İtaliyanın “İstituto Affari İnternazionali” (İAİ) tədqiqat mərkəzi tərəfindən yeni nəşr edilmiş “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabının təqdimatı keçirilib.
İtaliya Senatının kitabxanasında təşkil edilən tədbirdə İAİ tədqiqat mərkəzinin direktoru, professor Ettore Qreko Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən və acı nəticələrindən danışıb. Bildirib ki, Cənubi Qafqaz regionunun inkişafına əngəl yaradan bu münaqişə heç də dondurulmayıb, sadəcə beynəlxalq birlik bu məsələyə biganə yanaşır.
Sapienza Universitetinin prorektoru, professor Antonello Biacini çıxış edərək yeni çap olunmuş bu kitabın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılmasında önəmli vəsait olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsi uzun əsrlər boyu yüksək mədəni inkişafı ilə seçilib. Lakin 1990-cı illərin əvvəlində başlayan qanlı münaqişə bölgənin tərəqqisinə kölgə salaraq, Azərbaycanın önəmli mədəni xəzinəsini yerlə-yeksan etdi.
Cənubi Qafqaza səfərləri çərçivəsində keçirdiyi görüşləri xatırladan “İl Sole 24 Ore” qəzetinin jurnalisti Roberto Bonciorni Azərbaycan tərəfinin münaqişə ilə bağlı mövqeyinə toxunub. Bildirib ki, beynəlxalq birlik problemə yetərincə diqqət ayırmır. O, Azərbaycan-İtaliya münasibətlərindən danışaraq ölkəmizin Avropa üçün strateji baxımdan əhəmiyyətini qeyd edib. Diqqətə çatdırıb ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan önəmli rol oynayır.
Afrika və Şərq üzrə İtaliya İnstitutunun təmsilçisi, səfir Antonio Armellini, İohann Volfqanq fon Göte adına Frankfurt Universitetinin professoru Maykl Bote, İtaliyanın Modena və Reggio Emilia Universitetinin professoru Marko Cestri, Roma Tre Universitetinin professoru Antonietta Di Blaze çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıblar.
Vurğulanıb ki, ATƏT-in Minsk qrupu münaqişənin nizamlanması istiqamətində səylərini artırmalıdır. Beynəlxalq təşkilatlar tərəfindən problemlə bağlı qəbul edilən sənədlərdə də bildirildiyi kimi, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.
Kitabın müəllifi, İtaliyanın Luiss Guido Carli Universitetinin beynəlxalq hüquq üzrə fəxri professoru Natalino Ronzitti bildirib ki, nəşrdə Dağlıq Qarabağ münaqişəsi və onun beynəlxalq hüquq çərçivəsində həlli ətraflı təhlil olunur, problemin səbəbləri real faktlar əsasında araşdırılır. Kitabda BMT, ATƏT, NATO, Avropa Parlamenti, AŞPA və digər nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlərində qeyd olunan müddəalar əsasında problemin həlli yolları nəzərdən keçirilir.
Müvafiq mövzu ilə bağlı müzakirələr zamanı Ermənistanın İtaliyadakı səfiri Sarqis Qazaryan saxta və cəfəng iddialarla tədbir iştirakçılarını münaqişə barədə yanlış məlumatlandırmağa cəhd göstərib və bu ölkənin işğalçı niyyətlərinə haqq qazandırmağa çalışıb. Lakin Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov erməni səfirə real fakt və dəlillərlə tutarlı cavab verib, Ermənistanı qeyri-konstruktiv mövqedən əl çəkməyə çağırıb.
Tədbirdə İtaliyanın akademik və işgüzar dairələrinin təmsilçiləri, nüfuzlu beynəlxalq təşkilatların, Romadakı diplomatik korpusun, KİV-lərin nümayəndələri və başqaları iştirak ediblər.