
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, açılışda rəsmi şəxslər, tanınmış elm və mədəniyyət xadimləri, beynəlxalq ekspertlər eləcə də yerli və xarici media nümayəndələri iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli çıxışında MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunduğunu bildirib. O qeyd edib ki, bu qərar mühüm sosial-mədəni əhəmiyyət daşıyır və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və iqtisadi dirçəliş prosesinə beynəlxalq ictimaiyyətin dəstəyinin və həmrəyliyinin parlaq göstəricisidir.
Onun sözlərinə görə, Laçın şəhərinin “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi şəhərin mədəni dirçəlişi və beynəlxalq əməkdaşlıq sisteminə fəal inteqrasiyası üçün mühüm təkan olacaq.
“2020-ci ildə ərazilərimizin işğaldan azad olunmasından sonra, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad olunmuş ərazilərin bərpa konsepsiyası yalnız infrastrukturun və abidələrin fiziki yenidən qurulmasını deyil, həm də mədəni həyatın dirçəlişini nəzərdə tutur”, – deyə A.Kərimli diqqətə çatdırıb.
MDB Baş katibinin müavini Nurlan Seytimov bu gün Laçında keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan olunması təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm hadisədir. Bu təşəbbüs mədəni əməkdaşlığın genişlənməsinə, həmçinin azad edilmiş ərazilərin dirçəlişinə töhfə verəcək.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri Polad Bülbüloğlu qeyd edib ki, bu gün biz Laçının Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı kimi yüksək status almasının sevincini yaşayırıq. Onun sözlərinə görə, bu əlamətdar hadisə Laçının zəngin mədəni irsinin dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, bu gün bir çox mədəniyyət xadimləri buradadır və bu da Laçının Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsinin bariz nümunəsidir.
“Bizim üçün bu proqramın həyata keçirilməsi böyük sevinc doğurur. Mənə elə gəlir ki, bu proqram çox düzgün şəkildə və məqsədəuyğun olaraq icra olunur. Bu prosesə verdiyi dəstəyə görə Müstəqil Dövlətlər Birliyinin əlaqələndirici qurumlarına ayrıca təşəkkürümü bildirmək istəyirəm”, – deyə Mixail Şvıdkoy qeyd edib.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib ki, işğal illərində Laçında və digər ərazilərimizdə tarixi abidələrimizə qarşı vandallıq aktı törədilib. O qeyd edib ki, 217 mədəniyyət, 101 təhsil və 142 tibb müəssisəsi, 462 ticarət obyektləri, 30 rabitə və bir çox sənaye obyektləri məhv edilib. 54 dünya əhəmiyyətli tarixi abidə və 200 yerli əhəmiyyətə malik abidəyə xeyli ziyan dəyib.
Çıxışlardan sonra Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy tərəfindən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədova “Birliyin mədəniyyət paytaxtı” sertifikatı təqdim edilib.
Daha sonra Laçının işğal dövründə məruz qaldığı dağıntıları və Azərbaycanın bu bölgədə bərpa-quruculuq prosesini əks etdirən videoçarx nümayiş olunub.
Tədbir bədi hissə ilə davam edib.