Həmsöhbətimiz tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovdur.
– Kərim müəllim, Gülüstan müqaviləsinin imzalanmasından 201 il ötür. Həmin dövrdə dünyadakı və Azərbaycandakı siyasi şəraiti necə dəyərləndirmək olar?
– Bu məsələni aydınlaşdırmaq üçün Gülüstan müqaviləsinin imzalanmasına qədər olan yolu müəyyən edək. Bunun üçün XVIII əsrin sonu -XIX əsrin əvvələrindəki beynəlxalq münasibətlərə və Azərbaycandakı siyasi vəziyyətə nəzər salmalıyıq. Beynəlxalq vəziyyət daha çox Fransa inqilabının təsiri altında inkişaf edirdi. Fransa inqilabı nəticəsində Napoleonun hakimiyyətə gəlməsilə beynəlxalq münasibətlərdə ciddi dəyişikliklər baş verir. Dünyada belə bir vəziyyətin təşəkkül tapdığı dövrdə Azərbaycan xanlıqlara bölünmüşdü. Bu xanlıqlar əsas etibarilə 1747-ci ildə Nadir şahın ölümündən sonra formalaşmışdılar. XVIII əsrin sonlarına doğru bu xanlıqların birləşdirilməsi uğrunda mübarizə genişlənir. Urmiyalı Fətəli xan, Qarabağlı İbrahim xan, Şəkili Hacı Çələbi xan ilk vaxtlar öz ərazilərini genişləndirməyə çalışırdılar, xüsusilə də Qubalı Fətəli xan bu sayasəti həyata keçirirdi. O zaman Azərbaycan xanlıqlarının birləşdirilməsi öz məntiqi sonluğuna çata bilmədi, yəni Səfəvilər dövründə olduğu kimi vahid, mərkəzləşmiş Azərbaycan dövləti yaratmaq mümkün olmadı. Beynəlxalq aləmdə isə yeni meyllər artdı, Fransa güclənməyə başladı, Fransa ilə İngiltərə, Fransa ilə Rusiya arasındakı ziddiyyətlər kəskinləşdi. Osmanlı imperiyası və İran bu dövrdə zəifləməyə başlamışdılar, ona görə də onların beynəlxalq münasibətlərdə iştirakında çox ciddi problemlər meydana gəlmişdi. XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Rusiya cənuba doğru irəlilədi və Azərbaycanın qonşusu oldu. Və Azərbaycana qarşı təcavüzkar siyasət yeritməyə başladı. Burada çox mühüm məsələ Rusiyanın Azərbaycan və İranda möhkəmlənmək istəyi idi. Rusiya ilə İngiltərə arasında ziddiyyətlər var idi. Rusiya bu bölgədə möhkəmlənməklə Hindistana yaxınlaşırdı və Hindistan üçün təhlükə yaradırdı. Hətta, bir faktı söyləyim ki, çar I Pavel ataman Platova göstəriş vermişdi ki, onlar paraddan birbaşa cənuba, Hindistanı tutmağa yollansınlar. Bu da İngiltərədə çox gərgin qarşılanmışdı. Azərbaycanın parçalanmış vəziyyətdə olması təcavüzkar dövlətlər tərəfindən onun işğalını da asanlaşdırırdı. Bu zaman çox mühüm bir məsələyə də diqqəti cəlb etmək istəyirəm. Mən belə hesab edirəm ki, Rusiya imperiyasının Şimali Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin həyata keçirildiyi 1801-1803-cü illəri bir dövr kimi ayırmalıyıq. Nə üçün? 1801-ci ilin 12 yanvarında I Pavelin, bundan sonra 1801-ci il sentyabrın 12-də I Aleksandrın manifesti var. 1803-cü ildən artıq Rusiya Azərbaycan torpaqlarının ələ keçirilməsi üçün silahlı mübarizəyə başlayır. Bunu da biz Car-Balakəndə görürük. 1803-cü ilin mart-aprel aylarında işğal baş verir, andlı öhdəlik imzalanır. Beləliklə, 1803-cü ildən Rusiyanın Azərbaycana təcavüzü yeni mərhələyə keçir. Bu hadisələr adətən 1804-13-cü illər Rusiya-İran müharibəsi kontekstində öyrənilir. Belə yanaşma Azərbaycan tarixinin həmin dövrünü öyrənməyə kifayət deyil. Mən hesab edirəm ki, 1803-cü ildən 1813-cü ilə qədəri fərqli bir dövr kimi ayırmalıyıq. Bu da Rusiya imperiyasının Azərbaycana qarşı müharibəsidir. Əvvəlcə Car-Balakən, sonra 1804-cü ilin yanvarında Gəncə xanlığı işğal olunur. Yanlız 1804-cü ilin yayında İranla Rusiya arasında müharibə başlayır. Burada da indiyə qədər diqqət yetirilməyən çox mühüm bir məsələ var. Rusiyanın Qafqazdakı qoşunlarının komandanlarının hərəkətini izləyəndə görürük ki, onlar Azərbaycan xanlarına qarşı mübarizə cəbhəsindədilər. Azərbaycanın cənubunda da xanlıqlar var idi və bu xanlıqların bir hissəsi Qacarlar dövlətinin nüfuz dairəsinə daxil idi. Orada formalaşdırılan qoşunlarda xidmət edənlər, əsasən azərbaycanlılardan ibarət idi. Demək iki tərəfdən də azərbaycanlılar var idi. Rusiyanın Azərbaycan xanlıqlarına qarşı müharibəsində həm silahlı işğal, həm də müqavilələr bağlamaq yolu ilə bunların ələ keçirilməsi var idi. 1804-1813-cü illərdə isə Rusiya ilə İran arasında müharibə başladı və bu iki hadisə paralel baş verirdi. 1806-1812-ci illərdə Rusiya ilə Osmanlı arasında müharibə gedirdi, 1808-1809-cu illərdə isə Rusiya İsveçlə müharibə apardı, bu da o konteksdə nəzərdən keçirilməlidir. Və 1812-ci ilin yayında Napoleon da Rusiyaya hücum etdi. Beləliklə, beynəlxalq münasibətlər və regiondakı hadisələr çox mürəkkəb şəkildə cərayan edirdi. Bunları bilmədən həmin dövrü öyrənmək mümkün deyil.
– Azərbaycan torpaqlarını işğal edərkən Rusiya hansı istiqamətləri əsas seçirdi?
-İndi söhbət Azərbaycan xanlıqlarına qarşı Rusiyanın mübarizəsindən gedir. Dediyim kimi, Car-Balakən işğal olunur. Mən niyə Rusiyanın Azərbaycana qarşı müharibəsindən bəhs edirəm? Çünki müharibə anlayışı var, müharibə anlayışında taktika və strategiya var. Strategiya ondan ibarət idi ki, əgər Qacarlar müharibəyə başlasa, əsas etibarilə Car-Balakən vasitəsilə, artıq Kartli-Kaxetiya çarlığı üçün təhlükə yaradırdı. İkinci əsas zərbə niyə Gəncəyə yönəldildi, çünki Gəncənin ələ keçirilməsilə Qarabağa yol açılırdı. Qarabağ vasitəsilə Təbriz və Tehran istiqamətində rus qoşunları irəliləmək imkanı əldə edə bilərdi. Yəni, strategiya bundan ibarət idi. Car-Balakən və Gəncədən sonra yeni bir üsul da tətbiq olunur. 1805-ci il mayın 14-də Qarabağ xanlığı ilə, mayın 21-də Şəki xanı Səlim xanla Kürəkçayda müqavilə imzalanır. Bu müqavilələr çox diqqətlə nəzərdən keçirilməlidir. Kürəkçay müqaviləsini 1805-ci ilin mayına qədər Rusiyanın Qafqazda imzaladığı müqavilələrin tarixilə müqayisə etsək, onlar Azərbaycan xanlıqlarının bir sıra hüquqlarını çox məhdudlaşdırırdı. 1783-cü ildə Kartli- Kaxetiya çarlığı ilə Georgiyevsk müqaviləsi imzalamışdı. Bu müqavilə ilə Gürcüstana daha çox hüquqlar verilmişdi. Amma Georgiyevskdən keçən dövr ərzində Rusiya artıq regionda möhkəmləndiyinə görə burada artıq daha sərt mövqe tuturdu. Məsələn, Georgiyevsk müqaviləsinə əsasən gürcü zadəganlarının hüquqları rus zadəganları ilə bərabərləşdirilmişdi. Azərbaycanın xanlarına və bəylərinə belə hüquqlar verilmədi. 1917-ci ilə qədər, Rusiyada imperiya dağılana qədər Azərbaycan xanlarının və bəylərinin belə hüququ olmadı. Sonra Şirvan üzərinə yol açıldı. Burda da qeyd etmək istəyirəm ki, biz Pavel Sisiyanovun fəaliyyətini nəzərdən keçirməliyik. Gəncə uğrunda mübarizədə o, əvvəlcə istəyirdi ki, müəyyən diplomatik təzyiq vasitəsilə Gəncəni müharibəsiz ələ keçirsin. Cavad xan axıra qədər müqavimət göstərdi. Gəncə, Qarabağ və Şəkidən sonra o istəyirdi ki, Şirvanı tutsun. Sisiyanov Bakını tutmağa çox cəhd edirdi. Bakıya da yol açılması üçün Şirvandan keçmək lazım idi. 1805-ci ilin dekabrında Şirvan xanı ilə də müqavilə imzaladı. Ondan sonra Bakı üzərinə yol açıldı. Rus hərb tarixçiləri yazırlar ki, Sisiyanov həmin zaman çox ağır xəstə idi, qızdırma içində idi. O zaman qış idi, onu atdan salırdılar yerə, qarla üstünü örtürdülər, qızdırması düşürdü, yenidən Bakı üzərinə gedirdi. Beləcə Bakıya can atırdı. Bakını ələ keçirmək üçün orduya əmr vermişdi ki, topları elə yerə qoyun ki, bütün şəhər əhalisi qorxuya düşsün, şəhər lərzəyə gəlsin. Əgər hər hansı müqavimət göstərilərsə, toplardan atəş açılsın, şəhər dağıdılsın. Yəni belə bir planla Bakı üzərinə gəldi. Amma 1806-cı ilin fevralında öldürüldü. Onun öldürülməsi tarixdə alternativlik nöqteyi-nəzərindən Bakını çox böyük bəlalardan xilas etdi. 1796-cı ildə Valerian Zubov Bakını işğal etdikdə Sisiyanov Bakının komendantı olmuşdu. O Bakını yaxşı tanıyırdı və ona görə cəhd edirdi ki, Bakını tutsun. Bakını tutmaqda da əsas məqsədlərdən biri o idi ki, Xəzər dənizi vasitəsilə hərbi qüvvələr alınsın. Ona görə də Sisiyanov qurudan Bakıya yaxınlaşdıqda, rus donanması da dənizdən şəhərə yaxınlaşmışdı. Sisiyanov öldürüləndən sonra vəziyyət dəyişdi. Sisiyanovun əvvəl başı kəsildi və başı göndərildi Fətəli şaha və o əvvəl Bakıda dəfn olundu, sonra burdan çıxarılıb aparıldı Gürcüstanda, Tiflisdə başsız bədəni dəfn olundu. 1806-cı ildə yeni hücum başladı, oktyabrda Bakı ələ keçirildi, Dərbənd tutulmuşdu, Quba ələ keçirildi və hərbi əməliyyatlar nisbətən zəiflədi. Sonra yeni mərhələ başladı 1812-ci ildə. Aslanduz döyüşündə Kotlyarevskinin başçılığı ilə rus qoşunları qalib gəldi. Sonra Lənkəran ələ keçirildi. Artıq bu əməliyyatlar tarixi nöqteyi-nəzərdən üst-üstə düşür, bir tərəfdən Rusiya Azərbaycan xanlarına qarşı mübarizə aparır, digər tərəfdən Qacarlar dövlətilə onların qoşunları arasında hərbi əməliyyatlar gedir, digər tərəfdən Osmanlı imperiyası ilə bölgədə yeni müharibə gedirdi. Belə bir şəraitdə, 1813-cü ilin əvvəlində Lənkəran da ələ keçirilir və artıq aydın oldu ki, müharibəni davam etdirmək Qacarlar dövləti üçün çox mürəkkəblik yaradır.
– Gülüstan müqaviləsinin imzalanmasına Osmanlı və İngiltərənin münasibəti necə idi?
– İngiltərə lap əvvəldən bu hadisələrdə çox ciddi şəkildə iştirak edirdi. Əvvəl İranda Napoleon möhkəmlənmək istəyirdi, lakin 1807-ci ildə Rusiya ilə Fransa Tilzit müqaviləsini imzaladı. Müqavilə imzalandıqdan sonra Fransa bölgədə fəaliyyətini nisbətən azaltdı, İngiltərə burada gücləndi. İngiltərə Qacarlar dövlətilə müxtəlif müqavilələr imzalamışdı ki, bu müharibədə qalib gəlmək üçün İrana kömək etsinlər. Ancaq müharibə elə bir vəziyyətə gəldi ki, onu davam etdirmək İran üçün təhlükə yaradırdı. Ona görə müqavilə imzalanması qərara alındı. 1813-cü il oktyabrın 12-də Qarabağda Gülüstan müqaviləsi imzalandı. Gülüstan müqaviləsi diplomatik standartlara cavab vermir. Mən vaxtilə buna diqqəti cəlb etmişəm. Müqaviləni bir tərəfdən Qafqazdakı Rus qoşunlarının baş komandanı general Ritişşev, o biri tərəfdən İranın xarici işlər naziri Mirzə Əbülhəsən xan imzalayıb. Mirzə Əbülhəsən xan bir diplomat kimi bu danışıqlarda İranın xeyrinə bəzi məsələləri həll etməyə nail olub. Xüsusilə müqaviləyə əlavə olaraq, bir separat akt imzalanıb. Çox zaman bu müqavilənin özündən bəhs olunur, amma separat aktdan danışılmır. Separat aktın əsas mahiyyəti ondan ibarətdir ki, İran belə bir hüquq əldə edirdi ki, bu müqavilənin topraqla bağlı məsələlərinə yenidən baxmaq üçün Rus çarına müraciət edə bilər. Sonralar məlum oldu ki, Mirzə Əbülhəsən xan burada digər diplomatik mənfəət əldə etmək üçün bəzi məsələlərin ifadəsində çox cəhd etmişdi, amma Ritışşev bunu anlamamışdı. Türkmənçay müqaviləsində buna yol verməmək üçün, o zaman müharibəni Paskeviç aparırdı, çar hökuməti Paskeviçə kömək etmək üçün Peterburqdan xüsusi diplomat göndərmişdi – Obreskovu. Bu Gülüstan müqaviləsindən nəticə olaraq çıxarılmışdı. Gülüstan müqaviləsinə gəldikdə, qısaca desəm, bu müqavilə ilə Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan torpaqları Rusiyaya ilhaq edilir. Burda da çox maraqlı bir məsələ var və buna da uzun müddət diqqət yetirilməyib. Bu müqavilə imzalananda Azərbaycan xanlıqları müstəqil idi, İranın tərkib hisəsi idi, ya İrandan asılı idi? Bu məsələyə yalnız mən yox, Amerika tarixçisi T.Svyatoxovski də diqqəti cəlb edir. Müqavilənin bağlanması gedişində bu xanlıqlar Rusiya imperiyası tərəfindən İran torpağı kimi ilhaq edilmir, yəni İran buna razılaşır ki, bu torpaqlar Rusiyaya ilhaq edilsin. Yəni burada çox mühüm məsələ var, bu da xanlıqların müstəqilliyinin tanınmasından ibarətdir. Bu, çox ciddi məsələdir. Azərbaycan tarixçiləri də uzun müddət bu məsələyə diqqət verməyiblər. Gülüstan müqaviləsinədək, 1806-1812-ci illər müharibəsində Osmanlı dövləti də məğlub olmuşdu və Buxarest müqaviləsi imzalanmışdı. Osmanlı dövləti də Gülüstan müqaviləsinin imzalanmasından və Rusiyanın regionda mövqeyinin möhkəmlənməsindən çox narahat idi. Burada digər bir mühüm məsələ ondan ibarət idi ki, Osmanlı dövləti ilə Qacarlar dövləti arasında ittifaq meydana gəlmədi. Rusiya ən çox bundan narahat idi ki, onlar birləşərlər və ciddi bir qüvvə ilə rastlaşar. Amma çox təəssüf ki, müəyyən cəhdlərə baxmayaraq, İngiltərə də çox cəhd etdi ki, onlar birləşsin və Rusiyaya qarşı müharibə aparsın, Osmanlı ilə Qacarlar dövləti arasında belə bir müttəfiqlik yaranmadı. Ona görə də, Rusiya təklikdə əvvəl Buxarestdə Osmanlı ilə məsələni həll etdi, Gülüstanda isə Qacarlarla məsələni aydınlaşdırdı. Osmanlı dövləti baxmayaraq ki, məğlub olmuşdu, çox ciddi narahatçılıq keçirirdi ki, Rusiya bölgədə möhkəmlənir. İngiltərə də bunu istəmirdi və çalışırdı ki, müqavilədə nə qədər mümkündür, İran üçün müəyyən güzəştlər olsun.
– Kürəkçay müqaviləsinin nəticələri göstərdi ki, Çar Rusiyası etibar ediləsi dövlət deyil. Rusiyanın Kürəkçay müqaviləsinin şərtlərini ləğv etdikdən sonra Azərbaycan xanlıqlarının birləşmək səyləri oldumu?
– Mən artıq dedim, Fətəli xan 1789-cu ildə ölür və onun ölümü çox müəmmalı şəkildə olur. Onun ölümündən sonra birləşmə ideyasına çox ciddi zərbə dəyir. 1787-91-ci illərdə Rusiya ilə Osmanlı imperiyası arasında müharibə olur və Rusiya bu müharibədə də qalıb gəlir. Rusiya bu regionda hərbi iştirakını getdikcə artırır. Bu da vəziyyətə çox ciddi təsir göstərir. Xanlıqların hərbi qüvvələri də bu zaman nisbətən zəifləyir. Rusiya hərbi təcavüzünə qarşı dura biləcək birləşmiş hərbi qüvvələr formalaşmır. Kürəkçay müqaviləsinə gəldikdə, burada əhəmiyyətli bir məqama diqqət yetirmək lazımdır. Bu müqavilədə İbrahim xan Qarabağlı və Şuşalı İbrahim xan adlandırılır. Bunun bizim üçün böyük əhəmiyyəti var. Çünki dəfələrlə dəqiqləşdirilir ki, Qarabağın və Şuşanın sahibi İbrahim xandır. Orada maraqlı bir müddəa da var, göstərilir ki, hakimiyyət İbrahim xana və onun varislərinə aiddir. İbrahim xan öləndən sonra I Aleksandrın xüsusi fərmanı ilə Mehdiqulu xan İbrahim xanın yerinə xan təyin olunur. Bu fərmanın mətni bizdə var və kitablarda çap olunub. Mehdiqulu xan 1806-cı ildən 1822-ci ilə kimi Qarabağ xanı olub. Düzdür, bu dövrdə xanlığın statusu xeyli dərəcədə aşağı salınmışdı. Xanlıq xarici siyasət həyata keçirə, beynəlxalq əlaqələr qura bilməzdi, Şuşada rus qarnizonu yerləşdirilmişdi və s. Bundan sonra Səlim xanla, şirvanlı Mustafa xanla da belə bir müqavilə imzalanmışdı. Bakı da işğal edildiyindən, bu sahədə qüvvələri birləşdirmək imkanı məhdudlaşdırılmışdı. Amma gələcək üçün bir faktı söyləmək istəyirəm ki, 1826-1828-ci illərdə yeni Rusiya-İran müharibəsi başlananda öz xanlıqlarından qaçan xanlar geri dönmüş və 1826-cı ildə Ümummüsəlman üsyanı başlamışdı. Bunun da nəticəsində Abbas Mirzənin qoşunu Şuşanı mühasirəyə alaraq bir az ləngisə də, qısa bir müddətdə Şəmkirədək gedib çıxmışdı. Burada ölkədə 13 il ərzində davam edən işğal rejiminin qəbul edilməzliyini görmək və keçmiş xanların öz hakimiyyətlərini qaytarmaq istəklərini sezmək olar. Amma çox təəssüf ki, qısa müddət sonra Rusiya öz ordusunu möhkəmləndirir, A.Yermolovun vəziyyəti mürəkkəb olduğundan buraya yeni komandan, Paskeviç göndərilir. Paskeviçin gəlişi ilə Rusiya qüvvələri də artırıldı, Şəmkir və Gəncə altındakı gərgin döyüşlərdən sonra, Abbas Mirzənin qoşunları məğlubiyyətə uğradı. Bununla da qüvvələrin birləşdirilməsi məsələsi ortadan qaldırıldı. Rus qoşunları Naxçıvan və İrəvanı tutaraq, Arazı keçdilər. Ruslar Təbrizə kimi gedərək, onu da ələ keçirdilər.
– Siz “Naxçıvanın tarixi və abidələri” monoqrafiyasının həmmüəllifisiniz. Ermənilərin Naxçıvana ərazi iddiaları üçün tarixdə hansısa bir əsas olubmu?
– Biz Naxçıvan tarixini ən qədim dövrdən izləsək, inamla deyə bilərik ki, ermənilər Naxçıvana gəlmədirlər. Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi üç cilddə “Naxçıvan tarixi” kitabını buraxır və artıq birinci cild çapdan çıxıb. Naxçıvana ermənilərin köçürülməsi məsələsini dərindən öyrənən Şopen soyadlı rus məmuru 1828-1829-cu illərdə toplanan materiallar əsasında kitab yazıb, lakin 1852-cü ildə çapdan çıxıb. Bunun da maraqlı tarixi var. Bu kitabda dövrə dairxeyli informasiya var. Şopen onu çap etdirməyə çalışırdı. Kitab Akademiyada da müsbət qarşılanmışdı. Yüksək mükafatlara layiq görülsə də, senzura o vaxt bu kitabın çapına icazə vermədi. Ruslar kitabdakı informasiyalardan digər dövlətlərin istifadə etməsindən çəkinirdilər. Kitabın da çapına o zaman icazə verdilər ki, oradakı faktlar və informasiyalar öz əhəmiyyətini hərbi-strateji cəhətdən müəyyən dərəcədə itirmişdi. Kitabdakı informasiyaya da istinad edərək deyə bilərik ki, ermənilər bu bölgəyə gəlmədirlər. Ermənilərin bu əraziyə 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsinə uyğun olaraq köçürülürdülər. Şopen də bu məsələləri qeydə alıb. Düzdür, köhnədən yaşayan ermənilər və yeni gələn ermənilər yazmaqla, Şopen səhvə yol verib. Çünki “köhnədən yaşayan ermənilər” əslində daha əvvəlcə gələn ermənilər idi. Rusiya 1801-ci ildən başlayaraq çalışırdı ki, bu bölgədə ermənilərin mövqelərini gücləndirsin. Rusiya tutduğu bölgələrə erməniləri cəlb edirdi. Bu da bizim tarixşünaslıqda az diqqət yetirilən məsələlərdən biridir. Ona görə də ermənilər Naxçıvana birmənalı olaraq gəlmə ünsürlərdir. Əslən erməni olan Lazarevin rəhbərliyi ilə köçürmə komitəsi yaradılmışdı. Həmin Lazarevin ermənilərə müraciəti də bizim əlimizdə var. Qlinka soyadlı müəllifin ermənilərin köçürülməsi haqqında kitabı var. Qriqoryevin kitabında isə ermənilərin Cənubi Azərbaycanın hansı bölgələrindən Naxçıvana köçürülmələri haqqında məlumatlar var. Başqa sözlə, ermənilərin Naxçıvana köçürülmələri haqqında faktlar yetərincədir.
–Naxçıvandan danışanda, Qars müqaviləsi də yada düşür. Sizcə, Qars müqaviləsinin tariximizdəki rolu nədən ibarətdir?
-Qars müqaviləsinə nəzər salmazdan öncə, 1921-ci il mart ayının 21-də RSFSR-lə Türkiyə Böyük Millət Məclisi hökuməti arasında Moskvada imzalanan müqaviləni yada salmaq istərdim. Həmin müqavilənin 3-cü maddəsində Naxçıvanla bağlı söhbət gedir. Bu müqavilə əsasında yeni danışıqlara start verilir. Danışıqlar 1921-ci ilin sentyabrında Qarsda başlayır. Oktyabrın 13-də isə Qars müqaviləsi imzalanır. Qars müqaviləsi RSFSR-in iştirakı ilə bir tərəfdən Türkiyə, digər tərəfdən Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanıb. Türkiyəni Kazım Qarabəkir paşa təmsil edirdi. Bu müqavilədəki mühüm məqamlara biz diqqət yetirməliyik. Bəzi tarixçilər hesab edir ki, bu müqavilə ayrı-ayrı respublikalar arasında bağlanmalıydı. Amma mən düşünürəm ki, bu cür yanaşma doğru deyil. Müqavilənin imzalandığı format daha səmərəli hesab oluna bilər. Ermənistan müstəqillik əldə etdikdən sonra öz konstitusiyasına da daxil edib ki, Qars müqaviləsini tanımır. Və öz tərəflərindən bu müqaviləni ləğv ediblər. Lakin müddətsiz imzalanan bu müqavilənin ləğv edilməsi üçün onu imzalayan bütün tərəflər ləğv etməlidir. Əgər müqavilə ikitərəfli olsaydı, Ermənistanın onu ləğv etməsi ilə gücdən düşə bilərdi. Çoxtərəfli olduğundan və Rusiyanın da iştirakı ilə imzalandığından, müqavilənin taleyi Ermənistandan asılı deyil. 1921-ci ildə imzalanmış bu müqavilələr ciddi hazırlanmış sənəddir. 1921-ci il mart müqaviləsinin 3-cü maddəsində Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğ elan edilirdi. Qars müqaviləsində də göstərilirdi ki, Naxçıvan Azərbaycanın tərkibində muxtar vilayətdir. Burada Azərbaycanın protektoratlığı var. Buna qarşı hansısa bir iddia irəli sürülərsə, tərəflər ona qarşı çıxış etməlidirlər. Bu, həmin müqavilənin müsbət tərəfidir. Bəzən mən düşünürəm ki, həm Qars müqaviləsi, həm də mart müqaviləsi imzalanarkən, Türkiyə Naxçıvanın Azərbaycanın əsas ərazisindən aralı düşməsinə qarşı hansısa tədbirlər görə bilərdimi? Yaxud Azərbaycan nümayəndə heyəti tutarlı arqumentlər irəli sürüb, onun qarşısını ala bilərdimi? Amma hər halda bu müqavilə bu gün də bizim üçün çox əhəmiyyətlidir. Düzdür, qeyd etdiyim məsələ də qaldırılıb, həllini tapsaydı, bizim üçün müqavilənin əhəmiyyəti qat-qat artıq olardı. Lakin təəssüf ki, Azərbaycanın bəzi torpaqları Ermənistana verildiyindən, Naxçıvan əsas ərazimizdən aralı düşdü. Əslində burada böyük siyasi məsələ var idi. Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistana verilməsi ilə türk xalqları arasında ərazi birliyi pozuldu, türk xalqları ilə əlaqənin təmin edilməsində problem yarandı. Yalnız 1991-ci ildə SSRİ dağıldıqdan sonra Türkiyə regionda öz fəallığını artıra bildi.
–1905.az portalına tanınmış tarixçi alim kimi Sizin tövsiyələrinizi öyrənmək istərdik.
-Mən bu məsələyə bir neçə dəfə diqqəti cəlb etmişdim ki, bizdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları haqqında xüsusi saytlar yoxdur. 1905.az portalının açılmasını mən çox müsbət hadisə hesab edirəm. Hər bir saytın əsas əhəmiyyəti informasiya resursu ilə bağlıdır. Düşünürəm ki, 1905.az azərbaycanlılara qarşı soyqırımın bütün mərhələlərini əks etdirməlidir. Bizim əlimizdə ermənilərin azərbaycanlılara qarşı soyqırımına dair külli miqdarda obyektiv faktik materiallar var. Texniki təminat həmin materialların saytda əksini tapmasına imkan versə, 1905.az Azərbaycanın soyqırım tarixini dünya miqyasında təqdim edə biləcək sayta çevrilər.
–Çox sağ olun.
Gündüz Nəsibov
1905.az
Müsahibə 10 oktyabr 2014-cü ildə dərc olunub