
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Mikayıl Tağıyev və ixtisas seçimi və karyera üzrə mütəxəssis, elm və təhsil eksperti Rizvan Fikrətoğlu ilə əmək bazarından və yeni ixtisaslardan danışdıq.
Fuad Babayev: Bir neçə il bundan qabaq mətbuatda mühasib, korrektor, kitabxanaçı, mənim üçün nə qədər ağrılı olsa da jurnalist, turizm agenti, kaskadyor, hüquq məsləhətçisi, notarius, rieltor (makler), bank işçisi və ekskursiyaçı (bələdçi) kimi ixtisasların 10-12 ildən sonra köhnələcəyi ilə bağlı yazı diqqətimi çəkmişdi. Əlbəttə, bu siyahı çox şərtidir. Keçən ilin sonlarında isə ali təhsilin bakalavriat səviyyəsi üzrə “Riyaziyyat və fizika müəllimliyi” (bu ixtisasın yeniliyi ən azı təəccüb doğurur.), “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları yeni təsnifata əlavə edildi. Tarixin arxivinə göndəriləcəyi iddia edilən ixtisasların yeniləri ilə əvəz olunması qlobal bir proses olduğu üçün bütün dövlətlərə aiddir. Bu barədə Sizin fikrinizi bilmək istərdik.
Mikayıl Tağıyev: Əvvəla, dəvətiniz və belə bir faydalı mövzuda fikir mübadiləsi aparmaq imkanı verdiyiniz üçün təşəkkür edirəm. Siz 7-8 il bundan öncə paylaşılan siyahını bölüşdünüz.
Fuad Babayev: Bəli.

Mikayıl Tağıyev: Biz adətən Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı olaraq əmək bazarının araşdırılması ilə bağlı müəyyən mənbələrə istinad edirik. İstinad etdiyimiz əsas mənbə isə Dünya İqtisadi Forumunun “Peşələrin gələcəyi” adlı hesabatıdır. Dünya İqtisadi Forumunun 2025-ci ilə aid hesabatında “Data analitikası”, “Kibertəhlükəsizlik”, “Süni intellekt mühəndisliyi”, “Maşın öyrənmə” (Machine learning) kimi yeni ixtisaslar yer alıb. Bundan başqa süni intellekt nəticəsində insanların bir-birindən uzaqlaşması, onun yaradıcılığa mənfi təsir göstərməsi psixologiya kimi bəzi ənənəvi ixtisasların bugün də öz aktuallığını qorumasına rəvac verir. Bütün bu məsələləri nəzərə alaraq demək olar ki, bəzi peşələr həqiqətən də yenilənir, formasını dəyişir, bəziləri isə sıradan çıxır. Misal üçün indiki dövrdə biz birmənalı olaraq mühasib peşəsinin sıradan çıxmasını iddia edə bilmərik. Əgər sovet dövründə mühasiblər “şotka” ilə (taxta hesablayıcı – red.), daha sonralar kalkulyatorla hesablayırdılarsa, hazırda hələ də əhəmiyyətini itirməyən Excel proqramından istifadə olunur. Bu gün Beynəlxalq Maliyyə proqramları var. Müasir tələbələr yaxşı bilirlər ki, beynəlxalq maliyyə sertifikatı əldə etmədən əmək bazarında yer tutmaq çox çətindir. Çünki, mühasibatlıq, maliyyə sistemi artıq formasını dəyişdirib.
Fuad Babayev: Amma istənilən halda insan amili qalır.
Mikayıl Tağıyev: İnsan amili qalır. Sadəcə burada bir məqam var. Bu proqramlar sayəsində əvvəllər 40 nəfərin gördüyü işi indi 1 nəfər icra edir. Dünya İqtisadi Forumunun hesabatına görə 2030-cu ilə qədər dünyada 97 milyon iş yeri bağlanacaq.
Əvəzində 100 milyondan çox yeni iş yeri yaradılacaq. Kargüzarlıq kimi fəaliyyət sahələri yerini avtomatlaşdırılmış, süni intellekt mərkəzli işlərə verəcək. Həmişə belə bir sual qoyulur ki, süni intellekt insan əməyini əvəz edə bilərmi? Bütün tədqiqat və sorğuların nəticəsi belə bir qənaətə gəlməyə imkan verir ki, insan süni intellektlə dost olacağı təqdirdə süni intellekt onun əməyinin önünə keçməyəcək. Amma insan gələcəkdə əməli fəaliyyətində süni intellektdən istifadə edə bilməyəcəksə, çox güman ki, onun əsarətinə düşəcək.
Fuad Babayev: İxtisas seçimində əsas təmayül nədir? Sizin qənaətinizcə, abituriyentlər ən çox hansı ixtisaslara maraq göstərirlər?
Rizvan Fikrətoğlu: Mən də dəvətə görə öz təşəkkürümü bildirirəm.Əslində söhbətimizin əvvəlində sadaladığınız ixtisasların heç biri hələ aktuallığını itirməyib. Mən deyərdim ki, ixtisasların əksəriyyətində ləğv olunma deyil, forma dəyişikliyi var. Televiziya yarananda deyirdilər ki, radio sıradan çıxacaq. Amma radio bugün də yaşayır.
Fuad Babayev: Videomaqnitofonlar çıxanda deyirdilər ki, kinoteatrlar məhv olacaq.
Rizvan Fikrətoğlu: Bəli. Audiovizual medianın mövcudluğu qəzetləri tamamilə sıradan çıxara bilməyib. İxtisaslarda daha çox deformasiya var. Misal üçün kitabxanaçılıq və mühasibliyi rəqəmsal platformaya keçirməklə bu ixtisasları zamanın tələbatına uyğunlaşdırmaq olar. Jurnalistikanın rəqəmsal media ilə daha çox vəhdət təşkil etməsi artıq müasir dövrün tələbinə çevrilib. Bugün avtomatlaşmanın da arxasında insan amili dayanmalıdır. Çünki biz hər şeyi texnologiyanın ixtiyarına verə bilmirik. Texnologiya hissləri anlaya bilmir, emosiyanı başa düşmür.
Fuad Babayev: Hələlik başa düşmür. Müəyyəm müddətdən sonra onu da başa düşəcək.

Rizvan Fikrətoğlu: Əvvəllər bizdə inklüziv təhsil (ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi. Bu, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir – red.) növü var idi. Hazırda inklüziv təhsilin adını dəyişərək “Korreksiyaedici təlim” qoyublar. Korreksiyaedici təlim yeni ixtisas kimi təqdim olunsa da bu yeni ixtisas deyil, xüsusi pedaqogikadır. İnklüziv təhsilin başqa bir forması da sosial işdir (cəmiyyətin problemli təbəqələrinin mənafeyi və sosial rifahı uğrunda vasitəçilik edən sfera – red.). Bu əməkdaşlar daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışırılar. Düşünürəm ki, sosial iş ixtisasının da adında düzəliş etməyə ehtiyac var. Sosial işçilər əsasən imkanları məhdud olan, zorakılığa məruz qalmış, həbsxanadan yeni çıxmış şəxslərlə işləyirlər. Mən hesab edirəm ki, bir çox ixtisasların birləşdirilməsinə, reformasına ehtiyac var. Misal üçün “Filologiya” ilə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının birləşdirilməsi daha məqsədəuyğun olardı. Hazırda filologiyanı, tarix və ya fizikanı qurtaran məzunlar müəllim işləyə bilmirlər. Bizdə ixtisas qruplarında təsnifat problemi var. I ixtisas qrupunda RK (Riyaziyyat-kimya) altqrupunda 55 ixtisas var. III qrupda bir-birini təkrarlayan ixtisaslar var.
Təmkin Məmmədli: Hansı ixtisaslar bir-birini təkrarlayır?
Rizvan Fikrətoğlu: Bayaq da qeyd etdiyim kimi “Filologiya” ilə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisaslarında eyni fənnlər tədris olunur. Sadəcə filoloqların müəllim kimi fəaliyyət göstərmək hüququ yoxdur. Eyni sözləri “Tarix” və “Tarix müəllimliyi” ixtisasları barədə də demək olar. Paqon daşımaq həvəsində olan abituriyentlər isə III qrupda “Huquqşünaslıq” ixtisasına üstünlük verirlər. Əvvəl “Jurnalistika”ya maraq göstərənlər daha çox idi. İndi bu tendensiya azalıb.
Fuad Babayev: “Beynəlxalq münasibətlər” ixtisasına münasibət necədir?
Rizvan Fikrətoğlu: “Beynəlxalq münasibətlər” ixtisasına da böyük maraq yoxdur. “Azərbaycan dili və ədəbiyyatı”, “Tarix müəllimliyi” ixtisasları müəyyən dərəcədə aktuallığını saxlasa da, “Politologiya”ya, “Tarix”ə, “Filologiya”ya, “Sosial iş”ə, “Muzeyşünaslığa” maraq hədsiz dərəcədə azdır. Əvvəllər hüquq ixtisasına keçid balı çatmayanlar jurnalistikanı seçirdilər. Hazırda jurnalistikaya qəbul imtahanına orta məktəb səviyyəsində, jurnalistikanın prinsiplərinə cavab verməyən çox məzmunsuz bir esse salınıb. Bu esseni yazan şəxs 200 balla ali məktəbə daxil olduğu haıda, 600 bal toplayan abituriyent kənarda qalır.
Fuad Babayev: İxtisas seçimi sizin fikrinizcə, formal bir şeyə çevrilməyib ki? Yəni ixtisası üzrə iş tapıb işləyə bilən adamların sayında azalma müşahidə olunmaya bilməz.
Rizvan Fikrətoğlu: Əslində tam haqlısınız. İşə qəbul zamanı işəgötürənin konkret tələbləri olmalıdır. Elə sahə var ki, orada işləmək üçün ali təhsil tələb olunmur. 40 nəfər əməkdaşı olan idarədə 20 nəfər ali təhsilli, 10 nəfər kolleci bitirən, 10 nəfər də tam orta təhsilli şəxs işləyə bilər. Bizdə isə bu tələblər yoxdur. Mən düşünürəm ki, bu sahədəki boşluqlar aradan qaldırılmalıdır. İşə qəbul zamanı konkret ixtisas tələbləri qoyulsa, bu problemlər öz həllini tapa bilər. Dövlət Qulluğuna qəbulla bağlı bir nümunə göstərmək istəyirəm. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti üçün təqdim olunan vakansiyada namizəddən pedaqoji ixtisas, filologiya və jurnalistika təhsili tələb olunurdu. Həmin vəzifəyə səhv etmirəmsə, “Təsviri incəsənət müəllimliyi” ixtisasını bitirən şəxs seçildi. Bu vakansiya üçün konkret olaraq “Jurnalistika” ixtisası tələbi qoyulsaydı, daha məqsədəuyğun olardı.
Fuad Babayev: Bu qəbildən olan hallar sadəcə işəgötürənin manevr imkanını artırır.
Təmkin Məmmədli: Mikayıl müəllim, əmək bazarının araşdırılması nəticəsində hansı ixtisaslara daha çox ehtiyacın olması ilə bağlı müvafiq qurumlara tövsiyələr verirsinizmi? Universitetlərin qəbul planını əmək bazarının təlabatına adekvat hesab etmək olar?
Mikayıl Tağıyev: Dövlət Məşğulluq Agentliyinin “İxtisas bələdçisi” adlı layihəmiz var. Bu layihə çərçivəsində bizim əməkdaşlar Naxçıvan da daxil olmaqla, 13 iqtisadi regiona səfərlər edib. Bu səfərlərdə həm Bakıda, həm də regionlarda düzgün ixtisas seçimi barədə məktəblərdə maarifləndirici söhbətlər aparılıb.
Təmkin Məmmədli: Maarifləndirici söhbətlər yuxarı sinif şagirdləri arasında keçirilir?
Mikayıl Tağıyev: Bəli. 7-11-ci sinif şagirdlərinə ixtisas, ümumiyyətlə karyera seçimi haqqında məlumat veririk. “İxtisas bələdçisi” layihəsi çərçivəsində getdiyimiz ən sonuncu səfərimiz zamanı biz datalar (məlumat bankı, texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumat – red.) topladıq. 8700 nəfərdən çox şagird arasında keçirdiyimiz sorğudakı suallardan biri də “Sizin ixtisas seçiminə ən çox təsir göstərən amil nədir?” idi. Mən özüm getdiyim hər bir məktəbdə də şagirdlərdən hansı ixtisaslara müraciət edəcəklərini soruşurdum. Cavabda əsasən hüquq, müəllimlik kimi 1-2 ixtisasın adı çəkilirdi. Çox zaman beynəlxalq münasibətlər ixtisasının seçən şagirdlərin gələcəkdə harada işləyəcəkləri barədə məlumatları belə olmurdu. Sadəcə Lerikdə olanda auditoriyanın təxminən 60 faizi maliyyə sahəsində təhsil alacaqlarını bildirdi. Xanımlar isə daha çox tibb bacısı, bəzən isə cərrah peşəsinə üstünlük verirdilər. İxtisas seçimi əslində abituriyentin topladığı bala görə aparılmamalıdır. Burada işin psixoloji tərəfi, uşağın maraq dairəsi, bacarığı, istedadı nəzərə alınmalıdır. Bunun üçün də şagirdin potensialı müəyyənləşdirilməlidir. Çox təəssüf ki, məktəblərdə bu istiqamətdə iş aparılmır. Bizə müraciət edən şəxslərin potensialını müəyyənləşdirmək üçün onları peşəyönümlü testlərdən keçiririk. İnsanların maraq dairəsi müəyyən edildikdən sonra onların bacarığının əmək bazarına uyğunluğu araşdırılmalıdır. İxtisas seçimində bizim qarşılaşdığımız ən böyük problemlərdən biri də şagirdlərin nəinki valideynlər, hətta müəllimlər tərəfindən də yanlış istiqamətləndirilməsidir. Bölgələrimizdən birində “əşi, qız uşağı ya müəllim, ya da həkim ola bilər” deyən müəllimlə bizim əməlli-başlı diskussiyamız oldu.
Fuad Babayev: Mən də bir qız atası kimi buna etiraz edirəm.
Mikayıl Tağıyev: Bu fəlakətdir. Bu həqiqətən etiraz olunmalı məsələdir.Biz o uşaqlara başa salmağa çalışırdıq ki, yanlış ixtisas seçimi gələcək həyatınıza çox böyük təsir göstərə bilər. 4 il təhsil müddəti hədər yerə niyə yanlış istiqamətə yönəlməlidir? İxtisas seçimi zamanı şagird öz dəyərlərini, bacarığını və əmək bazarını nəzərə almalıdır. Təhsil sisteminin əmək bazarının tələbatına uyğunluğu ilə bağlı sualınıza cavab olaraq onu deyə bilərəm ki, əmək bazarı durmadan dəyişir. Postpandemiya dövründə konkret peşə sahələrində “bum” effekti (hər hansı sahədə diqqəti cəlb edən sürətli artım – red.) baş verdi. Mən burada rəqəmsal marketinqi nümunə kimi göstərə bilərəm. Ümumiyyətlə rəqəmsal marketinq istiqaməti üzrə yönələnlər hədsiz dərəcədə artdı, remote şəkildə (uzaqdan, evdən – red.) işləmək analayışı meydana çıxdı. Biz başa düşdük ki, adi bir kafedə də, evdə də oturub öz işini icra edə bilərsən. Həmin dövrdə ortaya çıxan sual bu idi ki, bizim təhsil sistemi rəqəmsal marketinqlə bağlı nə dərəcədə mükəmməl təhsil verə bilir? Bizdə belə peşəkar müəllimlər varmı? Burada əsas problemlərdən biri odur ki, rəqəmsal marketinq üzrə peşəkarların hazırlanması çox çətindir. Çünki, bir peşəkar müəllimin yetişməsi üçün müəyyən bir vaxt limiti var. Biz belə olan şəraitdə tələbələrə qeyri-formal təhsili tövsiyə edirik. Artıq tələbələr sertifikatlaşdırma proqramlarına, kurslara və təlimlərə müraciət edirlər. Biz tövsiyələr verməklə yanaşı universitetlərin Karyera Mərkəzləri ilə əməkdaşlığa başlamışıq.

Fuad Babayev: Karyera Mərkəzi hər bir universitetdə olmalıdır.
Mikayıl Tağıyev: Bəli.ADA Universiteti və Bakı Ali Neft Məktəbi kimi bir neçə universitetdə Karyera Mərkəzi fəaliyyət göstərir. Bu universitetlər konkret olaraq işəgötürənlərlə əməkdaşlıq edirlər. Dövlət Məşğulluq Agentliyi olaraq biz də onlarla əməkdaşlıq etdiyimiz üçün bu barədə məlumatımız var. Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq çərçivəsində biz onların tələbələrinin potensial maraq xəritəsini tərtib edirik, güclü və zəif tərəflərini müəyyənləşdiririk. Amma çox təəssüf ki, bəzi universitetlərdə ümumiyyətlə Karyera Mərkəzləri yoxdur.
Təmkin Məmmədli: Dövlət Məşğulluq Agentliyində Məzunların Məşğulluq Reytinqi yaradılıb. Bu kadrlar bazası hansı meyarlar üzrə formalaşır?
Mikayıl Tağıyev: Məzunların Məşğulluq Reytinqi də məzunların gələcək karyeralarına dəstək məqsədilə yaradılıb. Bu Reytinq universitetlərlə bizim qarşılıqlı əlaqəmiz nəticəsində formalaşır.
Təmkin Məmmədli: Universitet öz məzunları haqqında məlumatları Agentliyə təqdim etmədiyi təqdirdə sizin kadr bazanızda da onlar haqqında informasiya olmur?
Mikayıl Tağıyev: Çox təəssüf ki, burada da çətinliklərimiz var.Biz ixtisaslarla bağlı Təhsil nazirliyinə müəyyən tövsiyələr veririk. Amma ortaya çıxan ixtisasların heç də hamısı əmək bazarının tələbatına cavab vermir.
Təmkin Məmmədli: Tələbələrin səviyyəsi qənaətbəxş deyil?
Mikayıl Tağıyev: Mən özüm Azərbaycana gəldikdən sonra uzun müddət insan resursları ilə iş şöbəsində çalışmışam. Sizi inandırım ki, bir iş üçün ən vacib olan “Soft skills” (yumşaq bacarıqlar – red.) praktik olaraq tələbələrə öyrədilmir. Problemi həll etmək, situasiyanı idarə etmək, yaradıcı düşünmək, layihə üzərində kollektivlə işləmək, problemi öncədən müəyyənləşdirmək kimi bacarıqları universitetlər tələbələrə öyrədirmi? Bəzi universitetlər proqramlarını yeniləsələr də çeviklik yoxdur. Biz işəgötürənin haqlı tələblərini də nəzərə almalıyıq. İşəgötürənlər xeyriyyə təşkilatı deyil, onlara problemi həll edə biləcək kadr lazımdır. Ona görə universitetlərdəki görüşlərimizdə tələbələrə başa salmağa çalışırıq ki, diplom sadəcə başlanğıc nöqtəsidir. Tələbə könüllü təcrübə proqramlarına qoşulmalıdır, özünü inkişaf etdirməlidir.
Fuad Babayev: Biz bayaqdan ancaq tələbələrdən danışırıq. Mən yaşı çox olduğu üçün işə götürülməyən, yaşı çatmadığı üçün isə pensiya ala bilməyən 45 yaşı haqlamış insanların əmək bazarındakı yerindən danışmaq istərdim. Yiyələndiyi ixtisasa texnoloji cəhətdən ehtiyac duyulmayan ixtisas sahiblərinə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı nə təklif edir?
Mikayıl Tağıyev: Dövlət Məşğulluq Agentliyinin bu qəbildən olan şəxslərlə bağlı proqramları var. Dünya Bankının maliyyələşdirdiyi “Özünüməşğulluq proqramı” çərçivəsində sizin qeyd etdiyiniz yaş kateqoriyasında olan insanların sahibkarlıqla məşğul olmasına Dövlət Məşğulluq Agentliyi kömək edir. Bundan başqa əlilliyi olan şəxslər, təhsil aldığı ixtisası artıq aktual olmayan və ya uzun müddət işləməyən vətəndaşlar peşə hazırlığı kurslarına cəlb olunurlar. Peşə hazırlığı kurslarında da əmək bazarında ən zəruri və aktual olan peşələr öyrədilir. Bu məqsədlə vətəndaşlar DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi – red.) mərkəzlərinə və ya Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına müraciət edə bilərlər.
Təmkin Məmmədli: Peşə hazırlığı kurslarında yaş məhdudiyyəti var?
Mikayıl Tağıyev: Peşə hazırlığı kurslarını bizim əməkdaşlıq etdiyimiz şirkətlər təşkil edir. Həmin şirkətlər özlərinə uyğun müəyyən yaş tələbi qoyurlar. Qanunvericiliklə bizim həmin şirkətlərin işinə təsir etmək imkanımız yoxdur.
Rizvan Fikrətoğlu: Əslində elə sahələr var ki, orada ali təhsilə ehtiyac yoxdur. Amma mütləq şəkildə ali təhsil şərt kimi qoyulur. İşə qəbul zamanı təhsil və yaş məsələsi konkret olaraq qanunla tənzimlənsə daha məqsədəuyğun olar.
Təmkin Məmmədli: Dövlət Qulluğuna qəbulda vəziyyət necədir? Dövlət orqanlarında vəzifə tutmaq istəyən şəxslər hansı tələblərə cavab verməlidirlər?
Rizvan Fikrətoğlu: Ümumiyyətlə, bu məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsi ilə tənzimlənir. Dövlət qulluğunda vəzifələr funksiyalarının məzmununa və səlahiyyətlərinə görə inzibati və yardımçı təsnifata bölünür. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili, yardımçı vəzifə iddiasında olan şəxsin isə tam orta təhsili olmalıdır. Yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul bilavasitə dövlət orqanı tərəfindən həyata keçirilir. Yardımçı vəzifələrə misal olaraq kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. göstərmək olar. İnzibati vəzifə iddiasında olan vətəndaşların hamısı seçdiyi sahədən asılı olmayaraq Qanunvericilik, Məntiq, Azərbaycan dili və İnformatikadan imtahan verərək sertifikat almalıdırlar. Bu imtahanlarda çasdırıcı məqamların üstünlük təşkil etməsi, xırda detallara həddən artıq əhəmiyyət verilməsi mənim fikrimcə, biliyin qiymətləndirilməsindən daha çox əzbərçiliyə şərait yaradır. Seçdiyi vəzifədən asılı olmayaraq hamının eyni suallara cavab verməsi də məncə, düzgün yanaşma deyil. Mən yüzlərlə insan tanıyıram ki, dövlət qulluğuna qəbul üçün imtahan verib sertifikat almasına baxmayaraq ondan istifadə edə bilmir. İmtahandan sonra dövlət qulluğuna qəbul olunmaq istəyən şəxs həmin qurumun təşkil etdiyi müsahibədən keçməlidir. Bu müsahibələrdə isə dünyagörüşü ilə bağlı subyektiv suallarla istənilən namizədi kəsmək mümkündür. Hazırda bir çox publik hüquqi şəxslər (Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır – red.) yaranıb. Bunların da bir qismi dövlət qulluğundan ayrıldığı üçün işə qəbul imtahanını bilavasitə özləri keçirirlər. Dövlət Məşğulluq Agentliyi, DOST Agentliyi kimi publik hüquqi şəxslər işə qəbul prosesini daha şəffaflıq həyata keçirirlər. Çünki onlara həqiqətən kadr lazımdır.
Bir də universitetlərin qəbul planları ilə bağlı bir məsələyə diqqət çəkmək istəyirəm. Bizim universitetlər orta məktəblər üçün hər il 200 nəfərdən çox “Fransız dili müəllimi” ixtisası üzrə kadr hazırlayır. Azərbaycan məktəblərində neçə nəfər fransız dili müəlliminə ehtiyac var? Ümumiyyətlə, bizim neçə nəfər filoloqa, politoloqa, tarixçiyə ehtiyacımız var? Bütün bu sualların cavabı hələ ki, açıq qalır.
Fuad Babayev: Orta məktəb şagirdlərinə və onların valideynlərinə nə tövsiyə edərdiniz? Yaxın gələcəkdə hansı ixtisaslar daha aktual olacaq?

Mikayıl Tağıyev: Mən həmişə valideynlərlə görüşəndə onlara əmək bazarında paylaşılan son 10-15 vakansiyaya nəzər salmağı tövsiyə edirəm. Biz hər hansı bir universitetdə karyera ilə bağlı sanballı araşdırma tapa bilmirik. Ona görə də əmək bazarını özümüz araşdırmaq məcburiyyətində qalırıq, bülletenlər çap edirik, 9 minə yaxın şagirdlə, 500-ə yaxın işəgötürənlə sorğu keçiririk. Bu sorğular nəticəsində məlum olur ki, iş üçün müraciət edən namizədlərin əksəriyyəti sadəcə özlərini normal təqdim edə bilmirlər. Süni intellektdən danışırıq, amma bizim özümüzü düzgün şəkildə təqdim edə bilməmək kimi təməl problemimiz var. Tələbələr, məzunlar, işsiz şəxslərin bəziləri hisslərini, emosiyalarını, bədən dilini effektiv şəkildə ifadə edə bilmirlər. Böyük problem budur. Avtomatlaşdırma gedən, forma dəyişdirən istiqamət və ixtisasları tərəddüd etmədən öz övladlarınıza tövsiyə edə bilərsiniz. Bugün FinTex maliyyəsi (Maliyyə texnologiyası – maliyyə xidmətlərinin göstərilməsində ənənəvi maliyyə metodları ilə rəqabət aparmağı hədəfləyən texnologiya və innovasiyadır. Süni intellekt, Blokçeyn, Bulud texnologiyası və Böyük verilənlər FinTex-in dörd əsas sahəsi qəbul edilir – red.), Maliyyə mühəndisliyi artıq müasir dövrün tələblərinə cavab verən ixtisas sahələridir. Valideynlər əmək bazarının trendlərini izləyərək övladlarına tövsiyə verməlidirlər. Həyat bacarıqlarını övladlarımıza öyrədə bilsək, onlar maliyyəni də idarə edəcəklər, özlərini də təqdim edə biləcəklər, ünsiyyət quraraq problemlərin də öhdəsindən gələcəklər.
Rizvan Fikrətoğlu: Ümumiyyətlə, bizdə 5 ixtisas qrupu var. Əgər kimsə IT (İnformasiya texnologiyaları – red.) sahəsində ayda 10 min qazanırsa, bu hələ hamının o sahədə uğur qazanacağı demək deyil. I qrupun Riyaziyyat-informatika altqrupunda olan bütün ixtisaslar maraqlıdır. “İnformasiya texnologiyaları”, “Kompüter mühəndisliyi”, “Kompüter elmləri” kimi ixtisaslar bir-birinə çox yaxındır. I qrupun Riyaziyyat-kimya altqrupu isə mühəndislik sahəsidir. “Silah və silah sistemləri mühəndisliyi”, “Pirotexniki və partlayıcı vasitələr mühəndisliyi” , “Kimya mühəndisliyi”, “Mexanika mühəndisliyi” kimi aktual ixtisaslara abituriyentlər arasında maraq azdır. Keçid balının aşağı olmasına baxmayaraq bu sahələrə əmək bazarında tələbat var. Bundan başqa “İnşaat mühəndisliyi” kimi ixtisasa da həmişə ehtiyac olacağı yəqin ki, heç kimdə şübhə doğurmur. II ixtisas qrupunda “Davamlı inkişafın idarə edilməsi”, “Dövlət və bələdiyyə idarəetməsi” kimi ixtisaslar var. Keçid balı aşağı olan “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasını bir çox abituriyentlər bələdiyyə sözünə görə bəyənmirlər. Əslində bu ixtisas dövlət idarəçiliyinə aiddir. Bu qrupda “Maliyyə” və “İqtisadiyyat” ixtisaslarında oxumağa dəyər. III ixtisas qrupunda “Hüquqşünaslıq” həmişəki kimi öz aktuallığını qoruyur. IV ixtisas qrupunda Tibb ilə bağlı bütün sahələrə tələbat var. V qrupda isə idmanın bütün sahələrinə və təsviri incəsənət ixtisaslarına həm maraq, həm də tələbat var. Ən nəhayət, müəllimlik sənəti hər zaman aktual olub, bu gün də aktualdır, sabah da aktual olacaq. Sadəcə müəllimlər də müasir metodlara yiyələnməklə rəqəmsal platformalarda dərs keçməyə hazır olmalıdırlar.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 1 avqust 2025-ci ildə baş tutub