Gündəmdən düşməyən koronavirus çoxdan Çin sərhədlərini aşaraq dünyanın bir çox ölkələrinə yayılıb. Xəstələnənlərin əksəriyyəti çinli olsa da, koronavirusa yoluxma halları 30-dan çox ölkədə qeydə alınıb. Son məlumatlara görə, Çində bu koronavirusdan ölənlərin sayı 1770 nəfərdir. 10,8 mindən çox insan virusdan xilas olunsa da, pnevmoniyaya yoluxanların sayı 70,5 mindən çox olub. Bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir. Çinin Hubey əyaləti bu xəstəliyə yoluxmuş insanların sayına görə birinci yerdədir, burada 58,1 mindən çox adam qeydiyyata alınıb, onlardan 1696 nəfəri ölüb, 6639 adam sağalıb.
Məlumat üçün deyək ki, geniş virus qrupuna mənsub koronaviruslrın yalnız altı növü (yenisi sayca yeddinci olacaq) insandan insana ötürülə bilər. Adətən, koronavirus – məməlilərdə və quşlarda xəstəliklərə səbəb olur. Ancaq bu virus insanlara zökəm, qrip ya da digər adi xəstəlik formasında keçə bilir.
ÜST tərəfindən 2019-nCoV adlandırılmış sayca yeddinci olan bu yeni koronavirus, eyni zamanda Uhan koronavirusu, Uhan pnevmoniyası kimi də tanınır və dünyaya ilk dəfə 2019-cu ildə məlum olub. Keçən ilin dekabrında Çinin Uhan şəhərində ortaya çıxan 2019-nCoV çoxlu sayda insanın həyatına son qoyub və çoxlarının da həyatı təhlükədə qalmaqda davam edir.
Xəstəliyin episentri olan Hubey əyaləti, demək olar ki, mühasirəyə alınıb. 60 milyon insana, ehtiyac olmasa evdən çölə çıxmamaq tapşırılıb. Şəhərlərdə yalnız ərzaq mağazaları, klinika və apteklər, otellər fəaliyyət göstərir. Bundan başqa, Çin hökuməti Hubey əyalətində yerləşən Uhan şəhəri də daxil olmaqla bir neçə şəhərdə Yeni il tətili üçün nəzərdə tutulan istirahət günlərinin sayını çoxaldıb, həmçinin kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyub.
Çox yaxın keçmişdə də Çində bu cür viruslar yayılıb. 2002-ci ildə Çində koronovirusun doğurduğu Şiddətli Kəskin tənəffüs sindromu (Sars), əsasən Asiyada yerləşən onlarla ölkədə 774 nəfərin ölümünə bais olmuşdu, yəni bu virusa yoluxanların 10 faizi vəfat etmişdi. O zaman yarasalardan başlandığı güman edilən Sars virusu palma pişiklərinə, onlardan isə insanlara keçmişdi.
2012-ci ildə ilk dəfə Səudiyyə Ərəbistanında peyda olan Mers (Yaxın Şərq tənəffüs sindromu) virusu 2015-ci ildə daha çox insan həyatına son qoyur. Həmin il Cənubi Koreyada geniş yayılan bu virus Çinə də “ayaq basır”. O vaxtdan bəri dünyada bu xəstəliyə düçar olan 2494 xəstədən 858-i vəfat edib.
Sonuncu, 2019-nCoV virusu Çinin Uhan şəhərindəki Cənubi Çin Dəniz Topdan Satış Bazarı ilə əlaqələndirilir. Böyük bir ehtimalla virusun daşıyıcısı bazarda satılan toyuq, yarasa, dovşan və ya ilan əti olub. Amma əslində, Çində bu virusun yayılması üçün hər cür şərait var: əhali sayının çoxluğu və çox sıx yerləşməsi, insanların virusları daşıyan heyvanlarla sıx təmasda olması, onları qida rasionuna daxil etməsi – bu virusun meydana çıxma və yayılma ehtimalını artırır. Ona görə də növbəti dəfə Çində bu virusun yaranması heç kimi təəccübləndirməyib.
Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Avstraliya və s. ölkələrdə koronavirusa yoluxma halları qeydə alınsa da, xəstəliyin episentri, qeyd etdiyimiz kimi, Çinin Uhan şəhərində yerləşir və virusun hücumuna, əsasən Çin dövləti və çinlilər məruz qalıb.
Xarici ölkə vətəndaşlarından virusa yoluxanlar isə, demək olar ki, hamısı Uhana səfər edənlərdir. İstisnanı Tailandda baş verən bir yoluxma halı təşkil edir. Burada yoluxma mənbəyi bir heyvan olub. Ümumiyyətlə isə, Dünya Səhiyyə Təşkilatı və yerli hökumətlərin məlumatlarına görə, Çindən kənarda koronavirusa yoluxan insanların sayı 42 nəfərdir.
Çin sərhədlərindən kənardə koronovirusa ən böyük yoluxma halı yapon gəmisində qeydə alınıb. Belə ki, bu il fevralın 3-də Yaponiyanın Yokohama limanında “Diamond Princess” gəmisində koronovirusa yoluxma halı aşkar olduqdan sonra, 3 min 700-ə yaxın adamın olduğu sərnişin gəmisi karantinə alınıb. Gəmidə 2019-nCoV ilə yoluxan insan sayı 218-ə çatıb və artmaqda davam edir.
Azərbaycanda hazırda virusa yoluxma ehtimalı olan 2 nəfər var. Bunlar, Çinin Çançun və Uhan şəhərlərində təhsil alan 2 Azərbaycan vətəndaşıdır. Bu tələbələr fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəlib orada karantinə yerləşdiriliblər. Karantin müddətində onların səhhətində heç bir problem aşkarlanmayıb. Karantin bitdikdən sonra Bakıya qayıdan zaman bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Hazırda xəstəxanada 1 nəfər qalır. Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır, heç bir şikayəti yoxdur.
Koronavirusun peyda olması Çinə ciddi ziyan vurub. Ən çox da iqtisadi zərəri vurğulamaq lazımdır. “Tayhe” analitik mərkəzinin tədqiqatçısı Cjan Çzyajuy bildirib ki, dünya iqtisadiyyatında ikinci yerdə olan Çinin iqtisadi itkisi 1 trilyon yuan (143.1 milyard dollar) təşkil edəcək. Həmçinin, bildirib ki, virusun ilk zərbəsinə iaşə və otel sənayesi tuş gəlib: “2019-cu ilin ilk rübündə onların gəliri 423.49 milyard yuan təşkil etmişdi və 2020-ci ilin birinci rübündə epidemiya bu iki sənayeyə ağır zərbə vuracaq”. Turizm sənayesi də əsas ziyan görən sahələrdən biridir: “2019-cu ilin birinci rübündə bu sahənin yalnız Yeni il tətillərində qazancı təxminən 500 milyard dollar təşkil etdiyi halda, bu il demək olar ki, heç bir qazancları olmayıb. Şübhəsiz ki, bu vəziyyət pərakəndə satışa da təsir göstərib”.
Son illərdə dünya üzrə səyahət edən çinli turistlərin sayı kəskin şəkildə artmışdı. Əgər 2000-ci ildə çinli turistlərin sayı 10,5 mln. idisə, 2018-ci ildə bu rəqəm 150 mln. nəfərə çatmışdı. Amma son hadisələrdən sonra bir çox ölkə Çinə səyahətləri qadağan edib, bir sıra aviaşirkət uçuşları dayandırıb və ya sayını azaldıb. Nəticədə, turizm sektoru və Çindəki hotellər də zərər çəkir.
Hətta alkoqollu içkilər sektoru da mənfi təsiri öz üzərində hiss edib. Çünki Çin Avropa istehsalı olan alkoqollu içkilərin realizəsi üçün ən böyük bazarlardan biridir.
Çin hökuməti epidemiya ilə mübarizədə hər cür tədbirlərə əl atır. Hətta ÇXR Xalq Bankı ölkədəki koronavirus təhlükəsi ilə əlaqədar olaraq dövriyyəyə təzə əsginaslar buraxaraq, istifadə olunmuş kağız pulları yığıb 7-14 günlük karantinə yerləşdirəcək. Bu haqda Çin Xalq Bankının sədr müavini Fan İfey keçirdiyi mətbuat konfransında məlumat verib.
Koronavirusun Çində meydana gəlməsi və yayılmasının ardınca sosial şəbəkələrdə bir çox fərziyyələr meydana çıxdı. Bəziləri bu virusun bilərəkdən yayılması, diversiya olması və gələcəkdə dünyada yaşayan insan sayının azaldılması istiqamətində atılacaq addımlardan biri olduğu, bir çoxları Uhanda bakterioloji silah hazırlayan laboratoriyanın varlığı və virusun oradan sızması nəticəsində insanlar arasında yayılması, digərləri isə bunu ABŞ-ın etdiyini və əsas rəqibi Çinə böyük iqtisadi zərər vermək məqsədi güddüyü kimi mülahizələr irəli sürürlər. Bunun təbii yolla, yəni heyvandan insana keçdiyi, yoxsa diversiya – bioloji hücum olduğu və yaxud ehtiyatsızlıq səbəbi ilə edildiyi dəqiq məlum deyil.
Amma bu cür fərziyyələrin yaranması əsassız deyil: 2017-ci ildə Sars və Ebola kimi virusları araşdırmaq üçün Uhan şəhərində Çində bu sahədə yeganə bakterioloji laboratoriya yaradılıb və o laboratoriya 2018-ci ildə fəaliyyətə başlayıb. Ola bilsin ki, laboratoriyada mutasiyaya uğramış, yaxud genləri ilə oynanılmış koronavirusun bu növü təsadüfən sızma nəticəsində şəhərə yayılıb.
Digər tərəfdən, virusların tarixdə bakterioloji silah kimi istifadə olunması halları kifayət qədər mövcuddur. Bir ordu şəhəri ala bilmədiyi zaman, mancanaqlar ilə vəba və digər keçici xəstəliklər daşıyan heyvanları şəhər-qalanın içərisinə atırdı və əhali arasında xəstəlik yayaraq oranı asanlıqla zəbt edir, yaxud rəqibi zərərsizləşdirirdi. Yəni bütü hallarda viruslardan silah kimi istifadə olunub.
Daha bir mübahisəli məqam da bu şübhələri gücləndirir: “Journal of the American Medical Association” tibb jurnalında dərc edilmiş araşdırmada virusun əsasən 40-59 yaş aralığındakı şəxslərə yoluxduğu, uşaqların nadirən xəstələndiyi bildirilir. Ekspertlər virusun uşaqlara nə üçün daha az yoluxduğuna hələ qəti cavab verə bilmirlər. Eyni mənzərə 2003-cü ildə Sars virusu epidemiyası yayılarkən də müşahidə olunmuşdu. Bu virus da uşaqlara toxunmamışdı.
Ölkəmizdə koronavirusla mübarizə məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. 28 yanvar tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib. Ölkə ərazisində yoluxucu xəstəliklərin monitorinqi üçün nəzarət sistemi gücləndilib. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda gömrük-sərhəd buraxılış məntəqələrində insan bədəninin hərarəti yoxlanılır.
Hazırda koronavirus daha çox sayda ölkələrə yayılır və ölənlərin sayı da artmaqda davam edir. Son hadisələr də onu deməyə əsas verir ki, on minlərlə insan bu yeni virusun qurbanı ola bilər. Çünki virusa qarşı vaksin yoxdur və xəstələri yalnız təcrid olunmuş vəziyyətdə müalicə edirlər.
Məqalədə https://www.tourprom.ru saytındakı xəritədən istifadə olunub.
Hazırladı: Mehman İbrahimov, 1905.az