İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfəri İsrail-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıması faktını bir daha təsdiq edir.
AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut İsrailin “Vızovı vremeni” informasiya-analitik portalında dərc edilmiş “Netanyahunun səfəri: İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır” sərlövhəli məqaləsində bu barədə yazır.
İsrailli ekspertin fikrincə, 2016-cı il aprel hadisələri bir daha sübut etdi ki, İsrail Azərbaycana siyasi-diplomatik və mənəvi dəstək verməklə yanaşı, çox vacib olan hərbi-texnoloji yardım da göstərir. Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna çox güclü zərbəsindən dərhal sonra Ermənistan rəhbərliyində və bu ölkənin KİV-lərində antiisrail isteriyasının yaranmasını görmək olardı.
Ekspert yazır: “Lakin bu gün bir fakt göz qabağındadır ki, Avrasiya məkanında İsrail ilə Azərbaycan qədər sıx və səmimi münasibətləri olan heç bir ölkə yoxdur. Bu iki ölkə arasında münasibətlər xüsusən ona görə təəccüb doğurur ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır. Tarixi baxımdan Netanyahu İsrailin Azərbaycana səfər edəcək ilk və hələlik yeganə Baş naziridir. 1997-ci ilin avqust ayında ovaxtkı və indiki Baş nazir Benyamin Netanyahu gecə vaxtı Bakıya qısa tarixi səfər edib. Yeni Azərbaycan diplomatiyası tarixində bu, ən nadir hadisələrdən biri idi: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xarici ölkənin liderini gecədən xeyli keçmiş qəbul edib”.
A.Qut yazır ki, məhz Netanyahunun Bakıya bu tarixi gecə səfərindən sonra İsrail-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etməyə başladı. İsrailli ekspert vurğulayır: “2009-cu ilin iyununda İsrailin 9-cu Prezidenti Şimon Peres Azərbaycana rəsmi səfər etdi. Sonra İsrail Xarici İşlər Nazirliyinin ovaxtkı rəhbəri, bu gün isə İsrailin müdafiə naziri, Azərbaycanın böyük dostu Aviqdor Liberman Odlar Yurduna bir neçə dəfə səfər edib (2010, 2012 və 2014-cü illər). 2013-cü ilin aprel ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfər edib, 2014-cü ilin sentyabrında isə İsrailin müdafiə naziri Moşe Yaalon bu ölkənin müdafiə idarəsinin Azərbaycana səfər etmiş ilk rəhbəri olub.
İsrailli analitik əmindir ki, Baş nazir B.Netanyahunun Azərbaycana bu rəsmi səfəri böyük tarixi və geosiyasi əhəmiyyət kəsb edir. Arye Qut yazır: “İsrail Azərbaycana həmişə böyük diqqətlə və səmimiyyətlə yanaşıb, özü də təkcə ona görə yox ki, bu ölkədə heç vaxt antisemitizm olmayıb və yoxdur. Rəsmi Bakı başqa ölkələrdə antisemitizmin hər hansı təzahürlərini dəfələrlə pisləyib və yenə pisləyir. Cənubi Qafqaz və Yaxın Şərq regionunda son hadisələr, Moskva-Bakı-Tehran və Moskva-Bakı-Ankara əməkdaşlıq formatının genişlənməsi Azərbaycanın son 20 ildə yürütdüyü çoxvektorlu, sərbəst və müstəqil siyasətin parlaq əksi və əyani sübutu olub. Azərbaycanın xarici siyasətinin bu çoxvektorlu konsepsiyasında İsrail Dövləti də xüsusi yer tutur. Azərbaycan xarici siyasət arenasında öz müstəqil davranışı ilə dəfələrlə sübut edib ki, dünyada heç bir ölkə və heç bir beynəlxalq təşkilat digər dövlətlər və təşkilatlarla necə işləmək və necə əməkdaşlıq etmək lazım olduğunu ona diktə edə bilməz”.
İsrailli ekspertin vurğuladığı kimi, Benyamin Netanyahunun gözlənilən səfəri bir daha təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazda geosiyasi proseslərin şəksiz lideridir. O yazır: “Azərbaycan regionun lider dövləti kimi özünü tam təsdiq edib. Onun iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək mümkün deyil. İndiyə qədər İsraildə öz diplomatik missiyasını açmamasına baxmayaraq, Azərbaycan hökuməti İsrailə çoxsaylı rəsmi nümayəndə heyətləri göndərir və öz növbəsində, Bakıda İsraildən daha çox sayda nümayəndə heyətlərini qarşılayır. İsrail-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməkdə davam etməsini, İsrailin Azərbaycandan neft almasını, Azərbaycanın iqtisadiyyatına və kənd təsərrüfatına İsrailin investisiya yatırmasını nəzərə alsaq, bütün bunlar xüsusilə əlamətdardır. Öz növbəsində, Azərbaycanın kənd təsərrüfatı, hərbi sənaye və telekommunikasiya sahələrində İsrailin müasir yüksək texnologiyalarına ehtiyacı var və bu siyahını davam etdirmək olar. Ölkələrimiz həm də təhsil, humanitar və mədəni layihələri inkişaf etdirirlər”.
Ekspertin fikrincə, insan amili İsrail-Azərbaycan tərəfdaşlığının mühüm amilidir. İsrail Dövləti Azərbaycandakı 20 minlik yəhudi icmasına səmimi münasibətin qorunub saxlanmasında bu ölkənin Prezidentinin rolunu yüksək qiymətləndirir. Danılmaz tarixi faktdır ki, Azərbaycanda antisemitizm yoxdur və heç vaxt olmayıb. Biz də əslən bu ölkədən olan insanlar kimi, bu tolerantlıq və dini dözümlülük amili ilə fəxr edirik. Bu gün Azərbaycan tolerantlıq siyasəti yürüdür, bütün dünyaya göstərir ki, ölkə ərazisinin 20 faizinin qonşu dövlət tərəfindən işğal edilməsi Azərbaycanın əsl sivilizasiyalararası dialoq nümunəsi, bütün xalqların və konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı bir məkan kimi qalmasına mane olmur. Eyni zamanda, İsrailin qədim Akko şəhərində əslən Azərbaycandan olanların İsraildə ən böyük icması yaşayır. Akko şəhər meriyasının vəsaitləri hesabına və bu şəhərin meri, Azərbaycanın böyük dostu Şimon Lankrinin və “STMEQİ” Xeyriyyə Cəmiyyətinin prezidenti German Zaxaryayevin təşəbbüsü ilə Burada Azərbaycan dağ yəhudilərinin irsi üzrə “Tikvateynu – bizim ümid yerimiz” adlı əlaqələndirmə mərkəzi tikilib. Bu mərkəzin tikintisinin ümumi büdcəsi 1 milyon dollardan çox olub. Tezliklə bu mərkəzin rəsmi açılışı, habelə qədim və multikultural Akko şəhərinin ayrılmaz hissəsi və müasir rəmzi olacaq Heydər Əliyev adına Azərbaycan Evinin tikintisi üçün ikinci mərtəbənin təməlqoyma mərasimi keçiriləcək.
Məqalədə Azərbaycan-İsrail əməkdaşlığının və tərəfdaşlığının inkişaf etdiyi qeyd olunur. Bildirilir ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollardır. Əvvəllər bu dövriyyə əsasən neft və qaz sənayesi üzərində cəmləşmişdi, indi isə qarşılıqlı münasibətlərin inkişafı şaxələndirilərək iqtisadiyyatın başqa sektorlarını da əhatə edir. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycan ilə daha sıx qarşılıqlı münasibətlər axtarmağın bir neçə başqa səbəbi də var. Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı kimi mühüm rol oynayır, o cümlədən İsrailin istehlak etdiyi neftin 40 faizini təmin edir. Azərbaycan həm də Avropa üçün enerji təchizatının şaxələndirməsinin və təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan regionda iri enerji mərkəzi olmaqla bərabər, həm də neftin və təbii qazın əsas istehsalçısıdır. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan boru kəməri (Alyaska boru kəməri ilə yanaşı, dünyada ən böyük neft kəməri) Xəzər dənizindən çıxarılan nefti Gürcüstan ərazisindən keçməklə Aralıq dənizinə və Türkiyənin Ceyhan limanına çatdırır. Bundan əlavə, daha əhəmiyyətli bir məqam ondan ibarətdir ki, Azərbaycan və onun qərbli tərəfdaşları “Cənub Qaz Dəhlizi”ni təşkil edən boru kəmərləri şəbəkəsinin tikintisinə başlayıblar. Bu dəhliz vasitəsilə Azərbaycanın böyük qaz ehtiyatları Avropaya nəql olunacaq. Ekspertin fikrincə, İsrail ilə Azərbaycan arasında, həmçinin Azərbaycanda müsəlmanlar və Azərbaycan yəhudiləri arasında münasibətləri təkcə qarşılıqlı maraqla izah etmək olmaz.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut sonda yazır: “Bu gün Azərbaycan-İsrail münasibətlərində ümumi dəyərlər və ortaq tarix öz əksini tapıb. İki ölkə arasında insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq əzmi hər iki ölkəni zənginləşdirir. Bundan əlavə, aydın görünür ki, Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə dinc yanaşı yaşayıblar və bu gün də qardaş kimi yaşayırlar. Ümumi tarix və ümumi tale onları həmişəlik bağlayıb”.
AZƏRTAC