İşğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri çərçivəsində məscid və məbədlərin, dini inanc yerlərinin bərpası və tikintisi də xüsusi nəzarətdə saxlanılır. Hazırda Laçın şəhərində inşa edilən məscid binası azad olunan ərazilərdə ən böyük məscidlərdən biri olacaq.
Erməni vandalizmi Laçındakı ibadət ocaqları, məscid və digər abidələrdən də yan keçməyib. Erməni işğalı zamanı daş-divarlarındakı yaddaş tarixləri silinərək erməniləşdirilməyə və dünyaya erməni xalqının yazılı abidələri kimi təqdim edilməyə cəhd olunub. Torpaqlarımız azad olunduqdan sonra isə yaşayış yerləri və digər infrastruktur işləri ilə paralel, sözügedən dini abidələrin, məscidlərin, məbədlərin bərpası və yenidən inşası da xüsusi diqqətdə saxlanılır. Hazırda Laçın şəhərində yeni məscid inşa olunur.
“Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Laçın rayonu ərazisində çoxlu sayda məscid, məbəd inanc yerləri olub, lakin işğal zamanı sözügedən tikililər ermənilər tərəfindən dağıdılıb. Hazırda işğaldan azad olunan ərazilərdə ən böyük məscidlərdən biri məhz Laçında inşa olunur. Məscid kompleksinin ərazisi 1 hektara yaxın sahəni əhatə edəcək.
“Relyefə uyğun inşa edilən məscid iki mərtəbədən ibarət olacaq, birinci mərtəbədə texniki otaqlar yer alacaq. İkinci mərtəbə isə birbaşa məscidin qarşısındakı eyvana açılacaq ki, bu da əhalinin rahat ibadəti üçün məscidə girişi təmin edəcək. Məsciddə qadınlar və kişilər üçün ayrıca ibadət zalları, dəstəmaz otaqları olacaq. 600 kvadratmetrə yaxın sahəsi olacaq məscid binası 16 metr hündürlükdə bir günbəz və hər biri 24 metr hündürlükdə iki minarə ilə layihələndirilib. Məscid şəhərin hər yerindən görünəcək və azan səsinin şəhər ərazisinə daha rahat yayılmasına imkan yaranacaq. Məscid şəhərin qərb hissəsində girişdə magistral yolun kənarında yerləşir ki, bu da şəhərə gələn turist və qonaqların burada rahat ibadət etməsi üçün nəzərdə tutulub”, – deyə Elnur Abdullayev əlavə edib.
Laçında inşa edilən məscidin tikintisində iştirak edənlər də elə laçınlılardır. Söhbət etdiyimiz Zöhrab Hüseynov 31 il Laçına həsrət qalsa da, artıq doğma yurduna qovuşub: “Ailəmlə birlikdə Laçından məcburi köçkün düşəndə 16 yaşım var idi. İllərlə həsrətində olduğumuz Laçına məhz Ali Baş Komandan İlham Əliyevin və güclü ordumuzun sayəsində qayıda bildik. Hazırda Laçının abadlaşmasında, yenidən qurulmasında iştirak etdiyim üçün qürurluyam. Həm də məscidin inşa olunmasında çalışmaq özü də bir fəxrdir. Burada həmyerlilərimlə birlikdə çalışırıq”.
İlkin Mirzəzadə də əslən Laçındadır. O, 2000-ci ildə dünyaya göz açıb, Laçın haqqında yalnız valideynlərindən və böyüklərdən məlumat alıb. “Şəhərimiz, dağlarımız gözəldir. Laçına ilk dəfə gəldiyimdə sanki yuxuda idim. Laçın, sözün əsl mənasında, gözəlliyi ilə göz oxşayır. Şəhərdə bütün şərait yaradılıb, evlər bərpa olunur, yeni evlər tikilir, yollar abadlaşdırılır, iş yerləri açılır”, – deyə o əlavə edib.
Məscidin inşasında çalışan işçilərdən biri də Şakir İsmayılovdur. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edən Şakir indi Laçının abadlaşması üçün çalışır: “Bizlər Laçınımıza qovuşacağımız günü səbrsizliklə gözləyirdik. Laçın uğrunda döyüşlərdə iştirak etdiyimiz zaman hətta 14 gün mühasirədə qaldıq, qeyri-bərabər qüvvə ilə şəhəri qorumağa çalışırdıq, lakin təəssüf olsun ki, həmin vaxt Laçını itirdik. İndi Laçınımıza qovuşmuşuq, bu xoşbəxt günlərə görə Prezident İlham Əliyevə, Ordumuza minnətdarıq. Laçında yaşamaq və burada çalışmaq bizlər üçün həyatımızın ən gözəl günlərinin yenidən başlanması deməkdir”.