İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində əsas prioritetlərdən biri yol infrastrukturunun bərpasıdır. Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir.
AZƏRTAC xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir.
Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə alınaraq aparılır. Yeni avtomobil yolunun uzunluğu 32 kilometr təşkil edir. İki hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 5 metr təşkil edəcək.
Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Layihəyə uyğun olaraq, torpaq yatağının tikintisi, süni qurğuların inşası işləri görülür. “İnşaat Norma və Standartları”na uyğun olaraq yararsız qrunt, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri aparılır, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və yeni torpaq yatağının inşası həyata keçirilir.
Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və müxtəlif süni qurğuların tikintisi də icra olunur. Bu çərçivədə yolun 22-ci kilometrində inşa edilən və uzunluğu 139,5 metr olan 4 aşırımlı körpüdə hazırda tikinti işləri son mərhələdə olmaqla icra olunur.
Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin nəzarəti ilə həyata keçirilir.
Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.