Bəşəriyyət dövlət yaratdığı gündən daima konstitusiyalı (latın sözü olan constitutio – quruluş, təsisat deməkdir) və konstitusiyasız saysız-hesabsız siyasi sistemlərin təşəkkül və süqutuna şahidlik edib.
Hər bir dövlət müstəqillik və suverenlik arzularını, qurmaq istədiyi cəmiyyətin strateji xəttini öz konstitusiyası (yazılı və yazısız) ilə müəyyənləşdirir.
Tarixən soyqrım və deportasiyalara məruz qalmış xalqımız kimi Konstitusiyamıza gedən yol da keşməkeşli olmuşdur. Həmin yola qısa nəzər salaq:
1917-ci il Oktyabr çevrilişindən sonra tarix səhnəsinə çıxan və 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 17 ayda 145 iclası keçirilmişdir. Fəaliyyəti dövründə Cümhuriyyət Parlamenti 230-a yaxın qanun layihəsini təsdiq etsə də, müstəqil respublikanın konstitusiyasını qəbul etmək mümkün olmamışdı. O dövrdə konstitusiya xarakteri daşıyan bəzi aktlar, qərarlar qəbul edilmiş və milli hökumət onların əsasında işləmişdir.
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmuş və 1921, 1925 və 1978-ci illərdə qəbul edilmiş konstitusiyalar Sovetlər Birliyi dağılana qədər qüvvədə qalmışdır.
SSRİ-nin süqutu yaxınlaşdığı ərəfədə 1991-ci il avqustun 31-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamə” qəbul edildi. 18 Oktyabr 1991-ci il tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi isə respublikanın müstəqil dövlətçiliyinin hüquqi əsasını möhkəmləndirdi və onu Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Yeni Konstitusiyanın hazırlanması üçün başlanğıc sayılan bu Akt respublikanın dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarının təsisini nəzərdə tuturdu.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiya qəbul edilənədək 1978-ci il Kontitusiyasının “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə ziddiyyət təşkil etməyən maddələri qüvvədə olmuşdur. 9 oktyabr 1993-cü ildə “Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Nəhayət, 1995-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə müstəqil dövlətimizin Konstitusiyası 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olundu. Prezident Heydər Əliyevin 6 fevral 1996-cı il tarixli sərəncamı ilə 12 Noyabr Konstitusiya Günü kimi qeyd edilir.
Müstəqilliyimizin atributlarından olan KONSTİTUSİYAMIZA həmişəyaşarlıq, özümüzə isə bu ANA QANUNA layiq olmaq istəyi ilə Bayramımız mübarək olsun deyirəm!
Təmkin Məmmədli