Fuad Babayev
AMEA-nın doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
GİRİŞ
İnternet qloballaşmanın məhsulu və eyni zamanda alətlərindən biridir. Mədəni dəyərlərin standartlaşdırılması prosesini sürətləndirən internet bir tərəfdən çoxsaylı orijinal mədəniyyətləri yaxınlaşdırır, digər tərəfdən dar maraqların birləşdirdiyi “icma”ların yaranmasına rəvac verir. Bunlarla yanaşı, internet bu gün dünya mədəniyyətinə qoşulmanın, informasiya mübadiləsinin, müxtəlif tranzaksiyaların sürətlənməsinin ən vacib amildir. (2.110)
Bütün bunların həqiqətəuyğunluq əmsalının böyüklüyü sosial şəbəkələrin ixtiyari sıravi istifadəçisi tərəfindən də təsdiqlənə bilər.
Düşünürük ki, adi insanların siyasətə marağının zəifləməsi bütün dünyada müşahidə olunan fenomen kimi dəyərləndirilməlidir. Və ictimaiyyətin siyasətə aktiv marağının zəifləməsinin qarşısını ala biləcək amillər sırasında Ümumdünya şəbəkəsindən istifadə xüsusi yer tuta bilər. İnsanları teatrlara, muzeylərə və qalereyalara cəlb etməkdənsə, internetdən istifadə etməklə incəsənəti və ədəbiyyatı kütlələrə çatdırmaq mümkündür və bunu siyasət haqqında da demək olar. (6. 100-101.)
İnternet və virtual “hərbi” əməliyyatlar aparma imkanları
Siyasətdə getdikcə daha geniş istifadə olunan internetin imkanları müharibə aparmaq üçün də cəlbedici olmaya biməz. Axı hələ Prussiya yazıçısı, sərkərdəsi və hərbi nəzəriyyəçisi Karl fon Klauzevits müharibəni yalnız siyasət aləti, siyasi münasibətlərin xüsusi forması kimi səciyyələndirirdi. (3. 121)
Geniş auditoriyanın İnternet haqqında heç nə bilmədiyi 1993-cü ildə futuroloq Elvin Toffler terrorçuların Amerika Birləşmiş Ştatlarının informasiya və telekommunikasiya infrastrukturuna zərbə vurmağa çalışacaqlarını proqnozlaşdırırdı. (1.46)
Hələ geniş miqyas almamış kibermüharibələrin müasir dövrün təəssüf doğuran reallıqları sırasında öz yerini tutmasında təəccüblü heç nə yoxdur. Doğrudur, İnternet uğrunda və İnternet daxilində aparılacaq qətiyyətli və miqyaslı toqquşma kimi təsəvvür edilən birinci dünya kibermüharibəsi hələ başlamayıb. Amma kibernetik və ya virtual toqquşmalar indi də baş verməkdədir. (4.78)
Bütün hallarda xaker hücumlarının siyasi proseslərə təsirinin genişlənməsi şübhə doğura bilməz. 2016-cı ilin iyulunda ABŞ prezidentliyinə namizəd Hillari Klintonun seçki qərargahının istifadə etdiyi kompüter proqramının sındırılması bu sahədə diqqət çəkən hadisələrdəndir. Röyters agentliyinin bu barədə yaydığı xəbər Klintonun qərargahı tərəfindən təsdiqlənib. (8.)
Maraqlısı odur ki, sözügedən xaker hücumlarında Rusiya izinin olması vurğulandı. Hər halda bir sıra Amerika siyasətçiləri Kremlin bu üsulla demokratları gözdən salmaq və Donald Trampın populyarlığını artıqmaq istədiyini bildirdilər. (Yenə orada)
Bu toqquşmaların postsovet məkanında qeydə alınmamasını iddia etmək sadəlövhlük olardı. Bir neçə il bundan əvvəl Müstəqil Dövlətlər Birliyinin Antiterror Mərkəzinin Elmi-Məsləhət Şurasının 7-ci plenar iclasında keçmiş SSRİ-nin ərazisində kiberterrorizmin yayılması və onunla mübarizə üsullarının optimallaşdırılması zərurəti vurğulanmışdı. (9.) Üstəlik, dondurulmuş münaqişələrin “qeydiyyat”da olduğu ərazilərdə belə toqquşmalar sadəcə olaraq qaçılmazdır. Hər halda erməni xaker qruplarının Azərbaycan saytlarına hücumlarının mütəmadi xarakter alması mütəxəssislər tərəfindən etiraf edilir. (10.) Ən maraqlısı bu hücumların erməni mənbələri tərəfindən də təsdiqlənməsidir. Söhbət əlbəttə ki, terrorçu təşkilatın törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürməsi fenomenindən deyil, xəbərin həvəslə tirajlanmasından gedir. Məsələn, 2015-ci ilin sonlarında “Armenian Cyber Army” adlı xaker qrupunun Azərbaycan Respublikası Milli Məclisinin saytının normal fəaliyyətini pozması haqqında xəbər yayılmışdı. (11.) Doğrudur, bu xəbər Azərbaycan parlamenti tərəfindən təsdiqlənməmişdi. Qanunverici orqanın yaydığı məlumatda 27 dekabrda sayta ayrı-ayrı uğursuz xaker hücumlarının edilməsi bildirilirdi. Məlumatda, həmçinin qeyd olunurdu ki, müdafiə məqsədilə sayta giriş inzibatçı tərəfindən müvəqqəti olaraq məhdudlaşdırıldıqdan sonra yenidən bərpa edilib. (12.)
Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz 2015-ci ilin əvvəlllərində 1905.az portalının suallarını cavablandırarkən Ermənistanın illər ərzində beynəlxalq ictimai rəyi formalaşdırmaqda internetdən Azərbaycanın əleyhinə məharətlə istifadə etməsini vurğulamışdı. (13.) Qeyd edək ki, sözü gedən açıqlamada mütəxəssis kibermüharibədən deyil, informasiya müharibəsindən bəhs edirdi.
Ümumiyyətlə, zaman-zaman erməniliyinin sərsəm ideyalarını müdafiə edən xaker qruplarının çox güclü olmaları haqqında fikirlər səsləndiririlir. Bunun həqiqətəuyğunluğu çoxsaylı suallar yaradır. “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkəti texniki direktorunun müavini Fikrət Əzimov hələ 2014-cü ilin sonlarında 1905.az portalına verdiyi müsahibədə bu məsələni şərh edərək qeyd etmişdi: “…həmişə deyirik ki, Ermənistandan filan sayta hücum oldu. Əslində araşdıranda bəlli olur ki, hücum edən kodlar arasında Ermənistana aid heç nə yoxdur. Əsas hücumlar Amerika və Fransadan gəlir. Yəni orada məskunlaşan ermənilər müasir texnologiyalardan istifadə edərək erməni adı ilə saytlara hücum edirlər. Qısa desəm, saytlarımıza hücumlar Ermənistanda mövcud olan texniki imkanlar sayəsində baş vermir.” (14.)
Azərbaycanın imkanları işğalçı dövlətin potensialını dəfələrlə üstələyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “BakuTel – 2015” 21-сi Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına müraiətində qeyd etmişdi: “Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində dinamik inkişaf edən ölkələr sırasındadır. Respublikamızda informasiya cəmiyyətinin əsaslarının qurulması yolunda mühüm addımlar atılır. Genişzolaqlı internet xidmətlərinin, ən yeni texnologiyaların istifadəsi və rəqəmli televiziya yayımı genişləndirilir, müasir idarəetmənin təmin olunması və şəffaflığın gücləndirilməsi üçün “elektron hökumət” quruculuğu istiqamətində ardıcıl iş aparılır. “Bir pəncərə” prinsipi üzrə təşkil edilmiş elektron xidmətlərin istifadəçilərinin sayı sürətlə artmaqdadır.
Ölkəmiz “Azerspace-1” və “Azersky” peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulmuşdur. Azərbaycanın təşəbbüskarı olduğu və mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən “Trans-Avrasiya Böyük İnformasiya Magistralı” və “Avropa – Yaxın Şərq İnformasiya Magistralı” layihələri uğurla həyata keçirilir. Texnologiya parklarının yaradılması, qabaqcıl texnologiyaların təhsildə tətbiqi, istehsal və investisiya yönümlü innovativ layihələrə dövlət dəstəyi ölkədə və regionda yüksək texnologiyalar sektorunun inkişafına xidmət edir.” (15.)
Postsovet məkanının silahlı münaqişələrində “kibernetik” amil
Müstəqilliyinin 25-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası dünyaya inteqrasiyasını uğurla həyata keçirir. Təəssüf ki, Ermənistanın respublikamıza silahlı təcavüzü nəticəsində yaranmış problemlər konqlomeratı hələ də həllini tapmayıb. Üstəlik, postsovet məkanında çeşidli silahlı münaqişələrin nəticəsində yaranmış situasiyalar da qalmaqdadır. Yuxarıda qeyd olunduğu kimi, bu qarşıdurmaların hamısında “kibernetik tərkib hissəsi” də mövcuddur.
Məsələn, 2008-ci ildə baş vermiş Cənubi Osetiya münaqişəsi zamanı internetdə müxtəlif interpretasiyaların müzakirəsi aparılırdı. Və bu müzakirələrin tərkib hissəsi kimi bloq və forumlarda sərt açıqlamalardan tutmuş hökümətlərin rəsmi saytlarına hücumlara qədər çox şey vardı. (7.64)
Və yaxud, 2016-cı ilin əvvəllərində Ukraynanın Təhlükəsizlik Xidməti Qərbi Ukraynada 80 000 abonentin 23 dekabr 2015-ci ildə işıqsız qalmalarına görə Rusiyanı ittiham etdi. Amerikanın kiberkəşfiyyatla məşğul olan “ISight Partners” şirkəti bildirdi ki, Ukraynada elektrik enerjisinin misilsiz dərəcədə kəsilməsinin arxasında “Senduorm” adlı Rusiya xaker qrupunun dayandığına əmindir. Kompaniyanın şpionajın təhlili şöbəsinin müdiri Con Xultkuis Reuters agentliyinə demişdi: “Biz hesab edirik ki, məsuliyyəti “Senduorm” daşıyır” (16)
2016-cı ilin iyununda Ukrayna xakerlərinin Rusiyanın Birinci kanalının saytını dağıtmaları haqqında xəbər yayıldı. Bu haqda informnapalm.org resursu məlumat yaydı. Zərbənin Ukraynanın FalconsFlame, Trinity və Рух8 kiberalyansı tərəfindən endirildiyi bildirildi. Xakerlər əməliyyatın 25 mayda başlandığını, ilk nəticələrin isə 5 iyunda ortaya çıxdığını bildirdilər.(17)
Buna bənzər misalların sayını artırmaq olar.
Kibercinayətlər yayılma “areal”ını genişləndirirsə, bu mübarizə üsullarının aktivləşdirilməsini tələb edir. Hələ 2001-ci ildə Budapeştdə Kibercinayətlərlə bağlı Konvensiya imzalandı. Konvensiyanın hazırlanmasında Avropa Şurasının üzvü olan dövlətlərlə yanaşı, həmçinin ABŞ, Yaponiya, CAR və Kanada da iştirak etmişdi. Konvensiya 1 iyul 2004-cü ildə qüvvəyə minib. (5,167)
Azərbaycan Respublikası bu konvensiyanı 2010-cu ildə ratifikasiya edib.(18)
Nəticə
Təəssüf ki, postsovet məkanının münaqişə potensialının böyüklüyü şübhə doğurmur və kibertoqquşmaların gələcəkdə də davam edəcəyi indidən bəllidir. Kibertoqquşmalar artıq istisnasız olaraq bütün silahlı münaqişələrin tərkib hissəsinə çevrilib. Ən yaxşı müdafiə kimi hücumun seçilməsi bəzən uğursuz nəticələr verir. Amma aktiv müdafiəyə hazırlığın gərəkliyi şübhə doğura bilməz.
QAYNAQLAR
1. Атлас Le Monde diplomatique.: М.: «Центр исследований постиндустриального общества», 2011, (224)
2. Большая актуальная политическая энциклопедия. М., 2009. (422)
3. Германская военная мысль.М.: «Астрель», 2012, (606)
4. Данниген Ф. Дж. Самые горячие точки XXI века. Как будут развиваться события. М.: «Эксмо», 2014, (826)
5. Интернет-СМИ: Теория и практика. М.: «Аспект Пресс», 2010, (348)
6. Лиллекер В. Политическая коммуникация. Ключевые концепты. Х.:
7. Рассел Дж., Кона Р. Вооруженный конфликт в Южной Осетии (2008). «VSD» 2012, (102)
8. http://www.bbc.com/russian/news-36929521
9. http://e-cis.info/page.php?id=9890
10.http://1905.az/kiber-mueharib%C9%99-yoxsa-informasiya-mueharib%C9%99si/
11. http://hayastannews.com/news/106107.html
12. http://www.vesti.az/news/276919
15. http://az.president.az/articles/16964
16. http://www.svoboda.org/a/27475174.html
17.http://www.segodnya.ua/ukraine/hakery-iz-ukrainy-vzlomali-sayt-rossiyskogo-pervogo-kanala-723434.html
18. http://www.anl.az/down/meqale/kaspi/2010/sentyabr/132570.htm
“Sivilizasiya” cild 5 N3 2016 (31)