İki-üç il bundan qabaq yaxın qohumlarımızdan biri oğlanlarına “kiçik toy” eləyirdi. Bizi də çağırmışdı. Getmişdik.
Məclis Bakının analoqu olan restoranlarından birinin ən yüksək dünya standartlarına cavab verməyən zalında keçirilirdi. Və durmadan inkişaf edən respublikamızın paytaxtında mütəmadi olaraq düzənlənən çoxsaylı “kiçik toy” məclislərindən demək olar ki, heç nə ilə fərqlənmirdi. Məclisdə kloun da vardı. Özü də dostum Natiq Məmmədlinin çox maraqlı hekayələrindən olan “Kloun”un qəhrəmanından xeyli fərqlənən bir kloun. Çox şən idi, yetənə yetirdi, yetməyənə daş atırdı və məclisin ona həvalə edilmiş bölümünü həvəslə, ruh yüksəkliyi ilə istiqamətləndirirdi. Klounun ibrətamiz hərəkətlərinin və dərin mənalı kəlamlarının çoxunu unutmuşam. Amma dəqiq yadımdadır ki, o məclisin şirin yerlərinin birində yaşı “kiçik toy” məclisinin səbəbkarı olmağa imkan verən bütün qonaqları meydana dəvət etdi. Və onların hər birinə bütün dünya böyüklərinin bütün dünya kiçiklərinə yüz illərdən bəri verdikləri sualı ünvanladı. Öyrənmək istədi ki, bu uşaqlar böyüyəndə hansı sənətə yiyələnmək, hansı peşənin sahibi olmaq niyyətindədirlər.
Respondentlər açıq-aşkar sezilən entuziazmla qoyulmuş sualı cavablandırırdılar. İmprovizə olunmuş rəy sorğusunun sonunda məlum oldu ki, balacalar bir nəfər kimi o qədər də uzaq olmayan gələcəkdə polis olmağı planlaşdırırlar və birmənalı şəkildə hüquq-mühafizə orqanlarında çalışmaq niyyətindədirlər. Təsəvvür edirsinizmi?
Sözü gedən “kiçik toy” məclisinin düzənləndiyi tarixdən bizi iki-üç il ayırır. Ola bilsin bu illər ərzində balaca azərbaycanlıların gələcək karyera planları dəyişib… Amma sözügedən məclisdə hər şey yuxarıda qeyd etdiyim kimi idi. (Dövrün tələblərinə uyğun olaraq bütün gedişat təbii ki, lentə alınırdı və şübhə etmirəm ki, ailə arxivində saxlanmaqdadır.)
İlin-günün bu vaxtında niyə bütün bunlar yadıma düşdü? Özüm də bilmirəm. Amma dəqiq yadımdadır ki, təqribən 35 il bundan əvvəl mənim gələcək karyera planlarımla bağlı sualı cavablandıranda kosmonavt olmaq istədiyimi demişdim. Sovet balacası idim axı… Bəlkə də balacalarımızın polis olmaq istəyindən qayğılanmağa dəyməz. Bəlkə onlar Natiq müəllimin hekayəsinin qəhrəmanlarından olan Zülfünün balaca oğlu Tural kimi kloun olmaq həvəsinə düşsələr daha pis olar?
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı 2016; səh. 16-17)