Koreya Respublikasının parlament binasında “Kitabi-Dədə Qorqud” dastanının 6 boyundan ibarət Koreya dilindəki nəşrinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədrinin ofisinin birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutub.
Azərbaycanın Koreya Respublikasında səfiri Ramin Həsənov iki ölkə arasında elmi və mədəni əlaqələrin inkişafından danışıb, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcümə olunmasını mədəni əməkdaşlığın növbəti nümunəsi olduğunu vurğulayıb. Çap olunmuş kitabın 1000 nüsxəsinin Koreya Respublikasının müxtəlif kitabxanalarına ianə edildiyini bildirən diplomat, bu cür layihələrin vahid dil ailəsinə mənsub olan, eləcə də oxşar mədəni və mənəvi dəyərləri bölüşən Azərbaycan və Koreya xalqlarını bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib.
R.Həsənov, həmçinin ulu əcdadlarımızın həyatı, məişəti və qəhrəmanlıq səhifələrini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanının həm Azərbaycan xalqının folkloru, həm də bütövlükdə Türk dünyasının mədəni irsində tutduğu mühüm yeri vurğulayıb.
Koreya Respublikasının Milli Assambleyasının deputatı, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Li Man dostluq qrupunun iki ölkə arasında əlaqələrin inkişafı üçün göstərdiyi səylərdən söz açıb və bunun davam etdiriləcəyini bildirib. Deputat “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilində nəşrinin ölkəsində Azərbaycan barədə məlumatlılığın çoxalması üçün dəyərli mənbə olacağına, xalqlarımız arasında mədəniyyət mübadiləsinin artmasına və dostluğun güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Belə bir layihənin dəstəklənməsi və nəşr olunmuş kitabın tanıtdırılması üçün tədbirlərin təşkilinə görə səfirliyə və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkür edib.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan, eləcə də ölkəmizin təbliğatı sahəsində diasporla sıx əməkdaşlıq edilməsindən danışıb, xüsusilə, gənclərin təşviq edilməsi istiqamətində həyata keçirilən layihələri vurğulayıb.
Natiq qeyd edib ki, Cənubi Koreyada yaşayan soydaşlarımızla bu xüsusda səmərəli əməkdaşlığın parlaq nümunəsi “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilində nəşridir.
Ə.Abdullayev layihənin tarixçəsi barədə məlumat verib, kitabın tərcüməçiləri Cənubi Koreyada yaşayan soydaşımız Leyla Məsimli və koreyalı yazıçı Li Sucinin, eləcə də kitabın baş redaktoru Seul Milli Universitetinin professoru Banq Min Honun əməyini vurğulayıb.
Tədbir kitabın tərcüməsini həyata keçirmiş şəxslərin panel müzakirəsi ilə davam edib. Natiqlər tərcümə işinin ideyasının yaranması, onun məqsədi, tərcümə üçün boyların seçimi barədə məlumat veriblər. Həmçinin “Kitabi-Dədə Qorqud” dastanının nümunəsində Azərbaycan və Koreya xalq ədəbiyyatının oxşarlıqlarını diqqətə çatdırıblar.
Sonra Koreyada təhsil alan azərbaycanlı tələbənin ifasında milli rəqslərimiz nümayiş etdirilib.
Tədbirdə Koreya Respublikasının Milli Assambleyasının deputatları və əməkdaşları, elmi-mədəni dairələr və media nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diplomatik missiyaların təmsilçiləri, eləcə də Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









