Bu dəfə “Disskusiya klubu”da biz Azərbaycanda köşə yazılarının ictimai rəyin formalaşmasına təsiri mövzusunu “İnterpress” portalının əməkdaşı, jurnalist Elnarə Əlosmanqızı, köşə yazarı, jurnalist Aida Eyvazova, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, köşə yazarı Azər Həsrət, müstəqil jurnalist Asəf Quliyev və “525-ci qəzet”in müxbiri, jurnalist Ceyhun Abbasovla birlikdə araşdırdıq.
Fuad Babayev: Xoş gəlmisiniz, əziz dostlar!
Bu gün biz sizinlə Azərbaycanda köşə yazarlarının ictimai rəyə təsir imkanlarından danışacağıq. Heç kimə sirr deyil ki, əksər media qurumlarının oxucu auditoriyasının formalasmasında köşə yazarlarının rolu böyükdür. Əvvəlcə, bizim köşə yazarının portret cizgilərinə, belə demək mümkündürsə, diqqət yetirək.
Aida Eyvazova: Köşə yazarı gündəmin nəbzini tutan, çoxunun deyə bilmədiyini deyən adamdır ilk növbədə. Hər jurnalistə köşə yazarı demək olmaz. Köşə yazarının auditoriyası olmalı və o bəlli bir yaşa çatmalıdır. Mən ümumiyyətlə özümü köşə yazarı hesab etməmişəm, necə oldu köşə yazmağa başladım heç bilmədim. Amma yazılarımın kifayət qədər oxucusu var. Bəzən bir köşənin 10 minə qədər oxunma sayı olur.
Yazılarında bacardığım qədər mövzunu gündəmə uyğun seçməyə çalışmışam. Məsələn, ötən il Sumqayıtda bir hadisə oldu. Hadisənin canlı şahidi olmuşdum. Məqamında xəbəri yazdım və bir neçə saytda həmin yazı çap edildi. Çünki gündəmlə uzlaşan yazı idi.
Elnarə Əlosmanqızı: Mən təcrübəmdən nümünə gətirmək istəyirəm. Bir neçə ay bundan əvvəl çalışdığım portalda jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi təcrübə keçməyə gəlmişdi. İş üçün yox. İşə gəldiyi ikinci gün isə köşə yazmışdı. Açığı, mən şokda idim. Çünki onun yaşı az idi, həm də ümumiyyətlə iş təcrübəsi olmayan tələbə idi. Yazını redaktə edib, saytda çap etdik. Köşə təxminən 3500-ə qədər oxundu. Və bu real oxucu sayı idi. Bilmirəm redaktədən sonra ya əvvəl, amma nəticə etibarı ilə həmin uşaq köşəsində ortaya bir fikir qoya bilmişdi.
Köşə yazarının hər gün mövzu işləyib gündəmə gətirməsi Azərbaycan reallığında mümkün deyil. Burada əlbəttə, mövzu qıtlığı problemindən söhbət gedir. Düzdür, yazmağa mövzu çoxdur. Amma sənin yazmaq istədiyin mövzu cəmiyyətə nə dərəcədə maraqlıdır, o sual altındadır. Köşə yazarı zaman-zaman cəmiyyətin istədiyi mövzudan yazmağa məcburdur ki, diqqəti cəlb edə bilsin. Bu gün Azərbaycanda sırf qonorarla dolanan onlarla köşə yazarı var. Jurnalistikada bu istiqamətdə ixtisaslaşıb köşə yazan jurnalistləri nəzərdə tuturam. Bəzən köşə yazarları özləri də qeyd edir ki, çox yazdıqca keyfiyyat aşağı düşür.
Azər Həsrət: Köşə yazarı sərbəst meydançada oynayan adamdır. Köşə yazarı jurnalistkanın avtoriteti olmalıdır. O artıq formalaşmış insandır. Bu gün mediaya gəlib, köşə yazıb sonra medianı öyrənən adam köşə yazarı ola bilməz. Və bayaq Elnarə xanımın dediyi o tələbənin yazdığı köşənin 3500 nəfər tərəfindən oxunması az inandırıcıdır. O rəqəmi əldə etmək mümkündür. Sosial şəbəkələr vasitəsi ilə.
Asəf Quliyev: Bir qədər fərqli yanaşıram bu məsələyə. Mənim üçün köşə yazarı mütəxəssis olmalıdır. Tutaq ki, iqtisadi sahəni bilən şəxs iqtisadiyyatla bağlı köşə yazsa o yazı həm güvənli olacaq, həm də maraqlı. Son illər ancaq Qafqazinfo.az portalında köşə yazıram. Qarabağ mövzusunda. Çünki 10 ildir ki, Qarabağ mövzusunu araşdırıram. İstəyirəm sırf bu istiqamətdə özümü formalaşdırım. Sonuncu yazılarımdan birində (bu həm də ən az oxunan yazım idi) Minsk qrupunda gedən prosesləri aydınlaşdırmağa çalışmışdım. Mənim üçün ən maraqlı hissə Minsk qrupunda vaxtilə həmsədr olmuş Keri Kavano ilə olan söhbət idi. Onunla söhbətdən sonra fikirləşdim ki, artıq bu yazını yaza bilərəm. O söhbətdən əvvəl də bu yazımı yazmaq istəmişdim. Ancaq lazım olan məqamları əldə etdikdən sonra həmin köşəni yazmaq mənim üçün daha da asanlaşdı. Kavanonun sözlərinə arxayn olub yazdım ki, Minsk qrupunda parçalanma meyilləri hiss olunur. O açıq deyirdi ki, onların dövründə REDhamı bir sözü deyirdisə, indi vəziyyət çox fərqlidir. Bunu mən yox, keçmiş həmsədr demişdi. Çünki bu məqam oxucu üçün də maraqlı idi.
Çox istərdim ki, bizim köşə yazarlarımız mövzularının bilicisi olsun. Mənim üçün köşə yazarı həm də güvənli insan deməkdir.
Ceyhun Abbasov: Jurnalistikada ixtisaslaşma vacibdir. Köşə yazarının məqaləsinin nə dərəcədə oxunması yazının maraqlılığından əlavə, onun hansı mətbu orqanda çap edilməsindən də asılıdır.
Fuad Babayev: Deməli, köşə yazarı hazırlıqlı və hər hansı sahədə püxtələşmiş adamdır. Bəs sizcə, köşə yazarı mövzu qıtlığı ilə üzləşmir ki? Onun yazılarının dövriliyi necə olmalıdır? Azər müəllim gəlin, elə sizdən başlayaq.
Azər Həsrət: Gündəmdən asılıdır. Elə gün olur ki, gün ərzində 2-3 mövzuya toxunmaq zərurəti yaranır. Elə həftə də olur ki onun üçün mövzunu 2 həftə öncədən planlayırsan. Çünki gündəm dəyişikliyi olmur. Ona görə bəzən biz deyə bilmirik köşəni həftədə bir dəfə yoxsa, 2-3 dəfə yazmaq optimaldır. Bu gün hər birimiz türk mətbuatını oxuyuruq. Orada köşə yazarları arenası var. Yazar bu gün xəstələnib, heç nə yaza bilməyibsə onun şəkli həmin yerdən götürülmür və yazılır ki, bu gün filankəs üzrlü səbəbdən yaza bilməyib. Oxucu da sevdiyi yazarın şəklini orada görür və onun hansı səbəbdən yazmadığını bilir.
Bu gün yazılarımız 3-5 saytda çap edilir. Bəzən yazı yüzlərlə, bəzən də minlərlə dəfə oxunur. Bu da əlbəttə ki, mövzuya olan maraqla birbaşa əlaqəlidir. Məsələn, avqust ayında cəbhədə baş verən hadisələr zamanı müşahidə etdim ki, saytlardan birinin IP sayı 2-3 dəfə artmışdı. Bu real say idi. Həmin dönəmdə oxucunun cəbhə ilə bağlı köşələrə ehtiyacı var idi. Ona görə hətta bir gün ərzində bir neçə mövzuya toxunaraq köşə yazmaq olar. Bu şəraitə bağlı məsələdir.
Elnarə Əlosmanqızı: Azər bəylə tam razıyam. Köşənin dövrülüyü şəraitə bağlı məsələdir. Mən köşə yazarlığını iş kimi, dolanışıq üsulu kimi qəbul edə bilmirəm. Mənə elə gəlir ki, köşə insanı tərpədən mövzuda olmalıdır. Məsələn, sən işdə hər hansı mövzunu işləyirsən. İstər reportaj olsun, istər araşdırma. Həmin yazıda hansısa nüans səni silkələyirsə və məhz o mövzuda bir şey yazmaq tələbatı yaranırsa artıq o yazını yazmalısan. Bu daxili tələbat məsələsidir, məncə. Əks təqdirdə yazılan digər köşələr sırf iş xatirinə, yazı xatirinə yazılan köşələrdir. Bu gün təəssüf ki, biz jurnalistlərin əksəriyyəti sırf iş xatirinə işləyirik. Əksər jurnalistlərimizdə yaradıclıq arxa plana keçib.
Bir dəfə mən təhsillə bağlı seminarda iştirak edirdim Orada BBC-dən nümayəndə var idi. Təxminən 50 yaş civarında iştirakçı idi. Biz təəccüblənirdik ki, 50 yaşdan yuxarı yaşın ola və sən bu qədər həvəslə işləyəsən. Maraqlandıq, dedi ki, sırf peşə təhsili sahəsində araşdırma yazır. Ondan yazılarının dövrülüyünü soruşanda cavabı “mən son 2 ayda nə yazdığımı unutmuşam”. Heç demə hansısa mövzu ətrafında işləyir və 2-3 aydan bir BBC-yə materiallar verirmiş. Amma buna baxmayaraq aylıq maaşını da alırdı. Əslində dövrülük önəmli məsələ deyil. Çünki ola bilər ki, onun 2 ay sonra ortaya qoyduğu araşdırma yazı uzun müddət mətbuatın gündəmində olsuin.
Asəf Quliyev: Bir müddət öncə hamımızın əslində tez-tez qarşılaşdığımız bir hadisənin şahidi olmuşdm. Avtobus sürücüsü bir zabti o avtobusdan ləng düşdüyünə görə təhqir elədi. Mübahisə yarandı və avtobus sürücüsü az qalırdı həmin zabiti döysün. Mən bu hadisədən çox təsirlənmişdim və köşə yazmaq tələbatı yaranmışdı. Ancaq o yazını hərbi sahəni araşdıran adam kimi yazmışdım, nəqliyyatı bilən mütəxəssis kimi yox. Çox yaxşı olardı ki, həmin mövzunu həm də nəqliyyatı yaxşı bilən jurnalist araşdıraydı.
Mən sonuncu araşdırmam üzərində 2 il işləmişəm. O mənim şəxsi marağım idi. Yazıda söhbət qəhrəmanımızın məzarının Ağdamda qalması və heç kim tərəfində dağıdılmamasından gedirdi. 2 il o mövzunu araşdırdım həmin məzarı qoruyan ermənini də tapdım. Yəni bu daxili tələbat məsələsi idi. O yazını ərsəyə gətirmək üçün 2 il gözləmək asan məsələ deyildi.
Aida Eyvazova: Mövzu var ki, onu illərlə yazmağı planlayırsan. Mövzu da var ki həmin gün olur və sən onu yazmaq, ictimailəşdirmək istəyirsən. Məsələn, Ukrayna hadisələri ərəfəsi. Krımın Rusiyaya verildiyi gün idi. Gecə saat 2-də başladım yazmağa və səhər 6-da yazımı bitirdim. Elə həmin dəqiqə də göndərdim Modern.az-a. Yəni o yazı planlaşdırılmamış yazı idi. Orada mən Qarabağ məsələsinə də toxunmuşdum.
Köşə yazılarıma görə heç vaxt qonorar almamışam. Məsələn, neçə vaxtdır sufizmdən köşə yazmağı düşünürəm. Burada həm də İŞİD məsələsinə toxunacam.
Fuad Babayev: Bəzən adama elə gəlir ki, hansısa köşə yazarı fasilə verməli, əl saxlamalıdır. Aydındır ki, burada dolanışıq məsələsi də var, az qala sümükləşmiş adət məsələsi də…
Elnarə Əlosmanqızı: Bəs köşə yazarının bacardığı elə köşə yazmaqdırsa nə etsin? Başqa heç nəyi bacarmır…
Bu gün biz hər birimiz aktiv sosial şəbəkə istifadəçisiyik. Bilmirəm, diqqətinizi cəlb edib, ya yox. Nazlı Ağayeva adlı bir xanım var. Gündəmlə bağlı ictimai-sisyasi statuslar yazır. Və kifayət qədər də oxucu kütləsi var. Mən düşünürəm ki, ondan gözəl köşə yazarı olar. Məncə maddi imkanı olan saytlar onu əməkdaşlığa cəlb edə bilər. Bəzən biz köşə yazarlarını kəşf etməli, ona tribuna verməliyik.
Azər Həsrət: Bəzən Azərbaycan daxilində və ölkədən kənarda Azərbaycanla bağlı baş verən siyasi proseslər zamanı jurnalistlər zəng edib deyirlər ki, bu mövzuda sizin də rəyinizi bilmək istərdik. Çox qısa münasibət bildirirəm. Və səhəri gün saytda, qəzetdə görürəm ki, çox böyük bir yazı dərc edilib. Deməli nə vaxtsa o mövzuda bir köşə yazısı yazmışam. Jurnalist də o yaznı tapıb, bu gün verdiyim açıqlamanı da ora əlavə edib yazı hazırlayıb. Bu artıq jurnalist işidir.
Şəxsən mənə sizin filan yazısını dərc etmək istəyirik tipli müraciətlər çox olub. Mən də etiraz etməmişəm. Hazır yazım olubsa vermişəm, olmayıbsa yazmışam. Məsələn, “Xalq qəzeti. Əgər ordan mənə deyiblərsə ki, yazımı dərc etmək istəyirlər, etiraz etməmişəm. Onda adam hiss edir ki, sənin yazın maraqlıdır və buna tələbat var.
Sifariş məsələsinə gəlincə isə başıma bir hadisə gəlmişdi. Radikal yazılar yazdığım dönəmdə siyasi partiyalardan birinin sədri mənimlə görüşdü və dedi ki, çox təşəkkür edirəm bu yazı üçün. Belə də davam et. Mən başa düşdüm ki, artıq bu səpkili yazıları dondurmalıyam. Çünki bu özü də bir sifariş idi. Yəni sən bizim mövqeyə yaxın mövqedən çıxış edirsən, davam et.
Bayaq Asəf bəy dedi. Elə olur ki, qarşılaşdığın mənzərədən təsirlənib köşə yazıram. Xaçmaza gedib-gələndə yoldakı problemi görürəm və buna görə də hər dəfə eyni bir yazını paylaşmaqla mövcud problemi gündəmdə saxlamış oluram.
Hesab etmirəm ki, bəlli bir yaşa, mərhələyə çatmısansa köşə yazarlığlından imtina etməlisən. Şəxsən mən demək olar ki, heç vaxt köşə yazarlığından qonorar almamışam.
Asəf Quliyev: Məncə, mətbu orqan köşə yazarının mövzularının maraqsız olduğunu bildiyi an ona deməlidir ki, bağışlayın, amma biz sizin materialı çap etmirik.
Azər Həsrət: Bir dəfə saytlardan birinə köşə yazımı göndərdim. Dərc etmədilər. Sonra o yazını müsavat.com dərc etdi. Və həmin yazı 8 min dəfədən çox oxundu. Yəni baxır o yazını kim necə dəyərləndirir. Saytda yazını çap edən başa düşmədi bu yazı gündəmlə bağlı yazıdır, sən yox, başqa sayt çap edib, bundan oxucu qazanacaq.
Elnarə Əlosmnqızı: Bəlkə sizin yazınız həmin saytın mövqeyinə uyğun deyildi və s. Yəni səbəb çox ola bilər.
Azər Həsrət: Bu siyasi məsələ deyildi. Başqa səbəblər var idi.
Elnarə Əlosmanqızı: Dəyərləndirmə məsələsidir bu. Bu gün Azərbaycanda ənənə yoxdur. Qəzetlərdə isə yazını qiymətləndirəcək başlar var. Biz nə qədər desək də saytlarda peşəkarlıq qəzətlərdəki qədər deyil. Bu gün heç kim qəzet müxbiri olmaq, səhifə doldurmaq məsuliyyətini öz üzərinə götürmək istəmir. Ona görə də saytda peşəkarlıq və qiymətləndirmək səviyyəsi çox aşağıdır.
Ceyhun Abbasov: Məncə, jurnalistin bacarığının dayandığı nöqtə olsa da mövzunun tükəndiyi nöqtə olmur. Məsələn, yol məsələsi. Bütün yollar abadlaşa bilər. Amma bir müddət sonra yenidən o yolların istifadəsi çətinləşəcək. Mövzu, problem bir də gündəmə gələcək.
Azər Həsrət: Larri Kinqin adını yəqin ki, hamımız eşitmişik. O CNN də işləyəndə ildə 7 milyon dollar əmək haqqı alırdı. Bu gün o yaşlanıb. Amma biz yenə də ona baxırıq. İnsan gərək jurnalist doğulsun. O istedad varsa o ən adi bir vəziyyətdən belə nəsə yarada biləcək. Ətrafımızda baş verən hadisələrə biganə qalmasaq biz yazmağa mövzu tapacağıq.
Elnarə Əlosmanqızı: Bir neçə ay bundan qabaq Elçin Şıxlı bir köşə yazısı yazdı və bütün saytlar onu istisnasız dərc etdi. Çox təsirli köşə idi. Biz uzun müddət Elçin Şıxlını qəzet baş redaktoru kimi tanımışıq. Ancaq birdən-birə onun köşə yazması və həmin köşənin geniş oxucu auditoriyası toplaması onu göstərdi ki, Azərbaycan oxucusunun peşəkar köşəyə ehtiyacı var imiş .
Azər Həsrət: Burada imza məsələsi də var. Elçin Şıxlı artıq özünü təsdiqləmiş bir insandır. Yənin onun yazdığı onsuz da oxunacaqdı.
Elnarə Əlosmanqızı: Mən razı deyiləm sizinlə. Çünki yazı özü çox maraqlı idi.
Azər Həsrət: Elə köşə yazarı var ki, o qədər yazır, mən onun imzasını görən kimi səhifəni dəyişirəm.
Aida Eyvazova: Köşə yazarı odur ki, onun yazdığını hamı oxusun.
Fuad Babayev: Sizcə köşə yazarlarımız hansı mövzuları işləməli, nələrə diqqət etməlidir? Məncə, səhiyyə sahəsində boşluq var. Məsələn, götürək gündəmdə olan Ebola virusunu. Heç kim bu mövzunu araşdırıb, köşə yazmayıb.
Elnarə Əlosmanqızı: Məsələ odur ki, biz hamımız problemi deyirik. Köşə yazarı həm də problemin həllini göstərən şəxsdir. Səhiyyədəki problemi mən də, siz də görürsünüz. Amma çıxış yolunu bilmrik. Amma siz də dediyiniz kimi bu sahəni bilən adam sadə bir köşə yazıb həm də çıxış yolunu göstərə bilər. Bu gün bir açıqlama almaq üçün həkimə zəng edirsən. Sənə hadisəni danışır. Və sonda deyir “Sən Allah, mənim adım olmasın”. Mən o həkimə izah edə bilmirəm ki, bunu sizin adınızdan yazmasam heç bir oxucu mənə inanamayacaq. Oxucu deyəcək ki, bu tibbdir, sən isə jurnalist. Bunu necə yazmısan? Biz o qorxunu, açıqlama verəndə adımızı gizlətməyi birdəfəlik unutmalıyıq.
Azər Həsrət: May ayında əməliyyat olundum. Bakıda. Hamı o problemlə bağlı İrana gedirdi. Özümü də çox yaxşı hiss edirəm. Normal əməliyyat keçdi və bu haqda bir yazı yazdım. Münasibət və peşəkarlıqdan. Mütəxəssislər, avadanlıq hər şey var. Bəzən biz özümüz haqqında çox bədgüman danışırıq. Gördüyümüz yaxşı şeyləri də oxucuya çatıdrmağı bacarmaq lazımdı.
Mən bu gün burda bu səpkili diskusiyasaya çox ehtiyac olduğunu duydum. Məncə belə müzakirəlirn sayını artırmaq lazımdır.
Fuad Babayev: Qarabağ mövzusu. Bu mövzuya köşə yazarlarımız daha tez-tez müraciət etməli deyillərmi?
Azər Həsrət: Yox. Bəzən bir şey haqqında çox danışanda onu adiləşdirmiş oluruq. Qulaq bir şeyi çox eşidəndə adiləşir. İlk növbədə bu haqda hər kəsin yazması qətiyyən düzgün deyil. Bəzən görürsən pafos dolu məqalədir, mahiyyət bomboş. Və o yazı sabah bizim lehimizə yox, beynəlxalq tribunada əlehimizə işləyir. Çünki fakt olmur, qeyri-peşəkar yanaşma olur. Buna görə də bu mövzulu yazılarda çox diqqətli olmalıyıq.
Asəf Quliyev: Azərin dediklərinlə razıyam. Bu mövzuda yazan insanlar çox diqqətli olmalıdırlar. Xarici İşlər Nazirliyinin saytında Dağlıq Qarabağla bağlı xüsusi bölmə var. Bu bölmədə Azərbaycanın rəsmi mövqeyi əks olunub. Gəlin maraqlanaq ki, ümumiyyətlə Qarabağ mövzusunda yazan adam ö bölmədəki yazılarla tanışdırmı?
Qarabağ mövzusunda yazan jurnalistlərimizdən birinin 2 il əvvəl Gürcüstanda saytların birinə müsahibəsini oxudum. O demişdi ki, Çıraqlı kəndi azad edilib. Ona Çıraqlı kəndinin heç işğal edilmədiyini dedim. Yəni səhv informasiya vermişdi.
Azər Həsrət: Amma inanın ki, bəzən vətənpərvərlik mövzusunu o cür təqdim etməkdənsə etməmək daha yaxşıdır. Türkiyənin TGRT kanalı var. Orada bir veriliş diqqətimi çəkmişdi. Əsgərin duruşu məndə döyüş həvəsi oyadırdı. Amma bizdə necədir? Səngərdə olan əsgərə sual verəndə deyir filankəs üçün darıxmışam. Ona görə də bu cür verilişlərə çox diqqətli olmalıyıq.
Fuad Babayev: Minnətdarıq, əziz həmkarlar!
Hazırladı: Aynur Hüseynova
1905.az