1905.az portalının suallarını neft sənayesi təşkilatçısı, Azərbaycanın əməkdar mühəndisi, Azərbaycan SSR Neft Emalı Sənayesi naziri (1970-80) Kamil Akimov cavablandırır.
– Kamil müəllim, təcrübəli neft emalı sənayesi təşkilatçısısınız. Məlumdur ki, bir müddət İraqda da çalışmısınız. Necə oldu ki, İraqa getdiniz?
– 1943-cü ildə Neft Texnikumuna daxil olmuşam. 1947- ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirib, imtahansız Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaue Universiteti) daxil oldum.1952-ci ildə hələ institutu bitirməmiş neft emalı zavudunda fəhlə işləyirdim. Diplomumu alandan sonra zavoddakı qurğuların birinin rəisi təyin olundum. Bir il sonra sex rəisi oldum. Orada dörd il işləyəndən sonra 1959-cu ildə gənc mühəndislərin bir qrupunu, o cümlədən məni Azneftə dəvət etdilər. Bizə İraqa getmək təklif olundu. Düzü, təklifi ehtiyatla qarşıladıq və əvvəlcə razılıq vermədik. “Azneftzavod”un kadrlar şöbəsinin rəisi Rəhmanov bir neçə dəfə bizimlə söhbət etdi. Bildirdi ki, bizə şərəfli bir missiya etibar edilir. Sovet İttifaqını, onun neft emalı sahəsindəki elmi-texniki nailiyyətlərini təmsil edəcəyimizi, yaxşı maaş alacağımızı, müqəddəs ziyarət yerlərində ola biləcəyimizi söylədi. Əslində onun sonuncu arqumenti mənə daha cəzbedici gəldi və təklifi qəbul etdim.
İşlədiyimiz İraqın “Dora” neft emalı zavodu paytaxtdan iyirmi beş kilometr aralı idi. Bağdadda ilk vaxtlar şəhərin mərkəzindəki “Semiramis” otelində qalırdıq. Amma iraqlı həmkarlarımız istəyirdilər ki, bizi gecə-gündüz öz yanlarında görsünlər və istədikləri vaxt məsləhətləşə bilsinlər. Düzü, elə bunu özümüz də istəyirdik. Zavodun yaxınlığında xüsusi yaşayış zonası var idi. Həmin evlərdə yaşayan amerikalı mütəxəssislərin kontraktı bitdikdən sonra biz oraya köçdük. Neft emalı zavodunda əsas məqsədimiz bizdən əvvəl işləyən Amerika mühəndislərini əvəzləməkdən və ərəbləri bu işlə daha yaxından tanış etməkdən ibarət idi ki, sonradan özləri sərbəst işləyə bilsinlər. Yadımda maraqlı bir əhvalat da qalıb. İraqlı hərbçilər zavoda tez-tez gəlirdilər. Bir dəfə onların bir qrupunu otağımın qarşısında gördüm. Öz aralarında nəsə danışırdılar. Hərbçilərin pəhbəri yaxınlaşıb mənə dedi: “Bayaqdan sizin milli mənsubiyyətinizi müəyyən etməyə çalışırıq.” Cavab verdim ki, “azərbaycanlıyam, yoldaşlarım da azərbaycanlıdır”. Bu dəfə soruşdu: “Müsəlmansınız?” Heç vaxt demədiyim tərzdə cavab verdim: “Əlhəmdülillah, müsəlmanam”. Təəccüblə dedi: “Deyirlər, sizdə nə məscid var, nə molla. Doğrudurmu?” Mən, “Sizə yanlış məsləhət veriblər, bizim məscidlərimiz də var, din xadimlərimiz də”, – deyə cavab verdim. Bu dəfə daha qəribə sual verdi: “Həqiqətənmi sizdə bacı və qardaş bir-biri ilə evlənir?” Dedim ki, “Əlbəttə yox, belə bir şey ola bilməz”. Bunları onlara kimin dediyi ilə maraqlandım. Bildirdilər ki, ingilislər deyib. İngilislər haqqımızda yanlış informasiyalar yayırdılar. Kərbəla və Nəcəf şəhərlərini ziyarət etməyim İraq səfərimin ən gözəl xatirələridir. Atam və əmim vaxtilə bu şəhərləri ziyarət edə bilməmişdilər.
– İraq xaricə yeganə uzunmüddətli ezamiyyətiniz deyil. Sonralar Kubada da çalışmısınız. İraqdan gələndən və Kubaya gedənə qədərki həyat yolunuz necə oldu?
– İraqdan qayıtdıqdan sonra məni sex rəisi təyin etdilər. 1962-ci ildə zavodun baş mühəndisinin müavini vəzifəsinə təyin edildim. Bu vəzifədə təxminən 2 il işlədim. 1963-cü ildə Azərbaycanda Partiya-Dövlət Nəzarəti Komitəsi yaradıldı. Komitənin sədri Əli Kərimov həm də Azərbaycan KP MK-nın katibi və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini idi. Ə.Kərimov məni komitəyə dəvət edib, şöbə müdirinin müavini vəzifəsində işləməyi təklif etdi. Mən bu təklifi gözləmirdim və onu qəbul etmək istəmirdim. Həmin vaxt mənim xarici ölkələrdən birinə növbəti uzunmüddətli ezamiyyətə göndərilməyim gündəmdə idi. Üç dəfə Ə.Kərimov məni yanına çağırdı, hər dəfə də ona istehsalatdan ayrılmaq istəmədiyimi bildirdim. Nəhayət, bir dəfə də onun yanına gedəndə, telefonun dəstəyini qaldırıb, o vaxtkı xarici işlər naziri Tahirə Tahirovaya zəng edərək, mənim adımın xaricə gedənlər siyahısından çıxarılmasını tapşırdı. Bununla da Partiya-Dövlət Nəzarəti Komitəsində işə başladım. 1964-cü ildə Ə.Qarayev adına Bakı Neft Emalı Zavodunun direktoru vəzifəsinə namizədliyim irəli sürüldü. Azərbaycan KP MK-nın o vaxtkı birinci katibi Vəli Axundov Ə.Kərimova məni Neft-Kimya emalı Sənayesi Nazirliyinin sərəncamına göndərməyi tapşırdı. 1967-ci ilə kimi həmin zavodun direktoru vəzifəsində çalışdım. 1967-ci ildə isə Neft Emalı və Neft-Kimya Sənayesi Nazirinin birinci müavini vəzifəsinə təyin olundum. Nazir Məmmədağa Məmmədovun səhhətində problemlər olduğundan Azərbaycan KP MK-da, Nazirlər Sovetində keçirilən iclaslarda onu əvəz etməli, Moskvaya ezamiyyətə getməli olurdum. 1969-cu ildə M.Məmmədov dünyasını dəyişdi. Hiss edirdim ki, mənə diqqət artıb. 1969 – cu ilin axırlarında məni Heydər Əliyev qəbul etdi, səmimi, son dərəcə mehribanlıqla qarşıladı. Suallarının bir qismi mənimlə, bir qismi də bütövlükdə nazirliyimiz və onun tabeliyindəki müəssisələrlə bağlı idi. Söhbətin gedişində hiss edirdim ki, qarşısında əyləşdiyim şəxs neft emalı sahəsində zəngin biliyi və təcrübəsi olan gözəl mütəxəssisdir.
1970-ci illərin əvvəllərində Heydər Əliyevin xeyir-duasından sonra məni Moskvaya çağırdılar. Sov. İKP MK-nın sənaye şöbəsinin müdiri Buşuyev bildirdi ki, məni MK-nın katibi D.F.Ustinov qəbul edəcək. Ustinov mənə suallar verir, cavablarımı diqqətlə dinləyirdi. Sonra bildirdi ki, biz Azərbaycanın “delikates” – yəni reaktiv təyyarə yanacaqları, yüksək keyfiyyətli sürtkü yağlarının emalının həcmini artırmalıyıq. Nazir işlədiyim dövrdə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ-də ilk katalitik riforminq qurğusu Bakıda tikilib istifadəyə verildi. Qurğunun texnologiyasını ABŞ-ın “YOP” şirkəti işləyib hazırlamış, texniki avadanlığını isə Fransanın “Litvin” firması istehsal etmişdi. Dünyada beşinci, SSRİ-də isə birinci olan bu qurğu Heydər Əliyevin köməyi ilə alındı və Azərbaycanda yüksəkoktanlı benzinlər istehsalı dövrü başladı. Yaxud Azərbaycanda ikinci ELOU-AVT-6 qurğusunun tikilib istifadəyə verilməsi də ümummilli liderimizin təşəbbüsü və qayğısı sayəsində mümkün oldu. Bu hadisə necə olmuşdu? SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini N.Tixonov Bakıya gəlmişdi. H.Əliyev və N.Tixonov neftayırma zavoduna gələndə imkan tapıb Heydər Əliyevə astadan daha bir ELOU-AVT-yə ehtiyacımız olduğunu bildirdim. Heydər Əliyev gülümsəyib dedi ki, bir azdan bu məsələni qaldırarıq. Həqiqətən də məsələ N.Tixonovun qarşısında qaldırıldı və beləcə daha bir ELOU-AVT-6 qurğusunu ala bildik.
– Bəs Kubaya səfəriniz necə alındı?
– Kubanın rəhbəri Fidel Kastro SSRİ-yə müraciət etmişdi ki, onlara neft emalı üzrə təcrübəli mutəxəssis lazımdır.1982-ci ildə məni Kubaya göndərdilər. Havana və Santyaqo-de-Kuba şəhərlərindəki neft emalı zavodlarında çalışan sovet mütəxəssisləri qrupunun rəhbəri idim. Qısa müddət ərzində işləri qaydasına salmışdıq. Sovet mütəxəssisləri ilə yerli fəhlə və mühəndislər arasında gözəl münasibət yaratmışdıq. Bir gün SSRİ-nin Kubadakı səfirinin müşaviri mənə dedi ki, Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev dünən axşam Meksikadan Kubaya gəlib. Vətənə yola düşməzdən əvvəl sizinlə görüşmək istəyir. Havana aeroportuna özümü vaxtından əvvəl yetirdim. Heydər Əliyev gələn kimi mənim harada olduğumla maraqlandı. Yanına getdim, görüşdük. Heydər Əliyev məni yanındakı şəxslərə təqdim etdi. Brejnevin keçmiş köməkçisi Aleksandrov bildirdi ki, mənimlə hələ 1978-ci ildə baş katibə məlumat verdiyim vaxtdan tanışdır. Heydər Əliyev işlərimlə yaxından maraqlandı və Vətənə dönəndən sonra onunla görüşməyimi tapşırdı. Təəssüf ki, həmin görüşümüz alınmadı. Az sonra mənim ezamiyyət müddətim uzadıldı və Bakıya bir də dörd il sonra qayıtdım.
– İşlədiyiniz müddətdə Fidel Kastro ilə münasibətləriniz olubmu?
– Çox da geniş münasibətlərimiz olmayıb, bir dəfə Leninin anadan olması günü ilə bağlı tədbirdə görüşmüşük. Bir neçə dəfə də yığıncaqlarda görüşmüşük. Kitabımda Fidel Kastro ilə şəklim də var. Çox sadə insandır.
– Kubadan qayıdandan sonra hansı işlərlə məşğul oldunuz?
– 1986-cı ildə mən Kubadan qayıdandan sonra Moskva SSRİ nazirliyində işləməyimə təşəbbüs göstərdi, amma mən etiraz elədim. Dedim ki, vətənə qayıtmaq istəyirəm, qoca anam var, mənsiz darıxacaq. Məni Elmi Tədqiqat İnstutuna direktor müavini təyin etdilər. Dedilər ki, daha sonra məni istehsalatla bağlı işə dəvət edəcəklər. Amma doğrusu, o iş bir az ləngidi. Mərkəzi Komitəyə də istehsalatda işləmək arzusunda olduğumu bildirmişdim. “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti yaranandan sonra 10 il ərzində həmin qurumun prezdentinin məsləhətçisi işləmişəm. Bir müddət də “Azentrol”da prezidentin müşaviri işlədim. Daha sonra ARDNŞ-nin prezidenti hörmətli Rövnəq Abdullayev gənclərə kömək etmək üçün məni “Ekol Mühəndis Xidmətləri” QSC-nin müşaviri təyin etdi. Bu gün də orada çalışıram.
Kamil müəllim, zəngin və ibrətamiz həyat yolunuz var. Ömrünü neft istehsalatına sərf etmiş bir insan kimi gənclərimizə nəyi tövsiyə edərdiniz? Bizim neftdən asılılığımızı necə aradan qaldırmaq olar?
– Bəli, Azərbaycan iqtisadiyyatı neft uzərində qurulub. Mən təklif edərdim ki, emal etdiyimiz neftdən neft məhsulları istehsal edək. Çünki bundan aldığımız gəlir neft emalından 5 dəfə çox bizə gəlir verərdi. Mən Yaponiyada olmuşam, görürdüm ki, yaponlar 5-6 milyon neft emal etdikləri halda, xaricdən də 240 milyon ton neft alıb, neft məhsulları istehsal edirlər. Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük diqqət ayırır. Mən onun bu fəaliyyətini ürəkdən alqışlayıram.
Kamil müəllim, redaksiyamıza gəldiyinizə və suallarımızı cavablandırdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.
Fuad Babayev,
Gündüz Nəsibov,
1905.az
Fotolar Kamil Akimovun “Qara qızılın kamillik dövrü” kitabından götürülüb
Müsahibə ilk dəfə 09 dekabr 2015-ci ildə dərc edilib