№ 754
10 mart 1948-ci il. Moskva, Kreml
SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli 4083 saylı Qərarına əlavə olaraq SSRİ Nazirlər Soveti qərara alır:
1. Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına tamamilə köçürülmüş kolxozlara onlarda olan bütün istehsal vasitələrini (kənd təsərrüfatı maşınlarını, inventarı, canlı və mexaniki qoşqu vasitələrini, bütün növlərdən olan qara-malı və quşları, arı ailələrini, nəqliyyat vasitələrini və digər əmlakı, habelə natural və digər fondları) yardımçı müəssisələr (dəyirmanlar, dinglər, elektrik stansiyaları) və digər istehsalat, mədəni – məişət tikililəri istisna olmaqla, özlərilə aparmağa icazə verilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan SSR-in Kür-Araz ovalığına kolxozçuları köçürülən Ermənistan SSR-in kolxozları köçürülən kolxozçuların payına düşən daşınan əmlakı (kənd təsərrüfatı maşınlarını, inventarı, canlı və mexaniki qoşqu vasitələrini bütün növlərdən olan qara malı və quşları, arı ailələrini, nəqliyyat vasitələrini, natural və digər fondları) köçürülmə faizində onların tərkibinə daxil olduqları kolxozlara verirlər, onların payına düşən daşınmaz əmlakın (çoxillik bitkilərin, dəyirmanların, elektrik stansiyalarının və digər təsərrüfat və məişət tikililərinin) dəyəri isə Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti tərəfindən müəyyən edilmiş müddətlərdə məskunlaşma yerlərindəki kolxozlara verilir.
3. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozlarla, kolxozçularla və digər azərbaycanlı əhali ilə onların Ermənistan SSR-də saxladıqları əmlaka görə hesablaşmaların qaydasını bir ay müddətində müəyyən etsinlər.
4. Ermənistan SSR Nazirlər Sovetinə və Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, köçürülən kolxozçulara, həmçinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən fəhlələrə və qulluqçulara çıxma yerlərində onlara məxsus evlərin satılmasında kömək etsinlər.
5. Azərbaycan SSR Nazirlər Sovetinin köçürülən əhalinin təsərrüfat quruluşu və kolxoz təsərrüfatlarını köçürülməsi şöbəsinin Azərbaycan SSR Nazirlər Sovetinin köçürülmə idarəsinə çevrilməsi məqsədəuyğun hesab edilsin.
6. Kür-Araz Ovalığında Susuvarılan Torpaqların Mənimsənilməsi İdarəsinə köçürülən kolxozlara, köçürülən kolxozçulara texniki yardım və inşaat materialları ilə təmin edilməkdə yardım edilməsi, habelə göstərilən köçürülmələrin abad məskunlaşması üçün zəruri olan yardımçı müəssisələrin tikilməsi həvalə edilsin.
7. Azərbaycan SSR Nazirlər Sovetinə və SSRİ Kənd Təsərrüfatı Nazirliyinə “Azərköçürmətikinti” kontorunun bazasında “Azərköçürmətikinti” tresti, onun Kür-Araz Ovalığında Susuvarılan Torpaqların Mənimsənilməsi İdarəsinə tabe etməklə, təşkil edilməsinə, habelə göstərilən trestdə Salyan, Əli-Bayramlı, Sabirabad və Puşkin məntəqələrində tikinti-quraşdırma kontorları təşkil edilməsinə icazə verilsin.
8. Azərbaycan SSR Nazirlər Sovetinə:
a) kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi dövrü üçün Ermənistan SSR-də (Yerevan şəhərində) nümayəndəlik təşkil etməyə;
b) azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsilə əlaqədar hazırlıq işlərinin aparılmasına (layihələşdirməyə, yardımçı müəssisələrin tikilməsinə, meşə-sənaye təsərrüfatlarının təşkilinə, materiallar, tikinti avadanlığı, nəqliyyat-vasitələri alınmasına) respublika üzrə mərkəzləşdirilməmiş (limitdən kənar) əsaslı xərclərə 1948-ci il üçün nəzərdə tutulmuş məbləğ hesabına 1948-ci ildə 11 milyon manat xərcləməyə;
c) Molotov vilayətində meşə materialları tədarükü üzrə işlər üçün və Azərbaycan SSR-in Kür-Araz Ovalığında Susuvarılan Torpaqların Mənimsənilməsi İdarəsinə apardığı işlər üçün respublikanın kənd əhalisi arasından 1948-ci ildə 700 nəfər təşkil edilmiş toplama aparmağa icazə verilsin.
9. Azərbaycan SSR Kür-Araz ovalığında suvarılan torpaqların mənimsənilməsi idarəsinə:
a) 1948-ci ildə qurğular, binalar və yardımçı müəssisələr tikilməsi üzrə işlər aparmağa, həmçinin kənd təsərrüfatı komitəsilə razılaşdırılmış maliyyə-hesablamaları üzrə köçürülmə tikintisinin gələcək genişləndirilməsinə hazırlıq tədbirləri görməyə:
b) 1948-1950-ci illərdə Molotov vilayətində meşə-sənaye təsərrüfatının istehsal gücünü artırmağa icazə verilsin.
10. SSRİ Dövlət Təchizat Komitəsinə, Avtomobil və Traktor Sənayesi nazirliyinə, Maşınqayırma və Cihazqayırma Nazirliyinə, Elektrik Sənayesi Nazirliyinə, SSRİ Ət və Süd Sənayesi Nazirliyinə, SSRİ Tikinti Materialları Sənayesi Nazirliyinə, Kimya Sənayesi Nazirliyinə, SSRİ Yeyinti Sənayesi Nazirliyinə tapşırılsın ki, 1948-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinə Kür-Araz ovalığında suvarılan torpaqların mənimsənilməsi idarəsi üçün Əlavəyə uyğun miqdarlarda avadanlıq və materiallar göndərsin.
11. Mərkəzi Kooperativlər İttifaqına tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozlara və kolxozçulara satmaq üçün Azərbaycan SSR Nazirlər Soveti ilə razılaşdırmaqla inşaat materialları və avtomaşınlar gətirsin.
12. Yollar Nazirliyinə tapşırılsın ki, 1948-ci ildə Azərbaycan SSR Kür-Araz ovalığına suvarılan torpaqların mənimsənilməsi idarəsinə Azərbaycan Dəmir Yolunun Lənkəran, Salyan, Sarıcalar, Saatlı, Qırmızıkənd, Dayıkənd, Papanin, Yeni Osmanlı, Daşburun, Ucar və Masallı stansiyalarında dəmir yolunun ixtiyarında olan sahə hüdudlarında göndərmə-yükləmə meydançalarına dalanlar çəkilməklə boşaltma-yükləmə və rels anbarları üçün hər birinin uzunluğu 600 metr olan sahələr ayırsın. Göstərilən işlərin aparılması Azərbaycan SSR Kür – Araz ovalığında suvarılan torpaqların mənimsənilməsi idarəsinə həvalə edilsin.
13. SSRİ Kənd Təsərrüfatı Nazirliyinə 1948-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinə Azərbaycan SSR-in meşə materialları tədarükü təşkilatlarına satmaq üçün atçılıq zavodlarından çıxdaş edilmiş 50 at ayırmağa icazə verilsin.
14. SSRİ Nazirlər Soveti yanında Dövlət Ştat Komissiyasına tapşırılsın ki, Azərbaycan SSR Nazirlər Soveti yanında təşkil edilən Köçürülmə İdarəsinin, “Azərköçürmətikinti” Trestinin və onun tikinti-quraşdırma kontorlarının, habelə Azərbaycan SSR Nazirlər Sovetinin Ermənistan SSR-in Yerevan şəhərində nümayəndəliyinin ştat cədvəllərini bir ay müddətində nəzərdən keçirsin və təsdiq etsin.
SSR İttifaqı Nazirlər Sovetinin sədri İ. Stalin
SSRİ Nazirlər Sovetinin İşlər müdiri Y. Çadayev