Sintaktik funksiyasına görə bağlayıcılar iki yerə bölünür. Hamımız bilirik ki, tabesizlik bağlayıcıları da var, tabelilik bağlayıcıları da.
Üstəlik, tabesizlik və tabelilik bağlayıcılarının müxtəlif qrammatik məna növləri mövcuddur…
“Həm də” tabesizlik bağlayıcısıdır. İştirak bağlayıcılarındandır.
Mən istəyirəm bu bağlayıcının istifadə edildiyi məqamlardan bir neçəsindən söhbət açım.
Bəzən ömrünün əhəmiyyətli hissəsini geridə qoymuş bir adam əsas işində əldə etdiyi uğurlarla kifayətlənmədən qərara alır ki, həm də… şair olsun. Təəccüblü dərəcədə istedadsız yazar olmağına rəğmən qısa müddət ərzində cürbəcür şeirlərin, hətta poemaların müəllifinə çevrilir. Kitabı çıxır. Və başlayır özünü həm də söz adamı kimi təqdim etməyə. Ən pisi odur ki, onu belə təqdim etməyə, tanıtdırmağa meylli adamların da təşkilatlanmış dəstəsi formalaşır.
Və yaxud hansısa çörəkli vəzifədə işləyən, babat donluq alan şəxs dünyanın işlərindən baş çıxarmağın müşkül məsələ olduğunu, gələcəyin qeyri-müəyyənliyini dərk edər-etməz… həm də alim olmaq qərarına gəlir. Hər ehtimala qarşı elmi dərəcə ala bilir.
Daha bir misal. Kiçik məvacibinin ehtiyaclarını ödəmədiyini görən ailə başçısı həm də taksi fəaliyyəti ilə məşğul olmağa başlayır.
Ya da ali məktəbə hazırlaşan və “repetitor”ların xidmətlərindən istifadə edən yuxarı sinif şagirdimiz həm də orta məktəbə gedir. Ola bilsin elə həmin məktəbdə çalışan ibtidai sinif müəlliməsi həm də öz şagirdlərinə “repetitor”luq edir. Əlbəttə, ödənişli əsaslarla…
Sözügedən iştirak bağlayıcısının tətbiq “areal”ı çox genişdir…
Hansısa hüzr məclisində özünün həm də teologiyadan baş çıxardığını göstərmək məqsədiylə mollaya ifrat dərəcədə çətinləşdirilmiş sual verən adamdan danışanda da bu bağlayıcıdan istifadə etməli oluruq, özünü həm də politoloq kimi aparan, ən müxtəlif və mürəkkəb siyasi məsələlər barədə həvəslə mülahizələr yürüdən insanlarımızdan söhbət açılanda da.
Əcnəbi qonaq ağzını açmağa macal tapmamış, onunla elə onun dilində danışmağa başlayıb həm də xarici dil bildiyini həvəslə nümayiş etdirən insanlarımızdan bəhs edəndə də bu bağlayıcıya ehtyac duyulur.
Bir sözlə, “həm də” çox məsələlərdə karımıza çatır. “Həm də” həmdəmimizə çevrilib və o leksikonumuzu tərk edib getməyəcək. Bəlkə elə belə də olmalıdır?
Fuad Babayev