın rəhbəri Elxan Süleymanov Milli Məclisin üzvü olduğu dövrdə AVRONEST-in həmsədri olaraq, Avropa Şurasına 2085 saylı qətnamə təqdim etdi. Bu da Sərsəng su anbarı ilə bağlı layihə idi. Digər qətnamələrdən fərqli olaraq burada Ermənistandan işğal etdiyi torpaqları azad etmək tələbi qoyulurdu. Bu qətnamədə bir daha təsbit olundu ki, məhz işğalçı Ermənistan dövlətidir. Ermənistanın Sərsəng su anbarı vasitəsilə bizim əraziləri sudan məhrum etməsi ekoloji terrordur, ekosiddir. Düzdür buna da digər qətnamələr kimi reaksiya verilmədi. Cənab Prezident son çıxışında çox yaxşı qeyd etdi ki, artıq BMT-nin qətnamələrini Azərbaycan ordusu həyata keçirir.
Elxan Süleymanovun və Vurğun Süleymanovun “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabını xüsusi qeyd etmək istərdim. Burada maddi ziyanın hesablanması həyata keçirilib, mənəvi ziyanın hesablanması qeyri-mümkündür. 2011-ci ilin göstəricilərinə görə ilkin olaraq 400 milyard dollardan artıq vəsaitdən söhbət gedir. Təbii ki, 10 ilə yaxın müddətdə bu məbləğ daha da artıb.
Bundan başqa bizim Assosisiyanın Sərsəng su anbarı ilə bağlı Tərtərdə keçirilən tədbirlərin birində Tərtər çayının vadisində italyan jurnalistlər baxış keçirərkən torpağın cadar-cadar olduğunun şahidi oldular. Jurnalistlər bu mövzunu dünya ictimaiyyətinə çatdırdılar. Bizim kitabda hesablananlar yalnız işğal altında olan ərazilərə aid idi. Sovet dövründə Tərtərdə 12 artezian quyusu var idisə, bugünkü dövrdə bu quyuların sayı 200-dən artıqdır və onların da bir çoxu qurumuş vəziyyətdədir. Artıq yerüstü deyil, yeraltı sular da qurumaq üzrədir. Məhz belə səbəblərə görə ekoloji terrorun fəsadlarının hesablanması mümkünsüzdür.
Biz 2009-cu ildə “Şuşa qədim Azərbaycan diyarı” adlı layihə həyata keçirdik. Azərbaycan, ingilis və rus dillərində cib kitabı formatında çap edilmiş bu nəşrdə Şuşanın qısa tarixi, təbiəti, görkəmli şəxsiyyətləri və işğal tarixi haqqında arayış xarakterli məlumatlar var idi.
Bunun davamı olaraq AVCİYA ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ermənistanın işğalçı siyasətinin ifşası” layihəsi çərçivəsində məqalələr toplusu çap edib. Bu nəşrdə Assosiasiyamızın portalı olan 1905.az saytında dərc edilmiş məqalələr və sırf bu layihə üçün yazılmış müəllif yazıları toplanıb. Azərbaycan tarixi haqqında görkəmli tarixçimiz rəhmətlik İlyas Babayevin məqaləsi ilə başlayan bu kitabda müasir dövrün işğal siyasətinə qədər ayrı-ayrı müəlliflərin yazıları yer alıb.
Azərbaycan və ingilis dillərində çap edilmiş bu nəşr 32 beynəlxalq kitabxanaya, rəsmi dövlət və universitet kitabxanalarına, o cümlədən Azərbaycanda fəaliyyət göstərən universitet və kitabxanalara göndərilib. Bugünkü layihəmizin nəticəsində də belə bir kitabın nəşr olunması gözlənilir.
Onu da qeyd edim ki, 2085 saylı qətnamənin davamı olaraq AVCİYA Ağ Ev Administrasiyasına petisiya üçün imza kampaniyasına başlamışdıq. AŞPA-nın 2085 (2016) saylı qətnaməsinin müddəalarının yer aldığı müraciət 300 mindən çox səs toplamaqla Ağ Evə ünvanlanan ikinci ən məşhur petisiya oldu. Ağ Ev Administrasiyası AŞPA-nın qətnaməsini qəbul edərək Ermənistanı növbəti dəfə işğalçı kimi tanıdı. Təbii ki, ekoloji terroru və işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmağı tövsiyə etdi.
Kəmalə Ələkbərova: Əvvəla, belə bir tarixi anlar yaşadığımız üçün millət olaraq hər kəsi təbrik edirəm. O zamanlar tarix institutunun arxivində işləyənlər ermənilər idi. Bu hadisələrdən sonra həmin ermənilər tarix kitablarından xəritələri belə cırıb aparıblar. Tariximizə özümüz laqeyd davranırıq. Abidələrimizin qeydinə qalmırıq. Alban abidələrinin ermənilərlə əlaqəsinin olmadığının da təbliğatın aparmalıyıq. Bu yaxınlarda Rusiya telekanallarının birində Soçidə baş vermiş kriminal hadisə ilə bağlı verilişə baxırdım. Ermənilər hələ 70-ci illərdə dalğıclar vasitəsilə suyun altında daşların üzərinə xaç çəkirmişlər ki, gələcəkdə bura sahib çıxsınlar. Yəni onlar 50-100 il qabağı fikirləşərək hərəkət edirmişlər.
Ermənilərin nümunə göstərə biləcəkləri yeganə musiqiçiləri Aram Xaçaturyanın əsərlərinə nəzər yetirsək orada Üzeyir Hacıbəyovun dəsti-xəttini açıq aydın görə bilərik. Hətta günümüzün qəhrəmanı Topçu Vüsalı (19 yaşlı Azərbaycan əsgəri Vüsal Şahkərimov – red.) bədnam qonşularımız sosial şəbəkədə erməni kimi təqdim edirlər.
Nazim Mustafa: 1860-cı ilə aid İrəvan zadəganlarının şəkli var. Orada 14 nəfərin adı yazılıb. Şəkildə 2 ermənidən birinin yanında tar, digərinin yanında isə kamança qoyulub. Mən bu erməniləri araşdırdım. Onlardan biri Məlik Aqamalov Azərbaycan zadəganlarının məclislərində ifa edirmiş. Hətta İrəvanın mərkəzində “Zalıxan” hamamında təşkil olunan musiqi məclislərində tar çalırmış. Erməni keşişləri pul yığaraq Azərbaycan muğamlarını erməni musiqisi kimi qeydə almaq üçün onu Parisə göndəriblər. O da Parisdə Azərbaycan muğamlarını erməni musiqisi kimi qeydiyyata aldırıb və bu məlumatlar bir jurnalda çap olunub. Sonradan bu yazıları oxuyan fransız musiqi tədqiqatçısı öz rəyində yazır ki, təqdim olunan musiqilərin ermənilərə heç bir aidiyyatı yoxdur, sadəcə mətnlər erməni dilində yazılıb. Yəni onların erməni musiqisi kimi təqdim etdikləri əsərlər bizə aiddir.
İrina Muxtarova: Rusiya Federasiyasından bizim tədbirə tanınmış rusiyalı politoloq, tarix elmləri namizədi Oleq Kuznetsov qoşulub.
Oleq Yuryeviç, bugünkü dəyirmi masamız Ermənistanın Azərbaycana təcavüzünün iqtisadi, kulturoloji və ekoloji fəsadlarına həsr olunub. Sizin bu barədə fikrinizi bilmək istərdik.
Oleq Kuznetsov: Mən iqtisadçı və ekoloq olmadığım üçün Ermənistanın Azərbaycana təcavüzünün iqtisadi və ekoloji fəsadları barədə deyil, təcavüzün kulturoloji nəticələri haqqında mülahizələrimi söyləyə bilərəm.
Orta Asiya və Baltikyanı ölkələr SSRİ-nin süqutundan sonra heç bir şey yaratmayaraq Sovet irsi ilə yaşadıqları üçün indi böyük bir durğunluq içindədirlər və ya iqtisadi cəhətdən üçüncü ölkələrdən asılıdırlar. Öz torpaqlarını azad etmək üçün müharibəyə hazırlaşan Azərbaycan bütöv bir iqtisadiyyat, müəyyən bir sosial sənaye potensialı yaratmaq və infrastruktur inkişafına investisiya qoymaq məcburiyyətində qaldı. Mən əminəm ki, müharibədəki qələbə uzaqda deyil. Ən başlıcası, müharibənin nəticələri Sovet dövründə müxtəlif regional icmaların nümayəndələrini təmsil edən Azərbaycan cəmiyyətini zaman keçdikcə ortaq bir ideologiyaya sahib olan vahid siyasi xalqa çevirəcəkdir. Qalib xalqın bu ideologiyası azad edilmiş Azərbaycan torpaqlarının inkişafına və yeni dövlət quruculuğuna əsaslanacaq. Qeyd etdiyim son iki ən mühüm kultoroloji amil müasir Azərbaycanın yeni tarixi üçün dominantdır və onlar bu günü müəyyənləşdirirlər. Ən əsası bu amillər ölkənizin gələcək iki nəslinin yaxın orta perspektivdə inkişafını müəyyən edəcək. Bundan sonra isə siz özünüzün yeni sosial-iqtisadi və ictimai-siyasi modelinizi yaratmaq məcburiyyətində qalacaqsınız.
Hazırda mövcud olan və yaradılan kulturoloji amillər növbəti iyirmi il ərzində ilk növbədə, ölkənizin daxili siyasətini müəyyənləşdirmək üçün kifayət edəcəkdir.
Fuad Babayev: Bəlkə iqtisadi aspektdən danışaq, Elçin müəllimi dinləyək.
Elçin Cəfərov: Konkret rəqəmlər var, amma onları elmi metodlarla hesablasaq belə, elə böyük rəqəmlər yaranır ki, onu həddindən artıq aşağı deməliyik ki, real görünsün, onu həll etməli olsun, amma real qiymətlər həddindən artıq böyükdür.
O ki, qaldı ölkəmizə vurduqları iqtisadi ziyana… ən yaxın faktları demək istəyirəm. İqtisadiyyatda sərvət anlayışı nədir? Yəni sərvətin də öz təsnifatı var. Tükənən və bərpa olunan sərvətlər mövcuddur. Amma torpağın özü də bir sərvətdir və yeganə sərvətdir ki, onun təkrar istehsalı yoxdur. Yəni təkrar istehsal etmək mümkün olmadığı üçün sərvətlər arasında birinci yerdə torpaq durur. Ola bilər ki, indiki ictimai münasibətlər baxımından dağlıq ərazilərdə torpağın heç bir qiyməti olmasın. Amma on il, iyirmi il, ya da yüz il sonra bu torpaq hansı əhəmiyyət kəsb edəcək, bunu indidən müəyyənləşdirmək olmur. Buna görə də təkrar istehsal olunan bütün sərvətlər də torpağın üzərində yerləşir. Doğrudur, insanlarımız orada yaşayır, təsərrüfat fəaliyyəti ilə məşğul olur, amma dəymiş ziyan hesablanarkən əsas nə götürülür? SSRİ-nin sonuncu ən dəqiq statistikası 1989-cu ilə aiddir. O dövrdə Azərbaycanda iqtisadi rayonlaşma mövcud idi. Dağlıq Qarabağ bir muxtar vilayət kimi o rayonlardan birini təşkil edirdi, sıralamada dördüncü yerdə idi. Birinci yerdə, bilirsiniz ki, Abşeron iqtisadi rayonu idi, sonra Gəncə-Qazax, Naxçıvan Muxtar Respublikası, daha sonra isə Dağlıq Qarabağ gəlirdi. Ermənilər tərəfindən zəbt olunan ərazilər 20 faiz torpağımızı əhatə edirdi, başqa sözlə desək, ümumdaxili məhsulumuzu formalaşdıran 20 faiz sərvətlər həmin ərazidə yaranırdı.
Başqa bir maraqlı fakt da deyim. 2020-ci il bilirsiniz ki, COVİD-19 ilə bağlı oldu və əksər iş yerləri dayandığı üçün maddi aktivlərin hamısında qiymətlərin ucuzlaşması müşahidə olundu. Hətta neft belə çox aşağı qiymətə satılırdı, halbuki onun istehsalı çox baha başa gəlir. Yalnız qızıl ucuzlaşmadı; yeganə sərvətdir ki, pandemiya şəraitində bahalaşdı, yəni dünya bazarında qızılın qiymətində artım müşahidə olundu.
1989-cu ilin statistik məlumatlarına görə zəbt olunmuş ərazilərimizdə 132.6 ton qızıl ehtiyatımız olub. Yəni bu, əsasən Kəlbəcər və Zəngilan ərazilərində olan qızıl yataqlarıdır. Hər hansı dəymiş ziyanı hesablamaq üçün iqtisadiyyatda elmi metodlar var, buna ekstrapolyasiya deyirlər, yəni müəyyən dövrə qədər mövcud olmuş hesablamada paralel olaraq növbəti beş, on və ya on beş ildə bunun üstünə nələr gələ bilər. Düzdür, nisbi xətalar olur, amma yenə də ortaq rəqəm tapmaq olur. Ona görə də bu rəqəmlərin hesablanmasının mötəbərliyini təmin etmək baxımından çox işlər görülməlidir. Çünki burada kriteriyalar çox müxtəlifdir. Onun üçün də beynəlxalq tədqiqat mərkəzlərinin hesablama işinə dəvət olunması mümkündür. Amma əlimizdə olan hesablamalara görə arxada qalan 27 ili üstünə gəldikdə, insanlara dəyən mənəvi zərbəni də əlavə etdikdə, bu rəqəm mətbuatda da çıxmışdı, 23 trilyon ABŞ dolları həcmində rəqəm alınır. Yəni zəbt olunmuş ərazidə yaşamış, evindən-eşiyindən, var-dövlətindən məhrum olmuş vətəndaş beynəlxalq məhkəmələrə müraciət edərsə, ona həm maddi, həm də mənəvi ziyan ödənildiyi halda, bu rəqəm 23 trilyon dollar edəcək.
Bir çox rəqəmlərin sizin üçün maraqlı olacağını güman edirəm. Deməli, Dağlıq Qarabağ Muxtar Vilayətində 137 sənaye və tikinti müəssisəsi olub. Artıq 1987-ci ildən başlayaraq ermənilər bu ərazilərin Azərbaycan SSR-dən ayrılmasına təşəbbüs göstərdiyi üçün, SSRİ rəhbərliyi Azərbaycan SSR rəhbərliyi ilə bu ərazidə iqtisadi inkişafı sürətləndirmək qərarına gəlir ki, ermənilər sakitləşsin, separatizm halları azalsın. Beləliklə, həmin dövrdə əlavə olaraq 145-ə qədər sənaye, kənd təsərrüfatı və s. müəssisə yaradılır. Bunlar münaqişədən əvvəl Azərbaycan büdcəsi hesabına yaradılmışdı və onların böyük əksəriyyəti hələ gəlir gətirməmiş həmin ərazilərdə ermənilərə qaldı. Təkcə infrastrukturda bizə dəyən ziyan 20 milyard dollar həcmindədir. Məsələn, həmin ərazidə 25 min km avtomobil və torpaq yolları olub ki, sonralar bunlar sıradan çıxarılıb. 160 körpü olub ki, onların da ümumi uzunluğu 4 min metrə yaxın idi. Bilirik ki, körpü necə bahalı konstruksiyadır və bir körpü necə baha başa gəlir. Ərazidə 160 ədəd sututar, 34 qazpaylayıcı məntəqə, 4 hava limanı mövcud olub. Sənaye müəssisələrini qeyd etdim, amma kənd təsərrüfatına aid rəqəmlər indinin özündə belə iqtisadiyyatımıza qatılarsa, ÜDM-də 30 faizə qədər artım müşahidə oluna bilər. Məsələn, taxıl istehsalının az qala 15 faizini bu region verirdi, üzüm istehsalı 34.5 faiz təşkil edirdi, yəni regionda üzümçülük xüsusilə inkişaf etmişdi və təbii iqlim şəraiti buna imkan verir. Hazırda da üzüm dünya bazarında satılan əsas kənd təsərrüfatı məhsuludur. Bu baxımdan, o torpaqlar ermənilər tərəfindən zəbt olunduqdan sonra üzümçülük sahəsi üzrə ixtisaslaşmış minlərlə əmək qabiliyyətli insan işsiz qaldı. Biz indi də ət məhsullarının bir hissəsini idxal etməyə məcburuq, çünki hələ o dövrdə ət məhsullarının 14.5 faizi o ərazilərdə istehsal olunurdu, süd məhsulları – 17.1 faiz, yun məhsulu – 19.3 faiz, qaramal isə 17 faiz təşkil edirdi.
Fuad Babayev: Bu yaxında “Franck Muller” saat firmasının adı hallandı və məlum oldu ki, sahibi erməni əsilli bir insandır, uzun illər ərzində Vejnəli qızıl yatağından çıxan qızıllarla süstlənmiş saatlar satırmış. Hətta onu Ermənistanın bədnam rəhbərliyi orden ilə də təltif edib. Bizə böyük ziyan dəyib. Bunun hansısa bir örnəyi, modeli varmı ki, bizə dəyən ziyanı Ermənistan dövlətinə ödədə bilək?
Elçin Cəfərov: Beynəlxalq hüquq baxımından bu cür model var və belə bir təşkilat mövcuddur: Beynəlxalq Cinayət məhkəməsi. Amma təəssüf ki, nə Azərbaycan, nə də Ermənistan onun üzvü deyildir. Yəni bunu tənzimləyən mexanizm II Dünya müharibəsindən sonra yaranıb. Lakin biz ora üzv olmadığımız üçün heç nə tələb edə bilmirik. Amma tarixdə başqa nümunələr də var. Tutaq ki, yaponlar II Dünya müharibəsində Çinin az qala 3/1 hissəsini zəbt etmişdilər və orada Mancuriya deyilən oyuncaq bir dövlət yaratmışdılar. Lazımi diplomatik təsir göstərə bilmədiyi üçün Çin Yaponiyanın təzminat ödəməsinə nail ola bilmədi, yəni yaponların Çin iqtisadiyyatına, infrastrukturuna vurduğu ziyanın əvəzi ödənilmədi. Amma dünya tarixində belə bir təcrübə var və bu, orta əsrlər tarixində çox olub, qalib gələn ölkələr ona ziyan vurmuş ölkələrə dəymiş zərərin ödənilməsi haqqında müqavilələr imzalatdırıbdır.
1997-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Vejnəli yatağının birgə işlənməsi haqqında bir ABŞ şirkəti ilə, şirkətin başçısı da azərbaycanlı idi, Azərbaycan arasında müqavilə imzalanmışdı. Halbuki o zaman bu torpaqlar düşmən işğalı altında idi. Düşünürəm ki, bu da Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi ki, indiki günlərdə həmin şirkətin əli ilə biz onları məhkəməyə verə bilərik.
Fuad Babayev: Axı o şirkət də gəlirdən məhrum olub.
Elçin Cəfərov: Bəli. Demək o ABŞ şirkətinin hüququ var ki, gedib o ərazidə qızıl istismarı ilə məşğul olsun, lakin ora daxil ola bilmir, əvəzində kimsə ora gedir. Və o kimsəni həmin o şirkət məhkəməyə verə bilər.
Nazim Mustafa: Deməli, burada 3 əsas yataq var: Vejnəli, Söyüdlü və Qızıl bulaq. Hələ sovet dövründə SSRİ Baş Geologiya İdarəsi Söyüdlü yatağını Ermənistan Geologiya İdarəsinə tapşırmışdı. Onlar da Zod tərəfdən tunel qaza-qaza Kəlbəcərin Söyüdlü yatağına gəlib çıxmışdılar və sovet dövründə də oranı istismar edirdilər. Qızıl bulaq yatağında da erməni şirkətləri gəlib qızıl çıxardırdılar. Ermənilər fikirləşirdilər ki, Azərbaycan birdən torpaqlarını geri alar, ona görə də qızılı torpaq qarışıq daşıyırdılar. Beləcə Vedi rayonunun ərazisində qızıl qarışıq torpaqdan böyük dağlar əmələ gəlirdi. Kamazlar gecə-gündüz daşıyırdılar. Həmçinin Vejnəlidəki yatağı da SSRİ Baş Geologiya İdarəsi Sisiandakı idarəyə tapşırmışdı.
Kəmalə Ələkbərova: Hakkı bəy, bugünkü söhbətimizin mövzusu Ermənistanın Azərbaycana təcavüzünün iqtisadi, kulturoloji və ekoloji fəsadlarıdır. Bu mövzuda Sizin də fikirlərinizi bilmək istəyirik.
Hakkı Kəskin: Ermənistan mülki əhali yaşayan hədəfləri vuraraq, həm də beynəlxalq savaş prinsiplərinə əks olaraq çoxsaylı insanın ölümünə yol aça biləcək silahlarla bir çox dinc əhalinin ölümünə səbəb olur. Bu isə insanlıq əleyhinə cinayətdir. Mən bunu şiddətli şəkildə qınayıram. Əslində, bu günahları işlədənlərin gələcəkdə beynəlxalq məhkəmələrdə mühakimə olunması lazımdır. Bu hücumlar zamanı həyatını itirən insanların nurlar içində yatmalarını arzu edirəm və bütün Azərbaycan xalqına başsağlığı diləyirəm.
Kəmalə Ələkbərova: Sağ olun. Dostlar sağ olsun.
Hakkı Kəskin: Azərbaycan torpaqlarının 20 faizi, 5/1-i Ermənistan tərəfindən 28 ildir işğal edilib. Bu xüsusda həm BMT Təhlükəsizlik Şurasının, həm də bir çox qurumların qəbul etdikləri qərarlar var. Bu qərarlarda açıq şəkildə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və Azərbaycanın ərazi bütövlüyünün bərpası istənilir. Çox təəssüf ki, Ermənistan verilən bu qərarları nəzərə almır, əməl etmir. Bunun da səbəbi odur ki, ATƏT-in Minsk qrupunun ABŞ, Fransa, Rusiyadan olan həmsədrləri Ermənistana təzyiq göstərmir, yəni işğal etdiyin torpaqlardan çıxmağa məcbursan, əgər çıxmasan bu vasitələrdən, təzyiqlərdən istifadə edərik demirlər. Buna görə də bu məsələdə alınan qərarlara Ermənistan fikir vermir və əməl etmir. Azərbaycan xalqı 28 il səbr etdi. Onu da demək lazımdır ki, Ermənistan aradabir atəşkəsi pozmaqla sərhəd xəttində dayanan Azərbaycan əsgərlərinin bir qisminin həlak olmasına səbəb olub. İndi artıq Azərbaycanın səbr edəcək durumu qalmayıb və Ermənistanın Azərbaycana bu son hücumundan sonra çox haqlı olaraq Ermənistanın işğal etdikləri torpaqları hərbi yolla qaytarmağa çalışır. Və bu istiqamətdə çox uğurlar qazanır. Biz buna çox sevinirik.
Kəmalə Ələkbərova: Biz qardaş Türk dövlətinə dəstəyinə görə təşəkkür edirik. Sizi həmişə yanımızda hiss etdik.
Hakkı Kəskin: Burada çox böyük haqsızlıq var. Ermənistan Sovetlərdən, Rusiyadan qalma silahlarla Azərbaycan torpaqlarının 5/1-ni işğal etdi və 20 mindən çox insan həlak oldu, Xocalıda böyük bir soyqırım törətdilər, çoxu qadın, yaşlı insan və uşaq olmaqla 613 nəfər qətl edildi. Bütün bunlara görə bütün dünya ictimai rəyinin Azərbaycanın tərəfində olması lazımdır. Çünki BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qərar var. Bundan başqa, Avropa Komissiyasının, Avropa Parlamentinin, NATO zirvə toplantılarının da qəbul etdiyi qərarlar var və bu qərarlarda açıq şəkildə Ermənistanın işğal etdikləri Azərbaycan torpaqlarından çıxması istənilir. Amma buna fikir vermirlər.
Mən artıq bir aydır Almaniya televiziya kanallarını diqqətlə izləyirəm və əslində çox vaxt heyrət edirəm. Sadəcə, bu son bazar günü olduqca obyektiv açıqlama oldu və orada ilk dəfə Ermənistanın atdığı silahlarla, raketlərlə Azərbaycan torpaqlarında dinc əhalinin ölümünə, amma eyni zamanda Azərbaycanın da Dağlıq Qarabağda dağıntılara səbəb olduğu göstərildi. Orada bir kilsəni göstərdilər və onun vurulduğunu, qismən dağıldığını söylədilər. Azərbaycan Prezidenti İlham Əliyevlə bir söhbətə də orada yer verildi. Yəni ilk dəfə bir az obyektivlik oldu. Təəssüf ki, bunu çıxmaq şərtilə hər zaman heç cür qəbul edə bilməyəcəyimiz bəyanatlar verilir, müsəlman Türkiyənin Azərbaycana dəstəyi, Ermənistana təzyiqi dini baxımdan yozulur. Halbuki, məsələnin dini olmadığını hər kəs bilir.
Təəssüf ki, Avropa və ABŞ obyektiv, qərəzsiz davranmırlar, haqlı tərəfi müdafiə etmirlər, günahkar Ermənistana hər zaman xristian olduqları üçün rəğbət bəsləyirlər. Bu da 50 ildən artıq Almaniyada yaşamış, burada 2 dönəm millət vəkili olmuş, 30 il universitetdə müəllimlik etmiş biri olaraq məni son dərəcə heyrətləndirir, kədərləndirir. Biz uzun illər bundan əvvəl Berlində Almaniya-Azərbaycan-Türk dərnəyi yaratdıq və bir dərnək olaraq hər il Xocalı qətliamını andıq, toplantılar təşkil etdik, bu toplantılara zaman-zaman Azərbaycandan, o cümlədən Türkiyədən hörmətli millət vəkilləri, elm adamları qatıldı. Mən yazılarımla da davamlı olaraq bu mövzunu işıqlandırmağa çalışdım.
Son olaraq, bu hadisənin dini məsələ olmadığını, işğal edilən Azərbaycan torpaqlarından Ermənistanın çıxmasının BMT və digər beynəlxalq təşkilatların qərarları ilə təsbit olunmasını vurğulayaraq almanca yeni yazı qələmə aldım və bunu Almaniyadakı bütün media qurumlarına, bir çox siyasətçilərə də çatdırdım.
Mən Azərbaycan xalqını, xüsusilə də əziz İlham Əliyevi təbrik etmək istəyirəm; yəni son dərəcə ardıcıl, ağıllı xarici siyasət aparılır, Ermənistan tərəfindən həyata keçirilən bütün provakasiyalara baxmayaraq Azərbaycan yalnız işğal edilən Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun qurtarılması üçün mübarizə aparır və Ermənistan tərəfinin istədiyi kimi Ermənistan torpağına hücum etmir. Bu isə son dərəcə ağıllı və doğru siyasətdir.
Bu arada davamlı olaraq Azərbaycan səfirliyindən və Azərbaycan Xarici İşlər Nazirliyindən ingiliscə, almanca açıqlamalar gəlir, sağ olsunlar, Berlindəki Azərbaycan səfirliyimiz onları bizə çatdırır, mən də Facebook üzərindən beş minə yaxın dostuma çatdırıram. Yəni bu məsələdə Azərbaycan çox qərarlı, ardıcıl, prinsipial və doğru bir siyasət yeridir. Mən Azərbaycan hökümətinin və xalqının qətiyyətini, şərəfli mübarizəsini ürəkdən dəstəkləyirəm və əminəm ki, Dağlıq Qarabağ və ətrafındakı işğal edilən digər torpaqlar ən qısa zamanda azad olunacaq və yenidən Azərbaycanın nəzarətinə keçəcəkdir. Buna tamamilə əminəm.
Kəmalə Ələkbərova: Çox təşəkkür edirəm. Burada oturanlar hamısı da öz təşəkkürünü bildirir. Gözəl düşüncələriniz üçün minnətdarıq.
Hakkı Kəskin: Təşəkkür edirəm. Hamınıza salamlar söyləyirəm. Ürəyimiz hər zaman qardaş Azərbaycanın, Azərbaycan cəmiyyətinin yanındadır. Mən ən az 8-9 dəfə Azərbaycana gəldim. Həqiqətən biz bir millət, iki dövlətik.
Hazırladı: Təmkin Məmmədli, Mədinə Əbilova
Söhbət 5 noyabr 2020-ci il tarixdə baş tutub
Bu material “İşğalçının ifşası: görünən kəndə bələdçilik cəhdi” adlı kitabda dərc edilib. Kitabı buradan yükləmək olar.