“Kvartet” rubrikasında bukinist barədə danışdıq.
Qonaqlarımız “Tom dayının daxması” mağazasının müdiri Ziya Balıyev və “Xanın xəzinəsi” mağazasının əməkdaşı Abdulla İsmayıloğludur.
Fuad Babayev: Sizcə, Bakıda bukinistlərin sayı şəhərin tələbatını ödəyəcək səviyədədirmi?
Abdulla İsmayıloğlu: Məncə, yox. Azərbaycanda insanların tələbatını ödəyəcək bukinistlərin sayı heç 10 deyil.
Fuad Babayev: Bu, optimal saydan nə qədər geri qalır?
Abdulla İsmayıloğlu: Araşdırmalara görə ən çox kitab oxunan ölkə İngiltərədir. Təəssüf ki, Azərbaycan həmin siyahıda axırıncı yerlərdən birindədir. Hətta Qafqaz ölkələri içərisində də biz geri qalırıq.
Ziya Balıyev: Məncə, əhalinin tələbatını ödəmək baxımından bukinistlərin sayı yetərlidir. Hətta məncə, 5 bukinist də kitab oxuyanların tələbatını ödəyə bilər. Bizdə kitab oxuyanların sayı o qədər də çox deyil. Bu baxımdan hazırki bukinistlərin sayı bəlkə də çoxdur.
Fuad Babayev: Bakıda ən böyük bukinist əvvəllər Nizami kino-teatrı ilə üzbəüz idi. Sonra Nizami kino-teatrının altına köçürüldü, daha sonra isə yoxa çıxdı.
Abdulla İsmayıloğlu: Bakıda indi iki məşhur bukinist mağazası var. Biri “Qız qalası”nın yanındakı Elman müəllimin mağazasıdır, digəri də “İçərişəhər” metrostansiyasının qarşısındakı keçiddədir. Bizdə bukinistlərin sayının az olması ilə yanaşı, kitab da az nəşr edilir. Türkiyədə ən aşağı kitab tirajı 5 mindirsə, bizdə yuxarı tiraj mindir. O da əgər həmin kitaba böyük ehtiyac olarsa. Qiymətlər də yüksəkdir. Tutaq ki, Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” kitabının ilk qiyməti 9 manat idi, sonrakı nəşrlərdə qiyməti 12 manat etdilər. Yaxud da Aleksandr Kavelyusun “Leyla” əsəri 9 manat idi, yeni nəşrdə 12 manat oldu.
Fuad Babayev: İnternetin, elektron kitabların meydana çıxması ənənəvi kitabın, xüsusilə də “ikinci əl” kitabı arxa plana keçirmir?
Abdulla İsmayıloğlu: Arxa plana keçirmir. Əksinə, indi bir az kitaba maraq artıb. Amma bizdə sanki bəhsə-bəhs kitab oxuyurlar. Dünya klassikası, siyasi kitablar yox, daha çox Elxan Elatlı, Rövşən Abdullaoğlu, Varis kimi müəlliflərin kitabları oxunur. Cek Londonun şedevri olan “Martin İden” Azərbaycanda demək olar ki, oxunmur.
Fuad Babayev: İndiki nəsil daha çox latın qrafikasında oxuyur. Kiril qrafikasında çap olunmuş kitablar unudulıur. Bu fakt bukinistlərin işlərini əngəlləmir ki?
Abdulla İsmayıloğlu: Bu, bukinistlərdən çox oxuculara təsir göstərir. Gənc nəsil dediyiniz kimi, latın qrafikasında kitablar oxuyur. Təəssüf doğuran hal odur ki, hətta 23-26 yaşlı filoloqlar da kiril qrafikasında kitab oxuya bilmirlər. Bu biabırçılıqdır, çünki ən böyük ədiblərimizin əsərləri kiril qrafikasında çap olunub. Faktın özü artıq Azərbaycanda kitab oxucularının sayını aşağı salır. Həm də axı elə kitablar var ki, onlar kiril qrafikasında vaxtilə çap olunub, amma hələ latın qrafikasında çıxmayıb. Lakin sevindirici məqam da var ki, bəzi fəal gənclər müxtəlif əsərləri öz hesablarına tərcümə edir və ya latın qrafikasında çap etdirirlər. Hətta mən adamlar tanıyıram ki, Dostoyevskinin əsərini öz hesablarına rus dilindən tərcümə və çap etdiriblər.
Fuad Babayev: Bukinistin alıcısının portret cizgiləri haqqında danışaq. O kimdir?
Ziya Balıyev: Alıcılarımız daha çox 27-28 yaş həddindən yuxarı olanlardır. Yəni gənclər, tələbələr deyil. Bu təbəqə ümumiyyətlə, bukinistlərə az müraciət edir. Yəqin ki, bu, onların kiril qrafikasını bilməmələri ilə bağlıdır. 1994-cü il təvəllüdlülərə qədər olanlar az-çox kiril qrafikasında oxuya bilirlər. Amma 1997-1998-ci illərdə doğulanların demək olar ki, heç biri kiril qrafikasında oxumurlar.
Fuad Babayev: Yəni alıcılarınız əksər hallarda tələbələr deyil. O, hansısa tədqiqatçı və ya sadəcə oxumağa həvəs göstərən peşə sahibidir.
Ziya Balıyev: Çoxu evdar qadınlardır.
Fuad Babayev: Bəs orta statistik oxucunun daha çox istədiyi kitab hansıdır?
Abdulla İsmayıloğlu: Bizə daha çox üz tutanlar qiymətə görə gələnlərdir. Məsələn, mən işlədiyim mağazaya gələnlərin mütləq əksəriyyəti qiymətin ucuzluğuna görə ora üz tutur. Bizdə kitab satışı 20 qəpikdən başlayır. Hətta 20 qəpiyə satılan kitabı da “20 qəpikdən ucuz olmaz?” deyə soruşurlar. Bu adda gələcəkdə hekayə də yazmaq istiyirəm. Biz hətta kitabı kirayəyə də veririk.
Fuad Babayev: Yəni kitabxana funksiyasını da həyata keçirirsiniz?
Abdulla İsmayıloğlu: Bəli. Məsələn, 10 manatlıq kitabı kiminsə almağa imkanı yoxdursa, yaxud bu məbləği verməyə əli gəlmirsə, hansısa sənədini bizə qoyur, kitabın qiymətinin 10 faizini ödəməklə, bir həftəyə oxuyub, qaytarır. Bizim müştərilərimizin 80 faizi qadınlardır.
Fuad Babayev: Bu çətin, xüsusi gəlir vəd etməyən işlə məşğul olmağa sizi nə vadar etdi? Orta statistik bukinistin obrazı necədir?
Abdulla İsmayıloğlu: Mənim müdirim Xanoğlan Rəsuloğlu ixtisasca filoloqdur. Jurnalda redaktor olub, müəllim işləyib. Özünü kitab işinə həsr edib. Mənim özüm isə ixtisasca hərbçiyəm. Hərbidən tərxis olunduqdan sonra bu işlə məşğul oluram. Maarifçilik ən böyük amalımdır. Taqor deyirdi ki, “insanlara verilən ən böyük silah onları maarifləndirməkdir”. Mən də istəyirəm ki, insanlara bir xeyrim dəysin. İdeya etibarilə də millətçi-sosialistəm.
Fuad Babayev:Millətçi-sosialist olmağınızın bukinist fəaliyyətinə hansısa bir dəxli varmı?
Abdulla İsmayıloğlu: Bəli, var. Bizim indiki gəncliyə Qərb mətbuatının təsiri ilə sovet dövrünü məqsədli şəkildə unutdurulur. Guya sovet dövründə biz geridə qalmışıq, heç bir mədəniyyətimiz olmayıb. Bu belə deyil. Məsələn, sovet dövründə bizim şair və yazıçıların əsərlərində Cənubi Azərbaycan mövzusu çox aktual idi.
Fuad Babayev: Ziya müəllim, Siz nə üçün bukinistliyə başladınız?
Ziya Balıyev: Mən azadlığı sevən insanam. Başımın üstündə hansısa müdirin olmasını istəmirəm. Ona görə də şəxsi işimi açmaq istədim. Kitab bildiyim sahə olduğundan bukinist mağazası açdım. Mənim tələbəçilik illərim Abdullanın çalışdığı “Xanın xəzinəsi” mağazasında keçib. Bu sahəyə də bir qədər bələdəm. Təzə kitabların satıldığı mağazanı isə qiymətlərə görə açmadım. Həm də istəyirəm ki, görəcəyim işin də insanlara bir xeyri olsun.
Fuad Babayev: Bu sahə müəyyən qədər gəlirli sayıla bilərmi?
Ziya Balıyev: Tam deməzdim, amma hər halda gündəlik xərcləri qarşılayır. Yol və yemək pulu çıxır.
Fuad Babayev. Bu maraqlı proseslə bağlı kitab yazmağı düşünmürsünüz?
Ziya Balıyev: Vaxtilə həmmüəllif kimi “30+1” kitabını yazmışam. “Tom və Çarli” adlı dialoqlardan ibarət bir kitab yazmağı düşünürəm. İdeyasını da elə Xan müəllim verib.
Fuad Babayev: Hansı xitisas üzrə təhsil almısınız?
Ziya Balıyev: Dünya iqtisadiyyatı.
Fuad Babayev: Bir tərəfdən yeni kitablar nəşr olunur. Digər tərəfdən də elektron kitablar buraxılır. İnsanların kitaba marağı isə ləng templə artır. Siz bu sahənin gələcəyini görürsünüzmü?
Ziya Balıyev: Məncə, bu sahənin perspektivi var. Hətta mənə elə gəlir ki, “ikinci əl” kitaba maraq azalmayacaq ki, artacaq.
Abdulla İsmayıloğlu: Məncə, müasir texnologiyaların inkişafı doğrudan da bukinistlərin fəaliyyətinə maneçilik törədir. Amma bizim gənclərimiz müasir texnologiyalardan yalnız əyləncə naminə istifadə etdiklərindən, hələlik kitab nəşri və ticarəti özünü doğruldur. Zənnimcə ingilis dilində kitabların sayının çoxalması və bu dildə kitab oxuyanların sayının çoxalması gələcəkdə Azərbaycan dilində kitab nəşrini azaldacaq. Amma texnologiyadan müvafiq qaydada istifadə edildikdə, bir sıra bukinistlər sıradan çıxacaqlar. Bu, qaçılmazdır.
Ziya Balıyev: Amma mən belə düşünürəm ki, elektron kitablar təzə kitab satıcılarına daha çox mane olacaq. Ucuz qiymətə bukinistdən kitab ala bilirsənsə, elektron kitab oxumağa nə ehtiyac var? Şəxsən mən 30-40 manatlıq kitabı əldə edə bilməyəndə onun elektron versiyasını oxuyuram.
Gündüz Nəsibov: Heç olubmu ki, doğrudan da inci sayılan, 150-200 ilin kitabını satmağı sizə təklif etsinlər?
Abdulla İsmayıloğlu: Bizə bu yaxınlarda 19-cu əsrin 50-ci illərinə aid olan Volterin kitablarını hərəsi 80 manatdan olmaqla 20-yə yaxın kitab təklif etdilər. Amma bizim mağazada ən qədim kitab 1908-ci ilə aiddir. Onu da artıq öz şəxsi kitabxanama qoymuşam.
Ziya Balıyev: Bizə də belə təkliflər gəlir. Elə keçən dəfə İrvin Vaşinqtonun 1870-ci illərdə Peterburqda nəşr edilən “Həzrəti Muhəmməd” kitabını təklif etmişdilər. Elə bu gün də 300-400 ilin kitabını satmaq üçün foto-şəklini mənə göndəriblər. Kitab ərəb dilində əlyazmadır.
Fuad Babayev: “Xanın xəzinəsi” və “Tom dayının daxması” mağazalarının portalını yaratmaq, yaxud elektron kataloqunu hazırlamaq fikriniz varmı ki, buradan asanlıqla kitab sifariş etmək mümkün olsun?
Ziya Balıyev: Bukinsitdə elektron kataloq düzəltmək bir az çətindir. Çünki gün ərzində elə olur ki, 1000 kitab daxil olur, 200-300 kitab çıxır. Bunların bir gündə kataloqa salınması çox çətindir. Bunu etmək üçün heç olmasa 5-6 nəfər tələb olunur.
Fuad Babayev: Biz kitabı satanlar və alanlar haqqında danışdıq. Bəs kitabı gətirib sizə satanlar kimlərdir?
Ziya Balıyev: Fərqli adamlardır. Elələri var ki, evlərini dəyişirlər, müraciət edirlər ki, kitabları apara bilmirlər. Yaxud kimlərsə dünyasını dəyişir və onların övladları gətirib, kitablarını bizə verirlər. Ya da hansısa pab, ya kafe dizayn üçün kitabdan istifadə edir, bağlananda bizi çağırırlar ki, daha kitab onlara lazım deyil.
Hazırladı: Gündüz Nəsibov, 1905.az