
İtaliyanın “inFormazione Cattolica” nəşri Azərbaycan politoloqu Fuad Axundovun ermənilərin tarixi saxtalaşdırmasını faktlar əsasında ifşa edən məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, bu məqalə Romadakı erməni Şurasının nümayəndəsi Mariam Ter-Ovannisyanın Azərbaycanın Müqəddəs Taxt-Tacda səfiri İlqar Muxtarovu “tarixi mistifikasiya etməkdə” ittiham edən məktubuna cavabdır.
Mariam Ter-Ovannisyanın öz fikirlərində səhvə yol verdiyini qeyd edən Fuad Axundov bununla bağlı konkret sübutlar göstərir.
Müəllif yazır: “Azərbaycan ərazisində müasir Ermənistanın yaradılmasının tarixi çox faciəlidir, çünki belə bir hal, xüsusən də XX əsrdə dünyanın heç bir ölkəsində baş verməyib. Bu bölgənin birilərinin əli ilə yaradılmış faciəsi Rusiyanın 1828-ci ildə Qacar İranından və Osmanlı imperiyasından 100 min ermənini buraya köçürməsindən dərhal sonra başlayıb. (S.Qlinka. “Rusiyanın sərhədləri daxilində Adderbican ermənilərinin köçürülməsinin təsviri”. Moskva, 1831. (s. 108, 114)”.
Müəllif yazır: “Ermənistanda bütün region üçün taleyüklü olan bu ən mühüm tarixi hadisəni xatırlamağı sevmirlər”. O əlavə edir ki, o zamanlar Avropanın bütün Cənubi Qafqaza aid coğrafi xəritələrinin yuxarısında Gürcüstan və 10 Azərbaycan xanlığı çox vaxt bir sözlə təsvir olunurdu – “Azərbaycan”. (The map of the 18th century German cartographer Georg Matthäus Seutter). Orada Ermənistan adlı heç nə yox idi. 1828-ci ildə ermənilərin bu torpaqlara köçürülməsindən sonra baş verən faciənin miqyasını dərk etmək üçün politoloq 1918-ci ildə Ermənistana çevrilən İrəvan xanlığının bundan sonra xarici memarlıq görkəminin necə dəyişdiyinə nəzər salmağı təklif edir: “Zəhmət olmasa, Ermənistanın indiki paytaxtı İrəvanın mərkəzi meydanının ümumi mənzərəsini həmin məkanın 1827-ci ildəki təsviri (buraya rus qoşunlarının gəldiyi vaxt) məşhur rus döyüş rəssamı Fran Rubonun fırçasına məxsus “İrəvan qalasının alınması” (https://roubaud.ru/sdacha-kreposti-erivani-1827-goda) tablosu ilə dəqiq müqayisə edin. Həmin rəsmə diqqətlə baxın. Məgər bu, xristian Ermənistanına bənzəyir? Rəsmdə təsvir olunan İrəvan qalası 1511-ci ildə azərbaycanlı Rəvanqulu xan tərəfindən tikilib və onun şərəfinə İrəvan adlandırılıb. Bütün İrəvan xanlığı, yəni müasir Ermənistanın ərazisi əsrlər boyu təxminən belə görünüb. Bu, tipik Azərbaycan (müsəlman) xanlığının zorla erməni (xristian) memarlığına, yəni orijinalın tam əksinə çevrilməsi məqsədilə onun dağıdılmış arxitekturası idi. 1965-ci ildə, yəni, o qədər də uzaq olmayan tarixdə şəhərin tarixi mərkəzini, orta əsr qalasını buldozerin altına vermək necə mümkün olmuşdu!? Azərbaycan mədəniyyətinin izləri beləcə məhv edilib”.

Fuad Axundov xatırladır ki, bütün bunlara paralel olaraq, Azərbaycan əhalisi tamamilə qovulub, məhv edilib, soyqırımına məruz qalıb. Nüfuzlu erməni alimi Zaven Korkodyanın yazdığına görə, cəmi iki il ərzində – 1918-1920-ci illərdə 130 min azərbaycanlı öldürülüb, 240 min nəfər didərgin salınıb, nəticədə 1916-cı ildə orada yaşayan 373 min 582 azərbaycanlıdan cəmi 10 min nəfər qalıb. Yəni, azərbaycanlı əhalinin 98 faizi qətlə yetirilib və qovulub. Bu soyqırımı haqqında təkcə Zaven Korkodyan deyil, həm də sovet müxbiri Anait Lalayan yazıb. (Z.Korkodyan. “Sovet Ermənistanının əhalisi: 1831-1931” (ermənicə), İrəvan, 1932, (s. 186); A.A. Lalayan, “Daşnaksutyun partiyasının əksinqilabı fəaliyyəti”; bax: Tarixi qeydlər. Məsul redaktor, akademik B.Qrekov. 2-ci cild. SSRİ Elmlər Akademiyasının nəşriyyatı, 1938-ci il, s. 100-104).
Təsəvvür etmək belə çətindir ki, Ermənistan prezidenti, yeri gəlmişkən, Qərbdə çox hörmətli siyasətçi olan Levon Ter-Petrosyan Ermənistanın azərbaycanlılardan azad olunması münasibətilə erməni xalqını şəxsən təbrik edib və bunu ermənilərin əzəli arzusu adlandırıb! Nəticədə Ermənistan regionda dörd çoxmillətli ölkə – Azərbaycan, Gürcüstan, İran və Türkiyə ilə əhatə olunmuş yeganə monoetnik dövlətə çevrilib”, – deyə müəllif vurğulayır.
Məqalədə daha sonra qeyd edilir ki, buna paralel olaraq, Stalin və onun xələflərinin fərmanları ilə bütün (ümumilikdə 2 minə yaxın) Azərbaycan toponim və hidronimlərinin adı tamamilə dəyişdirilərək erməniləşdirilib.
Bütün bunlara, məsələn, Böyük Sovet Ensiklopediyasında rast gəlmək olar. Burada müasir erməni adının yanında mötərizədə onun tarixi, azərbaycanca adı və Stalinin fərmanı ilə bu toponim və ya hidronimlərin adının dəyişdirildiyi tarix göstərilir.
Bax: https://www.booksite.ru/fulltext/1/001/008/100/487.htm və https://www.booksite.ru/fulltext/1/001/008/105/324.htm). Azərbaycanlı ekspert bildirir: “Dünyada heç bir ikinci ölkə yoxdur ki, XX əsrdə öz memarlıq, etnik və toponimik simasını tamamilə dəyişsin”.
O yazır: “Maraqlıdır ki, xanım Ter-Ovannisyan, ilk növbədə, Azərbaycanda xristian irsinin mövcudluğu faktını şübhə altına almağa çalışır, çünki onun fikrincə, Azərbaycan bir dövlət kimi 1918-ci ildə yaradılıb. Düzdür, xanım Ter-Ovannisyanın bunu hansı əsasla iddia etdiyi də tam aydın deyil. Azərbaycan ərazisində dövlətçilik ənənələri ən azı eramızdan əvvəl III minilliyə gedib çıxır. Arxeoloqlar və tarixçilər burada mədəni və linqvistik davamlılığı asanlıqla ayırd edə bilirlər. “Azərbaycan” adı isə ən azı eramızın əvvəlindən məlumdur.
1918-ci ildə Cənubi Qafqazda ilk dəfə olaraq nə Azərbaycan, nə də gürcü (yuxarıda qeyd etdiyim kimi, onlar bütün Avropa coğrafi xəritələrində əsrlər boyu müşahidə olunurdu) deyil, məhz erməni dövləti yarandı. Bəli, tarix boyu erməni dövlətləri də 1918-ci ilə qədər mövcud olub. Amma onların heç biri Qafqazda olmayıb. Doğrudur, qədim zamanlarda erməni dövlətləri olub. Amma onlar indiki Ermənistan Respublikasının olduğu ərazidə deyildilər. Konfransda nümayiş etdirdiyim (aprelin 10-da Vatikanda Müqəddəs Taxt-Tacın Papa Qrirorian Universitetində keçirilən “Azərbaycanda xristianlıq: Tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyasının irsi üzrə XII Beynəlxalq elmi konfransı nəzərdə tutulur) Vatikanın tarixi binalarından birinin tavanında bir neçə əsr əvvəl çəkilmiş həmin rəsm əsəri göstərir ki, həmin Ermənistan İrəvandan və Cənubi Qafqazdan kifayət qədər uzaqda yerləşirdi”.


Onun sözlərinə görə, 1918-ci ilin mayında yaranmış Ermənistan dövlətinin bu gün yerləşdiyi torpaqlarda ermənilərin kütləvi məskunlaşması 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi ilə başlayır.
Müəllif vurğulayır ki, 1918-ci ildə üç müstəqil respublika yaranan kimi, Ermənistan digər iki respublikaya (Gürcüstanda Axalkalaki və Borçalıya, Azərbaycanda isə Qarabağ və Naxçıvana) ərazi iddiaları irəli sürüb, işğalçılıq müharibəsinə başlayıb. Məqalədə qeyd olunur: “Bu gün Ermənistan Azərbaycandakı qədim alban kilsələrini, Gürcüstandakı qədim gürcü kilsələri erməni məbədləri adlandırır. Hazırda Gürcüstana münasibətdə də ərazi münaqişəsi “közərir”, lakin Ermənistan bunu qaynar fazaya çevirmir. Çünki Azərbaycan məsələsində bunu müsəlmanların xristianlara qarşı müharibəsi kimi qələmə verir və təəssüf ki, bəzən Gürcüstanda bu məsələdə öz tərəfdarlarını tapır. Amma xristian Gürcüstanına münasibətdə İrəvan anlayır ki, onun bu iddiaları keçməyəcək”.
Fuad Axundov yazır ki, bu baxımdan Azərbaycanda guya “xristian irsinin məhv edilməsi” ilə bağlı bəyanatı oxumaq da təəccüblü deyil. “Ancaq başqa bir məqama da diqqət çəkmək istərdik. Dərc olunmuş məktubun müəllifi hansı “məhv edilmiş xristian irsi”ndən danışdığını dəqiqləşdirməyib. Azərbaycan heç vaxt – HEÇ VAXT! – öz ərazisində kilsə və monastırları dağıtmayıb. Ola bilsin ki, yeganə istisna sovet dövründə SSRİ rəhbərliyinin tətbiq etdiyi “dinlə mübarizə” adı altında məscid, kilsə və sinaqoqların dağıdılması zamanı olub. Təəssüf ki, erməni təbliğatçıları, məsələn, işğal altında olan Azərbaycan şəhər və kəndlərinin uydurma erməni adları olan lövhələri belə qələmə verməyə hazırdırlar. Yaxud işğalçı Ermənistan ordusunun əsgər və zabitlərinin xatirəsinə ucaldılmış “xaçkarları”. Məgər kimlərsə ciddi şəkildə hesab edirlər ki, Azərbaycan bu “irsi” qoruyub saxlamalıdır?”, -deyə politoloq sualla müraciət edir.
O, daha bir misal çəkir və Ermənistanın 1992-ci ildə Azərbaycanın Laçın şəhərini işğal etməsi faktını göstərərək, oradan bütün əhalinin qovulduğunu qeyd edir: “Orada tam “etnik təmizləmə” aparılıb. 1996-cı ildə erməni işğalçıları azərbaycanlı İbrahimovlar ailəsinin evinin yerində dağıdılmış binanın tikinti materiallarından istifadə edərək kilsə tikiblər. Azərbaycan bu “xristian irsini” də qorumağa və mühafizə etməyə borcludur?”.
Politoloq vurğulayır: “Nəhayət, ən vacib məsələ. Bir qayda olaraq, sərhədlərə və ərazi bütövlüyünə hörmət edilir. SSRİ dağılanda, həm Azərbaycan, həm də Ermənistan 1991-ci il sərhədləri daxilində tanınıb. Azərbaycanın timsalında bu sərhədlərə Qarabağ da daxildir. Ona görə də Ermənistanın Qarabağda bütün hərəkətləri təcavüz və işğalçılıq idi. İşğal dövründən qalan bütün qeyri-qanuni tikililərin heç bir mədəni toxunulmazlığı yoxdur və təsnifata görə “dəyərli irs” sayıla bilməz. Onu da xatırladaq ki, Ermənistanın işğalı altında olan Azərbaycan ərazisinin 20 faizi görünməmiş etnik təmizləmə səhnəsinə çevrilib. İşğal nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşı öldürülüb və ya qaçqın düşüb. Livan və ya dörd Lüksemburq ərazisinə bərabər olan 10 min kvadrat kilometr ərazi tamamilə viran qalıb. Ən böyük şəhər olan Ağdamdan görün nə qalıb. İşğal altında olan Qarabağ dünya tarixində görünməmiş urbisid meydanına çevrilib. Burada hər şey – 67 məsciddən 64-ü, yaşayış binaları, məktəblər, xəstəxanalar, muzeylər, rəsm qalereyaları, hətta qəbiristanlıqlar və türbələr belə dağıdılıb.
Müəllif, həmçinin xatırladır ki, bu barbarlığa görə heç kim Azərbaycandan üzr istəməyib, heç kim cəzalandırılmayıb, bütün bunlar təbii qəbul edilib. “İndi isə Azərbaycandan hesabat tələb olunur ki, nə üçün ölkəmizin hakimiyyət orqanları işğalçılar tərəfindən quraşdırılmış Azərbaycan şəhərlərinin uydurma erməni adları olan lövhələri qorumayıb! Ona görə də erməni tərəfinin nümayəndələrindən tarixi irsin dağıdılması ilə bağlı mənəvi arqumentləri eşitmək bizim üçün ən azı qəribədir. Xanım Mariam Ter-Ovannisyana isə beynəlxalq humanitar hüquq sahəsində kiçik araşdırmalar aparmağı məsləhət görərdik”, -deyə politoloq məqalənin sonunda qeyd edir.