2016-cı ilin əvvəllərində Ukraynanın Təhlükəsizlik Xidməti Qərbi Ukraynada 80 000 abonentin 23 dekabr 2015-ci ildə işıqsız qalmasına görə Rusiyanı ittiham etdi. Amerikanın kiberkəşfiyyatla məşğul olan “ISight Partners” şirkəti bildirmişdi ki, bu olayın arxasında “Senduorm” adlı Rusiya xaker qrupunun dayandığına əmindir. Kompaniyanın şpionajın təhlili şöbəsinin müdiri Con Xultkuis Reuters agentliyinə demişdi: “Biz hesab edirik ki, məsuliyyəti “Senduorm” daşıyır.”
2016-cı ilin ortalarında Ukrayna xakerlərinin Rusiyanın Birinci kanalının saytını dağıtmaları haqqında xəbər yayıldı. Bu haqda informnapalm.org resursu məlumat yaydı. Zərbənin Ukraynanın FalconsFlame, Trinity və Рух8 kiberalyansı tərəfindən endirildiyi bildirildi. Xakerlər əməliyyatın 25 mayda başlandığını, ilk nəticələrin isə 5 iyunda ortaya çıxdığını bildirdilər.
2016-cı ilin sonlarında bu cəbhədə hansı virtual toqquşmalar olacaq?
Bu sualı cavablandırmaq elə də asan deyil.
Yalnız onu demək olar ki, silahların susmadığı bütün cəbhələrdə virtual toqquşmalar qaçılmazdır. Üstəlik, bunun üçün əsl silahların işə düşməsi də tələb olunmur. Məsələn, yayda ABŞ prezidentliyinə namizəd Hillari Klintonun seçki qərargahının istifadə etdiyi kompüter proqramının sındırılması bu sahədə diqqət çəkən hadisələrdəndir. Reuters agentliyinin bu barədə yaydığı xəbər Klintonun qərargahı tərəfindən təsdiqlənib.
Maraqlısı odur ki, sözügedən xaker hücumlarında Rusiya izinin olması vurğulandı. Hər halda bir sıra Amerika siyasətçiləri Kremlin bu üsulla demokratları gözdən salmaq və Donald Trampın populyarlığını artıqmaq istədiyini bildirdilər.
Belə çıxır ki, geniş auditoriyanın İnternet haqqında heç nə bilmədiyi 1993-cü ildə futuroloq Elvin Toffler terrorçuların Amerika Birləşmiş Ştatlarının informasiya və telekommunikasiya infrastrukturuna zərbə vurmağa çalışacaqlarını proqnozlaşdıranda haqlı imiş?
Hərçənd ki, Ceyms F. Danniqanla Ostin Beyin əsrimizin qaynar nöqtələrindən bəhs edən məşhur kitabında İnternet uğrunda və İnternet daxilində aparılacaq qətiyyətli və miqyaslı toqquşma kimi təsəvvür edilən birinci dünya kibermüharibəsinin hələ başlanmadığı iddia edilir. Amma bu kitab 2008-ci ildə işıq üzü görüb. O vaxtdan keçən 8 il kibernetik və ya virtual toqquşmaların yaranması üçün bir igidin ömrü qədər uzundur…
Salvador Dalinin “Vətəndaş müharibəsinin duyulması” əsərini hamı görüb…
Kibermüharibəni duymaq üçün dahi rəngkar olmaq vacib deyil.
Siz necə düşünürsünüz?
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist