Reportyorluq, jurnalistika iki böyük önəmli bacarıq, vərdiş tələb edir. Bunun birincisi müsbət informasiya toplamaqdır. Əslində jurnalistlərin xəbərləri bir araya toplamaq üçün istifadə etdikləri hər şey informasiya mənbələridir. Mövzuları, dünyada baş verən hadisələri izləyicilərə çatdırmaq, izah etmək üçün mənbələr çox vacibdir. Jurnalistlər öz müşahidələrini, analizlərini mümkün qədər çox istifadə etməyə çalışırlar. Amma bu çox vaxt mümkün olmur. Bəzi hadisələr və ya məsələlər jurnalist ora çatmadan bitir. Yalnız öz gördüklərini xəbər verən jurnalistlər gözdən kənar məqamları izah edəcək mənbələri olmadıqda, xəbərin böyük bir qisimini qaçırırlar.
İnformasiya qaynaqları üç yerə bölünür:
1. Kommunikativ metodlara ilk növbədə söhbət, müsahibə və sorğu aiddir. Bütün şəxslərarası və texniki ünsiyyət vasitələri bura daxildir.
2. Qeyri-kommunikativ metodlarda jurnalist işində mümkün olan bütün informasiya massivindən faydalana bilmək çox vacibdir. Qeyd etmək lazımdı ki, çap mediası və digər media məhsulları ilə tanışlıq, olayla bağlı ilkin sənədlər (kitablar, gündəliklər, məktublar, iş, yaxud adi yazışmalar, əmr və sərəncamlar, digər sənədlər) jurnalistə material üzərində iş zamanı böyük informasiya massivi açır. Digər effektli üsul – müşahidənin instrumental vasitələrindən faydalanmaqla alınan informasiyadı. Özü də müşahidə (monitorinq) xüsusi alətlərdən istifadə etməyərək tətbiq olunanda belə, bəzən qiymətli informasiya verir, çünki jurnalist olayı izləyir, şahidi olur.
3. Analitik metod kifayət qədər geniş palitralı üsuldur.
Aşkar və qeyri-aşkar mənbə jurnalistikada konkret olaraq rəsmi kimi qəbul olunmur. Aşkar mənbənin əsas fərqi ondadır ki, ona hamı çıxa bilir, hər kəs üçün əlçatan mənbədir. Gizli mənbəyə isə hamı çıxa bilmir. Hər hansı təşkilatın mətbuat xidmətinin adını çəkiriksə, mənbəni hər kəs öyrənə bilər və adı çəkərək həmin mənbəyə istinad edə bilərik. Gizli mənbə müxtəlif orqanlarda olur. Bəzən gizli mənbə aşkar mənbəyə çevrilə bilər, yaxud əksinə hal baş verir. Aşkar mənbə gizli mənbəyə o zaman çevrilir ki, hər hansı bir şəxs jurnalistə verdiyi məlumatda ona istinad olunmamasını xahiş edir. Bu zaman həmin mənbə gizli mənbəyə çevrilir. Gizli mənbə zamanı jurnalist mütləq şəkildə etik kodeksə əməl etməlidir. Gizli mənbə jurnalistin peşə fəaliyyətində yaranan təcrübə və illərlə qazandığı, münasibət zamanında yaranan mənbədir.
Jurnalistlər etibarlı faktlarla maraqlanmalıdırlar, buna görə də bir xəbər yazmaq üçün istifadə edilən mənbələrin dəqiqliyi vacibdir. Məlumat mənbələrinin qiymətləndirməyin əsas yolu onların etibarlılığıdır. Bir mövzunu araşdırarkən hansı mənbələrdən istifadə etməyimizdən asılı olmayaraq, mənbənin etibarlılığını nəzərə almaq son dərəcə vacibdir. Bugünlərdə hər kəs peşəkar görünən bir veb sayt hazırlaya bilər və ya etibarlı görünə bilən, əslində yalan məlumatlar yayan bir e-poçt ünvanı aça bilər.
Reportyorlar yeni xəbərləri bildirərkən həm əsas, həm də ikinci dərəcəli mənbələrdən istifadə edirlər. Əsas mənbə bir hadisə, yaxud mövzu ilə birbaşa əlaqəli bir şəxslə bir reportaj və ya mövzuya dair orijinal sənəd ola bilər. Jurnalistin özü də bir şahid kimi, əsas hesab edilə bilər. Orijinal sənəd əsasında yazılmış hesabat ikinci dərəcəli mənbə ola bilər. Məsələn, yanğın baş verərsə, evi yanan biri əsas qaynaq olacaqdır. Eynilə, yanğını söndürən bir FHN əməkdaşı da əsas qaynaqdır. Ancaq ertəsi gün Fövqəladə Hallar Nazirliyindən əldə edilən bir mətbuat şərhi ikinci dərəcəli bir mənbə olacaq.
Jurnalistilərin bir məlumatı araşdırarkən unutmamalı olduqları əsas qaydalardan biri budur: tək bir mənbə onlara lazım olan bütün məlumatları verməz. Bəzən bir qaynaq digərinə qarşı çıxa bilər. Baş vermiş hadisələri araşdırmaq üçün reportyorlar sənədlərin olduğu orijinal mənbələri axtarmalı və sübutların əsasən harada yerləşdiyini görmək, yaxud hansı versiyanın düzgün olduğuna qərar vermək üçün analiz etməlidir. İkincil mənbələr birincil mənbələrdən əldə edilən məlumatları təsdiqləmək üçün ən faydalı metoddur.
İnternet üzərindən məlumat əldə edə bilmək, məlumatın doğru olacağı demək deyil. Jurnalist bir məlumatdan istifadə edib etməyəcəyinə qərar vermək üçün bütün məlumat mənbələrinin doğruluğunu sübut etməlidir.
Bir mövzu üçün hansı mənbələrdən istifadə edəcəyinə qərar vermək jurnalistin işinin böyük bir hissəsidir.
Bir xəbər hekayəsi üçün faydalı bir mənbə tapdıqdan sonra, həmin şəxslə uzun müddət əlaqədə olmaq yaxşı olar. İstənilən mənbədən mümkün qədər çox əlaqə məlumatı alınması vacibdir. Yaxşı reportyorlar müntəzəm olaraq öz mənbələri üzərində “işləyirlər”, maraqlı bir şey olub olmadığını görmək üçün onlarla əlaqə saxlayırlar. Resursların əldə olunması asanlaşmalıdır. Bir hekayə üzərində işləyərkən jurnalist tanış olduğu hər kəsə iş kartını verməlidir.
Katiblər daxil olmaqla məlumat əldə edən hər kəs bir jurnalist üçün faydalı bir mənbə ola bilər. Bu insanlar jurnalistə sənədlərin surətlərini təqdim edə bilərlər və ümumiyyətlə müəyyən bir mövzuda kimin ən çox məlumatı olduğunu bilirlər. Mənbə sahiblərinə hörmətlə yanaşan bir müxbir, məsələn, mənbəsini düzəldən katibin direktorundan müsahibə götürməsini xahiş etdikdə, tələbi daha tez qəbul olunur.
Mənbələrinin təbiəti xəbərlərin müzakirəsini təyin edir və beləliklə, media təşkilatının yayım siyasətini təmsil edir. Jurnalistikada “akkreditə olunmuş mənbələr” etibarlı mənbələrdir. Müvafiq tədbirlərdə istinad olunan ilk mənbələr bu mənbələrdir. Ancaq akkreditə olunmuş mənbələrin tamamilə bitərəf olduğunu düşünmək səhvdir. Son qiymətləndirmədə bu mənbələr, mənsub olduqları hegemonik düzənin elementləridir. Bununla birlikdə, ən azından faktları doğru vermək məcburiyyətində olan mənbələrdir.
Jurnalist mənbəyi münasibətlərin qarşılıqlı etimad, güvən məsələsidir. Müxbir xəbər mənbəyi tərəfindən verilmiş məlumatları təhrif etmədən , yanlış şərhlərə mahal qoymayacaq şəkildə ötürməlidir. Belə ki, növbəti dəfə mənbəni verən şəxs həmin jurnalistlə yenidən danışmaq istəyəndə vacib olan şeyləri çatdırmaq üçün ona etibar edə bilsin. Bu münasibətdə etibar itkisi olduqda, məsələn, jurnalist reportajında kontekstdən kənar bir şey istifadə edirsə, həmin mənbə nə jurnalistin telefonuna çıxacaq, nə də mesajlarına cavab verəcəkdir.
Jurnalist – müxbir həmişə əsas mənbələrə çatmağa çalışmalıdır. Bununla birlikdə, ilkin mənbələrdə belə, mənbənin özü bir insandırsa, xəbərlərin başqa bir mənbədən təsdiqlənməsi jurnalist fəaliyyətinin əsas qaydasıdır. Bu öhdəlik xüsusilə genişləndirilməsi gözlənilən xəbərlərdə böyük əhəmiyyət daşıyır. Mənbə bir sənəddirsə, bu sənədin orijinallığını təsdiqləmək faydalıdır. Xəbərin ikinci bir mənbə tərəfindən təsdiqlənməsi, hesabatın dəqiqliyi baxımından jurnalistə özünəinam verir.
Mənbədən istifadə zamanı yol verilən ən arzuolunmaz hal isə “etibarlı mənbənin verdiyi məlumata görə…” sözlərindən istifadə olunmasıdır. Əvvəla ona görə ki, mənbənin nə dərəcədə etibarlı olduğunu tamaşaçı özü müəyyən edir və bu məsələdə jurnalistin məsləhətinə ehtiyac yoxdur. İkincisi isə, informasiyanın konkret şəxsə istinadən deyil, “etibarlı mənbə” adı altında verilməsi həmin xəbərə olan inamı nəzərəçarpacaq dərəcədə azaldır, əksər hallarda isə informasiyanı etibarsız edir. Bundan əlavə, yadda saxlayın ki, mənbəsiz material da reportajdan çox jurnalist şərhinə bənzəyir.
Əlbəttə, informasiya toplamağın digər yolları da var. Bura məlumatın pulla alınması, gizli çəkilişlər, gizli audioyazma qurğularından istifadə və s. daxildir. Lakin peşəkar jurnalist şəxsi maraqlar naminə bu üsullara əl atmır. Həmçinin unutmaq olmaz ki, ictimai maraq kəsb etməyən hər hansı hadisə barədə fiziki və hüquqi şəxslər müsahibə verməkdən imtina edərlərsə, qanun onların tərəfində olacaq. Bu zaman jurnalist hədə-qorxu gəlsə, qarşı tərəfə təzyiq göstərsə, yaxud şantaja əl atsa özü çətin duruma düşəcək və qanun qarşısında cavab verməli olacaq.
Sevda Səfərova – Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi
İstinad olunan ədəbiyyat siyahısı:
1.Rövşən Məmmədov “ Lider jurnalist”
2.Aynur Kəngərli. Aynur Bəşirli “ Xəbərin toplanması və yazılması”
3.Erik Fichtelius “ Jurnalistikanın on qızıl qaydası”
4.https://www.google.com/amp/s/amp.evrensel.net/yazi/69695/gazeteci-haber-kaynagi-iliskisi
6.https://ohiostate.pressbooks.pub/choosingsources/chapter/news-as-a-source/
7.https://www.thenewsmanual.net/Manuals%20Volume%203/volume3_59.htm
8.http://www.jprof.com/reporting/%E2%80%A2-sources-of-information/
9.https://libraryguides.missouri.edu/journalismgradstudents/primary
Materialda mektebgushesi.az saytının fotosundan istifadə olunmuşdur.