Mən 1949-1959-cu illərdə respublikamızda sayılıb-seçilən 132 saylı məktəbdə təhsil almışam. Bu illərdə mən bu məktəbin müəllimlərindən böyük dərs almışam.
5-6-7-ci siniflərdə bizə Əminə müəllimə dil-ədəbiyyatdan dərs deyib. Mənə ana dilini sevdirən, mənim dilçi kimi formalaşmağımda Əminə müəllimənin tövsiyələri böyük rol oynayıb. Tez-tez məni lövhəyə çağırar, cümlə təhlili, qrammatik məsələlərdə məni işlədərdi. Mən də həvəslənər və hər gün dərsə xüsusi hazırlıqla gələrdim. O məktəb sanki bir akademiya idi. Aşağı siniflərdə oxuyanda Kübra müəllimə direktor idi. Yuxarı siniflərdə isə Fəridə müəllimə idi. O direktorların öz dərslərindən bir dəfə də olsun yayındıqlarını mən görməmişdim. Onlar özləri şagirdlərə bir nümunə idilər. Məktəbin gözü, hamının sevimlisi Bilqeyis müəllimə idi. Ədəbiyyatı tədris edirdi. Bizim sinfə dərs deməsə də, ünvanladığımız bütün sualları mütləq cavablandırar və bizi məmnun salardı. Atakişiyeva Zeynəb riyaziyyat müəllimimiz idi. Respublikada nümunəvi müəllimlərdən idi. Çox tələbkar idi. Həm də savadlı və qayğıkeş idi. Bizə riyaziyyatın özülünü, məğzini başa salırdı. Sinfimizdə çox uşağı riyaziyyatçı olmağa həvəsləndirmişdi. Bəhicə müəllimə vardı – ingilis dili müəllimi. O da çox sevilən müəllimlərdən idi. Tədris hissə müdiri Gülruh müəllimə idi. Hamı ona “şokolad müəllim” deyirdi. Çünki özü qarabuğdayı idi, üzündə də xoş bir təbəssüm olardı. Acıqlananda da o təbəssüm simasından getmirdi. Mənə dərs deyən müəllimlərin sırasında Bibixanım müəllimə də vardı. Görkəmli aktyor Ağasadıq Gəraybəylinin ömür-gün yoldaşı idi. Rus dilindən dərs deyirdi. Başdan-ayağa bu xanım nümunə idi – sadəliyi, səmimiyyəti, səliqəsi, tələbkarlığı ilə. Biz ondan səliqə-səhman öyrənirdik. O məktəbdə savadsız müəllim yox idi. Çox səmimi, qayğıkeş, qeyri-adi müəllimlərlə rastlaşmışam orada. Uşağa özünü şəxsiyyət kimi təsdiq etdirirdilər. Munisimsən, həmdəmimsən, Əlimdəki qələmimsən. İşıqlı bir səhərimsən, Heyranımsan müəllimim. Mən həqiqətən də 132-nin müəllimlərinin heyranıyam. Onlar əsrlərdən əsrlərə ötürüləcək şəxsiyyətlərdir.