Füzuli rayonunun Qoçəhmədli kəndində birinci mərhələdə 204 fərdi ev inşa olunacaq. Bunun üçün 18,1 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kəndə 204 ailə – 710 nəfər köçürüləcək.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunan ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib.
O bildirib ku, Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi isə 94,62 hektardır. Kəndə 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. Burada, ümumilikdə 341 fərdi evin tikilməsi planlaşdırılır.
Kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, qonaq evinin tikintisi nəzərdə tutulur. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Qoçəhmədli kəndində 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq.
Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Burada enerjiyə qənaət məqsədilə alternativ enerjidən istifadə olunacaq.