Bu sualı “Report”un idman departamentinin rəhbəri və İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov və İslamiada-2017-nin media xidmətləri üzrə meneceri Pirim Pirimovla cavablandırmağa çalışdıq.
Fuad Babayev: Elşən müəllim, İdman Araşdırmaları Mərkəzi nə zaman yaranıb?
Elşən Məmmədov: 5 ildir ki, fəaliyyət göstəririk. Əsas işimiz idmana, olimpiya hərəkatına dəstək verməkdir. Hər ilin sonunda müxtəlif nominasiyalar üzrə idman jurnalistləri arasında seçki keçirib, qalibləri mükafatlandırırıq.
Fuad Babayev: Yəqin ki, yalnız sorğu keçirirmirsiniz. Başqa işləriniz də var.
Elşən Məmmədov: Bəli, başqa işlərimiz də var. Treninqlər keçiririk. Voleybol, futbol, şahmat və s. oyunlar üzrə müxtəlif yarışlarımız olur.
Fuad Babayev: İdman mövzusunda yazmaq üçün kifayət gədər informasiya var, çünkü Azərbaycan çox böyük idman yarışlarına ev sahibliyi edir. Bunu hamıdan yaxşı siz bilirsiniz. Bunlardan biri də bu yaxınlarda başa catmış İslamiada-2017 idi. Məni bir sual maraqlandırır. Bu sualı hər ikinizə ünvanlamaq istəyirəm. Bu İslam oyunlarında hansı idman rekordlarına imza atıldı? Hansısa idman növləri ilə bağlı rekord qeydə alındımı?
Elşən Məmmədov: Söhbət Azərbaycandan gedirsə, rekord deməzdim. Bəzi növlər oldu ki, orada komanda hesabında biz birinci yeri tutduq. Məsələn boksu, taekvandonu, güləşi deyə bilərəm.
Fuad Babayev: Azərbaycan bu oyunlarda yetərincə medallar qazandı.
Elşən Məmmədov: Medal öz yerində. Amma fərdi növlərdə hər komanda 6-7 nəfər idmançıdan ibarətdir. Amma orada ümumi komanda hesabı da var. Medal sayına görə biz bir neçə növdə birinci yeri tutduq.
Pirim Pirimov: Rekord nəticə əldə edilib. Atletikada nizəatma üzrə səhv etmirəmsə, Qazaxıstan təmsilçisi dünya rekordunu müyyən etdi.
Fuad Babayev: Yeri gəlmişkən, Pirim müəllim, bizim bu İslamiadada Azərbaycan televiziyaları, media mənsubları kifayət qədər təmsil olunurdu. Bəs dünya mediasının bizim İslam oyunlarına marağı necə oldu?
Pirim Pirimov: Tək İslam ölkələrindən deyil, ABŞ-dan, Almanyadan, İngiltərədən də media mənsubları gəlmişdi. Sports Illustrated (red.- ABŞ-ın həftəlik idman jurnalı) jurnalının fotoqrafı Bob Martin də akkreditasiyadan keçən media nümayəndələri arasında idi. İslam adət-ənənəsinə sadiq qalaraq qadınların hicabda çıxış etməsi fərqli bir şey idi. Xarici fotoqrafları cəlb edən amillərdən biri də bu idi.
Fuad Babayev: Yəni xarici medianı bura cəlb edən cəhətıərdən biri də İslam adət-ənənələri ilə bağlı ekzotiklik idi.
Pirim Pirimov: Bəli. Amma, bəziləri İslam dedikdə mənfi şeylər haqqında düşünürlər. Bu oyunlar İslamın müsbət cəhətlərini önə çıxartmalı idi. İslamiadada təmsil olunan xarici media mənsublarına misal olaraq həm də “Getty Images” (red. – ABŞ-ın foto agentliyi) və Fransanın İnformasiya Agentliyini (AFP – Agence France-Presse) misal çəkə bilərik.
Fuad Babayev: Elşən müəllim, bu sayca IV İslam oyunları idi. İkisi gərək ki, Səudiyyə Ərəbistanında keçirilib.
Elşən Məmmədov: Bu oyunlar 4 ildən bir keçirilir. I İslamiada 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. II İslam Oyunları 2009-cu ildə İranda keçirilməli idi. Amma, siyasi məsələlərə görə onu 2001-ci ilə keçirmək qərara alındı. Sonra isə ümumiyyətlə ləğv olundu.
Fuad Babayev: Bu indi neçənci oyunlar idi?
Elşən Məmmədov: III Oyunlar İndoneziyada oldu. Bakı İslamiadası 4-cüdür. Faktiki 3-cü də olsa, sayca dördüncüdür.
Fuad Babayev: Siz bilavasitə İdman Araşdırmalar Mərkəzinın rəhbəri kimi əvvəlki İslam oyunları ilə Bakı İslamiadasını müqayisə etmisiniz? İştirakçı dövlətlərin sayı, media və tamaşaçı marağı müstəvisində onlar arasında dəyişikliklər var?
Elşən Məmmədov: Mənim fikrimcə, tamaşaçı marağı bizdə yüksək idi. Əsas fərq isə idman növlərinin sayının artmasıdır. Mən Sizə dəqiq deyə bilərəm, bu İslam oyunlarında 21 idman növü üzrə yarışlar gedirdi. Bəziləri 20 deyir, amma idman gimnastikası ilə bədii gimnastikanı ayırsaq, 21 idman növü olur. Əvvəlki oyunlarda isə cəmi 13 idman növü var idi.
Fuad Babayev: Yəni bu irəliyə doğru bir addımdır.
Elşən Məmmədov: Məsələn, Səudiyyə Ərəbistanında keçirilmiş ilk İslam Oyunlarında 13 növ üzrə 108 dəst medal uğrunda mübarizə gedirdi. Cəmi 355 medal qazanılıb. İndoneziyadakı üçüncü İslam oyunlarında 13 idman növü, 183 dəst medal, cəmi 600 medal oynanılıb. Bakı İslam Oyunlarında isə 269 dəst medal, yəni qızıl, gümüş və bürünc olmaqla cəmi 886 medal qazanılıb. Demək istəyirəm ki, medal sayının artması təbii ki, tamaşaçı sayında da özünü göstərirdi. Çünki idman növü çox olduqca istər-istəməz tamaşaçıların sayı da çoxalır.
Fuad Babayev: Azərbaycan idmançılarının əvvəlki İslam oyunlarında iştrakı necə idi?
Elşən Məmmədov: Təbii ki, Bakıda keçirilən axrıncı oyunlarda daha çox nümayəndə heyəti iştrak edirdi. Məsələn, əvvəlki İslam Oyunlarında Azərbaycan komanda növləri üzrə çox məhdud sayda, səhv etmirəmsə, yalnız basketbol komandası ilə təmsil olunmuşdu. Bakı İslamisadasında isə bizim bütün idman növlərində həm kişi, həm də qadınlar üzrə komandalarmız var idi. Medal sayına görə Azərbaycan komandası əvvəki oyunlarda daim 8-ci yeri tutub. Səudiyyə Ərəbistanında keçirilmiş Oyunlarda 4 qızıl, 4 gümüş və 7 bürünc medal, Sonra İndoneziyada 6 qızıl, 9 gümüş, 9 bürünc medal qazanmışdıqsa, bu ilki Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc olmaqla 162 medal qazanaraq 1-ci olduq.
Fuad Babayev: Bu sıçrayış nə ilə bağlıdır? Əlbəttə, evdə doğma divarlar da kömək edir. Biz buna birmənalı olaraq sevinməliyik, yoxsa burada pozitiv dinamikanın görünməyən məqamları da var?
Elşən Məmmədov: Birinci növbədə kütləvilik ilə izah olunur. Bəzi ölkələr əsas heyətlə gəlməmişdi. Amma pafossuz etiraf etmək lazımdır ki, Azərbaycanda son illər idmanda danılmaz nailiyyətlər də var. Bunu biz Avropa Oyunlarında da, elə axırıncı Rio-de Janeyro Olimpiadasında da görmüşük.
Gündüz Nəsibov: Ümumiyyətlə, bu oyunların səviyyəsi sizi qane etdimi?
Pirim Pirimov: Dördüncü İslam Oyunları keçirilmə miqyasına, planlaşdırılmasına, təşkilatçılıq səviyyəsinə, hətta açılış və bağlanış mərasimlərinə görə əvvəlki oyunlardan yaxşılığıa doğru çox fərqləndi.
Fuad Babayev: Əvvəlki oyunların büdcələrini də müqayisə etmək maraqlı olardı. Səudiyyə Ərəbistanı kimi varlı bir dövlətdə görünür, şəriət normaları bəzi tədbirlərin keçirilməsinə imkan verməyib.
Pirim Pirimov: IV Bakı İslamiadası zamanı təşkil olunmuş Media Help Desklər (red. – yardım, məlumat masası), tribunalarda medianın foto mövqeləri, WiFi, otaqların planlaşdırılması, bütün dislokasiyaların əks olunduğu xəritələr bu oyunlara təşrif buyurmuş texniki nümayəndə heyətinin, media mənsublarının ixtiyarında idi. Bir sözlə, onların səmərəli fəaliyyəti və istirahəti üçün hər cür şərait yaradılmışdı. Oyunlar zamanı bir iranlı mənə yaxınlaşaraq dedi ki, bizdə medianın təşkilatçılığı Rio Olimpiadasının təşkilatçılığından daha yüksəkdir.
Fuad Babayev: Bu strukturun qurulmasında təbii ki, xaricilər yaxından iştirak etmişdi?
Pirim Pirimov: Bəli. 2014-cü ildən Avropa Oyunları ərəfəsində mətbuat əməliyyatları departamentinə işə qəbul olunmuşdum. Ancaq xaricilərlə işləyirdim və onların təcrübələrini öyrənməli idim. Həmin xaricilər bilirdilər ki, Azərbaycanda bu işi bilən yoxdur. Onların təcrübəsi bizə miras kimi qalmışdı və İslam Oyunlarında ondan istifadə etdik. Bizim departamentin direktoru Ceyms Pirs dünyada media əməliyyatlarını quran üç nəfərdən biridir. UEFA-da, Olimpiya oyunlarında çalışıb. 30 ildir ki, bu işlə məşğuldur. Biz də məhz ondan öyrəndik.
Fuad Babayev: Təbii ki, 2015-ci illə müqayisədə bizim kadrlar daha çox idi.
Pirim Pirimov: 2015-ci ildə 10 nəfər azərbaycanlı, 30-dan çox xarici var idisə, İslam Oyunları zamanı yalnız üç nəfər xarici var idi, qalanları öz həmyerlilərimiz idi. Kamran Talıbov bizim media əməliyyatları şöbəsinin rəhbəri idi, mən isə planlaşdırma işlərinə baxırdım. Biz 2015-ci ildə qazandığımız təcrübəni tamamilə burada tətbiq etdik.
Fuad Babayev: 2019-cu ildə də səhv etmirəmsə, hansısa idman tədbiri olacaq?
Pirim Pirimov: Bəli gənclər festifalı olacaq.
Fuad Babayev: Amma bu sırf idman tədbiri deyil?
Elşən Məmmədov: Yox o da olimpiya festivalıdır, idman festivalı. Əslində 2019–cu ildə Minskdə keçirilməli idi. Sonra məlum oldu ki, ikinci Avropa oyunları Minskə həvalə edilib. Eyni ildə həm Gənclərin Olimpiya festivalını, həm də Avropa oyunlarını keçirtməyə gücləri olmadığından, Avropa gənclər festivalından imtina eləməli olurlar. Azərbaycan isə həmin festivalı keçirməyi öz öhdəsinə götürdü.
Fuad Babayev: Əslində Pirim müəllimgil üçün daha bir təcrübə baxımından yaxşıdır.
Elşən Məmmədov: Təbii ki, yaxşıdır. Çünki o sistemi qurublar burda. Doğrudan da media işi yaxşı qurulmuşdu. Bir az press-relizlərdə elə cümlələr yazırdılar ki, sanki Azərbaycan dilində deyildi.
Fuad Babayev: Bir də səhv etmirəmsə, açılışda medianın iştrakı elə də yaxşı təşkil olunmamışdı.
Elşən Məmmədov: Mən düzü bağlanışda olmuşam, açılışda olmamışam.
Fuad Babayev: Mən elə başa düşdüm ki, bu daha çox bizim media əhlinə aid idi. Yerləşmələri, buraxılmaları və s. məsələlərdə bir tıxac əmələ gəlmışdi.
Pirim Pirimov: Problem nədə idi? Təhlükəsizliklə bağlı idi. Avropa oyunlarına nisbətən təhlükəsizlik daha yüksək səviyyədə idi. Çünki İslam ölkələrindən gəlmişdilər. Daha dərindən yoxlanılırdı. Təbii ki, bu, bizim təhlükəsizlik orqanları tərəfindən həyata keçirilirdi. Keçiddə, medianın keçməsi üçün ayrılan yerdə təxminən iyirmi dəqiqə problem oldu. Sonradan biz təhlükəsizlik işçilərinə çatdırdıq ki, bu cür problemlər yaratmasınlar. Və bir daha belə problemlər yaşanmadı. İslam oyunlarında bizim media üçün ayırdığımız “görmə” yerləri, fotoqraflar üçün ayırdığımız çəkiliş yerləri də çox idi. Hətta beşinci mərtəbədə həm foto nöqtələrimiz, həm də tribunalarımız vardı. Böyük bir foto platforması da təşkil olunmuş və internetlə təchiz edilmişdi.
Elşən Məmmədov: Qaydalara əsasən atletika yarışlarında jurnalistlərin mövqeyi finiş tərəfdə olmalıdır – indiki yerləşdiyi yerdə. Futbol oyunlarında isə ən yuxarı yarusda mərkəzi hissədə olmalıdır ki, oyunları yaxşı izləyə bilsinlər.
Pirim Pirimov: Açılış günündə beçinci mərtəbədən görünüş yaxşı idi, otur və yaz. Həm media, həm də fotoqraflar üçün çox gözəl şərait yaradılmışdı.
Fuad Babayev: Elşən müəllim, Azərbaycanda son illər ərzində Avropa Oyunları, İslam Oyunları, Formula-1 yarışları keçirilib. Bu tədbirlərin hər birində yetərincə sayda xarici jurnalistlər iştirak edir, Azərbaycan idman jurnalistləri də bu prosesdə canlı iştirak etmək şansı qazanıblar. Bu, mənə elə gəlir ki, Azərbaycan idman jurnalistikasının sözün bütün mənalarında qızıl erasıdır. İdman jurnalistikamızda keyfiyyət dəyişikliyi hiss olunurmu?
Elşən Məmmədov: Keyfiyyət dəyişikliyi də, jurnalistlərin potensialı da var. Sadəcə bu potensialı açmaq, stimullaşdırmaq üçün münbit mühit yoxdur. Bizim idman jurnalistləri daha çox futbol sahəsinə meyillidilər. Çünki əksəriyyətin futbolla bağlı müəyyən bilikləri var, oynayır, praktikası var. Buna əsasən müəyyən yazı qabiliyyəti də formalaşır, amma tutaq ki, digər idman növlərini bilmirlər axı. Uzaqbaşı cudo, güləş və boksdan başları çıxır. Amma məsələn, atletika, üzgüçülük, avarçəkmədən bir şey anlamırlar. Bunları anlamaq üçün o sahəyə onları yönəltmək lazımdır. Həmin sahəyə yönəldilməsi üçün də açıq etiraf etmək lazımdır ki, stimul olmalıdır. Həmin idman növlərinə cavabdeh olan federasiyalar şərait yaratmalı, onları yarışlara aparmalıdılar. İdman saytının çoxlu işçi saxlamağa imkanı yoxdur. Ona görə də məcbur olur ki, işçini hamının maraqlandığı futbol yarışına göndərsin. Futboldan reklamlar gəlir. Klublar reklamlar verirlər. Layihələr üzərində işləyirsən, aylıq köçürmələr olur. Digər idman növlərində belə hal yoxdur. Baxın, Avropa Oyunları keçirilir, xaricdən mütəxəsislər cəlb edilir. Bütün sahələrə mütəxəssislər cəlb olunur. Amma idman jurnasitləri ilə iş prosesi aparılmır.
Fuad Babayev: Yəni treninqlər təşkil olunmur, seminarlar, məşğələlər keçirilmir.
Elşən Məmmədov: Ən azı bir beş nəfər yaxşı işləyən sayt, fəaliyyət göstərən jurnalistlər seçilməlidir. Onlar yönəldilməlidirlər ki, bu prosesin içində olsunlar. Sabah da yarışı ən gözəl şəkildə işıqlandırsınlar. Bu edilmir. Bizdə ancaq üstünlük verilir xarici jurnalistlərə.
Pirim Pirimov: Təbii ki, sizin dediklərinizlə razıyam. Amma diqqətinizi bir məsələyə çəkim. Məsələn, jurnalistlər üçün müsahibələr təşkil olunur. Jurnalistlər müraciət edirlər ki, bizə məsələn, Omandan, Türkiyədən, yaxud Azərbaycandan olan idmançımızı gətirin. Və başlayırlar standart, şablon suallar verməyə.
Elşən Məmmədov: Orada sual verənlər idman jurnalistləri deyil. Həmin sualları ixtisaslaşma aparılmayan telekanallardan, informasiya agentliklərindən olanlar verirlər. Ən məhşur sualları da belədir: “Qələbəni kimə həsr edirsən?”
Pirim Pirimov: Bütün faktlar var, internet hamının əlinin altındadır. Axı baxmaq olar ki, bu adam əvvəlcə hansı yarışlarda iştrak edib. Hansı nailiyyətləri var. Əlbəttə jurnalistlər ilk növbədə bunları bilməlidilər. İkinci növbədə isə, idman jurnalistinin həmin sahəyə marağı olmalıdır.
Fuad Babayev: Növbətçi suallardan geniş istifadə olunur.
Pirim Pirimov: Məncə idman jurnalistikası insanın həm həvəsindən, həm də özündən aslı olan bir sahədir. İnternetdə bütün informasiyalar var. Sadəcə sən özün də bir dil bilməlisən. Beləcə bütün idman növləri haqqında məlumat əldə etmək, bütün qaydaları bilmək mümkündür. Öyrənirsən ki, bu növdə hansı idmançılar çıxış edəcək. Onların rəqibləri kim olacaq. Bu qayda ilə müsahibə götürmək istədiyin idmançıya verəcəyin sualları müəyyənləşdirirsən. Xarici jurnalistlərdən gileylənirlər. Amma onlar azərbaycanlı idmançıdan azərbaycanlı jurnalistin xəbəri olmadığı məsələləri soruşurlar. Filan yerdə, filan ayda olan məşq toplanışı necə keçdi, kiminlə məşq keçdiniz, hansı nailiyyətlərə çatmaq istəyirsiniz və s. Halbuki bunların hamısı internetdə var.
Elşən Məmmədov: Dediklərinizlə razıyam. İnternetdə axtarmaq olar. Düzdür, bütün rəqibləri də tapmaq olmur. Elə rəqib gəlir ki, məsələn, heç onu axtarıb tapmaq mümkün deyil. İdman jurnalistlərinin bəzi növlərdən başları çıxmır. Jurnalist boksda hansı zərbəyə neçə bal verildiyini, cüdoda “ippon”, “vazzari” və “koka”nın nə olduğunu bilməlidir. Bilmirlər. Oa görə də çətinliklə üzləşirlər. Mən 1999-cu ildən idman mətbuatındayam. Bizim vaxtımızda internet demək olar ki, o qədər də inkşaf etməmişdi. Ancaq öz təcürəbəmiz sayəsində, işləyə-işləyə öyrənmişik. Amma indi internetsiz bir dəqiqəmiz olmur. Böyük idman yarışları idman jurnalistləri üçün böyük təcrübədir. Birdən-birə 20-dən çox idman növünü işıqlandırmaq az iş deyil. Görürlər ki, nə var, nə yox. Amma ki, peşəkarlaşma yönümündə ciddi addımlar atılmalıdır. Hələlik təəssüf ki, bunu görmürük.
Hazırladı: Gündüz Nəsibov, 1905.az