İtaliyada Yeni ilin gəlişi orijinal üsulla qeyd olunur. Mən özüm əlbəttə ki, Yeni ili heç vaxt Apennin yarımadasında qarşılamamışam. Və İtaliya Yeni ilini öz gözlərimlə görməmişəm. Amma eşitmişəm və oxumuşam ki, Yeni il ərəfəsində italyanlar evlərində olan köhnə əşyaları küçəyə atırlar. Bəli, bəli, sözün əsl mənasında. Orta statistik italyan mənzilindəki köhnə, onu və ailə üzvlərini bezdirmiş mebel əşyasını və yaxud məişət texnikasını tullayır küçəyə. Niyə? Heç demə italyanlar inanırlar ki, Yeni il ərəfəsində küçəyə nə qədər çox köhnə əşya tullasan, bir o qədər yeni əşya ala biləcəksən. Nə qədər paradoksal olsa da, italyanlar buna inanırlar.
Məhz buna görə də hər Yeni ilin ilk günü İtaliya şəhərlərinin küçələri cürbəcür köhnə kreslolarla, maqnitofonlarla, daha nələrlə dolu olur.
Bütün bunlar İtaliyada baş verir.
Bizdə hər şey çox fərqlidir. O cümlədənYeni ilin qarşılanması da. Və məsuliyyətlə deyə bilərəm ki, biz köhnə əşyaları küçələrə atmırıq. Özü də ona görə yox ki, biz italyanlardan pis yaşayırıq və köhnə əşyalarımızı gözbəbəyimiz kimi qoruyuruq. Xeyr. Biz yaxşı yaşayırıq, sadəcə olaraq adət-ənənələrimiz imkan vermir ki, ötən əsrin 60-cı illərində alınmış divanımızı, yada sovet istehsalı olan rəngli televizoru küçəyə ataq. Biz bəzi hallarda məişət tullantılarını qəzetə büküb, ya da polietilen torbalara doldurub yuxarı mərtəbələrdən aşağı tullayırıq. Vəssalam.
Diqqət yetirin, italyanlar küçələri yalnız yeni il gecəsi zibilləyirlər, amma Bakının bir sıra yaşayış massivlərində yaşayan bəzi insanlar bu işi bütün il boyu edirlər. Etiraf etməliyik ki, bizim yanaşma daha mütərəqqi və sivildir. Həm də ona görə ki, küçələri yığışdıran insanların hüquqları tapdanmır. Bir var yeni ilin ilk günündə əldən düşənə kimi işləyəsən, bir də var təmizləməli olduğun tullantı qalaqları səliqə, həm də qayğı ilə ilin günləri arasında bölüşdürülsün…
Öz aramızdır, istifadə olunmuş uşaq bezini, kartof, soğan qabıqlarını, daha nələri eyvandan aşağı tullamaqdan gözəl nə ola bilər? Özü də bütün il boyu.
Razısınızmı?
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 44-45)