
Məşhur Akunin facebook hesabında “Qardian” qəzetində çıxmış yekə məqalədən söhbət açıb. Həm də Çxartişvili olan müəllif yazıb ki, “The Pushkin Job” adlı məqalədə 2022-2023-cü illərdə Avropa kitabxanalarından əntiq rus kitablarını ogurlayan cinayətkar dəstədən bəhs edilir. Oğrular əsasən Puşkinin sağlığında çıxmış kitablarını ələ keçirirlərmiş. Cinayətkarlar 2 milyon yarım funt dəyərində 170 cildi oğurlayıblar və yaxalanıblar.
Bibliofil ogrular gürcü əsilli olublar və “Maksim” adlı naməlum rusiyalı sifarişçinin verdiyi tapşırıqları yerinə yetiriblər.
Gürcü icraçılar həbsdə, rus olduğu istisna edilməyən sifarişçi azadlıqdadır.
Bu öz yerində.
Əsas odur ki, əsl kitabların illər keçdikcə dəyər qazanması barədə əsatiri təsəvvürlər həqiqətlə səsləşdiyi təsdiqlənib.
Doğrudur, dünyada müasir kitabların durumu ilə bağlı xeyli suallar var. Məsələn, You Tube video paylaşma platformasında Z Dayı ləqəbli türkiyəli bloger Ayhan Saloğlu paylaşdığı materialda bir müddət əvvəl keçirdiyi maraqlı sorgudan bəhs edib. O Eminönü meydanında insanlara kitab oxuyub-oxumadıqları ilə bağlı sual veribmiş. 100 adamdan yalnız 2-3 nəfər kitab oxudugunu etiraf edib…
Bəs bizdə vəziyyət necədir?
Sentyabrın 30-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-dən 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) ilə bağlı mətbuat konfransı təşkil olunmuşdu. AZƏRTAC xəbər verib ki, konfransda Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu kitab sahəsini Mədəniyyət Nazirliyinin prioritet məsələlərindən biri kimi səciyyələndirib. O, kitabın ekosistemində yeni investisiyalara fayda olduğunu diqqətə çatdırıb…
Doğrudur, mənə elə gəlir ki, mənzillərin əsl bəzəyi olan ailə kitabxanalarının çoxu ömrünü başa vurub.
Bu yazını yazanda tap.az saytına baxdım. Saytda mebel satışı ilə bağlı 23 135 elana rast gəldim. 1788 elanda çarpayılar, 4791 elanda masalar və oturacaqlar, 3250 elanda divanlar və kreslolar təklif edilirdi. Dolab və ya komod almaq istəyənlərin sərəncamına 1892 elan verilmişdi.
Və cəmi 393 elan rəflərin satışı ilə bağlıydı. Üstəlik, satışda olan rəflərin heç də hamısı kitab rəfi deyildi. Bir xeyli asılqan rəf, ayaqqabı rəfi, ya da vitrin rəf satışı ilə bağlı élan vardı…