– Soltan müəllim, bizim məmləkətin karikatura sarıdan bəxti gətirib, yoxsa?
– Karikatura sözünün mənası şişirtmə deməkdir. Karikatura çoxlarının başa düşdüyü asan, sadə və yüngül sənət növü deyil. Hazırda dünyada karikatura sənəti yüksək inkişaf mərhələsində və sürreralizm janrıyla birgə inkişaf edir. Rəssamlığın başqa janrlarında olmayan imkanlar karikaturada var. Azərbaycanda karikaturaçıların sayı barmaqla sayılacaq qədər azdır. 20 ildir bu sənətlə məşğulam. 10 il KİV-lə əməkdaşlıq etmişəm. Elə 10 il əvvəl də bizdə karikaturaya yüngül sənət növü kimi baxılırdı. Azərbaycanda karikaturanı qəzetdən çıxarıb sərgi salonuna gətirən ilk rəssam olmuşam. Karikatura sərgiləri keçirməklə sübut etmişəm ki, qəzetlərdə gördüyünüz karikaturalar sərgi salonunda yayımlanacaq qədər ciddi əsərlərdir. Azərbaycanda 5 sərgim keçirilib. Müxtəlif mövzuları əhatə edirdi. Hazırda Azərbaycanda Karikaturaçı Rəssamlar Birliyi var. 2006-cı ildə yaranıb.
– Oranın rəhbəri kimdir?
– Bayram Hacızadə. Bizim rəssamlar beynəlxalq tədbir və sərgilərdə təqribən 1990-cı illərin sonundan etibarən iştirak etməyə başladılar. Uzun illər beynəlxalq sərgilərə əsər göndərmişəm. Mükafatım, qazandığım nailiyyətlər də olub. Beynəlxalq Karikatura yarışmasında Azərbaycandan ilk dəfə 1-ci yeri mən qazanmışam.
BEYNƏLXALQ MÜSABİQƏLƏRƏ ƏSƏR GÖNDƏRMƏMƏYİMİN SƏBƏBLƏRİNDƏN BİRİ MADDİ ÇƏTİNLİKDİR
– Harada və nə vaxt?
– 2001-ci ildə Türkiyədə keçirilən Beynəlxalq Karikaturaçılar müsabiqəsində. Həmin il Misirdə də 3-cü yer qazanmışdım. O vaxt belə yarış və müsabiqələrə daha çox həvəsli idim. İldə ən azı 25-30 müsabiqəyə əsər göndərirdim. İndi də dəvət gəlir.
Amma göndərmirəm. Səbəblərdən biri maddi çətinlikdir. Əsər müsabiqəyə orijinal versiyada və təhlükəsiz qablaşdırmada getməlidir. Bu da maliyyə tələb edir. Əsərlərimi göndərmişəm sərgiyə, elə orada da qalıb. Amma onlar itib-batmır, qalib gəlməsə belə sərgi keçirilən ölkələrin karikatura muzeylərində qorunub saxlanılır.
– Deyirsiniz ki, karikaturaları beynəlxalq sərgiyə göndərmək maddi cəhətdən əziyyətlə başa gəlir. Bu hal bizim karikatura sənətimizin bərbad vəziyyətdə olduğunu göstərmir sizcə?
– Razıyam sizinlə. Bu məsələnin birinci tərəfidir. Amma ikinci tərəfi də var. Tutaq ki, müsabiqədə qalib gəldim. Qalib gəldiyim üçün burada mənə nə dəyər veriləcək?! Uzun illər şəxsi təşəbbüs göstərdim, gördüm ki, heç kim bu nailiyyətlərə maraq göstərmir. Laqeyidlik var. Məsələn, Təbriz və Ərdəbil şəhərlərində sərgilərim olub. İranda çoxlu karikatura dərgiləri var. İran karikaturası dünyada çox məşhurdur. Çünki dövlət diqqət göstərir.
KARİKATURADAN SİLAH KİMİ İSTİFADƏ ETMƏMİŞİK
– Karikatura cəmiyyətdə böyük proseslərə təkan verən incəsənət növüdür. Məsələn, “Charlie hebdo” jurnalı və orada yayımlanan karikaturaların doğurduğu əks-səda hamımıza məlumdur. Kukrınıksləri də xatırlaya bilərik. Məruz qaldığımız erməni təcavüzü. Yağmalanmış obalarımız. İtkilərimiz. Və bunları görmək istəməyən dünya ictimaiyyəti. Hələ də susan dünyanı Qarabağ problemimizlə bağlı məlumatlanıdrmaq üçün karikaturaçı rəssam nələri edə bilər?
– Bu sahədə uduzmuşuq. Amma ehtiyac həmişə var. Biz heç vaxt karikaturadan silah kimi istifadə etməmişik. Məsələn, niyə bizdə Qarabağ mövzusunda karikaturaçılar müsabiqəsi təşkil edilmir?! Bu, çox böyük effekt verə bilər. Muğam Beynəlxalq Musiqi Festivalı kimi belə müsabiqələri karikaturaçılarla da etsək böyük effekt verər. Belə müsabiqələrə dünya karikaturaçılarını dəvət etmək, həvəsləndirmək olardı. Mən Qarabağ haqqında karikatura çəksəm, əsərim gülüş obyekti ola bilər. Çünki bu əsər tələblə ortaya çıxmayacaq. Qarabağ haqqında film də çəkilir, rəsm də yaradılır, amma bu cəmiyyəti həyəcanlandırmır. Çünki tələb yoxdur.
– Bu sahədə ermənilərin fəaliyyəti varmı?
– Ermənistanda karikaturaçı yoxdur. Bildyim qədər. Mən Ermənistanda karikaturaçıların fəaliyyətini araşdırmışam, heç bir beynəlxalq sərgidə erməni müəllifin adına rast gəlmədim. Cəmi bir nəfərin adı var idi. O da erməni əsilli idi, Ermənistanda yaşamırdı.
– Sizə uğurlar.
Fuad Babayev, Aynur Hüseynova
1905.az