Laçın rayonu – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Respublikanın cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 1835 km2, əhalisi 68.9 min nəfərdir (01.01.2006). Mərkəzi Laçın şəhəridir.
Rayona Laçın şəhəri, Qayğı qəsəbəsi və Ağbulaq, Alxaslı, Əhmədli, Hacılar, Güləbird, Cağazur, Quşçu, Minkənd, Mirik, Mişni, Sadınlar, Şeylanlı, Ağcakənd, Arduşlu, Ağcayazı, Aşağı Fərəcan, Fərəcan, Bozlu, Qalaca, Bülündüz, Ayıbazar, Birinci İpək, Vaqazin, Bozgüney, Kalafalıq, Hacıxanlı, Qovuşuq, Budaqdərə, Hoçaz, Mollalar, Uludüz, Avazlar, Daşlı, Vəlibəyli, Nanşlar, Hətəmlər, Kaha, Cicimli, Aşağı Cicimli, Qazıdərə, Zabux, Sus, Qızılca, Bəylik, İrçan, Çəmbərxaç, Xumarta, Qarabəyli, Lələbağırlı, Korcabulaq, Zerti, Xırmanlar, Birinci Tığik, İkinci Tığik, Qarıqışlaq, Soyuqbulaq, Qılıçlı, Zeyvə, Köhnəkənd, Qışlaq, Əyrik, Alıcan, Qozlu, Fingə, Qorçu, Zağaaltı, Qoşasu, Alpout, Bülövlük, Kürdhacı, Ərikli, Hacısamlı, Qarasaqqal, Kamallı, Çıraqlı, Qarakeçdi, Katos, Malxələf, Mazutlu, Məlikpəyə, Malıbəy, Ağoğlan, Hüsülü, Ziyrik, Mığıdərə, Dəyirmanyanı, Tərxanlı, Dəyhan, Baldırğanlı, Oğuldərə, Ağalaruşağı, Pircahan, Seyidlər, Əliqulu, Qaraçanlı, Piçənis, Xaçınyalı, Köhnə Corman, Sonasar, Mayıs, Təzəkənd, Haqnəzər, Ərdəşəvi, Səfiyan, Xanalılar, Suarası, Türklər, Fərraş, Nurəddin, Fətəlipəyə, Ağanus, Unannovu, Ərəb, Turşsu, Şəlvə, İmanlar, Dambulaq, Şamkənd, Ələkçi, Bozdağan, Corman, Nağdalı kəndləri daxildir.
Səthi dağlıqdır. Rayonun şərq hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cnub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğa dağıdır (3594 m). Yura-Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: civə, polimetal, tikinti materialları və s. Narzan tipli mineral bulaqları var. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim üstündür. Orla temperatur yanvarda -10°C-don 0°C-yədək, iyulda 10 – 22°C-dir. İllik yağıntı 600-900 mm-dir. Çayları Həkəri və onun qollarıdır. Əsasən, çimli dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqları yayılmışdır. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), sub-alp və alp çəmənliklərindən ibarətdir. Heyvanları: qayakeçisi, cüyür, çöldonuzu, sincab, süleysin, çölsiçanı və s. Laçın yasaqlığı təşkil edilmişdir.
Laçın kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq əsas yer tutur.
Rayonda 149 ümumtəhsil məktəbi, 2 məktəbəqədər və 5 məktəbdənkənar tərbiyə müəssisəsi, texniki peşə məktəbi, uşaq yaradıcılıq markəzi, 85 klub, 119 kitabxana, 5 musiqi məktəbi, 142 səhiyyə müəssisəsi var.
Memarlıq abidələrindən mağara-məbəd (5 əsr), türbələr (14, 19 əsrlər), qala (17 əsr), məscid (1718), saray (1716), körpü (18 əsr) və s. qeydə alınmışdır.
18 may 1992-ci ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə, “Azərbaycan” cildi, Bakı, 2007, s.866