AZƏRTAC xəbər verir ki, müəllif sülhməramlı millətlərin təhlükəsizliyini qorumaq üçün dəstək göstərilməsinin vacibliyini vurğulayıb. Məqalədə Ermənistanın Azərbaycana qarşı əsrlərdən bəri davam edən soyqırımı, etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verilir. Bildirilir ki, beynəlxalq birlik Ermənistanın Azərbaycan ərazinin 20 faizini işğal altında saxlamasının tamamilə qanunsuz olduğunu dəfələrlə bəyan edib və hələ 1990-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı törədilən cinayətlər bu işğalın başlanğıcıdır. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları insanlığa qarşı törədilən bəşəri cinayətdir. 1990-cı illərdə törədilən vəhşiliklər bir milyona yaxın azərbaycanlının öz torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Bu günlərdə ermənilər ötən əsrin sonlarındakı kimi, yenə də mülki əhaliyə qarşı zorakılıqlar törətdilər.
Məqalədə bildirilir ki, yaranmış hazırkı vəziyyət İsrailin də təcili olaraq öz səsini qaldırmasını zəruri edir. İsrail Prezidenti Reuven Rivlin 25 il bundan əvvəl Dağlıq Qarabağda törədilənləri soyqırımı adlandırıb. Bu işğalçılıq siyasəti hələ də davam edir.
Müəllif məqalədə İsrail ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən də söhbət açır. Bildirir ki, Azərbaycan və İsrail arasında 20 ildən artıqdır strateji müttəfiqlik mövcuddur. Yəhudi icması bu nadir və cəsur müttəfiqliyi qorumalıdır. Azərbaycanda yəhudilər uzun illərdən bəri sülh şəraitində yaşayırlar. Bu ölkə bir daha dünyaya bəyan edir ki, müsəlman, yəhudi və xristianlar birgə uzunmüddətli sülh və əmin-amanlıq şəraitində yaşaya bilərlər.
Azərbaycan qəzeti, 20 aprel 2016-cı il