23 iyunda İstanbulda təkrar bələdiyyə seçkiləri başa çatdı. Əkrəm İmamoğlu 54,21%, Binəli Yıldırım isə 44,99% səs toplayıb /http://www.hurriyet.com.tr/secim/23-haziran-2019-yerel-secimleri/istanbul-secim-sonuclari//.
İstanbul bələdiyyə seçkilərinin nəticələri və bundan sonra hansı proseslərin baş verəcəyi haqda politoloqların fikrini öyrəndik.
Politoloq Elşən Manafov bildirir ki, ilkin bələdiyyə seçkilərinin nəticələrinin Türkiyənin ali Məhkəmə İnstansiyası tərəfindən ləğv edilməsi Türkiyədəki prosesləri izləyən ekspertlərdə belə bir təəssürat doğurmuşdu ki, bu dəfə Ərdoğan və ya AKP hakimiyyətin vermiş olduğu inzibati resurslardan istifadə edərək heç bir vəchlə Cümhuriyyət Xalq Partiyasının bu seçkilərdəki qələbəsinə imkan verməyəcək. Lakin, dünən keçirilən seçkilər bir daha Türkiyə demokratiyasının təntənəsi oldu. Və bir daha bəlli oldu ki, qərb dövlətlərinin Ərdoğan iqtidarını devirməsi ilə bağlı müəyyən planlarının olmasına baxmayaraq Ərdoğan İstanbul seçicilərinin iradəsinə böyük hörmət və sayqı ilə yanaşdı və bu Türkiyədə demokratiyanın təntənəsi oldu. Türk xalqı bir daha bəyan etdi ki, o zamanında Atatürk tərəfindən bəyan edilmiş və əsası qoyulmuş demokratik dövlət idarəetmə ənənələrinə sadiqdir. Güman edirəm ki, bu seçkilər bütövlükdə Türkiyədə dövlət İnstitutlarının möhkəmləndirilməsinə, demokratik institutların səlahiyyətlərinin bərqərar olmasına daha güclü və həlləedici təsir göstərəcək.
Politoloq Cavid Vəliyev də İstanbulda keçirilmiş seçkilərin nəticəsini demokratik qələbə kimi dəyərləndirdi: “Keçirilən seçkilərin Türkiyənin beynəlxalq səviyyədə imicinə müsbət təsiri olduğunu düşünürəm. Bu mənada Əkrəm İmamoğlunu rəqibi Binali Yıldırım və prezident Rəcəb Tayyib Ərdoğanın təbrik etməsi olduqca qiymətliydi. Seçicilər İstanbulun idarəsində siyasi partiyaların vəziyyəti baxımından bir balans görmək istədiyini göstərdi. Yəni Bələdiyyə sədri Cümhuriyyət Xalq Partiyasında, Bələdiyyə məclisi isə hakim Ədalət və İnkişaf Partiyasındadır.
Seçkilərin nəticəsinin müxalifət partiyasının lehinə olmasının ən böyük səbəbi Türkiyənin iqtisadi vəziyyətidir. 2018-ci ilin avqust ayından etibarən Türkiyə iqtisadiyyatında bir geriləmə var və İstanbul sakinləri bunu çox hiss edir. Bu iqtisadi azalma hakim Ədalət və İnkişaf Partiyası namizədinin səs itirməsinə səbəb oldu.
Digər tərəfdən siyasi ekspertlərin fikrincə müxalifət partiyası seçiciləri seçkilərdə daha aktiv iştirak edərkən, iqtidar partiyası seçiciləri passiv qaldı və bu da iki namizəd arasında səs fərqinin artmağına səbəb oldu. Əkrəm İmamoğlu bir sol partiya namizədi olsa da bütün siyasi və ideoloji görüşlərin səsini almaq üçün bir strategiya həyata keçirdi.
Cavid Vəliyev bildirir ki, hakim AKP mütləq seçkidən sonra “niyə seçkini uduzduq?” sualının cavabını axtaracaq: “Türkiyə siyasi ekspertləri bu məsələdə iki ayrı qrupa ayrılmış vəziyyətdədir. Bəziləri, AKP namizədinin uduzmağına səbəb olan şəxslərin məsul vəzifələrdən uzaqlaşdırılacaqlarını düşünür. Bəziləri isə, bunun yetərsiz olacağı və AKP-nin etimadı əldə etməsi üçün köklü iqtisadi və siyasi islahatlar həyata keçirəcəyini düşünür. Qısacası hakim AKP özünü və strategiyasını yeniləyəcək. Politoloq seçkilərin nəticəsi olaraq Türkiyənın böyük finans mərkəzini idarə edəcək CHP-nin bu qalibiyyəti parlament və prezident seçkilərində təkrar etmək üçün çalışacağı fikrindədir.
Politoloq Ramiyyə Məmmədova da digər ekspertlərlə eyni fikirdədir ki, AKP namizədi Binəli Yıldırım seçki təbliğatını prezident Ərdoğanın dəstəyi ilə apardı. Həttə bir çox vaxtlarda prezidentin özü seçki kampaniyasını yönəltdi. Lakin Əkrəm İmamoğlunun qələbəsini önləmək mümkün olmadı və bu tarixi hadisədir: “Vaxtilə Ərdoğanın dediyi kimi, İstanbulu fəth edən Türkiyəni fəth etmiş sayılır. Əslində bu gün AKP-nin uduzmasının ən böyük səbəbi iqtisadi problemlərdir. Türkiyənin iqtisadiyyatı son iki ildə çox çətin bir vəziyyətdədir. Lirənin düşməsi, dolların qalxması insanların rifahını aşağı salıb. Yəni, AKP-nin maliyyə siyasəti ona çox böyük bir zərbə vurdu və vəziyyəti stabilləşdirməsə, növbəti cümhurbaşqanı seçkilərində uğursuzluq labüddür. CHP və Əkrəm İmamoğlunun bir fərd olaraq gələcək prezident seçkilərində də üstünlük qazanma ehtimalı çoxdur. Təbii ki, onun İstanbul meri kimi iş fəaliyyəti də nəzərə alınacaq. Ramiyyə Məmmədovanın fikrincə, seçkinin nəticəsi kimi Əkrəm İmamoğlunun daxili siyasətdə aktiv iştirak edəcəyini gözləmək olmaz. Çünki, Türkiyədə daxili siyasəti bələdiyyələr müəyyənləşdirmir. Daxili siyasət bu gün hakim partiyanın əlindədir: “Sadəcə məsələ burasındadır ki, prezidentin, eləcə də hakim partiyanın İstanbul ilə əlaqəli investisiya proyektləri vardı. Ola bilsin ki, bu məsələlərdə prezidentlə yeni mer arasında antoqonizm yaransın. Daxili siyasətin başqa sahələrində fikir ayrılığı yaşamaq ehtimalı o qədər də inandırıcı deyil. Bələdiyyənin iş sahəsi şəhərin, şəhər əhalisinin rifahıdır, yardımlarla məşğul olmaqdır. Bu isə daxili siyasətdə elə bir rol oynamayacaq”.
Politoloq Vüqar Zifəroğlu Türkiyədə hakim partiyanın seçkidə məğlubiyyətinin dörd əsas səbəbini sadaladı: “AKP öz seçicisinə 31 mart seçkisinin nəticələrini niyə ləğv etdiyini izah edə bilmədi və bu Əkrəm İmamoğlunun qalibiyyətinin başlıca səbəbi oldu. Bu çox önəmli məsələdir. Təsadüfü deyil ki, hətta AKP seçiciləri belə İmamoğluna səs verdilər. İkinci vacib məqam odur ki, AKP HDP və Öcalanla bağlı müəyyən proseslərə start verdi və müxtəlif müraciətlərin yayılması seçiciyə mənfi təsir etdi. Bu sahədəki müxtəlif manipulyasiyalar domino effekti verdi və nəticə AKP nin xeyrinə işləmədi. Üçüncü məsələ, AKP-MHP koalisiyası daha çox milli zəmindəki təbliğatı, hətta İmamoğlunun yunan əsilli olmağının qabardılması nəticə etibarilə əks effekt verdi. Çünki, İstanbul bir meqapolisdir və burada sırf milli kök üzərində təbliğatın qurulması yanlışdır. Bəlkə də eyni təbliğat iç Anadolu bölgəsi ilə bağlı seçki kampaniyasında keçirilsəydi, müsbət effekt verə bilərdi. Amma İstanbulda milli mühit qarışıqdı. Dördüncü məsələ Türkiyə iqtisadiyyatında yaşanan katakilizmlərlə bağlıdır. Bu da orta statistik türk seçməninin öz seçimini müxalifətin namizədinə yönəltməsinə səbəb oldu”.
Vüqar Zifəroğlunun fikrincə, 2022-ci ilə qədər artıq Türkiyə siyasi palitrasında müəyyən dəyişikliklərin gedəcəyinin şahidi olacağıq”.
Hazırladı: Ülviyyə Tahirqızı, 1905.az