1905-ci ilin may ayının əvvəllərində Bakı erməni-müsəlman toqquşmasından sonra Naxçıvan erməni-müsəlman camaatı artıq həyəcanda idilər. Buna nisbət ermənilər əsla qorxmayıb həmişə müsəlmanlara əziyyət verməkdə idilər.
Bir tərəfdən şəhərə belə səs salmışdılar ki, ermənilərdə cürbəcür odlu silahlar olduğundan müsəlmanlara birdən-birə hücum edəcəklər. Ermənilərdə də belə hallar hər dəqiqə gözlənirdi. Hər vəziyyətdə, erməni siyasətini götür-qoy edəndə elə belə də olmalı idi. Zira, ermənilərin rəyincə, “bizim əlimizin üstündə Qafqazda gərək əl olmasın” – deyib hər tərəfə odlu silah və sair hərbi ləvazimat göndərməyə çalışırdılar…
O zamana qədər əsla qara-qorxu görməmiş Naxçıvan müsəlmanları gecələr ermənilərin qorxusundan eşiyə, gündüzlər isə uzaqda olan əmlaka da gedə bilməzdilər. Naxçıvanın ətrafı hər tərəfdən erməni kəndləri ilə əhatə olunduğundan, 6 saat ərzində İrəvandan istədikləri qədər erməni əsgəri gətirməyə gücləri çatdıqlarından daha müsəlmanları şirin dillə dindirmək belə istəmirdilər. Naxçıvan şəhəri – Sisyan mahalının əhəmiyyətli bir keçidi hər saatda əsgər toplanışına əlverişli olduğundan, ermənilər lazımi qədərində Naxçıvanda milli partiyalardan saxlamışdılar.
Erməni əsgərləri əsla dinc oturmayıb, müsəlmanları hər saatda müharibəyə çağırırdılar. Belə ki, may ayının 5-də gündüz saat üç radələrində üç nəfər Cəhri kəndinin sakini – müsəlmanlar erməni kəndi ġıxmahmud adlı yerdən keçdikləri vaxt ağır surətdə yaralanırlar. Bu xəbər şəhərə çatdıqda camaat bir az da həyəcana başlayıb, narahat olurlar.
Ermənilər bu gündən başlayıb dükanları bağlayıb müsəlmanlara məlum olmadığı halda kilsəyə və evlərinə yığışırdılar. Bu tərz ilə may ayının 7-də Tunbul adlı erməni-müsəlman kəndini keçdikdə bir müsəlmanı vurub öldürürlər. (Tunbul kəndi erməni-müsəlman kəndidir. İki hissəsi müsəlman, bir hissəsi ermənidir). Bu yerdən müqayisə olunmalıdır ki, ermənilərdə nə qədər tədarük var imiş ki, bu azlıqda yenə müsəlmanlara qələbə xəyalında idilər. Müsəlmanlara gəldikdə qorxudan qol-qanad aça bilməyərək heyrətdə qalmışdılar.
May ayının 8-də İrəvan vitse-qubernatoru Baranovski İrəvandan şəhər qlavası Ağamalov ilə, daha bir ay qabaq Peterburqa getmiş şəhər qlavası Cəfərquluxan Naxçıvanski ilə Naxçıvana daxil oldular. Onların gəlməsini eşitdikdə camaat qapıya tökülüb ermənilərin bu işindən şikayətə başlayırlar.
Əvvəlinci şikayətləri: – “Ermənilər bizə nə etdilər isə keçdi, fəqət yenə yığışıb bazara gəlsinlər,” – demək idi. Ayın 9-da Cəhri müsəlmanları qubernatorun hüzuruna gəlib bu sözləri şikayət etdilər: “Bizim kəndin yolları hər tərəfdən erməni əlindədir. Bu səbəbdən təvəqqe edirik, yolları hökumət mühafizəsinə alasınız”. Bu tövr ilə hər tərəfdən müsəlmanlar şikayətə gəlməkdə idilər. Nə fayda ki, hamısı cavabsız qalıb, şikayətçilərə məyusluqdan başqa bir şey qalmadı.
Bu tərəfdən şikayətləri cavabsız qalan müsəlmanları ermənilər cürbəcür söyüşlərlə incidirdilər. Həmən may ayının 9-da naxçıvanlı Əli Hacı Bayramzadə səhrada Əliabad adlı erməni kəndliləri tərəfindən çeşmə kənarında gecə vaxtı yeddi güllə yarası ilə qətlə yetişdi. Bu xəbər şəhərdə daha böyük dəhşətlərə səbəb oldu.
Ayın 11-də Kültəpə adlı erməni kəndinin varlısı erməni fədailəri tərəfindən ailəsiylə qətlə yetirildi. Ermənilər bunu da müsəlman camaatına nisbət verdilər. Lakin axırıncı təftişdə yuxarıda adı çəkilmiş partiya tərəfindən cəzalandığı məlum oldu. Varlının adı Xaçaturdur.
Həmən günün gecəsi vitse-qubernator Baranovski yol ilə gedən bir ermənidən çoxlu bomba zəbt etdi. Yenə həmən gecə, yəni may ayının on birində ermənilər bütün şəhəri atəşə tutdular. İki saat yarım müddətində şəhərdə beşatılan tüfənglərin sədası, alov və tüstüdən savayı bir başqa iş nəzərə gəlməz idi. Müsəlmanlar da təktək o atəşlərə qarşı atəş açırdılar. Bərəkət versin ki, həmən gecə müsəlmanlardan bir nəfər də tələf olmadı. Ermənilərdən isə tələfat olmamış deyildi. Bununla belə, hər yerdə gizlədikləri kimi, yenə gizlətdilər. Bu gecə müdhiş bir gecə idi. Heç kəs böyük, kiçik, hətta barmaq boyda balalar da yata bilməzdi. Hərdənbir bir tərəfdən bir güllə açılıb şüşə pəncərələr qabağında ildırım kimi çaxıb beşikdəki balaları da yatmağa qoymurdu. Camaat hərə bir xəyalda idi. Zira, eşikdə dəhşətli külək əsirdi. Heç aram tutmayaraq divarlara güllələr dəyməkdə idi. O gecəni müsəlmanlar qarışıq xəyallar ilə cəhənnəm guşəsi olan yataqları içində qovrula-qovrula sübh etdilər. Bəli etdilər!
Səhər tezdən, ayın on ikisində, yenə vitse-qubernatora şikayətə gəldilər. Gecənin atışmasını deyib, əncam çəkməsini tələb etdikdə “əgər onlar sizə atəş açır, siz də tutub onların tapançalarını alınız” cavabını aldılar! Qubernator bir də “mən bilmərəm” deyib camaatı qaytardı. O halda gözü qızmış ermənilərdən və özünü itirmiş müsəlmanlardan bir nəfər olmadı söyləsin ki, “‘cənab qubernator, bəs buraya nə üçün təşrif gətiribsiniz?”
Həmən gün şəhər və ətrafı qorxulu olduğundan Naxçıvan camaatı və iranlı fəhlələr hamı şəhərdə və bazarda idilər. Ona görə iranlı fəhlələr qubernatorun sözünə əməl edərək, ermənilərdən bir sıra açılan şeylər zəbt etməyə başlayıblar. Saat on radələrində bir dəstə erməni fədailəri bazarın başında durub, ayaq tərəfdə olan müsəlmanları gülləbaran etməyə başladılar. Bu əsnada xəbərsiz olan vitse-qubernator, Cəfərqulu xan- şəhər rəisi, İrəvan qlavası Ağamalov, pristav Mehdi xan Ordubadski cənabları atışma səsinə gəldilər. Yolları erməni bazarından düşdüyünə görə, həmən gün qubernatorun əmrilə açılmış bir neçə erməni dükanlarından qubernator və onun yoldaşları gülləyə basıldılar.
Bu əsnada erməni dükanlarına yaxın olan müsəlman dükanlarından da atəş açıldı. Atışma iki saat çəkdi. Bu müharibədə məşhur erməni tacirləri Adamov şagirdlərilə, Xalatov uşaqları ilə və başqaları qətlə yetirildi. Adamovun dükanına naməlum səbəbdən od düşüb tamam yandı. Bu müharibədə müsəlmandan beş nəfər öldü və bir neçəsi yaralandı. Erməni dükanları əksəriyyətilə, müsəlmanlardan 10 dükan qarət edildi.
Müharibə vaxtı polis qulluqçusu naçalnik Angil qətlə mane olmayıb – “Tez vur, oğlum! tez ol, oğlum!” – deməklə könüllü cavanları cinayətə təşviq edirdi. Talan vaxtı – “Tez olunuz! tez aparınız!” – deyib camaatı qızışdırırdı. İki saat tamam qətl-qarət uzandıqdan sonra hər tayfa çəkilib öz tərəfinə getdi. Qubernator cənabları bu hadisələri görür və eşidirdi. O günün gecəsi vəhşətli, dəhşətli bir gecə olduğundan hamı evlərində oturmuşdu. Saat on iki radələrində erməni tərəfindən şiddətli atışma başlanıb bütün şəhəri gurultu içinə almışdı. ġiddətli atəşermənilərin ipək zavodundan açılırdı. Gecə atışmasını cənab qubernator bir saat sonra kəsdirdi. Ermənilər, nəhayət, sakit oldular. Sübh çağı bu xəbər ətrafda çox pis və qorxulu təsir oyatdı. Odur ki, hər tərəfdə qırğın və qətl-qarət başlandı. Əvvəlcə, yarı erməni, yarı müsəlmanlardan ibarət olan Cəhri kəndində qətl-qarət başlandı.
Bu gündən başlayıb ermənilər dükanlarını kilsəyə yığışdırıb müsəlmanlara qarşı zülm və acı töhmətlərdən çəkinmədilər. Hər gündə bir hiylə, hər halda bir hoqqa çıxarmaqda idilər…
M.S.Ordubadi “Qanlı sənələr” (Bakı, 2007) kitabından
25.09.2019