“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və tarix elmləri doktoru Mehman Süleymanov ilə danışdıq.
Fuad Babayev: İcazənizlə, söhbətə başlamazdan əvvəl SOCAR tərəfindən təqdim edilmiş çarxa baxaq.
(https://www.youtube.com/watch?v=Djg0fLN1YVg)
Fuad Babayev: Çox gözəl, təsirli bir çarx alınıb. Bundan bir müddət əvvəl bir film də yayımlanmışdı. Və o sənədli filmdə Mehman müəllim (Mehman Süleymanov – red.) çəkilib.
Mehman Süleymanov: Bəli, ARB kanalı çəkmişdi, “Sarmaşıqlı məzarlar” adlanır. (https://www.youtube.com/watch?v=FfOr37hhzHI)
Fuad Babayev: Mən həmin filmə məmnuniyyətlə baxdım. Çox təsirli və informasiya ilə zəngin bir filmdir.
Akif Aşırlı: SOCAR-ın baxdığımız bu video çarxı sosial şəbəkələrdə çox ciddi reaksiyalar doğurub. Bir qrup elə fikirləşir ki, 1921-ci ildə Azərbaycan artıq Rusiya tərəfindən işğal olunmuşdu və azərbaycanlılar Türkiyədə İstiqlal savaşında iştirak edə bilməzdilər. Müzakirəyə qatılanlar öz düşüncəsinə, aldığı bilgiyə, oxuduğu informasiyaya görə rəylər bildirirdi. Mən də öz fikrimi dedim. Rəyim ondan ibarət idi ki, çoxlu sayda azərbaycanlılar yalnız qurtuluş savaşında deyil, ondan qabaqkı illərdə də savaşlara qatılıblar. Məsələn, götürək 1912-1913-cü illərdəki Balkan savaşlarını… Azərbaycanın Çar Rusiyasının tərkib hissəsi olduğu bu dönəmlərdə Türkiyədə “Səbil ül-Rəşad” adlı milliyyətçi bir dərgidə Musavat partiyasının belə bir bəyanatı dərc olunmuşdu ki, Balkan ölkələrinin arxasında Rusiya dayanır, ancaq biz – müsəlmanlar, türklər Osmanlı dövlətinə kömək etməliyik. Balkan savaşlarından sonra, 1915-1916-cı illərdə Çanaqqala uğrunda gedən savaşda da azərbaycanlılar iştirak edibdir. Hətta Əhməd Cavadın da istintaq materiallarında onun Balkan savaşlarında Osmanlı dövləti tərəfində iştirakı öz əksini tapıb.
Fuad Babayev: Akif müəllim, çox maraqlı informasiya verdiniz. Xüsusilə də bu çarxın sosial şəbəkələrdə mübahisələrə səbəb olduğundan mənim də xəbərim yox idi. Elə bilirdim ki, Azərbaycanda hamı bu çarxı yaxşı qarşılayıb.
Akif Aşırlı: Münasibət tamam fərqli idi. Hətta aqressiv yanaşanlar da olub. Əslində onların çoxunu tanıyırdım; bilik səviyyəsinə, dünyagörüşünə görə qiymətləndirdiyim insanlar idilər, sadəcə olaraq, görünür onların aldığı informasiyalar düzgün olmayıb. Belə deyək də: hər kəs tarixçi ola bilməz. Həmin insanlar da guya “tarixin təhrif olunmaması” üçün rəy bildirirdilər. Və mən də öz mövqeyimi onlara bildirdim.
Fuad Babayev: İnsanların baxdığımız bu video çarxı “tarixin təhrif olunması” kimi dəyərləndirməsinin səbəblərindən biri də bəlkə odur ki, Qafqaz İslam Ordusu haqqında danışdığımız qədər, azərbaycanlıların Osmanlı dövləti uğrunda vuruşduğu barədə danışmamışıq. Əlbəttə, sırf tarixi nöqteyi-nəzərdən Qafqaz İslam Ordusunun Azərbaycanın nicatında oynadığı rol ilə Azərbaycandan olan insanların İstiqlal savaşında oynadığı rol arasında çox fərq var.
Akif Aşırlı: Amma qatqımız olub.
Fuad Babayev: Əlbəttə, buradan gedib orada vuruşanlar çox olub. Bəs sizə elə gəlmir ki, bu məsələdə bizim tarixçilər, tarixi təbliğ edən jurnalistlərimiz, yaxud təşkilatlarımız bir az passivdir.
Mehman Süleymanov: Sözsüz ki, passivlik var. Biz hətta qürurla deyə bilərik ki, Qafqaz İslam Ordusunun tarixini az-çox öyrənmişik, əlbəttə, nə qədər öyrənsək də azdır, amma İstiqlal müharibəsi ilə bağlı lazımi səviyyədə iş görə bilməməyimizin əsas səbəblərindən biri də odur ki, əlimizdə materiallar yoxdur. Bu materialları araşdırmaq üçün Türkiyəyə getmək lazımdır ki, bu da müəyyən çətinliklərlə bağlıdır.
Istərdim ki, bütünlükdə bu hərəkatın tarixi ilə bağlı öz fikrimi deyim. Osmanlı dövləti yaranandan XIX əsrə qədər, yəni Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Nadir şahın, daha sonra Qacarların dövründə həmişə Azərbaycan ilə əks cəbhədə olub. XIX əsrdə Azərbaycanı işğal edəndən sonra Rusiya Osmanlı dövləti ilə 3 dəfə müharibə edib və hər üçündə azərbaycanlılardan ibarət alaylar Rusiya tərəfində iştirak ediblər. Amma XIX əsrin sonları XX əsrin əvvəllərindən başlayaraq xalqlarımızın bir millət kimi formalaşması, milli təfəkkürün meydana çıxması, o cümlədən milli təəssübkeşliyin, milli hisslərin güclənməsi özünü göstərməyə başladı. Bunun da nəticəsi Osmanlı dövlətinə qarşı başlanan müharibələrdə özünü büruzə verdi. Akif müəllim də qeyd etdi, 1912-ci ildə Balkanlarda Osmanlı Türkiyəsinə qarşı müharibə başlayanda Azərbaycan aydınları və ictimai-siyasi hərəkatları çağırış etdilər ki, Türkiyə xalqı bizim qardaş xalqımızdır və biz bu mübarizədə onları tək qoymalı deyilik. Birinci Dünya müharibəsi dövründə Azərbaycan Çar Rusiyasının tərkibində idi, Osmanlı isə Rusiyaya düşmən bir dövlət idi. Müharibə başlayanda azərbaycanlıları hərbi xidmətə cəlb etmədilər və etmək də istəmirdilər. Azərbaycan aydınlarının tələbi və təzyiqi ilə müharibə başlayanda “Vəhşi diviziya” deyilən müsəlman-tatar süvari alayı yaradıldı. O dövrdə Türkiyəyə yardım etmək istəyi o qədər güclü idi ki, Çar Rusiyası bunun qarşısını almaq üçün həmin süvari alayını Avropa cəbhəsinə göndərdi.
Bəs azərbaycanlılarda bu hisslər nə üçün yaranmışdı? Burada həm milli, həm də dini hisslər önəmli rol oynayıb. Birinci növbədə milli təfəkkür, milli əqidə, milli oyanış azərbaycanlıları Rusiya əleyhinə fəaliyyət göstərməyə sövq edirdi. O cümlədən, nəzərə almaq lazımdır ki, Osmanlı sultanı eyni zamanda İslamın xəlifəsi idi. Və sultan da Birinci Dünya müharibəsi başlayan kimi fitva verdi ki, bütün müsəlmanlar Osmanlı dövlətinin yanında olmalıdırlar. Bundan sonra müharibədə Türkiyəyə kömək etmək üçün Azərbaycandan könüllülərin sayı xeyli artdı. Hətta o dərəcədə artdı ki, Çar Rusiyası Qafqaz ordusunun xüsusi xidmət idarələrinə əlavə pul ayırdı ki, Azərbaycanda geniş vüsət alan türkçülük təbliğatının qarşısını alsınlar və azərbaycanlılar Türkiyəyə keçib Rusiyaya qarşı mübarizə aparmasınlar.
Məlumdur ki, Çanaqqala savaşında xeyli sayda azərbaycanlı iştirak edib. Təəssüf ki, əlimizdə faktlar çox azdır. Deyə bilmərik ki, nə qədər azərbaycanlı şəhid olub. Ölkəmizdə bəzi alimlər, tədqiqatçılar bu rəqəmin 3 min olduğunu deyirlər.
Fuad Babayev: Amma baxdığımız çarxda 1200 rəqəmi var.
Mehman Süleymanov: Müxtəlif rəqəmlər deyilir. Mən özüm də şahidi olmuşam, Çanaqqala qəbiristanlıqlarında çoxlu sayda məzar daşlarında azərbaycanlı adları yazılıb və hansı bölgədən – Şamaxıdan, Bakıdan və s. olduğu da qeyd edilib.
Akif Aşırlı: Eyni zamanda Təbrizdən, Tiflisdən olanlar da var və təbii ki, gürcülər savaşmaq üçün Tiflisdən ora getməzdilər.
Mehman Süleymanov: Əslində, o zaman biz həm əsgəri kömək, həm H.Z.Tağıyevin rəhbərliyi ilə maddi köməklik göstərmişik. Həm də bir çox xeyriyyə cəmiyyətləri vasitəsi ilə Türkiyə ərazisində yetim qalmış uşaqları Azərbaycana gətirib burada onların boya-başa çatmasına kömək etmişik. Eyni zamanda Türkiyə ərazisində əsir düşmüş türk hərbçiləri Rusiya ərazisinə daşınanda əsir xəstələrə baxmaq, dünyasını dəyişənləri dəfn etmək kimi yardımlar göstərmişik. Bu barədə Nağı bəy Şeyxzamanlının ( 1919-1920-ci illərdə ADR-in xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi – /1883-1964/ – red.) xatirələrində çox geniş əks olunub. Nəhayət, Nargin adasında saxlanılan türk hərbi əsirlərə azərbaycanlıların kömək etmələri kimi faktlar da mövcuddur. O zaman həm düşərgələrdən, həm də qatarlar ilə daşınarkən qaçırılan dustaqların çoxu Azərbaycanın bir çox bölgələrinə yayıldılar və könüllü müqavimət dəstələrinin yaranmasına yardımçı oldular. Bu prosesin davamı kimi sonradan Azərbaycan aydınları, milli mübarizənin rəhbərləri Türkiyədən hərbi yardım istədilər. Əslində, say nisbətinə görə bura gələn türklər, Türkiyəyə köməyə gedən azərbaycanlılardan çox idilər. Ancaq o dövrdə Azərbaycanın imkanlarını da nəzərə almaq lazımdır. İmkanlarımız daxilində gördüyümüz işlər, əgər indiki dövrün qiymətləri ilə müqayisə etsək, o zaman üçün çox yüksək dəyərə malik idi.
Fuad Babayev: Tarixçilərimiz bu sahəyə müəyyən diqqət ayırırlar. Bəs Türkiyə tarixşünaslığında azərbaycanlıların rolu barədə yazıblar? Hər halda onların arxivlərə çıxışı var.
Akif Aşırlı: Türkiyəli tarixçilər Qafqaz İslam Ordusunun Azərbaycan, Dağıstan hərəkatı ilə bağlı fəaliyyəti barədə yazıblar. 1915-ci ildə Azərbaycan ziyalılarının, siyasi elitasının və zəngin insanlarının qardaş köməyi olmuşdu. Həmçinin, din xadimləri də bu prosesdə iştirak etmişdilər və o zaman onların bu məsələlərə çox böyük təsir gücü vardı. 1915-ci ildə edilən qardaş yardımları barədə Türkiyəli tarixçi Betül Aslan yazıb. Çox təəssüf ki, Azərbaycanda bu barədə yazan yeganə müəllif mənəm. Bəlkə də var, ya da kimsə dissertasiya mövzusu kimi işləyib. Amma araşdırdım, başqa kimsəni görmədim. Mənim elmi işim, dissertasiya mövzum “Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu” adlanır. Bu mövzuda Türkiyəli müəlliflərin yazıları var.
Birinci Dünya Savaşı illərində Azərbaycanda artıq milli hərəkat formalaşırdı. Və bu hərəkatın ən mühüm nöqtələrindən biri ondan ibarət idi ki, milli hərəkatçılar Çar Rusiyası devriləcəyi və gələcəkdə bu bölgədə müstəqil bir dövlət yaranacağı təqdirdə ölkəmizə dəstək ola biləcək qüvvələri, dövlətləri müəyyənləşdirirdilər. Diqqəti də əsasən Osmanlı dövlətinə yönəltmişdilər. Təbii ki, milli, dini hisslərin güclü olduğu bir dönəmdə azərbaycanlılar Birinci Dünya Savaşında əsir düşən türklərə köməklik göstərirdilər, həmçinin Qars, Ərzurum, Ərdəhan və s. yerlərdə məcburi köçkünlük həyatının gətirdiyi ağrı-acıları azaltmaq üçün mülki insanlara yardım edirdilər, o bölgələrdə küçələrdə qalan uşaqları yığırdılar, məsələn Əhməd Cavad da o prosesdə iştirak edib.
Türk ordusu o ərazilərdən geri çəkiləndə təkcə ruslar deyil, ermənilər də müsəlmanlara qarşı vəhşiliklər törədiblər və müsəlman əhalinin qurtulmaq üçün yeganə yolu Güney Qafqaz ərazisində təhlükəsiz yerlərə keçmək idi. O dövrdə əsir düşən türklərin sayı da çox idi. Məsələn, tarixi faktlar var ki, 10 mindən çox türk hərbi əsiri olub. Məsələn, bu əsirləri Nargin adasında yerləşdirirdilər və sonra yeni əsirlər gətiriləndə onları Rusiyanın içərilərinə sürgün edirdilər. Bunun üçün Rusiyada 17 həbsxana var idi. Sonralar həmin əsir düşmüş türklərin Azərbaycanın istiqlal savaşında çox böyük rolu olub. Nuru Paşanın da xatirələrində var ki, 300-ə yaxın hərbi əsir AXC-də Milli Ordunun formalaşması prosesinin ilkin mərhələsində iştirak edib. Və bolşeviklərin işğal etmədikləri ərazilərdə – Naxçıvanda, Zaqatalada, Qarabağda və s. yerlərdə onlar bolşevizmə və ermənilərə qarşı müqavimət hərəkatının yaradılmasında iştirak ediblər, azərbaycanlılara silah-sursatın istifadə qaydalarını öyrədiblər.
Fuad Babayev: Yəni ən azı hərbi mütəxəssis kimi.
Akif Aşırlı: Bəli, belə bir qarşılıqlı yardımlaşma olub. Qurtuluş Savaşında iştirak edən azərbaycanlıların sayının bəzən 500, bəzən də 700 olduğunu deyirlər, amma nəzərə alaq ki, azərbaycanlılar fərdi şəkildə də gedib qatılırdılar.
Fuad Babayev: Və onların adları heç bir yerdə qeyd olunmayıb.
Akif Aşırlı: Baxdığımız çarxdakı 1200 nəfər necə müəyyənləşib. Aprelin 28-də Azərbaycan işğal olduqdan sonra may ayının 25-də Gəncədə Sovetlərə qarşı üsyan baş verir, amma bu üsyan yatırılır. Sonra üsyan Qarabağa keçir. Burada Sovetlərə qarşı başlayan müqavimətin başında Nuru Paşa dayanırdı. Nuru Paşa 6-7 gün ərzində Şuşanı bolşeviklərdən və ermənilərdən təmizləyib azad edir. Qarabağda üsyanda iştirak edən milli hərbi qüvvələrimiz Nuru Paşanın ətrafında cəm olmuşdu. Gəncədə məğlubiyyətə uğrayan Azərbaycan ordusunun əsas heyətini təşkil etmiş milli qüvvələr də Qarabağa gəlib Nuru Paşanın ətrafında birləşir. Daha sonra, XI Qızıl Orduya məğlub olduqdan sonra onlar İran ərazisinə keçirlər. Beləliklə, həmin qüvvələr Kazım Qarabəkir Paşanın komandanlığı altında Türkiyə Ordusunun Şərq cəbhəsinə daxil olurlar.
Mehman Süleymanov: Elə bir sənəd yoxdur ki, bu rəqəmi təsdiqləsin. Yəni 1200-dən aşağı da ola bilər, yuxarı da. Güman edirəm ki, yuxarıdır. Bunun iki yolu var. Birinci yol odur ki, Nuru Paşanın rəhbərlik etdiyi 5-ci Qafqaz diviziyası Azərbaycana gələndə qarşılıqlı şəkildə razılaşdırılmışdı ki, diviziya itki verdikcə, əsgər sayı Azərbaycandan toplanan azərbaycanlıların hesabına doldurulacaq. Onlar da Türk diviziyasının əsgərləri hesab olunurdu. Buna sübut olaraq Şəhidlər Xiyabanındakı Bakı Türk şəhidliyində çoxlu sayda azərbaycanlı adını göstərmək olar. Həmin azərbaycanlılar Türk diviziyasının tərkibində vuruşublar və Türk hərbi hissələrinin şəxsi heyəti olaraq şəhid kimi göstərilirlər. Mümkündür ki, onların sağ qalan bir hissəsi Türkiyəyə gedib. Ikinci yol isə antisovet hərəkatları ilə bağlıdır. Gəncə üsyanından sonra, 1920-ci ilin iyununda Nuru Paşanın rəhbərliyi ilə Qarabağda da belə bir hərəkat baş verdi. Sözsüz ki, Nuru Paşanın ordusunda əsas hərəkətverici qüvvə Cümhuriyyətin milli hərbi hissələri idi. Ordunun qərargah rəisi də azərbaycanlı polkovnik Mahmud bəy Zeynalov idi. Bu qüvvələr Şuşaya daxil olsalar da, oranı əldə saxlaya bilmədilər. Azərbaycan həlledici məkan olduğu üçün Sovet hökuməti bütün gücünü ölkəmizə yönəltmişdi. Azərbaycanı ələ keçirə bilməsə idi, Rusiyanın özünün mövcudluğu təhlükə altında olardı.
Bizə məlumdur ki, I Cavanşir piyada alayı Türkiyə ərazisinə keçib və İstiqlal savaşında iştirak edib. Alayın komandiri polkovnik Səməd bəy Rəfibəyov tanınmış Rəfibəyovlar nəslinin nümayəndəsi olub. Hətta o, Türkiyədə general rütbəsinə qədər yüksələ bilib.
Mənim bildiyim iki paşadan biridir. Sonradan özünə Səməd Sayqın təxəllüsünü seçib. Nuru Paşa ilə bərabər daha bir Azərbaycan alayı da Türkiyəyə keçib və müharibədə iştirak edib. Bir maraqlı fakt da var ki, Nuru Paşaya pensiya kəsmək istəmirdilər, deyirdilər ki, İstiqlal mübarizəsində iştirak etməmisən. Ancaq o, faktlarla sübut etdi ki, Azərbaycandan gələn hərbi qüvvələr ilə birlikdə Türkiyədə mübarizədə iştirak edib və bu fakta görə ona pensiya təyin etdilər.
Azərbaycandan Türkiyəyə gedənlərin arasında Cahangir bəy Novruzov da olub. Sonradan özünə Bərkər soyadını götürüb. O, müharibədən sonra da hərbi xidmətini davam etdirib və general rütbəsinə qədər yüksəlib.
Fuad Babayev: Azərbaycan Cümhuriyyəti ordusunun Topçu briqadasının batareya komandiri kapitan Cahangir bəy Yusif bəy oğlu Novruzov…
Mehman Süleymanov: Bəli, kiçik rütbədə gedib Türkiyədə general rütbəsinə qədər yüksəlib. Cahangir bəy Azərbaycan Cümhuriyyətində Süvari diviziyasının komandiri general Teymur bəy Novruzovun qohumudur, Novruzovlar nəslindəndir.
Qafqaz İslam Ordusu ilə bağlı araşdırma aparmaq üçün Türkiyəyə gedib orada Azərbaycan “Türk Ocağı”nın dərgisinə baxdıqda, çoxlu sayda azərbaycanlı albay (polkovnik) və yarbayların (polkovnik-leytenant) nekroloqları ilə rastlaşdım. Təəssüf ki, adlarını bir yerə qeyd etmədim. Yəni onlar da vaxtilə Azərbaycandan Türkiyə ərazisinə keçib İstiqlal mübarizəsində iştirak edib albay, yarbay rütbəsinə qədər yüksəliblər.
Fuad Babayev: Bəs hazırda Türkiyə ordusunda Azərbaycan əsilli yüksək rütbəli hərbçilər var?
Mehman Süleymanov: Sözsüz ki, var. Amma bunu qabartmır, heç buna ehtiyac da duymurlar.
Akif Aşırlı: Onlar özlərini Azərbaycan əsilli türk hesab edirlər. Yəni tutaq ki, biri deyir, əslimiz Gəncədəndir, digəri deyir, babamız Borçalıdan köçüb, yaxud o biri deyir ki, Naxçıvandan gəlməyik.
Mehman müəllimin qeyd etdiyi Azərbaycan “Türk Ocağı”nın dərgilərinə mən də baxmışam, 1960-cı illərdən sonra demək olar ki, dərginin hər nömrəsində nekroloq var. Yəni XX əsrin əvvəllərində Azərbaycandan gedənlərin yaşı artıq bu dövrdə 80-ə yaxınlaşır, onlar üçün həyatın qürub çağı başlamışdı. Məsələn, dərgidə Osman Kazak adlı bir albay vardı. Əsl adı Osman ağa Gülməmmədov olan bu insan Azərbaycan Cümhuriyyətinin ordusunda olub, sonra İstiqlal mübarizəsində iştirak edib. Hətta Qarsın alınmasında iştirakına görə Nuru Paşa onu medalla təltif etmişdi. Qəbri Amasyadadır. Yaxud Gəncə üsyanına başçılıq etmiş Cahangir Kazımbəyovun Türkiyədə xeyli qohumu var. Hacı Mahmud Əfəndinin övladları Türkiyəyə köç edib və Qazaxda onun qəbri üstündə tikilmiş türbənin eynisini Amasyada da inşa etdiriblər. Hacı Mahmud Əfəndinin oğlu Qurtuluş savaşında iştirak edib, hətta “İstiqlal” medalı ilə təltif olunub. Onun oğlu isə CHP-dən millət vəkili seçilib. Adı da Atatürkə uyğun olaraq Kemal Qarahan olub.
Türkiyədə Nuru Paşanın məzarını axtaranda, orada kimlərin dəfn olduğunu öyrənmək istədik. Məsələn, gördük ki, yazılıb: Arran ailəsi, yaxud Şeyxzamanlılar və s. Araşdırmaq lazımdır ki, bu ailələrdən çıxan övladlar Türkiyənin ictimai, siyasi, hərbi həyatında nə dərəcədə rol oynayıbdır.
Fuad Babayev: Azərbaycanlıların İstiqlal mübarizəsində iştirakı ilə bağlı araşdırma aparan tədqiqatçılara nəyi tövsiyə etmək istərdiniz?
Mehman Süleymanov: Bizim Türkiyəni tədqiq edən kifayət qədər cavan alimlərimiz var. Burada əsas problem ezamiyyət məsələsidir.
Fuad Babayev: Arxivlərə daxil olmaqda problem yoxdur ki?
Mehman Süleymanov: Heç bir problem yoxdur. Bunun yalnız maliyyə tərəfi var. Xarici dövlətə gedəndə qalmağa, işləməyə yer olmalıdır. Bu səbəbdən Moskvadakı arxivdən də istifadə edə bilməmişik. Həm də kifayət qədər görüləsi işlər var. Alimlər üçün şərait yaradılsa, ezamiyyətlər təşkil edilsə, çox böyük işlər görə bilərik. Hətta o zaman cavan nəsil də bu işə həvəslə yanaşar.
Mehman İbrahimli: Ola bilərmi ki, Türkiyədə yaşayan soydaşlarımızla əlaqə saxlayıb, onları maraqlandırasınız, onlar da arxivlər ilə məşğul olsunlar, yaxud Türkiyə alimlərini cəlb edəsiniz? Yəni maraqlı mövzuda yazmaq istəyən də çox olar.
Akif Aşırlı: Türkiyə alimləri öz sahələrinə, maraqlarına aid olan məsələlər ilə məşğuldurlar. Bu məsələni gündəmə əsasən biz gətirməliyik. Bizdə də əsas problem ezamiyyət və onun maliyyələşdirilmə məsələsidir.
Türkiyəli Əbdülhəmid Avşarın “Qurtuluş savaşında azərbaycanlılar” kitabı çap olunub. Kitabda I Dünya Savaşından başlayaraq bir çox hadisələr təsvir edilsə də, əsasən Nəriman Nərimanovun dövrü, yəni 1920-ci ildən sonra azərbaycanlıların Türkiyəyə maddi yardımları qələmə alınıb.
Təəssüf ki, tədqiqatçılarımızın diqqəti əsasən Sovet dönəminə yönəlib. Sanki Türkiyə və Azərbaycan arasında münasibətlər 1920-ci ildən sonra yaranıb. Axı bu ilə kimi iki ölkə arasında nə qədər hadisə baş verib. 1918-1920-ci illərdəki Cümhuriyyət dönəminə aid yalnız Qafqaz İslam Ordusu bir az tədqiq olunub.
Qurtuluş savaşı 1919-cu ildə Atatürkün Samsuna çıxışı ilə başlayıb. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərirdi. Bəs bu Qurtuluş savaşına ölkəmizdə münasibət necə idi? Azərbaycanın hərbi dəstək göstərmək imkanı yox idi, çünki ordusu təzə-təzə yaradılırdı. Bəs maliyyə dəstəyi var idi? Mənəvi dəstək, ziyalıların münasibəti necə idi? Biz bunu hələ öyrənməmişik. Sonrakı dönəmlər bəs necə öyrənilib? Bir-iki nəfər Sovet dövlətinin xarici siyasəti timsalında götürüb Azərbaycan-Türkiyə münasibətlərini yazıb. Yəni Azərbaycanı Sovet dövlətinin tərkib hissəsi kimi götürüb bəzi hadisələri, epizodları yazıblar. 1923-cü ilə qədər N.Nərimanovun fəaliyyət dövrü olub və həmin dönəmdə Azərbaycanın müstəqil xarici siyasət yeritmək, iqtisadi münasibətlərdə iştirak etmək imkanları hələ var idi. Azərbaycan Xalq Cümhuriyyəti Nəsib bəy Yusifbəyli hökumətinin timsalında Türkiyənin İstiqlal savaşına maddi dəstək göstərib. Nağı bəy Şeyxzamanlı və digər tarixçilərdə də bu faktlar var. Bu faktlar memuarlardan götürülüb. Memuarlardan götürülən bu faktların real tarixi sənədlər ilə üst-üstə düşüb-düşməməsi araşdırılmalıdır. Məsələn, Nağı bəy Şeyxzamanlını Türkiyəyə göndəriblər ki, neft veksellərini Mustafa Kamal Paşaya çatdırsın və beləliklə də İstiqlal savaşına dəstək olsunlar. Yəni bu cür faktları həm Türkiyə, həm də Rusiya arxivlərindən tapıb tədqiq etməliyik. Və Türkiyəyə yardımlar hansı şəkildə edilirdi, AXC-nin Türkiyəyə münasibəti necə idi və s. məsələləri Böyük Britaniya və digər ölkələrin də arxivlərini araşdırmaqla dövriyyəyə gətirə bilərik. Bunun üçün də ilki növbədə maliyyə lazımdır. Alimin pulu olmasa, nə edə bilər?
Mehman Süleymanov: Maliyyə öz yerində. Türkiyədə böyük diasporumuz mövcuddur. Bu məsələni aktuallaşdırıb onları səfərbər etməyə nail olsaq, böyük iş görmüş olarıq. Onların vasitəsi ilə ən azı ölənləri axtarıb tapa bilərik. Bundan başqa onların arxivlərində də işləmək olar. Hətta onlar bizim alimlərə şərait də yarada bilərlər.
Akif Aşırlı: Orada yaşayan bir çox imkanlı şəxslər köməklik göstərə bilərlər. SOCAR video çarxı hazırladı, bunun davamı da olsa, yaxşı olardı. Məsələn, SOCAR Türkiyədə araşdırmalar aparmaq üçün Tarix İnstitutu ilə bir yerdə qrant layihəsi elan edə bilər.
Türkiyə xalqı həmişə Azərbaycana digər Türk cümhuriyyətlərindən çox önəm verib. Türkiyə də bizə həm siyasi, həm də mənəvi baxımdan həmişə dəstək olub. Azərbaycanlılar gedib Türkiyədə vuruşub şəhid oliblar, onlar da gəlib burada torpaqlarımız uğrunda 1146 nəfər şəhid veriblər. Bunun tarixi kökləri gedib Çanaqqala savaşına, Qafqaz İslam Ordusuna dayanır. Bundan irəli gələrək, ermənilərin də, böyük dövlətlərin də Türkiyənin Azərbaycan ərazilərinin işğalı ilə bağlı məsələyə qarışması ilə bağlı böyük əndişələri var. Ən çox da qorxan Ermənistan Respublikasıdır. Son vaxtlar Türkiyənin Suriya ərazisində təhlükəsizlik zolağı yaratması ilə ermənilərdə necə əndişə yarandığını gördük. Yəni Suriyadakı bu prosesdən sonra türklər Qarabağa da antiterror əməliyyatı və Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi məqsədlə gələ bilərlər. Necə ki, 1918-ci il 4 iyun tarixində Batumda Türkiyə və AXC arasında imzalanan müqavilənin bir bəndinə uyğun olaraq 5-ci Qafqaz diviziyası Azərbaycana gəldi və istiqlal savaşımıza qatıldı, indiki dönəmdə də bunu, ən azından informasiya savaşı sahəsində gündəmdə saxlamağı bacarmalıyıq.
Mehman Süleymanov: Azərbaycan ərazisində Türk şəhidlikləri var. Şamaxıda bir, Qobustan ərazisində bir, Göyçayda iki şəhidlikdə olmuşam, deyəsən 3 dənədir, Neftçalada 10 nəfərin, Salyanda isə 7 nəfərin qəbri var. Bunlar bizə məlum olan qəbirlərdir. Məlum olmayanların da yerləri təxminən məlumdur.
Akif Aşırlı: Mərdəkanda da var.
Fuad Babayev: Hacı Zeynalabdin Tağıyevin mülkündə var.
Mehman Süleymanov: Bəli, iki nəfərin də məzarı oradadır, Novxanıda da ikisi var. Ən azından, 20-dən çox qəbir yeri məlumdur. Maraqlıdır ki, general Əliağa Şıxlınski istisna olmaqla, Azərbaycan Cümhuriyyəti zabitlərindən birinin də ölkəmizdə qəbri yoxdur. Yəni daha çox Türk qardaşlarımızın qəbrinə fikir vermişik, onları qoruyub saxlamışıq. Çox istərdim ki, Türkiyədə yaşayan soydaşlarımız həm özləri fəallaşsınlar, həm də Türkiyədəki müəyyən ictimai təşkilatları cəlb etsinlər, inanıram ki, onlar da buna dəstək verərlər, Türkiyədəki şəhidlərimizin qəbirlərini tapsınlar və oranı ziyarətgaha çevirsinlər. O qəbirlərə sahib çıxılmasa, onlar itib gedəcək.
Fuad Babayev: Yəqin ki, çoxu artıq itib də. Hər halda 100 ildən çox vaxt keçib.
Mehman Süleymanov: Qalan məzarları heç olmasa bir simvol kimi ortaq ziyarətgaha çevirmək olar.
Akif Aşırlı: Çanaqqala savaşında azərbaycanlılar iştirakı edib. Amma əlimizdə hələlik bir sənəd yoxdur. Sadəcə, oradakı qəbirlərdən görmək olur; tutaq ki, yazılıb – 18 yaş, Bakı, Həsənoğlu. Aydın deyil, bu kimdir. Azərbaycanlıların Çanaqqala savaşında iştirakı ilə bağlı orada ümumi bir rəmzi anıt məzarının qoyulmasına ehtiyac var. Bir dəfə Çanaqqalaya getmişdik. Hər addımda şəhid məzarı var. Azərbaycanlıların məzarı olan yerə gəldik, gördük ki, Təbrizdən, Kərkükdən, Tiflisdən, Bakıdan olan şəhidlərin məzarları var, adları da bəllidir. Doğrudur, orada bir anıt var. Üstündə də yazılıb – “Türk torpaqlarının azadlığı uğrunda Çanaqqalada şəhid olmuş azərbaycanlıların əziz xatirəsinə”. Amma həmin anıt bir dəmir lövhədən ibarətdir, üstünə Türkiyə və Azərbaycan bayrağını vurublar, o bayraqların da üstündən o qədər yağış, qar yağıb ki, rəngləri solub, dəmirin özünün də ayaqları çürüyüb. Bu cür anıtı qanı tökülmüş şəhidlərimizə necə axı münasib görə bilərsiniz?
Hazırda Türkiyə Çanaqqala ilə bağlı arxivi hissə-hissə açır. Bizim də dövlətimiz tərəfindən bir alimimiz gedib orada oturmalı və siyahıya baxmalıdır. Təəssüf ki, Azərbaycandan bir nəfər də yoxdur. Həmçinin orada azərbaycanlı şəhidlərə anıt məzarının açılmasına çox ehtiyac var.
Mehman Süleymanov: Məsələ ondadır ki, ölkəmizdəki Türk şəhidlərinin məzarlarını Türkiyənin Azərbaycandakı səfirliyi diqqətdə saxlayır, onları bərpa edir.
Fuad Babayev: Bəli, elədir. Qobustan rayonunun Acıdərə ərazisindəki Türk Şəhidliyi səfirlik tərəfindən düzəldilib.
Mehman Süleymanov: Bizim Türkiyədəki səfirliyimiz də bu cür fəaliyyət göstərməlidir. Etməsə belə, oradakı azərbaycanlı fəalları səfərbər edə bilər. Orada şəhidlərimizin adına layiq bir abidə qoymaq elə də böyük vəsait tələb etməz.
Akif Aşırlı: Türkiyə bu məsələyə çox həssas yanaşır. Onlar neçə dəfə bizə xəbər göndəriblər ki, gəlin arxivləri araşdırın. Mən o arxiv müdirlərinin bəzilərini tanıyıram. Alimləri ilə əlaqələrimiz mövcuddur. Deyirlər ki, nə lazımdır edərik, təki gəlib işləyin.
Mehman İbrahimov: Təbii ki, Türkiyə də istəyər təbliğ etsin ki, baxın, hər yerdən – Balkanlardan, Qafqazlardan, Ərəb ölkələrindən və digər yerlərdən nə qədər türk, ərəb, boşnak və s. xalqlar Türkiyəni doğma biliblər ki, uğrunda savaşıblar, şəhid olublar.
Mehman Süleymanov: Bilirsiniz, Azərbaycandakı Türk şəhidliklərini ziyarət edəndə adamda necə hisslər baş qaldırır… O cümlədən, Türkiyədə yaşayan azərbaycanlılar orada şəhidlərimizin məzarlarını ziyarət etsələr, necə hisslər yaşayarlar…
Akif Aşırlı: Mən yenə də deyirəm ki, çalışmasaq, tarixi faktları ortaya çıxartmasaq, bunları Türkiyə tarixçilərindən tələb etməyimiz düzgün deyil. İlk növbədə özümüz can yandırmalıyıq.
Materialda www.kitantik.com saytının fotosundan istifadə olunub.
Hazırladı: Mehman İbrahimov, 1905.az
Material ilk dəfə 25 noyabr 2019-cu ildə baş tutub.