Rusiya imperiyasının XIX yüzilin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq müharibəyə çevrilmişdi.
Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Çar-Balakən camaatı (1803) və Gəncənin işğalından (1804) sonra Qarabağ xanlığı ilə 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi imzalanmışdı (Акты Кавказской Археографической комиссии. Под ред. Ад. Берcе. т. II. Тифлис, 1868, док. 1436, с. 702-705. ). Bu müqavilənin bağlanması şəraiti, şərtləri, xüsusilə Qarabağ xanlığının üzərinə götürdüyü vəzifələrdən tarixi ədəbiyyatda müəyyən qədər bəhs edilmişdir (Ибрагимбейли Х. М. Россия и Азербайджан в первой трети XIX века. М. , 1969; Azərbaycan tarixi. Yeddi cilddə. IV c. Bakı, 2000, s. 22. ). Lakin Kürəkçay müqaviləsinin şərtlərinin formalaşdırılması təcrübəsi, onun qarşısına qoyulan məqsədə müvafiq olaraq tərəflərin, ən başlıcası isə Rusiyanın təəhhüdləri və mahiyyəti, müqavilənin həyata keçirilməsi, ləğvinin nəticələri, onun Rusiyanın Cənubi Qafqazın müstəqil və yarımmüstəqil hakimləri ilə bağladığı müqavilələr içərisində yeri və s. çox mühüm problemlər kompleks şəkildə araşdırılmamışdır.
Kürəkçay müqaviləsinin mətnini xüsusi təhlil etməklə bərabər çarizmin Kürəkçayadək Cənubi Qafqaz hakimləri ilə bağladığı müqavilələr, bu və ya digər dövlət qurumlarının ilhaqına dair şərtlər, onların ləğvi haqqında direktiv sənədlər və s. də nəzərdən keçirilməlidir. Bu baxımdan Rusiya ilə Quba xanlığı arasında 1782-ci il müqaviləsi (Братya на веки. Документы и материалы. В двух томах. Т. 1. IX в. – 1922 г. Баку, 1987, с. 103-104. ), Kartli-Kaxet çarlığı ilə 1783-cü il Georgievsk müqaviləsi (Бутков П. Г. Материалы для новой истории Кавказа, с 1722 по 1803 год. ч. II, СПб, 1869, с. 122-129; Вопросы истории внешней политики грузинских феодальных государств. Тбилиси, 1970, с. 186-245. ), I Pavelin 1801-ci il yanvar və I Aleksandrın 12 sentyabr manifestləri (ПСЗ. Собрание I, т. XXVII, №20620; АКАК, т. I, Тифлис, 1866, с. 132-133. ), Quba xanlığı və digər hakimlərlə 1802-ci il Georgievsk müqaviləsi (АКАК, т. II, Тифлис, 1868, с. 1009-1011. ); Çar-Balakənin andlı öhdəliyini (Там cе. док. 1179. ), Gəncə ilə döyüş ərəfəsində irəli sürülən şərtləri , Qərbi Gürcüstanın knyazlıq və çarlıqları ilə münasibətlərə dair müqavilələri (Очерки истории Грузии. т. V, Тифлис, 1990, с. 41. ) və b. qeyd etmək olar.
Quba xanlığı ilə Rusiya arasında 1782-ci il müqaviləsi ticarət əlaqələrinə həsr edilmişdi. Cənubi Qafqazda Rusiya himayəçiliyi ilə bağlı ilk müqavilə 1783-cü il Georgievsk müqaviləsi idi.
Georgievsk müqaviləsi on yeddi il qüvvədə olmuş, I Pavelin 1801-ci il 18 yanvar və I Aleksandrın 1801-ci il 12 sentyabr manifestləri ilə ləğv edilmişdi (Новосельцев А. П. Георгиевский трактат 1783 года и его историческое значение // История СССР, 1983, №4, с. 51-40. ). 1802-ci il 28 dekabr Georgievsk müqaviləsi isə Rusiyanın ali himayəsi altında sülh və dostluq ittifaqı adlandırılmışdı. Lakin Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edilən P. D. Sisianov Rusiyanın Qafqazdakı işğal siyasətini də fəallaşdırdı. Çar-Balakənin işğalından sonra ağır şərtlər qoyuldu. Sisianovun Gəncə xanlığını diplomatik yol ilə tabe etmək niyyəti baş tutmadıqda ona qarşı daha kəskin şərtlər irəli sürüldü. Bunlar aşağıdakılar idi:
1. Cavad xan Gəncəli tabeliyindəki bütün əhali ilə birgə Ümumrusiya padşahının təbəəliyinə and içir;
2. Qala tamamilə təmizlənir və ora rus qoşununun topları, hərbi sursatı yerləşdirilir;
3. Cavad xan Gəncəli Rusiya imperiyasının tabeliyində olaraq əvvəlki ixtiyarla öz ərazisini idarə edir və Rusiyaya ildə 20 min manat xərac verir. Bu maddələri imzalayan zaman 1804-cü il üçün həmin məbləği əlüstü ödəyir;
4. Qaladakı və Şəmşəddil yolundakı ordunu ərzaqla təmin edir;
5. Şəmşəddilin və onun əyalətinin əhalisini sıxışdırmaq olmaz, çünki onlar artıq Gürcüstan hökumətinin idarəsinə keçirlər. Yuxarıdakılara sədaqətlə əməl etmək üçün Cavad xan Gəncəli öz oğlu Hüseynqulu ağanı Gürcüstanın baş idarəedicisinin yanında həmişəlik qalmaq üçün əmanət verir (АКАК, т. II, док. 1179. Azərbaycan dilinə tərcüməsi: Məmmədoğlu Ə. Məktublar:Sisyanov-CAvad xan// Respublikaг. 1990-cı il 22 sentyabr. ). Sisianov 1804-cü ilin yanvarında Gəncənin işğalından Kürəkçay müqaviləsinin imzalanmasınadək olan dövrdə Qarabağ xanlığını Rusiyanın himayəsinə keçmək üçün diplomatik tədbirlər görməyə başlayır. Bu diplomatik tədbirlərin müqavilə bağlanması ilə başa çatmasında onun əsas müddəaları da müəyyən rol oynadı.
Aparılan tekstoloji təhlil göstərir ki, Qarabağ xanlığı ilə müqavilə bağlanarkən bəzi istisnalarla məhz Kartli-Kaxet çarlığı ilə 1783-cü ildə bağlanmış Georgievsk müqaviləsinin başlıca müddəaları əsas götürülmüşdü. Faktlar sübut edir ki, Qarabağ xanı İbrahim xan onun şərtləri ilə yaxından tanış idi. Həmin müqavilənin bağlanılması barədə məlumat verildiyi bildirilən siyahıda Qarabağ xanlığının da adı çəkilirdi (Русско-Дагестанские отношения в XVIII – начале XIX в. Сб. документов. М. , 1989, с. 181; Həmçinin baxın: Алияров С. С. , Алиева Ф. М. Георгиевский трактат в контексте оценки внешне-политического положения Азербайджана // Роль рабочих организаций в развитии революционного движения в Азербайджане. Баку, 1984, с. 75-83. ). Bununla birgə Qarabağ xanının vəziri M. P. Vaqif Tiflisdə həmin müqavilənin bağlanması ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmiş və burada, nəinki poetik, eləcə də diplomatik-siyasi baxımdan əhəmiyyətli şer oxumuşdu (Molla Pənah Vaqif. Əsərləri. Bakı, 1988, s. 140. ). Sisianovun İbrahim xanla yazışmalarından, danışıqlarda vasitəçilik edən gürcü zadəganı İvan Corayev və mayor Lisaneviçə göstərişlərindən aydın olur ki, İbrahim xan müqavilənin əlverişli şərtlərlə bağlanmasına çalışmışdır. Buna nə dərəcədə nail olmuşdu? Bu suala cavab vermək üçün 1783-cü il Georgiyevsk müqaviləsinin şərtlərinə nəzər salaq. Bu müqavilə 13 əsas və 4 separat artikuldan (latınca artisulus – bölmə, maddə deməkdir) ibarət idi. Birinci artikula görə Kartli və Kaxet çarı Rusiya himayəsini, qəbul edirdi. İkinci artikula görə Rusiya II İraklinin torpaqlarının saxlanmasına söz verirdi. Üçüncü artikulda Kartli və Kaxet çarlarının hakimiyyətə gəlməsi qaydasından, dördüncü artikul isə Kartli və Kaxet çarlığının xarici siyasət hüququndan məhrum olunmasından bəhs edilirdi. Beşinci artikul gürcü çarının Rusiya imperator sarayında, rus çarına isə Tiflisdə nümayəndəsi olmasını təmin edirdi (Burada və sonra seçmə ilə ayrılmış artikullar Kürəkçayda yoxdur – K. Ş. ). Altıncı artikulla Rusiya imperatoru Kartli və Kaxet çarlığının daxili müstəqilliyini qəbul edirdi. Yeddinci artikula görə Kartli və Kaxet çarlığı Rusiyanın tələbi ilə düşmənə qarşı birgə çıxış etməli idi. Səkkizinci artikulda gürcü katalikosunun 8-ci Rusiya arxiyepiskopu və Sinodun üzvü olmasından, doqquzuncu artikulda gürcü knyaz və zadəganlarının Rusiya zadəganları ilə eyni imtiyazları almasından, onuncu artikulda Kartli və Kaxet sakinlərinin Rusiyada məskunlaşmaq imkanından, on birinci artikulda Kartli və Kaxet çarlığı tacirlərinin Rusiyada sərbəst ticarətindən söz açılırdı. On ikinci artikulda müqavilənin əbədi zamanadək imzalanması, on üçüncü artikulda isə ratifikasiya məsələsi qeyd olunurdu. Separat artikullardan birincisində İmeretiya ilə xeyirxah münasibətlərin möhkəmləndirilməsindən, ikinci və üçüncü artikullarda Kartli və Kaxet çarlığında rus batalyonları yerləşdirilməsi və yerli hərbi qüvvələrdən istifadədən, dördüncü artikulda isə hərbi və ya sülh yolu ilə Kartli və Kaxet çarlığının itirdiyi torpaqların geri qaytarılmasından bəhs edilirdi. Beləliklə, Rusiya Qarabağ xanlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi əsasında traktat bağlamaqla ona ciddi önəm verirdi.
Müqavilə preambula və on bir artikuldan ibarət idi. Müqavilənin preambulasında Şuşalı və Qarabağlı İbrahim xanın Rusiya imperiyasının təbəəliyinə keçməsi təsbit olunur, artikullarda bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi. Kürəkçay müqaviləsinin 1, 4, 6, 8 və 9-cu artikullarında İbrahim xanın, 2, 3, 5 və 7-ci maddələrində Rusiya imperatorunun öhdəlikləri əks olunmuşdu. Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahim xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edirdi. Ən mühüm məqamlardan biri İbrahim xanın adı keçən bütün artikullarda Şuşalı və Qarabağlı İbrahim xan kimi təqdim edilməsidir. Digər vacib məsələ Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi. Müqavilənin onuncu maddəsində qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır. On birinci maddə müqavilənin ratifikasiyası haqqında idi. Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ya ermənilərin xanlığa hər hansı iddia və münasibətindən bir kəlmə belə yoxdur. Bütün bunlarla bərabər Qarabağ xanlığının müsəlman dövləti olması və onun 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq yeni tarixi şəraitdə imzalanması onun 5, 8, 9, 10, 11 və başqa artikullarda irəli sürülən müddəaların burada nəzərə alınmasına imkan verməmiş, əksinə digər yeni şərtlərlə Qarabağ xanlığının təəhhüdləri ağırlaşdırılmışdır. Rus və gürcü dillərində imzalanan 1783-cü il Georgievsk müqaviləsindən fərqli olaraq Kürəkçay müqaviləsi yalnız rus dilində imzalanmışdı. Bu hal da müqavilənin mətnində, xüsusilə Qarabağ xanlığına dair təəhhüdlərdə özünü büruzə verir. 1783-cü il Georgievsk müqaviləsi 1805-ci il 14 may Kürəkçay müqaviləsinin başlıca müddəalarının formalaşdırılması üçün əsas olduğu kimi, 1805-ci il 14 may Kürəkçay müqaviləsi Şəki xanı Səlim xanla həmin yerdə imzalanmış 1805-ci il 22 may Kürəkçay müqaviləsi və Şirvan xanı Mustafa xanla bağlanmış 1805-ci il 25 dekabr müqavilələri üçün əsas olmuşdu. Bu müqavilələrdə yalnız yerli şəraitlə bağlı olan bəzi dəyişikliklər (bacın miqdarı və s. ) edilmişdi (АКАК, т. II, док. 1301, 1366. ).
Kürəkçay müqaviləsinin tarixinin ən mühüm məsələlərindən biri də onun həyata keçirilməsi ilə bağlıdır. Burada da Rusiyanın Cənubi Qafqazda bağladığı müqavilələrin tarixi təcrübəsinə nəzər salmaq zərurəti yaranır. Bu sahədə tarixi faktlardan aydın olur ki, Rusiya imperiyası Cənubi Qafqaz hakimləri ilə bağladığı heç bir müqaviləyə, o cümlədən 1805-ci il 14 may Kürəkçay müqaviləsinə onun şərtlərində elan edildiyi kimi əbədi müddətə əməl edilməmişdi: Kürəkçay müqaviləsi on yeddi ildən sonra, 1822-ci ildə ləğv edilmişdi. Lakin müqavilənin qüvvədə olduğu on yeddilik dövrün özündə də onun, əsasən, Rusiya tərəfindən pozulması ilə bağlı bəzi faktların, xüsusilə İbrahim xanın qətli kimi qəddar hadisə (İbrahim xanın qətli haqqında baxın: Axundov N. Qarabağ salnamələri. Bakı, 1989, s. 140-145; Ибрагимбейли Х. М. Россия и Азербайджан в первой трети XIX века. М. , 1969. ) ilə birgə, bundan sonra yaranmış təəhhüdün də yerinə yetirilməsi üzərində dayanmaq lazımdır. Kürəkçay müqaviləsinin üçüncü artikuluna görə Rusiya Qarabağ xanlığında İbrahim xanın irsi hakimiyyətini təmin etməli idi. Belə bir şəraitdə Qarabağda hakimiyyətin xanın oğlu Mehdiqulu xana keçməsi barədə xüsusi fərman verilmişdi. Bu fərmanın mətni də (onu Azərbaycan dilində Ş. Cəmşidov nəşr etdirmişdir – K. Ş. ) Kürəkçay müqaviləsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq fərmanın mətnini burada verməyi məqsədəuyğun hesab edirik: « I Aleksandrın İbrahim xanın ölümündən sonra onun oğlu Mehdiqulu ağanın xan elan edilməsi haqqında FƏRMANI: Biz, alli məqamlı və ali cəlallı, ehsanı ümumə şamil olan Allahın mərhəməti və köməyi ilə bütün Rusiya məmləkətlərinin, habelə başqa vilayət və ölkələrin istiqlal və rifahını təmin edən imperator I Aleksandr, bildiririk: Qoy bizim şahanə lütf və qayğımıza imperatorluq qüdrət və mərhəmətimizə ümid bağlayan Qarabağ vilayətinin bütün ali üləma, hörmətli başbilənləri, görkəmli və şərafətli əyanları, bəyləri, sərkərdəri, kəndxudaları, ağsaqqalları və bütün rəiyyətləri bilsinlər ki, keçən il – 1220-ci il (1805-ci) ildə mərhum İbrahim xan bizim şahlıq sanişinimiz olan general knyaz Sisianovla birlikdə bir «Andlı öhdəlik» tərtib etmişlərdi və general onu dərhal imperatorluq dərgahına çatdırmışdır. Biz həmin «Andlı öhdəliyin» tələb və şərtləri ilə tanış olduqdan sonra, mərhum xanın irəli sürdüyü bütün arzu və tələbləri, öz sonsuz şahanə lütf və qayğıkeşliyimizlə qarşılayıb onu bütün Qarabağ xalqı ilə birlikdə himayəmizə alıb, onları ali Rusiya dövlətimizin qədim sədaqətli təbəələri sırasına daxil edərək, mərhum İbrahim xanı xüsusi imperatorluq Fərmanı ilə Qarabağ vilayətinin müstəqil hakimi elan etdik və təminat veririk ki, Qarabağın imperatorluq təbəəliyinə daxil olan bütün rəiyyətləri, mərhum xanın varisləri daima imperatorluq tərəfindən lazımınca mühafizə olunacaq və dünya durduqca bu ocaqdan çıxan onun varisləri nəsildən-nəslə Qarabağın xanlıq taxtına oturub, müstəqil surətdə hökmranlıq etmək hüququ ilə təmin olunacaqlar.
İbrahim xanın bir iğtişaş nəticəsində qətlə yetirilməsi kimi hüznlü bir hadisədən sonra yenə sədaqətli vilayət rəiyyətlərinin məişətlərini təmin etmək sahəsində əlahəzrətin xeyirxah fikirləri və münasibəti dəyişilməmiş qaldı.
Əlahəzrət verdiyi sözə əməl edərək öz şahlıq mərhəməti və qayğısı ilə yüksək rütbəli vərəsə general mayor Mehdiqulu ağanı mərhum atasının yerində bərqərar edib, Qarabağ vilayətinin xanlıq taxtında oturtdu və bu Qərarı imperatorluq tuqrası (fərmanı) ilə təsbit etdi. Eyni zamanda lazım bilindi bu fərman məlumat üçün bütün Elbrus və Gürcüstan əyalətlərində şahlıq sanişini olan qraf Qudoviçə də göndərilsin. Ali məqam Mehdiqulu xana da qətiyyətlə bildirirk ki, o, Qarabağ vilayətində qüdrətli Rusiya dövlətinin himayəsi və mərhəməti sayəsində xanı möhkəm ələ alsın. Onun atası mərhum İbrahim xana verilmiş bütün xoş vədələr və şərtlərin hamısının təmini eynilə qüvvədə saxlanılsın.
Belə bir mövqedə əlahəzrət imperatorun fərmanı ilə lazım görüldü ki, həmin bu şahanə fərman və elamnamə vasitəsilə Qarabağ xalqının böyük üləma fazilləri, görkəmli şəxsləri, əyan-əşrəfləri, bəyləri, sərkərdələri, kəndxudaları, ağsaqqalları və başqa əhalisinin hamısı bilməlidir ki, ali məqam general Mehdiqulu xan əlahəzrət imperatorun mübarək fərmanı ilə xanlıq rütbəsi alıb Qarabağ vilayətinə müstəqil hakim təyin edilmişdir. Lazımdır ki, bütün əhali ona tabe olub, baş əyərək, sözündən çıxmasın. Xanın əmrinə və hakimiyyətinə aid olan bütün qayda-qanunlara əməl etsinlər. Xalqın xeyrinə olan işlərdə ona kömək edib, zərərli hərəkət və əməllərdən uzaq olsunlar. Eyni zamanda əmin olsunlar ki, imperatorluq öz ali mərhələməti və qayğısı ilə həmişə onlara lazım olan köməyi əsirgəməyəcəkdir.
Paytaxt Peterburqda 10 sentyabr 1806-cı miladi ilində müvafiq hicri tarixi 1221-ci ildə rəcəb-ül-mürəccəb ayının 9-da yazıldı və əta olundu. Sənədin əslini fələk Cəlallı əlahəzrət imperator belə imzalamışdır: Aleksandr».
Fərmanın mətni ilə tanışlıq göstərir ki, o, əslində Mehdiqulu xanın Qarabağ xanı təyinin bəyan edilməsindən daha böyük məsələləri əhatə edir. Burada mərhum İbrahim xanın Qarabağ vilayətinin müstəqil hakimi elan edilməsi bir daha təsdiq olunur, onun varislərinin Qarabağda hökmranlıq hüququna təminat verilir və s. Fərmanda mühüm bir məsələ də birmənalı həllini tapır: çar hökuməti İbrahim xanın qətli ilə yaranan mürəkkəb şəraitdə də nə məlikliklər, nə də ermənilər haqqında bir kəlmə söyləmir! Elmi və siyasi-hüquqi baxımdan bu böyük məna kəsb edir. Digər artikullar, əsasən təşkilat-təsərrüfat xarakteri daşıyırdı.
1804-1813-cü illər rus-İran müharibəsində çarizmin qələbəsi və 1813-cü il 12 oktyabr Gülüstan müqaviləsi (Юзефович Т. П. Договоры России с Востоком, политические и торговые. СПб. , 1869, с. 208-214. ), Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycanın işğalı, burada müstəmləkə idarə sisteminin bərqərar edilməsi Qarabağ, Şəki və Şirvan xanlıqları ilə bağlanmış müqavilələrin həyatiliyini zərbə altında qoydu. Qafqazdakı rus qoşunlarının baş komandanı A. P. Yermolovun dövründə (1816-1827) adı çəkilən xanlıqların ləğvi reallaşdırılmağa başladı. 1819-cu ildə Şəki, 1820-ci ildə Şirvan, 1822-ci ildə isə Qarabağ xanlığı ləğv edildi (Записки А. П. Ермолова. 1798-1826. М. , 1991, с. 338, 366, 382. ).
Qarabağ xanlığının ləğvindən sonra o, əyalətə çevrildi. 1823-cü ildə əyalətin «təsviri» keçirildi (Описание Карабахской провинции. Тифлис, 1866. ). Qarabağ xanlığının ləğvindən sonra burada çarizmin müstəmləkə sistemi maneəsiz şəkildə həyata keçirilməyə başladı. Qarabağın bütövlüyünün saxlanmasına imperator zəmanəti verən Rusiya sözünə əməl etmədi. Qarabağ xanlığı əsasında yaradılan əyalət 1840-cı ildə Şuşa qəzası adlandırıldı. Sonralar bu ərazidə Şuşa qəzası ilə birgə Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları yaradıldı. Qarabağda İbrahim xan və onun varislərinin hakimiyyəti rus administrasiyası ilə əvəz olundu. Qarabağ əhalisinin etnik tərkibində ermənilərin sayının artırılması üçün köçürmə siyasəti həyata keçirilməyə başladı. Qarabağda möhkəmlənməyə çalışan ermənilər 1905-1906-cı illərdə Azərbaycanın digər yerlərində olduğu kimi burada da Azərbaycanlılara qarşı genosid törətdilər (Bu barədə daha ətraflı baxın: Şükürov K. Qarabağ Rusiya imperiyası tərkibində // Qarabağ dünən, bu gün və sabah. Bakı, 2004, s. 118-121; Mahmudov Y. , Şükürov K. Qarabağ tarixi: Qədim zamanlardan müasir dövrədək // Qarabağ: suallar və faktlar. Bakı, 2005, s. 1-52. ).
Bütün bunlara baxmayaraq, Qarabağ 1805-ci il 14 may Kürəkçay müqaviləsinin ləğvindən sonra da Azərbaycanın əsas sosial-iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri olmuş, Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qalmış, Azərbaycan tarixinqin ümumi inkişaf istiqamətində tərəqqi etmişdi.
Kərim Şükürov
Tarix elmləri doktoru