Azərbaycanı Qarabağ Zəfərinə aparan yolu şərti olaraq bir necə mərhələyə bölmək olar. 2016-cı ilin Aprel döyüşləri nəticəsində Cəbrayıl rayonunun azad edilən Cocuq Mərcanlı kəndində və Lələtəpə yüksəkliyində dalğalanan üçrəngli bayrağımız bu yolun başlanğıcı idisə, 2018-ci ildəki uğurlu Günnüt əməliyyatı və 2020-ci ilin iyulundakı Tovuz döyüşləri onun davamı oldu. Milli Ordumuzun qəhrəmanlıq salnaməsində xüsusi yer tutan həmin döyüşlərin başlamasından dörd il ötür. İşğalçı Ermənistanın təxribatlarının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində düşmənə sarsıdıcı zərbə endirilərək onun mənfur niyyətinin qarşısı qətiyyətlə alındı.
AZƏRTAC Ordumuzun dörd il əvvəlki gücünün və qətiyyətinin nümayişi olan Tovuz döyüşlərinin bəzi təfərrüatlarına və nəticələrinə bir daha nəzər salır.
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə edərək əvvəlcə Azərbaycan Milli Ordusunun mövqelərini atəşə tutdu və sonra hücuma keçməyə cəhd göstərdi. Görülən adekvat tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alındı və onlar geri oturuldu. Həmin döyüşlərdə üç hərbçimiz şəhid oldu, beş nəfər isə yaralandı. Ermənistan ordusunun şəxsi heyəti isə çoxsaylı itki verdi.
İyulun 13-nə keçən gecə Ermənistan hərbi birləşmələri Tovuz istiqamətində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlar, qumbaraatanlar, snayper tüfəngləri, minaatanlar və digər artilleriya qurğularından istifadə etməklə Ordumuzun mövqelərinə yenidən atəş açdı. Düşmənin növbəti təxribatlarına qarşı qoşunlarımız tərəfindən sərt cavab tədbirləri görüldü. Elə həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan atəşə tutdu. Bu dəfə qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri həyata keçirildi. Ermənistan silahlı qüvvələrinin bir neçə hərbi obyekti və texnikası, həmçinin atəş mövqeləri, radiolokasiya stansiyası, şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu dəqiq atəşlə darmadağın edildi.
Həmin gün gecə və səhər saatlarında döyüşlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində davam etdi. Düşmən hücumunun qarşısının alınması məqsədilə görülən tədbirlər nəticəsində müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiənin dərinliyindəki ehtiyatlar və canlı qüvvə məhv edildi. İki sutka ərzində qarşı tərəfə sarsıdıcı zərbələr endirildi.
İyulun 14-də erməni silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlar və artilleriya qurğularından fasiləsiz atəşə tutdu. Məhz həmin gün gedən döyüşlər zamanı müdafiənin ön xəttində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də beş hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı. Zabit və hərbi qulluqçuların göstərdikləri igidlik nümunəsi istər döyüşən orduda, istərsə də gənc və yeniyetmələr arasında çox böyük coşquya səbəb oldu. Gənclər, keçmiş döyüşçülər, vətənpərvərlik hissi ilə köklənən yeniyetmələr axın-axın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə üz tutaraq könüllü olaraq Vətən torpağının müdafiəsinə qalxmaq arzularını ifadə etdilər. Prezident, Ali Baş Komandan həmin günlərdə deyirdi: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.
Döyüşlərin gedişində “Harop” pilotsuz uçuş aparatından istifadə edilməklə düşmənin atəş nöqtəsi susduruldu. Onların artilleriya divizionunun idarəetmə məntəqəsi Milli Ordumuzun bölmələrinin dəqiq atəşi ilə sıradan çıxarıldı. Düşmənə bir çox digər sarsıdıcı zərbələr də endirildi.
Azərbaycan Ordusunun yüksək peşəkarlığının və qəhrəmanlığının parlaq nümunəsi olan Tovuz döyüşləri zamanı 12 hərbçimiz şəhidlik zirvəsinə ucaldı. Bu döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edildi, çox sayda döyüş texnikası sıradan çıxarıldı.
General Polad Həşimova və polkovnik İlqar Mirzəyevə ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Tovuz döyüşləri Ordumuza inamı artırmaqla yanaşı, xalqımızın vətənpərvərlik duyğularının oynamasında yeni bir dalğaya səbəb oldu.
Tovuz döyüşlərindən təxminən iki ay yarım sonra xalqımız üçün həlledici olan haqq savaşı başladı. Sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatı keçirən rəşadətli Milli Ordumuz 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad etdi.
Hazırda Silahlı Qüvvələrimizin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılır. Türk ordu modelinə keçid, komando bölmələrinin yaradılması prioritet istiqamətdir. Ordumuz öz döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaqda davam edir.
Dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimindəki çıxışında gələcəkdə Ordumuzun daha da gücləndirilməsinin vacibliyi barədə danışarkən deyib: “Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir”.
Vətən müharibəsində ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistan ölkəmizə qarşı hərbi təxribatlarını davam etdirirdi. Bunun qarşını almaq üçün 2023-cü il sentyabrın 19–20-də hərb tariximizin daha bir parlaq səhifəsini təşkil edən uğurlu lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Yüksək peşəkarlıq və qətiyyət nümayiş etdirərək Azərbaycan Milli Ordusu bir neçə saat ərzində Qarabağda qanunsuz silahlı birləşmələrin, terrorçuların və separatçı rejimin mövcudluğuna son qoydu.
Bu il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəni xatırladan dövlətimizin başçısı İlham Əliyev deyib: “2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır”.
Hadisələrin sonrakı uğurlu davamı göstərdi ki, dörd il əvvəl iyulun 12-dən 17-dək davam edən Tovuz döyüşləri Qələbəyə gedən yolda çox mühüm mərhələ oldu. Həmin döyüşlərdə şəhid olanların əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq, onların qəhrəmanlığı nəsillərdən-nəsillərə keçəcək. Tovuz döyüşləri məhz bu mənada Böyük Zəfərə aparan yolun başlanğıcı kimi qiymətləndirilir.