Suallarımızı Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli cavablandırdı.
– Könül xanım, milli geyim məsələsinə lazım olan diqqəti yetiririkmi?
– Milli geyimin özü də mədəniyyətin bir hissəsidir, bir qoludur. Milli geyimlərimiz digər maddi mədəniyyət nümunələrimiz kimi, xalqımızın milli və tarixi xüsusiyyətlərini, zəngin dekorativ-tətbiqi sənət ənənələrini əks etdirir. Geyimlərimiz milli xalçamız, musiqimiz, mətbəximizlə yanaşı, xalqımızın estetik görüşlərinin təcəssümüdür. Milli geyimdə xalqımızın həyat tərzi, istehsal səviyyəsi, estetik idealları əksini tapıb. Amma biz bu gün milli geyimi olduğu kimi təqdim etməklə gənclərə sevdirə, onların diqqətini cəlb edə bilmərik. Axı hər dövrün öz tələbləri var. Lakin bizim orijinal milli ornamentlərimiz, kəsimlərimiz, parçalarımız var. Bunları yeni dəbə uyğunlaşdırmaq lazımdır. Dəbdə klassikaya qayıdış fenomeni mövcuddur. Əgər bu gün Avropa ölkələrinin istehsalı olan geyimlərdə bizim naxışlardan, kəsimlərimizdən istifadə olunursa və bu maraqla qarşılanırsa, özümüz niyə bunu tətbiq etməməliyik? Məncə, bu yolla biz milli geyimlərimizə də lazım olan diqqəti cəlb edə bilərik.
– Haqlı olaraq qeyd etdiniz ki, milli geyimlərimiz tariximizin bir elementidir və heç kəs də deyə bilməz ki, bundan imtina etməliyik. Amma həm də biz heç kəsdən tələb edə bilmərik ki, ləbbadə, arxalıq və ya səccadə geyinsin. Bununla belə, bu sənətin itib-batmaması üçün ona hökmən müvafiq orqanlar, yaradıcılıq birlikləri və s. tərəfindən diqqətlə yanaşılmalıdır. Həmin diqqət varmı? Milli Geyim Evinin rəhbəri kimi o diqqətin dozası Sizi qane edirmi?
– Diqqət var. Milli Geyim Evinə gələnlərdən, bizə zəng vuranlardan və yaxud üz-üzə gəldiyim adamların dediklərindən, sərgilərimizin iştirakçılarının sayından bilirəm ki, milli geyimə diqqət də var, dəyər də. Söhbət bundan getmir. Milli geyimlərimiz var, dəyərlidir. Amma bunu bu gün geyinirlərmi, onu kiməsə geyindirə bilərsənmi, yaxud kimsə bunu geyinib cəmiyyət içinə çıxa bilərmi? Ən böyük problem odur ki, milli geyimə yanaşma düz deyil. Söhbət bundan getməlidir. Uzun illər bu geyimi yalnız milli rəqs ansamblının üzvləri geyiniblər.
Və hələ də milli geyim anlayışını bizim insanlarımız başa düşmürlər. Doğrudur, milli kəsimlərdən istifadə olunaraq tikilən, üzərində milli naxışlar olan geyimlər geyən xeyli insanlar var. Azərbaycan kəlağayısı bu gün dünyada bir marka olaraq tanınır. Əgər milli geyimi insanlara doğru, düzgün təqdim edə bilsək və onları inandıra bilsək ki, bu geyimi yalnız rəqqasələr, müğənnilər geyinib efirə çıxmırlar, bəlkə bundan sonra ona diqqət arta və fərqli baxış yarana.
– Azərbaycan xalqının milli geyimi ilə yaxın ərazilərdə yaşayan insanların milli geyimləri arasında fərqlər ciddidirmi?
– Geyim mədəniyyəti elə bir şeydir ki, o tək regionlarla deyil, insanın mənsub olduğu təbəqəylə də dəyişir.
– Əzim Əzimzadənin “Varlı evində toy və kasıb evində toy” rəsmindən də elə bu fərqlər dəqiq görünür.
– Azərbaycanda Qazax-Borçalı, Naxçıvan-İrəvan, Şirvan, Qarabağ, Qusar – Dağıstan və s. geyimi anlayışları var. Xüsusilə sərhədyanı bölgələrin geyimləri bir-birinə çox oxşayır. Xalqlar eyni bölgədə yaşadıqları zaman onların geyimlərindəki oxşarlıqlar qaçılmazdır. Həm qadın, həm də kişi geyimlərində. Məsələn, üst kişi geyimi olan çərkəzi çuxanı XIX əsrdə azərbaycanlı, gürcü, dağıstanlı kişilərinin hamısı geyinib. Hamısı cibləri patron başlıqlı, beli xəncərli arxalıqlar geyinib. Yaxud qadınların hamısının başında örpəyi olub. Bir sözlə, oxşarlıq, yaxınlıq var, amma tamamilə eyni deyil.
– Azərbaycan milli geyimində elə bir elementlər varmı ki, onu digər Qafqaz xalqlarının geyimindən fərqləndirir? Yəni biz həmin geyimə baxan kimi deyə bilərik ki, bu, birmənalı olaraq Azərbaycana məxsusdur?
– Azərbaycan xalqı bər-bəzəyə çox üstünlük verib. Başqa bir xalqın geyimində bizdə olduğu qədər bər-bəzək olmayıb – qızıl pullar, qızıl bel kəmərləri, sinəbəndlər və s. Bütün bunlar hamısı zənginlikdən xəbər verir. Bizim öz ipəyimiz olub, öz parçalarımız olub. Azərbaycanda gözəl parçalar istehsal olunub. Azərbaycanlıların milli geyimi bahalığı, keyfiyyəti, görünüşü, bər-bəzəyi ilə, qızıl pulları, muncuqları ilə həmişə fərqlənib.
– Könül xanım, Siz jurnal da nəşr edirsiniz.
– Bizim qadın jurnalımız var idi – “Sara Xatun”. 2000-2010-cu illər arasında ictimai, ədəbi, siyasi, mədəni sahələrdə çalışan Azərbaycan qadınlarını tanıdır, təbliğ edirdi. İstər müasir, istərsə də son əsrlərdə yaşayan xanımların həyatını araşdırırdıq, onlar haqqında gözəl məqalələr hazırlanırdı. Bəs bu jurnalı nə üçün milli geyimlə bağladıq? Yuxarıda cəmiyyət arasında milli geyimə münasibət barəsində danışdıq. Düşünürəm ki, bu münasibəti dəyişmək üçün mətbuatdan gözəl təbliğat yoxdur. Biz bu layihəyə yeni başlamışıq, cəmi bir ay yarımdır. Bu bir ay yarım ərzində bizə nə qədər xanım müraciət edib. Çox sevindiricidir ki, müraciət edənlərin əksəriyyəti gənclərdir. Milli geyimdə çox gözəl fotosessiya edir, müsahibə verirlər və milli dəyərlərdən, milli geyimlərdən danışmaq onlar üçün xoşdur. Bizim əsas məqsədimiz ziyalılarımızı, ictimai fəal qadınlarımızı buraya cəlb etməkdir. Əlbəttə, mən demirəm ki, hökmən bütün xanımlar milli geyimlər geyinməlidir. Amma bizim gündəlik həyatda geyə biləcəyimiz çox gözəl arxalıqlarımız, ləbbadələrimiz, kürklərimiz var. Yaz, payız, qış geyimləri kimi biz bunlardan istifadə edə bilərik. Biri var ki, bu müraciətləri mətbuatda edirsən ki, mən belə bir layihə hazırlayıram, biri də var ki, özümün belə bir mətbu orqanım olacaq. Kiminsə diktəsi, tələbi olmadan layihəmi burada təqdim edə və milli geyimi istədiyim yöndən təbliğ edə bilərəm. Bu jurnalı da yenidən çap etməkdə məqsədim milli geyimlə bərabər ortaq bir layihə həyata keçirməkdən ibarətdir.
– Jurnalın elektron versiyası da olacaqmı?
– Bəli. Həm onlayn olacaq, həm də iki aydan bir çap ediləcək. Çünkü milli geyimdə fotosessiyalarımız olur, mən istərdim ki, bunlar çap olunsun. Bütün fotoçəkilişlərimiz mədəniyyət ocaqlarında oldu – Şirvanşahlar muzeyində, Xalça muzeyində, Milli İncəsənət Muzeyində, Xətai Sənət Mərkəzində, İçərişəhərdə. Hazırda əlimizdə çox gözəl, effektli, dəyərli fotoçəkilişlər var və bu, bir arxivdir. Yəni bunu biz tək özümüz üçün etmirik. Ümidvaram ki, bu fotoşəkillər yalnız Bakı Milli Geyim Evi, “Sara Xatun” jurnalının deyil, ümumiyyətlə bütün mediamız, gələcəkdə isə bir çox təşkilatlar üçün gözəl mənbə olacaq. Və bunların sayəsində milli geyimə olan münasibət dəyişəcək.
– Könül xanım, bir neçə dəfə sizin Milli Geyim Evinin dəfilələrində olmuşam. Nə üçün bu dəfilələrə məhz Dövlət Rəqs Ansamblının solistlərini cəlb edirsiniz?
– Biz əslində birinci dəfiləmizdə gənc modellərdən istifadə etmişdik və həmin ildə iki dəfiləmiz olmuşdu – Muğam kolleksiyasının təqdimatı və Mədəniyyət Nazirliyinin gənclərin moda ilə bağlı layihəsində. Mən orada gənc qızlarımıza, modellərimizə milli geyim geyindirdim, amma podiuma çıxanda milli geyimi elə təqdim etdilər ki, o qədər də bəyənmədim. Ondan sonra düşündüm ki, əgər bu sırf milli geyimdirsə, Dövlət Rəqs Ansamblının rəqqasələri daha yaxşı təqdim edərlər. Amma bilirsiniz, zaman keçdikcə fikir də dəyişir, baxış da dəyişir, son iki ildə mənim fikirlərim də tamamilə dəyişdi. Düşündüm ki, bəlkə mənim özüm də həmin təqdimatda yanlışlıqlara yol vermişəm, insanlar yenə də musiqi, rəqs və milli geyimi bir arada təsəvvür edib. O üzdən biz artıq iki ildən artıqdır dəfilə etmirik və onu bu yeni layihə ilə əvəzlədik.
– Jurnalın təqdimatı nə zaman olacaq?
– Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində. Dekabrın ilk günündə, saat 17.00-da. “Sara Xatun” jurnalının yeni sayını təqdim edəcəyik. Saytımız nümayiş etdirləcək. Və əlbəttə ki, “Ənənədən gələcəyə” adlı milli geyim dəfilesini də görə biləcəksiniz.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az