Hümbətov İsgəndər Məmməd oğlu (31.8.1927, Göyçay ş. – 10.12.1996, Bakı ş.) – şair-dramaturq, AYB-nin üzvü (1954), Əməkdar incəsənət xadimi (1991).
M.Əliyev adına Teatr İnstitutunun Teatrşünaslıq fakültəsini bitirib (1949). “Mavzoleydə“ adlı ilk mətbu şeiri “Ədəbiyyat və incəsənət“ qəzetində çapdan çıxıb (1944). 1952-55 illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil alıb. 1962 ildən M.Qorki adına Azərb. Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləyib. Bəstəkar Şəfiqə Axundova 1972 ildə görkəmli yazıçı Süleyman Rəhimovun eyniadlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə “Gəlin qayası” muğam-operasını yazmışdır. Şərqdə qadın bəstəkar tərəfindən yazılmış ilk opera olan bu əsərin premyerası 1974 ildə Opera Teatrında baş tutub.
Müxtəlif illərdə “Gəmidə söhbət”, “Qığılcımlar”, “Mən atamı düşünərkən”, “Nəğmə dolu ürək” və s. adlı kitabları çap olunub. “Bakı komissarları” pyesi 1986 ildə tamaşaya qoyulub. Tamaşaya görə ona Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı verilib. S.Vurğunun “Komsomol poeması” əsasında yazdığı pyesinə görə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb. 1991 ildə ona “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adı verilib.
Mənbə: “Göyçay ensiklopediyası”, s.245
1. ANASIZ BALALAR
Ana! İnan yoxluğun
ürəyimə sancıb ox.
Hər şeyi itirəydim,
təki bircə səni yox.
İtirəydim nur dolu
bir cüt qara gözümü.
Kaş dilim lal olaydı,
itirəydim sözümü.
İtirəydim büsbütün
varımı-yoxumu mən,
Gündüzlər dincliyimi,
gecələr yuxumu mən.
Qolumu itirəydim,
əlimi itirəydim.
Sənsiz səndən danışan
dilimi itirəydim.
Səni itirməyəydim,
təki bircə səni mən!
Sənsiz təbim, ilhamım
toydan, mağardan küsən
Toz basmış bir kamanın
qırıq, paslı simidir.
Anasız balalar da
Vətənsiz xalq kimidir.
2. HƏR VƏTƏN DEYƏNDƏ MƏN
Yadıma ömrümün ilk çağı düşür,
Mehriban anamın qucağı düşür.
Hər Vətən deyəndə mən,
Ucalır gözümdə o qəlbi dağlar,
Yoluma gül səpir bağçalar, bağlar.
Hər Vətən deyəndə mən,
Kəpəzdən, Qoşqardan ötüşür yolum,
Göy gölün boynuna dolanır qolum.
Hər Vətən deyəndə mən,
Laylamı Kür çalır, nəğməmi Xəzər,
Aylarım, illərim ömrümü bəzər.
Hər Vətən deyəndə mən,
Əyninə al-əlvan don geyir Bakı.
Səsimə səs verib, can deyir Bakı.
Hər Vətən deyəndə mən,
Gəzirəm Şirvanı, Mili, Muğanı,
Bağrıma basıram Azərbaycanı.
3. VURULDUM
Gəzib bu elləri hey qarış-qarış,
Çəmənə, çiçəyə, gülə vuruldum.
Çoban tütəyinin şirin səsində
Gah bəmə, gah da ki, zilə vuruldum.
Gözümüz önündə baş verir nələr,
Dəyişir hüsnünü hər kənd, hər şəhər.
Hər anın şöhrəti günə bərabər,
Ayları xoşlayıb, ilə vuruldum.
Mənim də bu cürə təbiətim var,
Oxşamaz ruhumu sısqa bulaqlar,
Xram sahilində hey tutdum qərar,
Bəndinə sığmayan selə vuruldum.
Rübabı sevməyən bir insan hanı,
Unutmaq olarmı Aşıq Cavanı?!
Nə qədər sevsəm də tarı, kamanı,
Sədəfli sazlarda telə vuruldum.
Gözüm yolda idi, qulağım səsdə,
Elə ki hörmətlə bir böyük dəstə
Susduq Vidadinin məzarı üstə,
Dilsiz daşlardakı dilə vuruldum.
Səfərim yaxına, uzağa düşdü,
Gah arana düşdü, gah dağa düşdü.
Şairlər vətəni Qazaxa düşdü,
Vurğun vurulduğu elə vuruldum.
4. ANAMA
Ötüşür yaz fəsli, solur çöl-çəmən,
Solur yarpaqları budaqların da.
Düşdükcə anamın saçlarına dən
Qırışlar iz salır yanaqlarında.
Payız da ellərə əlvida edir,
Yuyur xəzəlləri bağçada yağış.
Gedir, hər nə getsə ömürdən gedir,
Qarşıdan yol alıb gəlir qarlı qış.
Gələn getməlidir, bir qaydadır bu,
Niyə də qəmlənək qar gəlir deyə.
Qoca bir ağacın yanında, odur,
Körpə bır fidan da ucalır göyə.
O da bahar fəsli bir bağ içində
Atacaq dörd yana qol-budağını.
Saxlar yaşıl-yaşıl yarpaq içində
Qoca anasının qocalığını.
Sən qoca bir palıd, mən yaşıl fidan,
Demə ki, ömrümün axır çağıdır,
Mənim ki gəncliyim, ömrüm, anacan,
Torpağa, bir də ki, sənə bağlıdır!
5.YAŞAMAQ İSTƏYİRƏM
Hələ yadımdadır o odlu illər,
O cəbhə yolları, o nəmli səngər.
Getdi, qayıtmadı nə qədər əsgər,
O günlər dönməsin bir də yenidən,
Yaşamaq, yaşamaq istəyirəm mən.
İşıq dara düşdü, zindana düşdü,
Könlüm aha düşdü, amana düşdü,
Tar susdu, həsrəti kamana düşdü,
O illər dönməsin bir də yenidən,
Yaşamaq, yaşamaq istəyirəm mən.
Oyanıb yuxudan bir səhər erkən,
Görmədim atamı evimizdə mən.
Atasız böyüdüm atalı ikən,
O illər dönməsin bir də yenidən,
Yaşamaq, yaşamaq istəyirəm mən.
Qadalı Buhenvald, qanlı Buhenvald!
Kimə tanış deyil dünyada bu ad?!
Burda sönmədimi neçə min həyat?!
O illər dönməsin bir də yenidən,
Yaşamaq, yaşamaq istəyirəm mən.
Qarşımda bir məzar, başdaşı adsız,
Qartaldır, uyuyub qolsuz, qanadsız,
Ya cavan oğlandır, ya da cavan qız…
O illər dönməsin bir də yenidən,
Yaşamaq, yaşamaq istəyirəm mən.
Qəlbimə sığışmır neçə xatirə,
İndi yana-yana gündə yüz kərə
Xəyalən dönsəm də mən o illərə,
O illər dönməsin bir də yenidən,
Yaşamaq, yaşamaq istəyirəm mən.
6. TƏZƏ MƏKTƏBLİ
Gedir kənarıyla geniş bir yolun,
Tələsir məktəbə o, səhər-səhər.
Sətin çantasında hələlik onun
Bir təzə kitab var, bir təzə dəftər.
Bilməyir zəng nədir, tənəffüs nədir,
Qoynuna almamış siniflər onu.
Görən, müəllimi qocadır, gəncdir?
İlk dəfə görəcək bu səhər onu.
Gün günə calanar, gələn hər fəsil
Gah qar gətirəcək, gah da gül-çiçək.
Sinifdən sinfə keçib ilbəil,
O da bir sənəti sevib-seçəcək.
Bəlkə, adlı-sanlı bir həkim olub
Ömrü məhəbbətlə bəsləyəcəkdir.
Kim bilir, bəlkə də, müəllim olub
Elə bu məktəbdə dərs deyəcəkdir?
Daşlı, kəsəklidir qarşıda yollar.
Yox, deyə bilmərəm hələ mən bunu.
Alimmi olacaq, yoxsa sənətkar,
Özü də bilməyir indidən bunu.
Gedir kənarıyla geniş bir yolun,
Tələsir məktəbə o, səhər-səhər.
Sətin çantasında hələlik onun
Bir təzə kitab var, bir təzə dəftər.
7. GECİKƏRSƏN
Küsdürmə təbini, qaçar, qayıtmaz,
Sonra ha yalvara dil, gecikərsən.
Gənclik də bir quşdur, uçar, qayıtmaz,
Gəncliyin qədrini bil, gecikərsən.
İgidin qüvvəsi, gücü qolunda,
Bənövşənin hüsnü var öz kolunda
Elə alışaram Vətən yolunda,
Ocaq, gecikərsən, kül, gecikərsən.
Məni dağda itir, aranda ara,
Həm qışa aşiqəm, həm də bahara.
Coşqunun qədrini indi bil, sonra,
Oba, gecikərsən, el, gecikərsən.
8. SALAM, POEZİYA
Salam, poeziya, ürəkdən salam!
“Vəfasızsan” deyib qınama məni.
Yüz il susuz qalam, çörəksiz qalam
İnan, unutmaram bircə an səni.
Köhnə dostluğumuz xatirinə sən
Bağışla, vardırsa günahım mənim.
Səndən ayrılalı nə çəkmədim mən,
Sənsən hər ümidim, pənahım mənim.
Nə olar, havada qoyma əlimi
Yoxsa küsər kağız, inciyər qələm.
Əgər bu yaşımda kəssən dilimi
Məni yox, bil, səni qınayar aləm.
Arabir gəlsə də səsim, sorağım
Həvəsim əvvəlki həvəsdir, durur.
Özümün özümə vəfasızlığım
Bil ki, sənə olan vəfamdır doğur.
İnan, bu, gəlişigözəl söz deyil
Düz ürək sözümdür, düz, poeziya!
Salamı alsan da, almasan da, bil
Mənim yox, sənindir söz, poeziya!
9. SƏNİ
Böyük gəmi olub kiçik dənizdə
Döyüncə sahildən gilavar səni,
Kiçik bir yelkən ol, dəryalarda ol,
Qoy alsın qoyun tufanlar səni.
Bir sakit havada çıxıb evindən
Şikar axtarınca talalarda sən,
Çöllərdə ovçu ol, döysün də hərdən,
Yazda yağış səni, qışda qar səni.
Dilin şirin olsun, ürəyin açıq,
Qonaq qabağına gülər üzlə çıx.
Utanma, darsa da süfrən azacıq
Təki görməsinlər qəlbi dar səni.
Coşqunam, uymaram düşmən sözünə
Onun özü nədir, ola sözü nə?
Qoy sadə vətəndaş bilsin özünə,
Odlar diyarıtək bir diyar səni.
10. MƏNƏ
Çəkinmərəm nə borandan, nə qardan
Neyləyəcək payız mənə, qış mənə.
Olmasa da əvvəlki qol-qanadım
Qanad verir göydə uçan quş mənə.
Əli təmiz, qəlbi təmiz hər insan
Şeirimin şah misrasıdır hər zaman.
Haram yolla qazanılan qızıldan
Xeyirlidir bir qaraca daş mənə.
Ömür sürdüm gah qüssəli, gah da şən,
Saçlarımda ağ çiçəklər açdı dən.
Bir gün alıb cavanlığı əlimdən,
Bəxş elədi qocalığı yaş mənə.
Ya müğənni, ya bəstəkar, ya alim
Bu dünyanı tutub qalan kimdir, kim?
Köçəndə də Coşqun kimi köçəydim,
Gülməyəydi gələn nəsil kaş mənə.