“1905.az” portalının Diskussiya klubunda bu dəfə biz, filmlərimizdə vətənpərvərlik mövzusunu xalq artisti Rasim Balayev, rejissorlar Rüfət Əsədov, Samir Kərimoğlu, ssenari müəllifi və rejissor Amil Məmiyevlə müzakirə etdik.
Fuad Babayev: Xoş gəlmisiniz hər biriniz! Bu gün Diskussiya Klubunda biz filmlərimizdə vətənpərvərlik mövzusunu müzakirə edəcəyik. İlk sualım elə sizədir, Rasim müəllim. “Babək”, “Dədə-Qorqud” kimi filmlərə baxa-baxa böyümüşük. Uzun illərdir sənətdəsiniz, necə düşünürsünüz filmlərimizdə vətənpərvərlik defisiti varmı? Ümumiyyətlə, bu gün Azərbaycanda vətənpərvərlik mövzusunda filmlər çəkilirmi?
Rasim Balayev: “Babək” haqqında kiçik bir haşiyəyə çıxmaq istəyirəm. O filmdən sonra Rusiyadan hərbi hissələrdən çoxlu məktublar alırdım. Yazırdılar ki, çox sağ olun ki, “Babək” kimi film çəkmisiniz. Biz bu filmi bütün hərbi hissələrdə göstəririk ki, Vətəni belə sevmək lazımdır. Düşünürəm ki, insanı sözlə vətənpərvər etmək olmaz. Vətənə sevgi hisslərini uşağa kiçik yaşlarından aşılamaq lazımdır. Uşaqları az yaşlarından teatra aparmaq, o mədəniyyəti formalaşdırmaq lazımdır. İndi belə deyil. İnsanların filmə, teatra marağı itib. Vətən haqqında ssenarini Vətəni sevən adam yazmalıdır. Vətəni sevməyən insan başqasını necə sevə və ya ona necə nifrət edə bilər? Vətənpərvərlik həm də gendə olmalıdır. 3 adam eyni yerə düşə bilər. Onlardan 2-si məğlub olar, 1-i amma mütləq çıxış yolu axtarar.
Qəhrəmanlıq ani bir şeydir. O anı tuta bildinsə qəhrəman olacaqsan. Həmin anda sən özünü yox Vətəni düşünürsənsə sən qəhrəmansan.
Fuad Babayev: Rasim müəllim, son illər Qarabağ haqqında çəkilən filmlərə dəvət almısınız? Belə bir müraciət olubmu indiyə kimi?
Rasim Balayev: Yox. Bu mövzuda çox film çəkmək olar. Məsələn, Mübariz İbrahimov haqqında filmimiz varmı? Yox. Amma o qəhrəmandır və film çəkmək üçün çox yaxşı obrazdı.
Fuad Babayev: Qarşıdan Xocalı faciəsinin növbəti ildönümü gəlir. Yenə də biz televiziya kanallarında köhnə filmlərin nümayişini görəcəyik. Bu nə ilə əlaqəlidir? Yəni bizim Qarabağ haqqında yeni dövrdə çəkilmiş filmlərimiz yoxdur?
Rüfət Əsədov: Ən böyük problem vətənpərvərliklə bağlı filmlərin ancaq matəm günlərində göstərilməsidir. Niyə biz başqa günlərdə bu filmlərin yayımlanmasına üstünlük vermirik? Səbəbi varmı? Nikita Mixalkovun Qriboyedovla bağlı ssenarisi var. O həmişə deyirdi ki, ən böyük arzusu o filmi çəkməkdir. Mixalkovun ardınca bir qrup getməyə başladı. Mixalkov da dedi ki, o 15 seriyadan ibarət bir serial çəkmək istəyir. Lakin sonra belə bir məsələ ortaya çıxır ki, Qriboyedovu müsəlmanlar yox, ingilis kəşfiyyatı öldürüb. Qriboyedovun 40 min ermənini Azərbaycana köçürdüyü yazılır. Yəni bütün dünyada belə mövzuda ssenarilər yazılır, onların əksəriyyəti də bu cür qalmaqalla nəticələnir. Qarabağ mövzusuna gəldikdə isə təbii ki, çətin mövzudur. Vətənpərvərlik mövzusunda film çəkmək üçün böyük pullar ayrılmalıdır. 100-200 minlə yaxşı film çəkmək mümkün deyil. Ən güclü ssenarist, rejissor gəlsə də kiçik büdcəylə yaxşı film çəkə bilməz.
Müharibə mövzusunda film çəkmək çətin məsələdir. Hər baxımdan. Bayaq Rasim müəllim də dedi. Vətənpərvərliyi uşaqlıqdan aşılamaq lazımdır. Mənim yadımdadır biz uşaq vaxtalarında baxdığımız filmlərin qəhrəmanı kimi davranmaq istəyirdik. İndi sanki qəhrəman da yoxdur. Bizdə heç uşaq filmləri də çəkilmir.
Rasim Balayev: Heç uşaq tamaşaları da yoxdur. Nə qədər olmasa da hər tamaşadan uşağın beynində hansısa epizod ilişib qalır.
Fuad Babayev: Bizdə film prokatı varmı ümumiyyətlə?
Rasim Balayev: Ümumiyyətlə prokat yoxdur. Şüvəlanda yaşayıram. Kənd adamları ilə əlaqəm var. Mənə deyirlər ki, Rasim müəllim, Azərbaycanda film çəkilmir? Deyirəm çəkilir. İldə 3-4 dövlət hesabına film çəkilir. Amma əvvəllər bir kanal var idi. Azərbaycan Dövlət Televiziyası. Hamı da ona baxırdı. Çəkilən filmlərdən də xəbərimiz olurdu. Bu gün hər şey dəyişib. Çəkilən film bir dəfə göstərilir və itir. Ona görə də heç nə yadımızda qalmır. Son 10 ildə ən azı 30 film çəkilib. Amma heç kim son illər çəkilən 1 filmin adını çəkə bilməz. Çünki prokat sıfırdır, yayımlanma aşağı səviyyədir.
Samir Kərimoğlu: Son zamanlar prokata start verilib. Artıq hiss edilir bu irəliləyiş. Bizdə 5 kinoteatr var. 2015-ci ilin sonuna kimi Bakı şəhərində 20 kinoteatr olacaq. Bundan əlavə Gəncədə, Lənkəranda kinoteatrların açılması planlaşdırılır. Hər kinoteatrda da 6 zal. Azərbaycan filmlərinin yayımlanmasında da problem bununla bağlı idi. Bir tək “Nizami” Kino Mərkəzində nümayiş olunurdu. Ancaq kinoteatrları da qınamaq olmaz. Çünki onların da kommersiya maraqları var. Məsələn, bizim çəkdiyimiz kommersiya filmi öz bəhrəsini göstərdi. Söhbət “Xoxan” filmindən gedir. “Xoxan” göstərdi ki, bəli, Azərbaycanda da kommersiya filmi gəlir gətirə bilər. Filmə nazirlik də maraq göstərdi.
Fuad Babayev: Hər şey maliyyəyə bağlıdır. Xüsusən, film çəkilişində. Sizcə orta səviyyəli bir filmin büdcəsi nə qədər olmalıdır? Samir Kərimoğlu: Məncə hər şey büdcəyə yox, ssenariyə bağlıdır. Baxır sənin çəkmək istədiyin filmin ssenarisi necədir.
Rüstəm Əsədov: Samir məni qabaqladı. Alfred Xiçkokun bir sözü var. Ona deyirlər ki, yaxşı filmin çəkilməsi üçün nə lazımdır? O deyir, 1. Ssenari, 2. Ssenari, 3.Ssenari. Yəni yaxşı ssenari olmadan yaxşı film çəkmək mümkün deyil. Büdcə normadan çox olsa da, az olsa da.
Samir Kərimoğlu: Bu il “Oskar”a namizəd filmlərdən biri “Mandarin” filmidir. Estonlar gürcü ekipi ilə birgə bir film ərsəyə gətiriblər. Gürcü rejisoru, gürcü aktyorları və s. Müharibənin başqa bir tərəfdən görünüşü təsvir edilib. Bir saat yarımlıq filmin üzərindən 2 adamın söhbəti ilə müharibə həqiqətləri çox kompakt göstərilib.
Fuad Babayev: Adətən deyirlər yaxşı iş üçün yaxşı pul lazımdır. Siz amma ssenarinin yaxşı olmasını deyirsiniz. Bu çox sevindirici haldır.
Samir Kərimoğlu: Bu filmdə operatoru Almaniyadan dəvət etmişdik. Fuad Babayev: Niyə? Yəni bizimkilər alman operatoru kimi çəkə bilmirdi yoxsa səbəb başqa idi? Samir Kərimoğlu: Yox, daim işlədiyimiz operatorların həmin ərəfədə əllərində başqa işlər var idi.
Fuad Babayev: Deməli bizdə yaxşı operator defisiti yaşanır. Amerikada, Avropada gündə onlarla film çəkilir. Onlarda bu problem yoxdur, amma bizdə var.
Rüfət Əsədov: Onlarla bizi müqayisə etmək düzgün də deyil. Əsasən də əhali sayı baxımından. Mən 5 dəfə Amerikada olmuşam. Onlarda film çəkilmə mexanizmindən xəbərim var. Təsəvvür edin ki, orada təxminən 500 fond film çəkiişi üçün maliyyə ayırır. Los-Anceles şəhərində elektrikdən tutmuş polisə kimi hamı ssenari yazır. Hansısa birində alınır. Və yazılan ssenariyə film çəkilir.
Rasim Balayev: Bizdə Mədəniyyət və İncəsənət Universitetində operatorluq şöbəsi var. Video aparatla iş öyrədilir. Tələbələrə müasir standartlar- plyonka və rəqəmsal çəkilişlər öyrədilməlidir. Toy çəkən operator film çəkə bilməz. Baza yoxdur. Baza yoxdursa operator istehsal etməyə dəyməz.
Samir Kərimoğlu: Tək nəzəriyyə ilə iş olmaz. Film çəkməyə başlayan insanın təcrübəsi olmalıdır. Tələbələr heç nə etməsələr belə film studiyalarında çəkilişlərə baxmalıdırlar. O meydanı hiss etməli, prosesi izləməlidirlər.
Rüfət Əsədov: Vətənpərvərlik mövzusuna militarist aspektdən yanamalı deyilik. Tamaşaçıya bu aspekt təsir eləmir. Qəbiristanlıq effekti yaranır. Hamımız kinoteatrda baxırıq və unuduruq.
Rüfət Əsədov: Məsələn, bayaq Samir müəllim “Mandarin” filmi haqqında danışdı. Orada hadisələr bir eston kəndində baş verir. Gürcü ilə abxazın davasına kənar baxışdı. 50 milyon dollar da maliyyə ayrılsa döyüş səhnələri bol filmlər heç kimi təəccübləndirmir. Bu günün tamaşaçısı informasiyalı tamaşaçıdır. Biz militarist filmlər yox, düşündürücü filmlərə üstünlük verməliyik.
Samir Kərimoğlu: Vətənpərvərlik motivində çəkilən filmlər müzakirə edilməli, məsləhətləşmələr olmalıdır. Məsələn, ermənilər kino sahəsində ideyasızdılar. Ona görə də türkiyəli rejissor Fatih Akına maliyyə ayırıb dedilər ki, bizim soyqırımdan kino çək. Görün, necə mükəmməl gedişdir. Türkün əli ilə erməninin qırılmasını göstərirlər. Bu hansısa erməninin çəkdiyi bir filmdən daha effektli üsul deyilmi?
Rüfət Əsədov: Bu yaxınlarda eşitdim. Bizdə də musiqidə çox yaxşı addım atıblar. Bir fransız bəstəkarına sifariş verdilər. O da gəldi Bakıda araşdırdı, işlədi və muğam elementləri ilə bir “Xocalı 613”simfoniyası yaratdı. Fransada kilsədə onun təqdimatı oldu. Yəni özgənin dilindən dərdi çatdırmaq çox effektli üsuldur.
Fuad Babayev: Amil müəllim, sizi eşidək. “Qara bağ” filminin rejissoru və ssenari müəllifisiniz.
Amil Məmiyev: Mənim üçün vətənpərvərlik filmdə dolma göstərmək deyil. Vətənpərvərlik insani dəyərləri göstərməkdir.
Fuad Babayev: İnsani dəyərləri göstərmək kosmopilitizmə aparmır?
Amil Məmiyev: Elə mən kosmopolit yanaşma qoymaq istəyirəm.
Fuad Babayev: “Qara bağ” filmindən danışaq.
Amil Məmiyev: Bu filmin adında metafora işlətmişəm. Dilək ağacına bağlanan düyün mənasındadır qara bağ. Qısametrajlı, 25 dəqiqəlik bədii filmdir. Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfər kimi aktyorlar çəkilib.
Fuad Babayev: Film necə ərsəyə gətirdiniz?
Amil Məmiyev: Laçınlı, Qarabağlıyam. İdeya 2 il əvvəl beynimdə var idi. Moskvada təhsil alıram. Bu mövzu həm də mənim diplom işimdir. Buna görə də mövzunu işləmək xüsusi maraqlı oldu. Filmi Mədəniyyət və Turizm Nazirliyi maliyyələşdirir. Moskvada təhsil aldığım universitetdə erməni qrup yoldaşım da var. O da Qarabağ mövzusunda film çəkir. Ona görə də mən bu işə xüsusi diqqətlə yanaşıram. Film Azərbaycan dilindədir, rus dilində subtitrları var.
Fuad Babayev: Filmlərimizdə nə çatışmazlıqlar var?
Amil Məmiyev: Problem var, əlbəttə. Amma ssenari problem deyil. Məsələn mənim Qarabağ mövzusunda 3 ssenarim var. Amma maliyyə tapa bilmirəm. Çünki mövzuya kosmopolit aspektdən yanaşmışam.
Samir Kərimoğlu: Məncə, maliyyə tapmaq problem deyil.
Fuad Babayev: Bəlkə kosmopolit yanaşma olduğu üçün maliyyə tapa bilmirsiniz?
Amil Məmiyev: Yəqin ki. Elə film çəkmək lazımdır ki, ona həm də erməni baxsın.
Fuad Babayev: Əlimizdə Zori Balayanın özünün yazdığı türk uşağının başını vəhşiliklə kəsmə etirafları var. Niyə bu haqda bir ssenari yazmırıq?
Amil Məmiyev: Düşünürəm, elə film çəkməliyəm ki, hər iki tərəfi ağlada bilim.
Gündüz Nəsibov: “Летят журавли” müharibə haqqında çəkilmiş ən yaxşı filmlərdən biridir. Ancaq orada bir dənə də olsun döyüş səhnəsi yoxdur.
Aynur Hüseynova: Və ya “Мальчик в полосатой пижаме” filmi. 2 uşağın simasında müharibənin dəhşəti göstərilir.
Samir Kərimoğlu: Amma siz dediyiniz filmlər bitmiş müharibələr haqqındadır. İndi İkinci Dünya müharibəsi yoxdur. Bitən müharibəni göstərmək asandır. Ancaq Qarabağ müharibəsi hələ də davam edir.
Fuad Babayev: Hər birinizə minnətdarıq!
Hazırladı: Aynur Hüseynova
1905.az
19 fevral 2015-ci il