1905.az portalının suallarını Seyid Hüseyn tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova cavablandırır
– Müsahibələrinizin birində Seyid Hüseynə qarşı soyuq münasibət olduğunu vurğulamısınız. Soyuq münasibət özünü nədə göstərir və o münasibəti dəyişmək üçün nə etmək lazımdır?
– Son dövrlərdə keçən əsrin 90-cı illərindən bu yana Seyid Hüseynin ədəbi-bədii irsinin öyrənilməsinə münasibətdə soyuq münasibəti hiss etmişəm. Cünki 90-cı illərdən sonra, müstəqillik dövrü sözsüz ki, bütün ədiblərimizin yaradıcılığına yeni baxış tələb edirdi. Bu cəhətdən Seyid Hüseyn kənarda qalan şəxslərdəndir. Sovet dövründə kifayət qədər yazılıb. Bilirsiniz, 50-ci illərdə bəraət qazandıqdan sonra Seyid Hüseyn irsi məqalələr şəklində işləndi. Sovet dövründə Sabir Məmmədovun Seyid Hüseynin ədəbi-bədii yaradıcılığı haqqında namizədlik dissertasiyası yazıldı. Aydın Hüseynzadə Seyid Hüseynin maarifçilik fəaliyyəti ilə bağlı kifayət qədər iş gördü. Bu da sözün açığını deyim ki, Sovet dövründə Seyid Hüseynə ən isti münasibət bəsləyən Aydın Hüseynzadə özü olub. Sabir Məmmədovdan sonra ortalığa heç bir əsaslı tədqiqat qoyulmayıb. Yalnız Aydın Hüseynzadə özü jurnalist olduğu üçün Seyid Hüseynin yaradıcılığına bu aspektdən yanaşırdı. Bədii əsərləri haqqında kiçik bir kitabçası var. Bunları mən Seyid Hüseyn yaradıcılığı üçün az hesab edirəm. Çünki, fundamental bir iş görülməyib. Hələ indiyə kimi bütün seçilmiş əsərləri, ədəbi məqalələri toplanılmayıb. Seyid Hüseyn dövrünün əksər yazıçıları haqqında demək olar ki, kifayət qədər işlər görülüb. Bu cəhətdən narazı qalırdım ki, ədəbi tənqidimizin banisi olan bir şəxs kimi Seyid Hüseynə qarşı soyuq münasibət olub. Bunun konkret nədən qaynaqlandığını deyə bilmərəm.
– Sizin qənaətinizcə, o soyuq münasibət bu gün də davam edir?
– Davam edir. 1990-cı ildən bu yana Seyid Hüseynin yubileyi və ya onun adı ilə bağlı yaddaqalan tədbir də olmayıb. İçərişəhərdə onun evi var, amma üzərində bir xatirə lövhəsi yoxdur ki, Seyid Hüseyn bu evdə yaşayıb. O evdə həm Seyid Hüseyn, həm onun kiçik qardaşı sənətkar, aktyor Mir Paşa yaşayıb. Qeyd edim ki, Mir Paşa erməni qəsdinin qurbanı olub. Ermənilərin törətdiyi qırğın və sui-qəsdlər bu gün də aktual problemlərdəndir. Mir Paşa mövzusunu ilk dəfə mən əsaslı şəkildə tədqiq etmişəm. İçərişəhərdəki bu evdə Seyid Hüseynin həyat yoldaşı Ümgülsüm yaşayıb, Oqtay Sadıqzadə, Toğrul Sadıqzadə, Qumral Sadıqzadə dünyaya gəlib. Hamısı da bizim elmimizə, incəsənətimizə töhfə verən şəxsiyyətlərdir.
– O bina səhv etmirəmsə, indi də o ailənin sərəncamındadır.
– O evdə Seyid Hüseynin qız nəvəsi Qumral Sadıqzadənin qızı Gülər xanım yaşayır. Yenə də diqqətdən kənar, evin içi bərbad vəziyyətdədir. Heç kim düşünmür ki, bu Seyid Hüseynin ocağıdır. Ümumiyyətlə, o ev Seyid Sadığın ocağıdır və seyid nəslinin ocağı kimi vaxtilə çox gəlişli-gedişli olub. Hətta, şəhərin kənarlarından da Seyid Sadığın evini ziyarətə gəlirdilər. Amma, 1990-cı ildə bu bina üzdən bərpaolunub. Taxta şüşəbənd, daş şüşəbəndlə əvəz edilib.
– Könül xanım, Sizdə Seyid Hüseyn yaradıcılığına maraq necə yarandı?
– 10 ildən artıqdır ki, mən Seyid Hüseyn yaradıcılığını araşdırıram. Mənə ədəbiyyat tarixindən mühüm bildiyim, işlənmə dərəcəsi qənaətbəxş olmayan mövzunu təqdim etmək tapşırılmışdı. Birinci dəfə mən təklif qaldırdım ki, Seyid Hüseyn yaradıcılığı öyrənilməlidir. O zaman Ədəbiyyat institutunun direktor müavini olan Teymur Kərimli təklifimi qəbul etdi və mən işləməyə başladım. Çünki düşünürdüm ki, mənim ədəbiyyatşünaslığa verə biləcəyim töhfə yalnız Seyid Hüseyn yaradacılığının tədqiqi ola bilər.
– Bu il Seyid Hüseynin 130 illiyidir.
– Bəli. 1887-ci il yanvar ayının 25-də anadan olub. Seyid Hüseynin qətlə yetirilməsi də yanvar ayının 5-dən 6-na gecəyə təsadüf edib.
– Yeri gəlmişkən, onun qətlə yetirilməsi ilə bağlı müxtəlif versiyalar var. Seyid Hüseyn Qum adasında və yaxud Sibirdə sürgündə qətlə yetirilib?
O sənədlər sübut edir ki, 1938-ci il yanvar ayının 5-dən 6-na keçən gecə Seyid Hüseyn Qum adasında güllələnib. Yəni güllələnmə haqqında qərar var.
– Əslində Bakıda. Mən də çox araşdırdım. Hətta, repressiyalar tarixini öyrənən Cəlal Qasımovla da görüşdüm. O dedi ki, Seyid Hüseynlə bağlı MTN arxivini üzə çıxarıb. Aydın Hüseynzadənin də əlyazmalarını Qumral xanım ona veribmiş. O sənədlər sübut edir ki, 1938-ci il yanvar ayının 5-dən 6-na keçən gecə Seyid Hüseyn Qum adasında güllələnib. Yəni güllələnmə haqqında qərar var. Qərar varsa, o mütləq icra olunmalıdır. Sadəcə Sizin dediyiniz Sibir məsələsi haradan gəlir. Məmməd Əli Rəsulzadə (red. – Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu, jurnalist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü) öz xatirəsində yazır ki, guya Seyid Hüseyn Sibirdə sürgündə olub. Amma, o Seyid Musəvi ola bilər. Seyid Hüseynə aidiyyəti yoxdur. Orada adlar qarışdırılıb.
– Seyid Hüseynin ev muzeyi yaradılacağı təqdirdə ədibin özünə məxsus olan hansısa əşyaları tapmaq mümkündürmü?
– Əlyazmaları Nizami adına Ədəbiyyat muzeyində və Dövlət arxivində saxlanılır. Həmin əlyazmalarla mən tanışam. Hətta, Seyid Hüseynin özünə məxsus olan Quran kitabının yarımçıq hissələri də qalıb. Söhbət Mirzə Məhəmməd Axundzadə tərəfindən tərcümə olunmuş Quran kitabından gedir. Bundan başqa Seyid Hüseynə aid şəkil və fotolar qalıb. Ümgülsüm əl işləri ilə məşğul olduğu üçün ona aid xırda əşyalar qalıb. Amma, Seyid Hüseynin özünə aid olan hər şey gecə ilə müsadirə olunub aparılıb. Azərbaycan bayrağını xilas edən Seyid Hüseyn olub. İlk dəfə qaldırılan Azərbaycan bayrağını bədəninə sarıyaraq Məmməd Əmin Rəsulzadənin evinə təhvil verib.
– Cəfər Cabbarlı da Seyid Hüseyn haqqında çox yüksək fikirdə olub. Hətta, mən oxudum ki, təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz türkləri arasında ona önəmli yer verib.
– Müqtədir münəqqid (red. – qüdrətli tənqidçi) deyir ona.
– Bəli. Seyid Hüseyn özü də tənqidçiliyin nə qədər çətin olmağından yazır. Həqiqətən də ağır məsələdir. Tənqid edirsən, əvəzində düşmən qazanırsan.
-Seyid Hüseynin də düşmənləri çox olub.
-Şübhə yoxdur ki, Seyid Hüseyn Azərbaycan ədəbiyyatı tarixində öz yerini tutub. Biz onun haqqında söhbət ediriksə, demək o bu gün də həyatdadır. Bəs Seyid Hüseynin tənqidçi standartları, meyarları da bu gün yaşayırmı?
– Azərbaycan ədəbiyyatında yaşayır deməzdim. Çünki, çox obyektiv şəxs olub. Əgər söhbət sənətdən ədəbiyyatdan gedirsə, onun üçün dost-tanış, qardaş məfhumu olmayıb. Seyid Hüseyn həmişə öz kəskin sözünü deyib. İndiki zamanda hesab etmirəm ki, o ənənə yaşayır. Bəlkə çox cüzi səviyyədə qalıb.
-Seyid Hüseyn həm də yazırdı. Bədii yaradıcılıq və tənqid bir-birinə həm yaxın, həm də bir qədər fərqli sahələrdir. Bəs özünün tənqidə münasibəti necə olurdu?
– Çox rahat. Əslində Seyid Hüseyn öz xətalarını rahatlıqla etiraf edən adam olub. Ona tutulan iradları etiraf etməyi bacaran şəxs olub. Elə ona görə də onun Ağa statusu həmişə özünü qoruyub saxlayıb. Həddindən artıq təvazökar olub. Kiçik qardaşı Mir Paşa aktyor idi. “Ölülər” pyesinin səhnələşdirməsində Mir Paşa da iştirak edir. Orada Mir Paşanın da adını çəkir və onu həddindən artıq şarj etdiyini göstərir. Yəni öz qardaşını da tənqid edən adam idi.
-Təcrübə göstərir ki, bəzən başqalarını tənqid edənlər özləri tənqidə dözümsüz olur.
– Seyid Hüseyn yumşaq xarakterli, ağır təbiətli, çox işıqlı şəxsiyyət olub. Cavanlığından yoldaşları onu böyük, ağsaqqal kimi qəbul ediblər. Bir faktı danışmaq istəyirəm. Seyid Hüseynin “Mehriban” hekayəsi ilə Cəfər Cabbarlının “Sevil” əsəri eyni süjet xəttini daşıyır. Bunun səbəbini araşdırdım. Demə, Cəfər Cabbarlı Seyid Hüseynin yanında belə bir əsər yazacağını danışıb. Seyid Hüseyn isə bunu Cəfər Cabbarlının danışdığını unudaraq sonradan bu süjeti qələmə alıb. Amma, elə bilib ki, özünün ideyasıdır. Əsər çapa gedəndə, bir hissəsi qəzetdə çıxanda Cəfər Cabbarlı gəlib deyib ki, bunu o danışıb. Və əsəri o yazmaq istəyirmiş. Seyid Hüseyn öz günahını etiraf edib. Bundan sonra Cəfər Cabbarlıya məsləhət verir ki, o əsərin sonluğunu dəyişdirsin.
– Hüseyn Cavidin əsərlərini oxuyarkən orada türkçülük meyllərinin olması açıq-aşkar sezilir. Bəs repressiya illərində Seyid Hüseynə hansı damğanı vurdular? Onu nəyə görə tutdular?
– Seyid Hüseyn, Cəfər Cabbarlı və müsavatçıların hamısı ilk dəfə 1923-cü ildə həbs edilmişdi. O vaxt onların həbsdan azad olunmasına səbəb Mircəfər Bağırov olmuşdu. Bağırov Seyid Hüseynə söz vermişdi ki, nə qədər o sağdır, Seyir Hüseynə ölüm yoxdu. Həqiqətən də 1936-cı ilə qədər bu belə davam etdi. Amma, məsələ ondadır ki, bizim yazarlarımızın günahı yox idi demək, onlara böhtandır. Onların günahı islampərəstlik və türkçülük idi. Seyid Hüseynin tədqiqatçısı kimi deyə bilrəm k, onun bütün əsərləri türkçülüyə, islama xidmət edir. Hər bir əsərində çalışır ki, gerçək islamı əks etdirsin. Söhbət sovet dövründə 1928-1936-cı illərdə yazılmış əsərlərdən gedir. Əsasən də 1928-30-cu illərdə o ardıcıl və qaynar yaradıcılıqla məşğul olur və özünü hekayə ustası kimi təsdiq edir. O əsərlərin hamısı bədii xüsusiyyətlərinə görə və ideya cəhətdən çox böyük ədəbi siqlətə malikdir. Məsələn, “Yatmış kəndin qış gecələri” hekayəsində o İslam obrazını yaradır. O əsərdə obrazın adı islamdır, amma tamamilə islama zidd bir obrazdır. Gerçək islamı isə müəllim obrazı ilə göstərir. Onun müəllimi isə maarifçi islamı qadın azadlıqlarına və insan haqlarına münasibətdə, yetimin haqqını müdafiə etməklə göstərir. Hətta, “Şirinnaz” əsərində Ramazan ərəfəsində ənənə kimi orucluğu gələcək nəslə ötürür. Düzdür bir az tənqidi aspektdən yanaşır. Amma, orada o tarixi verir. Sovet dövründə Ramazan ayındakı Qədir gecəsi haqqında məlumat verir, İmam Əlinin adını salır o əsərə. Əlbəttə ki, Seyid Hüseyni izləyən ermənipərəst qüvvələr var idi. Onun kiçik qardaşı Mir Paşa ermənilərin əlində qətlə yetirilmişdi. Məsələ ondadır ki, Seyid Hüseynin müstəntiqi də elə erməni olmuşdu. Yazıçılar İttifaqında Səməd Vurğunun onu müdafiə etməsinə baxmayaraq əsərlərindəki bu ideyalar onun keşmişə bağlı olduğunu göstərirdi. Repressiya qurbanlarından olan Salman Mümtazın ən yaxın dostu idi Seyid Hüseyn. Seyid Hüseyn heç kimi satmadı. Onun represiyaya uğramasının səbəblərindən biri də onun heç kimi satmaması idi. Onun özünü isə təbii ki, satanlar oldu.
– Seyid Hüseynin qətiyyətli, dözümlü olması da onun represiyaya məruz qalmasına belə demək mümkündürsə, rəvac verib.
-Amma, axıra qədər, 1936-cı ildə Seyid Hüseyn Yazıçılar Birliyindən çıxarılana qədər onu müdafiə edən Səməd Vurğun olub.
– Könül xanım, indi də Seyid Hüseyn irsinin orta məktəbdə öyrənilməsindən danışaq.
“Orta məktəb dərsliklərində Seyid Hüseynin adı bircə yerdə 11-ci sinifdə ümumi tənqidçi kimi gedib.”
– Onun əsərləri dərsliklərdən sıxışdırlıb çıxarılır. Əvvəl 4-cü sinif dərsliklərinə onun “Ağ at və ağ çuxa” kekayəsi salınmışdı. Bədii siqlətinə və ideyasına görə də çox gözəl əsərdir. Orta məktəb dərsliklərində Seyid Hüseynin adı bircə yerdə 11-ci sinifdə ümumi tənqidçi kimi gedib. Davamlı olaraq bu məsələni ictimailəşdirdim. Görünür bunun da müəyyən təsiri oldu. Təhsil nazirliyi buna reaksiya verdi. Seyid Hüseynin 2 əsəri 9-cu sinif Azərbaycan dili dərsliyinə salındı.
– Seyid Hüseynin ümumiyyətlə çap edilməmiş əsərləri olubmu?
– Öz dövründə məişət mövzusunda olan, kökündə erməni və müsəlman neft şirkətlərinin mübahisəsi dayanan bir əsər üzərində işləyirdi. Lalayandan, erməni keşişlərinin obrazından tutmuş Sovet dövrünə qədər dövrü əhatə edir. Amma, əfsuslar olsun ki, bizə həmin əsərin yalnız “Tərlan” adlanan bir hissəsi məlumdur. O dövrdə həmin hissə “Mədəniyyət və inqilab” jurnalında çap olunub. Məndə müəyyən əlyazmalar var. Onların həmin romana aid olub-olmamasını araşdırmaq lazımdır. O ərəfədə Seyid Hüseynə 4 otaqlı mənzil vermişdilər. 1936-cı ildə isə Seyid Hüseyni Yazıçılar Birliyindən çıxardılar, mənzili əlindən aldılar, o roman da itib batdı. “Qara daşın kəraməti” adlı ssenari yazmışdı, onun səhnələşdirilməsi haqqında məlumatım yoxdur. “İki kölgə” adlı ssenarisi isə səhnələşdirilib. Bu əsərlərin də hamısında ictimai narazılıq var idi. Seyid Hüseyn bizə kənardan gələn dəyərlərin hansı milli dəyərlərimizi sıxışdırdığını göstərirdi. Tənqidə məruz qalmış “İki kölgə” əsərinə ədəbi məhkəmə qurulmuşdu. Onun Süleyman Rüstəmlə müştərək “Qara tel” adlı səhnə əsəri olub. O da üzə çıxmayıb. Əlimizdə olan dediyim kimi “İki dost”, “İki kölgə”, “Qara daşın kəraməti” əsərləri qəzetlərdə çap olunub, amma kitablarına salınmayıb. Bundan başqa “Həqiqət illüzyonu” adlı ədəbi məktubu var idi. Mən onu “Ədəbiyyat” qəzetində çap etdirərkən çox tərəddüd edirdim. Çünki, bu şəxsi məktub idi. Lakin, tədqiqat zamanı müəyyən etdim ki, Seyid Hüseyn vaxtında bu əsəri çap etdirmək istəyib, amma nəyə görəsə alınmayıb. Mənim Mir Paşaya həsr etdiyim “Bir ömrün qəlpələri” kitabının yaranmasına da bu məktub səbəb oldu. Məktub ondan ibarətdir ki, Ümgülsüm ondan şübhələnir. Seyid Hüseynin əsərindəki Xədicə obrazı var və eyni zamanda onun Xədicə adlı şagirdu də olduğu üçün Ümgülsüm onu qısqanır. Elə bilir ki, bu obraz şagirdinə həsr olunub. Ümgülsümün qısqanclığını dəf etmək üçün Seyid Hüseyn bu məktubu yazır. Bu məktubda Seyid Hüseyn qadınını inandırmaq üçün erməni qəsdinin qurbanı olmuş qardaşı Mir Paşanın həsrət gözlərinə and içir. Fikirləşdim Mir Paşa kimdir? Araşdırma nəticəsində məlum oldu ki, ermənilər tərəfindən amansızcasına qətlə yetirilib. Hətta deyirlər ki, başına diri-diri mismar çalmaqla öldürülüb.
Seyid Hüseyn Qarabağa çox isti münasibət bəsləyirdi. Onun 1911-ci ildə çap olunan ilk əsəri “Qaçaq oğul” hekayəsində hadisələr məhz Şuşada baş verir. Bakıdan Şuşaya qədər gedilən yolu zərgər dəqiqliyi ilə təsvir edir. Bu şüurlu surətdə edilirdi, bu ərazilərin adını tarixləşdirirdi əsərlərində. Seyid Hüseynin Qarabağ ağrısı onun qardaşı Mir Paşa ilə yekunlaşdı. Anaplı ilə Mir Paşanın ikisini bir yerdə keşişin evində xəynət nəticəsində qətlə yetiriliblər. Orada 5 nəfər qətlə yetirilib. Yerli əhalinin dediyinə görə o erməni qatilləri insanlar diri-diri öz əlləri ilə parçalayıblar. “Kommunist” qəzetində Məmməd Səid Ordubadinin bu barədə məqaləsi var. O zaman konservatoriyanın rəhbəri Oqenezaşvili soyadlı erməni Mir Paşa və Anaplının dəfninə başçılıq edib.
Fuad Babayev, Təmkin Məmmədli, 1905.az