1905.az portalının suallarını publisist, ehtiyatda olan polkovnik Kamil Dərələyəzli cavablandırır.
– Kamil müəllim, Siz əslən Qərbi Azərbaycanın Dərələyəz bölgəsindənsiniz. Ermənistanın Azərbaycana təcavüzü başlayanda isə Rusiya hüquq-mühafizə orqanlarında çalışırdınız. Necə oldu ki, Xocalıda işləməyə başladınız?
– Həqiqətən də, hadisələr başlayanda SSRİ Daxili İşlər Nazirliyinin əməkdaşı idim. Ermənistanda azərbaycanlılara qarşı qətliamlar başlayanda, ailəmi Azərbaycana köçürmək məcburiyyətində qaldım. Sonra isə işlədiyim idarənin rəhbərliyinin etirazlarına rəğmən Azərbaycana qayıtdım və ağır bölgələrdə işləməyə hazır olduğumu bildirdim. Azərbaycan DİN kadrlar şöbəsində mənə Əsgəran rayon polis idarəsinin Xocalıda yeni yaradılmış polis bölməsində işləməyi təklif etdilər. Məmnuniyyətlə razılaşdım. Bakı-Şuşa avtobusuna minib Əsgərana yollandım. Əsgərana yaxınlaşanda yolun şlaqbaumla bağlandığını gördüm. Saqqallı bir erməni əli avtomatlı əsgərin müşayiəti ilə sərnişinlərin pasportlarını yoxlayırdı. Mənim də pasportumu tələb edəndə erməniyə kobudluqla etiraz etdim. Yaxınlıqda duran rus mayor da mənə bildirdi ki, Əsgəran rayonuna qeydiyyatım yoxdursa, Bakıya qayıdıb, paytaxt komendantı general Safonovdan buraxılış vəsiqəsi almalıyam. Safonovdan vəsiqə alandan sonra yenidən Xocalıya gəldim. Məni həddi-büluğa çatmayan uşaqlarla iş üzrə inspektor vəzifəsinə göndərmişdilər. Yeni yaradılmış polis bölməsində beş nəfər işləyirdi. Dağlıq Qarabağda vəziyyət ağır idi. Bakı-Şuşa, Bakı-Laçın, Ağdam-Şuşa avtobusları və başqa bölgələrdən gələn avtobus və minik avtomobilləri Əsgəranda, Xankəndində daşa tutulur, əzilirdi. İki nəfər polis əməkdaşı Əsgərandan Xocalıya gələrkən qətlə yetirilmişdi. Xocalıda təşkil olunmuş və vaqonda yerləşən milis bölməsində bir dənə də silah yox idi. Hər gün rəis istisna olmaqla bir nəfər növbətçi qalırdı. Növbətçi qalan Əsgəran polis idarəsinə gedərək axşam saat altıdan səhər saat doqquzadək “Makarov” tapançası və 9 ədəd patron alırdı. Səhər saat 9-da isə silah təhvil verilməli idi. 1990-cı ilin may ayında Daşbulaq kəndindən didərgin salınaraq Xocalıda çadırda yaşayan Fərrux kişinin 11 yaşlı oğlu heyvan otararkən girov götürülərək, heyvanlarla birlikdə aparılmışdı. Təşkilat Komitəsinin işə qarışmasına baxmayaraq, ermənilər 6 gün idi ki, uşağı qaytarmırdılar. Əsgəran polis idarəsinin rəisinə bu hadisəni danışıb yardım göstərməsini xahiş edəndə “biz də axtarırıq” dedi. Bildim ki, yalan danışır. Xocalıya qayıdanda bir dəstə adamın həyəcanla məni gözlədiyini gördüm. Onlara bildirdim ki, uşağın qaytarılması üçün bir nəfər ermənini girov götürməliyik. Əsgərandan Xankəndiyə yanacaq daşıyan bir maşının xocalılar qabağını kəsərək, maşını və sürücünü Xocalıya gətirdilər. Uşaqla erməni sürücünü dəyişdirmək niyyətimiz baş tutmadı. Görünür, bu erməni sürücüsü kasıb və kimsəsiz olduğundan ermənilərə lazım deyildi. İki gün sonra xocalılar “Niva” markalı bir maşın da tutdular. Tutulan maşının sahibi Xankəndi prokurorunun qardaşı idi. Bir gün keçməmiş ermənilərdən girovların dəyişdirilməsi üçün sifariş gəldi. Təklif etdilər ki, girovdakı erməniləri buraxın gəlsinlər, sonra uşağı buraxacaqlar. Ermənilərin hiyləsini bildiyimdən bu təklifə etiraz etdim. Xocalının icra başçısı Elman Məmmədov və Xalq Cəbhəsinin sədri Rövşən də mənimlə razılaşdı. Nəhayət, dedim ki, yaxşısı budur ki, özüm gedim ora, uşağın əvəzinə girov qalaram. Uşaq gələndən sonra erməniləri buraxarsınız. Qərarım hamını təəccübləndirdi. Bildirdilər ki, özüm-özümü tələyə salıram. Amma məni cəsarətli edən üç ay əvvəl bir rus zabitindən 100 manata aldığım “F-1” qumbarası idi. Səbirsizliklə erməni girovları gözləyən ermənilər onların əvəzində polis kapitanını görəndə təəccübləndilər. Onlara təklif etdim ki, uşağı buraxıb, əvəzində erməni girovlar qaytarılana kimi məni girov saxlasınlar. Xeyli danışıqdan sonra uşağı buraxdılar. Bir saat yarım sonra erməni girovlar da öz maşınları ilə gəlib çıxdılar. Özününkülərin gəldiklərini görən ermənilər mənə yaxınlaşanda qumbaranı cibimdən çıxartdım. Əsgəran rayon polis idarəsinin cinayət axtarış şöbəsinin rəisi olan erməni mayorun qolundan tutub, – gedək, – dedim. – Məni posta qədər ötürəcəksən. – Yalnız rusların nəzarət məntəqəsinə gələndən sonra, erməninin qolunu buraxdım. Xocalılar yolumu səbirsizliklə gözləyirdilər.
– Hər tərəfdən ermənilərlə əhatə olunan Xocalıda vəziyyət gərgin idi. Bəs Xocalı şəhər statusu alandan sonra vəziyyət dəyişmədi?
– Əlbəttə, dəyişdi. Yeni yaşayış evləri, polis idarəsi, poçt, tikiş fabriki, mədəni-məişət binaları tikildi. Görülən işlər xocalılarda gələcəyə inam yaradırdı. Lakin əfsuslar olsun ki, erməni təxribatlarının arası kəsilmirdi. Günlər, aylar keçdikcə Xocalıda da vəziyyət pisləşirdi. Hər gün İrəvandan Xankəndinə “Yak-40” təyyarəsi 28-30, Mineralnıye Vodıdan isə bir dəfə uçuş edirdi. Xocalı təyyarə limanında nə baş verirdi, təyyarə və helikopterlər Qarabağı nə aparıb, gətirirdisə Azərbaycan dövləti bundan xəbərsiz idi. Nəhayət 1990-cı ilin ortalarında Azərbaycan xüsusi təyinatlıları Xocalı təyyarə limanını nəzarətə götürdü. Amma hələ də nəzarət zəif idi. 23 dekabr 1990-cı ildə məni Bakıya, Nəqliyyatda Daxili İşlər İdarəsinin rəisi, polkovnik Oqtay Əliyevin yanına çağırdılar. O.Əliyevə Xocalıdakı vəziyyəti əhatəli danışdım. O, katibəni çağıraraq, mənim Xocalı təyyarə limanı polis idarəsinin rəisi təyin edilməyim haqqında əmr hazırlamağı tapşırdı. Lakin elə həmin anda telefon zəng çaldı. Azərbaycan KP MK-nın ikinci katibi Polyaniçko idi. Polyaniçko ilə söhbətdən sonra O.Əliyev bildirdi ki, mənə təklif olunan vəzifəyə daha bir namizəd var. Ona görə də təklif etdi ki, məni cinayət-axtarışı inspektoru vəzifəsinə təyin etsin və onların təyin etdiyi namizəd gəlincə, həm də rəisin funksiyasını yerinə yetirim. Bildirdim ki, bura vəzifə üçün deyil, Vətənimə xidmət etməyə və ermənilərdən qisas almağa gəlmişəm. Beləcə yeni vəzifədə işə başladım. Təyyarə limanında özbaşınalıq baş alıb gedirdi. Xankəndinə gedib, Viktor Polyaniçko ilə görüşümdə də limandakı vəziyyətdə, rus əsgərlərinin ermənilərə yardım göstərmələrini dedim. Həmin gündən də limanda yeni qayda tətbiq etməyə başladıq. Xocalı şəhərindən beş nəfəri hava limanının polis bölməsinə işə qəbul etdik. Bakı hava limanının polis bölməsindən bir neçə nəfər gələrək Xocalıda polis əməkdaşlarına praktik göstərişlər verdi. Limanda abadlıq işləri apardıq, silah-sursat saxlamaq üçün xüsusi anbar düzəldildi. M.A.Akopov və Ş.N.Stepanyanın üzərindən narkotik aşkarlanaraq, Bakıya təcridxanaya, V.Q.Arşakyandan 896 ədəd 50 manatlıq, 86 ədəd 500 manatlıq, 50 ədəd 1000 manatlıq sertifikatlar aşkarlanaraq, Şuşa şəhər polis idarəsinə aparıldı. İsakyanın İrəvan televiziyası üçün hazırladığı kaseti müsadirə etdik. İrəvandan Xankəndi Pedaqoji İnstitutuna göndərilən, Ermənistanın gerbi vurulmuş 300 ədəd diplomu aşkarlayaraq, məhv etdik. Xankəndi kitabxanasına göndərilən Z.Balayanın, S.Kaputikyanın və digər erməni ədib və tarixçilərinin Azərbaycan əleyhinə yazdıqları min nüsxə ədəbiyyatı müsadirə edərək yandırdıq.
– Kamil müəllim, bəs sonradan Azərbaycanın Milli Qəhrəmanı olan Əlif Hacıyev hava limanında fəaliyyətə nə vaxt başladı?
– 20 yanvar 1991-ci ildə nahar fasiləsində bir nəfər kapitan içəri daxil oldu. Özünü təqdim etdi – Əlif Lətif oğlu Hacıyev. Birinci dəfə idi onu görürdüm. Əlif Xocalıda anadan olmuşdu. Ryazana polis məktəbini bitirmişdi. Sahə müvəkkili işlədiyi zaman ermənilər tələyə salıb tutdurmuşdular. Əlif Hacıyev Xocalı hava limanına polis rəisi təyin edildikdən sonra İrəvandan Xocalıya gələn təyyarələrin sayı dördə endirilmişdi. Amma ruslar ermənilərə kömək etməkdən əl çəkmirdilər. 1991-ci il fevralın 24-də rus mayoru İrəvanda qeydiyyatda olan Xoren Rumyanı biletsiz təyyarəyə mindirəndə saxladıq və ikincinin üstündən Moskva telestudiyasına göndərilən “Azərbaycanın qərəzli baxışı” adlı film yazılmış dörd kaset və 20 səhifəlik məktub götürüldü. Yaxud elə həmin ayda Xankəndinə qonaq gələn SSRİ Ali Sovetinin deputatları Timur Qaydar, Yuri Çernenko, yazıçı Valentin Ovkaçiyskiy və iki jurnalist Qalina Nuykin və Andrey Nuykin Azərbaycanın xəbəri olmadan gəldikləri üçün hava limanındanca geri qaytarıldılar. 1991-ci ilin may ayı Xocalı hava limanında xidmət edən polis əməkdaşları üçün ağır, çətin və şərəfli dövr kimi yadda qaldı. Göygöl (keçmiş Xanlar) rayonunda yaşayan ermənilərin müraciəti nəzərə alınaraq onların Ermənistana getməsi üçün şərait yaratdıq. Çaykənddən helikopterlə gələn ermənilər İrəvana göndərilirdi. Hər gün 150-200 erməni qəbul edir, siyahıya alır, pasportlarını götürürdük. On gün ərzində 1700 erməni qəbul etmişdik.
– Tədbirlər sayəsində Qarabağa çağırılmamış “qonaq”ların gəlməsinin qarşısını ala bildinizmi?
– Uzun müddət hava limanında nəzarət zəif olduğundan müxtəlif “qonaqlar” gəlməkdə davam edirdi. 1991-ci ilin iyununda isə qəribə bir hadisə oldu. Uçuş xəttindən aralıda Xocalıya “Mi-8” helikopteri endi. Helikopterdəki üç nəfərin danışığı və hərəkətləri bizdə şübhə yaratdığından, onlardan birini Əlif Hacıyev, ikincisini leytenant Asif Usubov, üçüncüsünü isə mən ayrı-ayrılıqda sorqu-suala tutduq. Məlum oldu ki, “Mi-8” onlar tərəfindən qaçırılıb. Bakı hava limanına xəbər verdik və Yevlax hava limanından üç nəfər gələrək helikopteri apardı. Yaxud ABŞ-dan bir neçə xarici jurnalist, erməni havadarı bədnam baronessa Kerolayn Koksla birlikdə İrəvandan gəlib, Xankəndinə getmək istəyirdilər. Aqressiv hərəkətlər edən baronessadan Xocalı gəlməsinin səbəbini soruşanda, qaçqınlarla görüşmək istədiyini bildirdi. Mən gəlməzdən öncə, Azərbaycan Respublikasından icazə aldığını soruşanda, əsəbi halda Azərbaycana deil, Ermənistanın Qarabağ bölgəsinə gəldiyini dedi. Ona Qarabağın Azərbaycan ərazisi olduğunu bildirib, özümün də Ermənistandan qovulan qaçqın olduğumu bildirdim. Elə oradaca baronessanı təyyarəyə mindirib geri qaytardıq.
– Xocalının son aylarında vəziyyət necə idi?
– Xocalıda insanların ərzaq ehtiyatı tükənmişdi. Əsgəran qalasından keçən yol bağlanmışdı. Təyyarə limanına da gediş-gəliş kəsilmişdi. Hərdən helikopter gəlir, tez də uçub gedirdi. Xocalılar Ağdama gizli meşə yolu ilə gedib-gəlirdilər. Çörəkxanada çörək bişirilmirdi. Amma Azərbaycan hökuməti hələ də Xankəndinə yanacaq və un göndərirdi. Xocalıdakı xalq cəbhəsinin sədri Rövşənin rəhbərliyi ilə Həsənabad yaxınlığında dəmiryolu sökülmüşdü. Xankəndinə gedən un vaqonları Xocalıda qalmışdı. İcra başçısı, çörəkxananın müdiri və polis işçilərinin iştirakı ilə ermənilərə göndərilən vaqonun qapısı açılaraq, üç ton un götürülmüşdü ki, camaat çörəklə təmin edilsin. Bu hadisədən xəbər tutan yuxarı dairələr işin üstünü açmaq üçün Gəncədən polis müstəntiqi göndərmişdilər. Mayor rütbəli müstəntiq yanıma gəlib, “cinayət”in üstünü açmaq üçün kömək istədiyini deyəndə, onunla çox sərt danışdım. Əlif Hacıyev də əsəbiləşdiyimi görüb, tez məni tutdu və müstəntiqdən bir hadisə baş vermədən çıxıb getməyini tələb etdi. Axullu, Meşəli, Nəbilər, Zarıslı, Kərkicahan ermənilər tərəfindən yandırılmışdı, Bakı isə susurdu. 1991-ci ilin son gününü Azərbaycan Televiziyasının əməkdaşı Qulu Məhərrəmov və onunla gələnlərlə keçirirdik. On günə yaxın idi ki, Xocalıda idilər. Nəqliyyat vasitəsi olmadığından Bakıya qayıda bilmirdilər. Yeni ilin girməsinə az qalmış, Xocalının müdafiəsinin fəal iştirakçısı Aqil Quliyevin bir əsgəri Aqilin məni çağırdığını dedi. Aqilin “qərargahına” (çadırına) qədər qaça-qaça getdik. Görüşəndən sonra Aqil dedi ki, Gəncədən 366-cı alaya yeni qüvvə – dörd BTR, iki “Ural” maşını ilə bir yük, bir UAZ, otuz nəfər də əsgər və zabit göndəriblər. Onların qarşısını kəsib və tərksilah etmək istəyir. Məndən də kömək etməyimi istədi. Dedim ki, onları tərksilah etsək, atışma olacaq, bir tərəfdən ermənilər, digər tərəfdən də 366-cı alayın şəxsi heyəti bizi məhv edə bilərlər. Ona görə təklif etdim ki, onları yeni il məclisinə dəvət edib, sərxoş etmək lazımdır. Onlarla Xocalı cavanları da yola çıxmışdılar. Onlar da bu fikri bəyəndilər. Dərhal xocalıların köməkliyi ilə yeyib-içmək düzəldildi. Əsgər və zabitlər yedilər, içdilər və yuxuya getdilər. Səhər tezdən UAZ-da bir mayor Xankəndindən gəlib, Gəncədən gələnləri soruşanda çayın kənarında istirahət etdiklərini söylədilər. Çayın sahilində ölü kimi yatan sərxoş rusları yük maşınına doldurub apardıqdan az sonra polkovnik Polozovun rəhbərliyi ilə 20 nəfər rus zabiti Xocalıya gələrək axtarış apardılar, lakin heç nə tapa bilmədilər. Əlinə heç nə keçməyən ruslar yanvarın 3-də Xocalı polis idarəsini zəbt edib, polisləri girov götürmüşdülər. Bu barədə daxili işlər nazirinin müavininə məlumat verəndə xahiş etdi ki, insanları ayağa qaldırıb, mütləq polisləri azad edək. Aqil Quliyevlə əlaqə saxlayıb, köməyə gəlməsini xahiş etdim. Beş nəfər Aqilin əsgəri, dörd nəfər də öz əməkdaşlarımızla hadisə yerinə getdik. Polis idarəsini SSRİ DİN-in çevik polis alayının əməkdaşları zəbt eləmişdilər. Rus mayoruna yaxınlaşıb, çiynindəki avtomatı dartıb qışqıran kimi, mənimlə gələnlər pəncərəni sındırıb, içəri girdilər. Rus mayoru “atəş açmayın, təslim oluruq”, – dedi. Avtomatları aldıq, onları gətirən BTR-lə isə Aqilin əsgərləri geri qayıtdılar. Təəssüf ki, yanvarın 5-də Azərbaycan Müdafiə Naziri zəng edərək, rus əsgərlərindən müsadirə edilmiş zirehli texnika v silah-sursatı qaytarmağı tələb etdi. Ruslar həmin silah-sursatı və zirehli maşınları Əsgəranda ermənilərə verib, Gəncəyə qayıtdılar.
– Kamil müəllim, Xocalının son günləri yadınızda necə qalıb?
– Malıbəyli ermənilər tərəfindən yandırıldıqdan sonra Xocalı suyu sovrulmuş dəyirmanı xatırladırdı. İnsanlar ümidsizləşmişdilər. Təyyarə limanına toplanan qocalar, qadınlar, körpə uşaqlar Xocalıdan çıxmaq üçün səhərdən axşamadək gözləməli olurdular. Fevralın 20-də Xocalıya gələn helikopterin səsi xocalıların sevincinə səbəb oldu. İlk növbədə Malıbəylidə yaralanan Həsənabad sakininin yola salmaq lazım idi. Onun ayağı artıq qanqrena verməyə başlamışdı. Mən onu helikopterə mindirəndə hamı helikopterə tərəf qaçırdı. İçəridə otuzdan artıq insan var idi. Pilot helikopteri havaya qaldırdı və mən düşə bilmədim. Beş gün idi ki, Şellidə Ramil adlı serjntın evində qalırdım. Hər tərəf qar olduğundan, gündüz meşə yolu ilə getmək ölümə getmək idi. Ciddi narahatçılıq keçirirdim. Xocalıya gedən yolu tanıyan Ramilə dedim ki, sabah tezdən yola düşək. Səhər tezdən Ramillə Kətik tərəfə getməyə başladıq. Şelli ilə Əsgəranın arasındakı təpəyə çatanda hər tərəfdən atəş səsləri eşidilirdi. Təpənin o üzündə polis əməkdaşı, leytenant Asif Usubovu gördüm. Saçları, bığı buz bağlamışdı. Məni görəndə boynumu qucaqlayıb, ağladı: “Xocalıda adam qalmadı, hamısını ermənilər, ruslar qırdı. Evlər yanıb kül oldu. Tez Bakıya xəbər vermək lazımdır”. Asifi Ramingilə gətirib, piyada Ağdama getdim. Polis idarəsində növbətçi hissədən Daxili İşlər Nazirliyinə zəng etdim, xahiş etdim ki, nazirlə calaşdırsınlar. Nazirə “ermənilər gecə hücum çəkib, Xocalını zəbt etdi və insanları qətlə yetirdilər”, dedim. General əsəbi halda: “Bəsdir, orada şayiə yaydın”, deyib telefonu yerə qoydu. O gecə ölümün alovlu nəfəsi xocalıların üstünə axmışdı. Yüzlərlə insan qanına qəltan edilmişdi. Mənim iş yoldaşlarım – Xocalı hava limanı polis bölməsinin əməkdaşları – Əlif Hacıyev, Abdulla Həmzəyev, Canan Fərzəliyev, Əbülfət Əliyev, Şahin Haqverdiyev, Yelmar Əhmədov, Rəşid Hüseynov da qəhrəmanlıqla həlak olmuş, Asif Usubov, Xalid Cəfərov, Sərxan Əliyev, Avtandil Əliyev, İlham Qarayev, Yunis Orucov, Çərkəz Abramov müxtəlif dərəcəli ağır yaralar almışdılar. Bu igidlər yalnız 25 nəfərlik bir bölmənin əməkdaşlarıdır.
Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 30 yanvar 2017-ci ildə dərc edilib