İtaliyanın Katanzaro əyalətinin Soverato, Kieti əyalətinin Fossacesia və L’Aquila əyalətinin Sante Marie bələdiyyələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlığının daha da gücləndirlilməsinə çağırış edən sənədlər qəbul edib.
AZƏRTAC xəbər verir ki, sənədlərdə Dağlıq Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanındığı, 1990-cı illərin əvvəllərində Azərbaycana məxsus ətraf 7 rayon da daxil olmaqla, Ermənistan tərəfindən işğal olunduğu, həmin ərazilərdən bütün azərbaycanlıların zorla çıxarıldığı qeyd olunub. Həmçinin sənədlərdə BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının münaqişə ilə bağlı qətnamələrinin və digər beynəlxalq təşkilatların qərarlarının Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı ölkəmizin ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin torpaqlardan dərhal çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasını tələb etdiyi bildirilib.
Eyni zamanda, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunmaqla yanaşı, münaqişədən əziyyət çəkmiş insanlarla həmrəylik nümayiş etdirilir, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.
Həmçinin, sənədlərdə istər 1990-cı illərdə, istərsə də 2020-ci il sentyabrın 27-dən başlamış müharibənin çoxsaylı insan itkisinə gətirib çıxardığı, noyabrın 10-da Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı Bəyanatın məhz münaqişəyə son qoyulması, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması məqsədi daşıdığı vurğulanıb.
Bələdiyyələr öz sənədləri ilə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqəti çəkərək, bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin ötən ilin fevralında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin müvafiq müddəalarına istinad ediblər. Habelə sənədlərdə sözügedən bəyannaməyə istinadən strateji tərəfdaşlar olan Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, mədəni, tarixi, dini irsin qorunması, akademik, texnologiya, səhiyyə, müdafiə, nəqliyyat sahələrində, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də geniş əməkdaşlığın və qarşılıqlı dəstəyin mövcud olduğu vurğulanıb.
Qeyd edək ki, İtaliyanın ümumilikdə 20-yə yaxın şəhər və bələdiyyələri oxşar sənədlər qəbul ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma