Ermənistan informasiya maşını növbəti əxlaqsız məhsulunu dövriyyəyə buraxdı. Dədə-baba torpaqlarını ziyarətə getmiş Kəlbəcər sakinlərinin girov düşməsinin bir ilinin tamamında Ermənistan İctimai Televiziyası saxta dəlillərlə dolu yeni bir süjet ortaya qoydu.
Süjetin əsas qayəsi Kəlbəcər girovlarının həqiqətən də diversant olduğunu sübut etmək və onlar üzərində qurulmuş oyuncaq məhkəmə prosesinə haqq qazandırmaq idi.
Süjetdə Kəlbəcər girovlarının çəkdiyi iddia olunan kadrlardan, Azərbaycanın telekanallarında, konkret olaraq ANS-də yayımlanmış proqramlardan, ekspert rəyindən, müəmmalı mütəxəssisin fikirlərindən istifadə olunub. Sözsüz ki, bu süjetin daha ciddi araşdırılması lazımdır və həm erməni dili mütəxəssislərinin, həm psixoloqların, həm hərbçilərin, həm də konfliktoloqların bu sujet barədə rəy bildirməsi çox yerinə düşərdi. Ancaq mən bir jurnalist olaraq sujetdəki bəzi açıq-aydın təxribat və yalan elementləri üzərində dayanmaq istəyirəm.
Yuxarıda dediyim kimi, süjetin hazırlanmasında güya Kəlbəcər girovları tərəfindən çəkilmiş kadrlardan istifadə olunub. Və bu kadrlar çəkən şəxs tərəfindən şərh olunur. Erməni təbliğat maşınının saxtakarlığı da məhz bu zaman üzə çıxır. Süjetdən belə ehtimal etmək olar ki, çəkilmiş kadrları şərh edən Dilqəm Əsgərovdur. Çünki bəzi kadrlarda digərləri görünsə də, o görünmür. Onun Kəlbəcərda demoqrafik vəziyyətlə bağlı dedikləri diqqəti çəkir. Dilqəm burada yaşayan ermənilərin sayının artdığını və onların Kəlbəcərdən çıxartmaq mümkün olmayacağını bildirir.
Sanki Dilqəm işğaldan əvvəl Kəlbəcərdə müəyyən sayda erməninin yaşadığını etiraf edir və işğaldan sonra onların sayının xeyli artdığını bildirir. Hər iki fikir absurddur və əslində Dilqəm bu fikirləri söyləyə bilməzdi. Bundan başqa onun ermənilərin Kəlbəcərdən çıxarılmasının mümkün olmayacağı barədə dedikləri sanki ümidini itirmiş bir insanın etirafıdır. Lakin Kəlbəcər girovlarını ümidini itirmiş insan hesab etmək olmaz. Ümidini itirmiş insan risk edərək hər il doğma torpaqların ziyarətinə gəlməz. Bundan başqa Dilqəm Əsgərovun qondarma məhkəmə prosesində dediyi sözləri xatırlayın: “Tutulmasaydım, yenə gələrdim”. Ümidini itirmiş insan heç vaxt belə söyləyə bilməzdi.
Kadr arxasında danışan şəxsin, əgər doğurdan da bu, Dilqəm Əsgərovdursa, səsində müəyyən texniki ortikulyar problemlər də diqqəti çəkir. Birincisi, danışan zaman onun çox əldən düşmüş və heysiz olduğu sezilir. Səsinin xırıldaması və ara-bir boğazını xırıldatması bunu aydın göstərir. İkincisi, onun ağzını marçıldatması da diqqətdən yayınmamalıdır. Danışığının arasında ağzını marçıldatması həddən artıq arıq və heysiz adama məxsus jestlərdir. Yayılan kadrlardan da hamıya bəllidir ki, Dilqəm Əsgərov ermənilər tərəfindən saxlanılan zaman fiziki baxımdan kifayət qədər möhkəm vəziyyətdə olub. Onun heysiz, arıq vəziyyətə nə vaxt düşməsi də ermənilərin yaydığı görüntülərdən hamıya bəllidir.
Kəlbəcər girovları tərəfindən çəkildiyi və onlar tərəfindən şərh edildiyi iddia olunan kadrlardan daha bir məqamı aydınca görmək olar.
Peşəkar jurnalistlər yaxşı bilir ki, əldə olunan bu tipli materiallar adətən efirə heç bir düzəliş və effekt əlavə olunmadan verilir. Bu elementar peşəkarlıq qaydasıdır. Bu süjeti hazırlayanların peşəkar olmasına şübhəm yoxdur. Ancaq Kəlbəcər girovlarının lentə aldığı kadrlara musiqi effekti əlavə olunaraq efirə verilməsi absurd və qeyri-peşəkarlıqdır. Bunun isə sadəcə bir izahı var – süjeti hazırlayanlar saxtakarlığı musiqi effekti ilə ört-basdır etməyə çalışıb. Çünki təqdim olunan kadrlardakı səs effektlərində aşkar seziləcək saxta məqamlar sadə tamaşaçının da diqqətini cəlb edəcək səviyyədədir.
Deyilənlərdən belə bir nəticə çıxarmaq olar. Kəlbəcər girovlarının çəkdiyi kadrlara edilən şərhlər sadəcə sonradan bu videoya əlavə olunub. Bu isə sübut edir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev ciddi təzyiqlərə, hətta saxta səs yazısı ilə erməni təbliğat maşını üçün işləməyə məcbur edilib.
Həmvətənlərimizin beynəlxalq müdafiəsini təmin etməklə məşğul olan hüquqşünaslar bu süjeti ciddi təhlil etməklə bundan Kəlbəcər girovlarının hüquqlarının müdafiəsi üçün istifadə edə bilərlər.
Asəf Quliyev
15 iyul 2015-ci il