Gürcü-abxaz münaqişəsi 1917-1992 (Грузино-абхазский конфликт 1917-1992) K.İ.Kazeninin tərtibçiliyi, O.R.Ayrepetovun kitaba söz ardı ilə 2013-сü ildə “Yevropa” nəşriyyatında çap edilib. “Yevrovostok” seriyasından nəşr edilən bu kitab, müqəddiməsində qeyd olunur ki, millətlərarası qarşılıqlı münasibətlərin uzun və mürəkkəb tarixinin ən ümumi konturlarını cızmaq imkanıdır. Kitabda Rusiya imperiyasının dağılmasından gürcü-abxaz müharibəsinin başlanmasına kimi Abxaziyanın milli problemi ilə bağlı olan nəşr olunmuş çıxış, sənəd və xatirələrdən fraqmentlər yer alıb.
Gürcüstan və Abxaziya arasındakı münasibətlərin çoxəsrlik tarixi var. Qeyd etmək lazımdır ki, bu münasibətlər gürcü və abxaz tarixçiləri tərəfindən müxtəlif cür şərh olunur. Lakin aydındır ki, əsrlər boyu hər iki xalq öz mədəni özgürlüyü, dilinin qorunmasına çalışıb.
Kitabçanın əvvəlində onun xüsusi qiymətləndirmə və təhlilləri əks etdirmədiyi bildirilsə də, seçilən materiallar daha çox Abxaziyanın mövqeyini əks etdirir. Belə ki, Abxaziyanın mövqeyinə haqq qazandıran müəllif, Abxaziya Respublikası Ali Sovetinin sədri V.Ardzinbanın çıxış, müraciət bə bəyanatlarını tam mətnlə versə də, E.A.Şevardnadzenin həm Gürcütan KP MK-nın birinci katibi, həm də Gürcüstan Dövlət Şurasının sədri kimi çıxışlarının müəyyən hissələrini kontekstdən çıxarır.
Kitaba söz ardında O.R.Ayrapetov Gürcüstanın XIX əsrdə Rusiyanın regiona daxil olmasının əsas səbəbkarı və Cənubi Qafqazda rus siyasətinin sevimli əsəri olduğunu bildirir. Gürcü torpaqlarının uzun əsrlər ərzində ilk dəfə məhz Rusiya imperiyası çərçivəsində birləşdirilməsinin mümkün olduğunu deyən müəllif, əvəzində Rusiyanın nifrət qazanmasını və əksər gürcü ziyalılarının iddiaları ilə üzləşməsini heyrətlə qeyd edir.
Kitabın girişində iddia edilən neytrallıqdan kənara çıxan Ayrapetov Abxaziyanın Gürcüstan tərkibində olmasını neqativ təcrübə kimi səciyyələndirir və Gürcüstanın separatçılarla vaxtında konfederasiyaya girmədiyini vurğulayır.
Qeyd olunanlara yekun vuraraq deyə bilərik ki, “Gürcü-abxaz münaqişəsi 1917-1992” kitabçası abxaz separatizminə haqq qazandırmaq cəhdindən başqa bir şey deyil.
Gündüz Nəsibov
1905.az