Kiyev layihəli olduğu söylənilən binamız 1979-cu ildə tikilib.
Biz də 1980-ci ildə sovet dövlətinin bir qayda olaraq adi insanlara ərməğan etdiyi mənzillərdən birinə köçmüşük. Mənzilimiz 9 mərtəbəli və 10 alaqapısı olan binanın sonuncu alaqapısında, həm də sonuncu mərtəbədə yerləşirdi. Mənzilimiz yenə də oradadır. Və liftlə bağlı məsələlər o dövrdə olduğu kimi indi də aktualdır.
Liftlə bağlı məsələlər dedikdə məhz nələrin nəzərdə tutulduğunu əslində hamı bilir. Əlbəttə, lift işləməlidir. Liftin kabinəsi təmiz olmalıdır. lift xarab olarsa dərhal təmir edilməlidir.
Sadalananlar qədər vacib olan daha bir məsələ var.
Əgər siz liftdə ilişib qalsanız… sizi operativ şəkildə xilas edə bilməlidirlər. Bundan ötrü sizi xilas etməli adamların liftdə ilişib qalmağınızdan xəbərləri olmalıdır… 2023-cü ildə bizim liftdə ilişmiş sərnişin diqqəti cəlb etmək üçün ya çığır-bağır salıb kabinənin divarlarını döyəcləməlidir, ya da mobil telefon vasitəsilə ailə üzvləri və ya qonşularla əlaqə saxlamalıdır. Həmin adamlar da qonşuluqda yaşayan lift nəzarətçisini tapıb onu məlumatlandırmalıdırlar. (lift nəzarətçisinin mobil nömrəsini bilməniz prosesi əhəmiyyətli dərəcədə sadələşdirə bilər.)
Qayıdıram 1979-cu il “təvəllüd”lü binamıza köçdüyümüz 1980-ci ilə.
10 alaqapısı olan binamızın yaxınlığında eyni ölçülü daha bir bina var. Yaxşı xatırlayıram ki, uzaq 80-ci illərdə bizim alaqapının girəcəyindəki kiçik otaqda hər iki binadakı 20 liftlə əlaqə saxlamaq imkanı yaradan xüsusi idarəetmə pultu vardı. Hər hansı bir liftdə nasazliq yaranan kimi sözügedən otaqda növbədə olan liftçilər müdaxilə edə bilirdilər… liftlərin kabinələrində çağırış düymələri işləyirdi.
Indi bu imkanlar yoxdur.
Əvəzində isə hər bir potensial lift istifadəçisinin mobil telefonu var…
Gördüyünüz kimi, uzaq 1979-cu ildə inşa edilmiş 9 mərtəbəli yaşayış binasındakı lift, daha dəqiq desək, həmin liftin istismarı prosesi bütün proseslərin optimallaşdırılması sahəsində uğurlarımızın barometri kimi çıxış edir…
Sonda mütəmadi olaraq liftdən istiadə edən qonşularımızın təcrübə xəzinəsindən iki məqamı diqqətinizə çatdırıram.
Liftdə ilişib qalmamağa çalışmaq və liftə minməzdən əvvəl mobil telefonun saz vəziyyətdə olmasına diqqət yetirmək.
Vəssalam.
Fuad Babayev