Bu həftə “1905.az” Diskussiya klubunda Laçının işğal edilməsi mövzusunu Laçın rayon İcra Hakimiyyətinin Hoçaz inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini Xatirə Laçın, “Park Bulvar” AVM-in PR meneceri Günay Malikqızı, araşdırmaçı-tarixçi Sultan Hümbətov, yazıçı- publisist, “Qızıl qələm” mükafatı laureatı,“Şuşa şəhəri”, “Qarabağ hərbçiləri”, “Xosrov bəy Sultanov” kitablarının müəllifi Ənvər Çingizoğlu, aktyor Elşən Talıbov və laçınlı İlham Quliyevlə müzakirə etdik.
Fuad Babayev: Hər birinizi xoş gördük. Bu gün biz Laçının işğal edilməsinin növbəti il dönümündə Laçın barədə söhbət edəcəyik.
İlk sualı belə qoyaq ki, biz Laçın üçün nə etmişik?
Xatirə Laçın: Dəvətiniz üçün minnətdaram. Saytınızı hər gün izləyirəm, Çox aktual mövzulara toxunursunuz. Laçın mövzusunu işıqlandırdığınız üçün xüsusi təşəkkür edirəm.
Nə iş görmüşük? Bəzən böyük işlər görməyə gücümüz çatmır. Nə yaxşı ki, heç olmasa internet üzərində birləşə bilirik. Burada toplaşanların çoxu feysbukda “Laçın və laçınlılar” qrupunun üzvüdür. O qrupun 2 mindən çox üzvü var. Çox aktiv qrupdur və orada gündəlik təbliğat xarakterli məlumatlar paylaşılır.
Təxminən bir il əvvəl Mübariz Mənsimova müraciət göndərmişdik. Sultan və Xosrov bəyin adının tankerlərə verilməsi ilə bağlı. Biz bir gəmiyə iki qardaşının adının verilməsi müraciətini vermişdik. O isə çox sağ olsun, təklifimizi qəbul etdi və bir yox, iki ayrı gəmiyə qardaşların adını verdi. Bu gün dünya sularında üzən həmin tankerlər tək laçınılıların yox, bütün Azərbaycanın uğurudur. Bizə məlumat verdilər ki, gəmilərdə muzeylər olur. İstəsəniz o muzeylərdə Laçınla bağlı guşə təşkil edək. Ancaq bu maliyyə tələb edən məsələdir. Ona görə də hələ ki, gözləyirik. Lacin.info saytına gəldikdə isə sayt çox aktiv fəaliyyət göstərir. Fəaliyyət istiqamətini də genişləndirib.
Gördüyünüz bu jurnallar “Laçın yurdu” jurnalıdır. Bunlar tematik buraxılışlardır.
Buraxılışlardan birini biz şəhid Səma Kərimovanın taleyinə həsr etmişik. Onun çox dəhşətli həyatı olub. Səma xanım 23 yaşında girov düşüb. 1 yaşlı övladı Nurlanə və bir neçə qohumu ilə birgə. O illər pul müqabilində bəzi girovların azad edilməsi məsələsi gündəmdə idi. Səma xanım da azad edilənlər siyahısında var idi. Ona bu haqda məlumat veriləndə o saçındakı sancaqla damarını kəsib intihar etmişdi ki, girovluqdan qayıdıb Vətənimə gedə bilmərəm. Bundan sonra ermənilər onun körpəsini qaytaranda 1 yaşlı körpəyə avtomatın qundağı ilə zərbə vurmuşdular. Bu gün 24 yaşlı Nurlanə o zərbənin nəticəsində dünya işığına həsrətdir…
İndi jurnal nəşr etmək böyük əziyyət bahasına başa gəlir. O qədər olub ki, abunəçimiz olmayıb. Amma biz öz hesabımıza jurnalı yaşatmışıq.
ƏN BÖYÜK PROBLEMİMİZ XARİCİ DİLLƏRİ BİLMƏMƏYİMİZDİR
Sultan Hümbətov: Bacardığım qədər Laçın mövzusunu gündəmdə saxlamağa çalışmışam. Əsas fəaliyyətim vikipediyadadır. Bilirsiniz ki, vikipediyaya çıxmaq digər saytlara çıxmaq qədər asan başa gəlmir. Vikipediyanın digərlərindən fərqi düşmənlə üz-üzə qalmağımızdadır. Gərək xarici dili yaxşı bilək ki, cavablarını verə bilək. Təəssüf, ən böyük problemimiz dili zəif bilməyimizdədir. Digər problemimiz yazdığımız tarixin ya yarımçıq yazılması, ya da öz tarixçilərimiz tərəfindən yazılmasıdır. Çox yaxşı olardı ki, tariximizi xarici tədqiqatçılarımız da araşdırardı.
Görülən işlərə gələndə isə əlimdən gələni edirəm. Daha çox sosial şəbəkələrdə aktivəm. Laçın haqqında mötəbər mənbələrdən əldə etdiyim məlumatları daim paylaşır, bir neçə saytla əməkdaşlıq edirəm.
Təəssüf, “Laçın işğal ediləndə əhali mübarizə aparmayıb”, “1 güllə belə atılmayıb” kimi əsassız iddialar bu gün çox səslənir. Amma bunlar yanlış informasiyalardır. Mən Laçının işğal edilməsindən 11 gün sonra çıxmışam oradan və nələrin baş verdiyinin canlı şahidi və iştirakçısı olmuşam.
Ənvər Çingizoğlu: Laçın haqqında 4 kitabım var. İkisi nəşr edilib, digər ikisi öz nəşrini gözləyir. “Xosrov bəy Sultanov” və “Sultanlıq soydan gəlir” kitabları. Digər ikisindən birinin adı Qaraçuxurlu mahalıdır. Qaraçuxurlu mahalı Laçının Qarabağ xanlığı dövründəki adıdır. Hazırda “Soy” elmi dərgisinin baş redaktoruyam. “Soy”Azərbaycanın qədim soyları haqqında məlumat verən bir jurnaldır. Jurnalın hər nömrəsində Laçın barədə məlumat verməyə çalışıram. İnternetdə, xüsusən vikipediyada tariximiz barədə məlumatlar paylaşıram.
İlham Quliyev: Hamı kimi görümüş işlər haqqında çox danışa bilməyəcəm. Təəssüf, nə jurnalist, nə rəssam, nə aktyor, nə də tarixçi deyiləm. Uzun müddət ölkə hüdudlarından kənarda yaşamışam. Ancaq sosial şəbəkələrdə aktiv və laçınlı olduğum üçün bu barədə mən də bir- iki kəlmə demək istəyirəm. MDB məkanında erməni diasporu çox güclüdür. Ona görə də onlar həmişə yaratdıqları uydurma tarixə insanları inandıra biliblər. Laçınlılar həmişə öz torpaqlarında olublar. Sona kimi öz torpaqlarında döyüşüblər.
Tarixi insan yaradır. Azərbaycanda bəylər çox olub. Amma daşnaklarla döyüşən ilk bəylərimizdən biri haqqında Ənvər müəllim araşdırma yazıb. Niyə Ənvər müəllim kimi tarixçimizdən istifadə etmirik lazımı qədər?
“ZƏNGİLAN ANAMIN XALÇAYA VURDUĞU NAXIŞDIR”
Günay Malikqızı: İlham müəllimin fikri ilə razıyam. Biz əlimizdə olanlardan istifadə edə bilmirik. Mən də feysbukda Xatirə xanım dediyi “Laçın və laçınlılar” qrupunun üzvüyəm. Amma o qrupda paylaşılanlar mənə maraqlı deyil. Ancaq qrupu tərk etmək istəmirəm. Orada paylaşılan informasiyaları bizə yox, bu gün yetişən gəncliyə çatdırmaq lazımdır. Çünki bizim Laçın haqqında bilməyimiz qeyri-adilik deyil. Biz həmişə işğal edilmiş rayonlar, tariximiz barədə ancaq ürək ağrıdan materiallar paylaşırıq. Ancaq müasir dövr başqa şey tələb edir. Məsələn, olmazmı ki, biz bir Laçın səhər yeməyi təşkil edək? Laçınlı valideynləri və uşaqları dəvət edək. Bu tədbir yazılan uzun bir araşdırma yazıdan daha çox effekt verəcək. Valideynlər xatirələrini danışacaq uşaqlar eşidəcək.
Ötən il “Yaddan çıxmaz Qarabağ” kitabım nəşr edildi. Uşaqlardan müsahibə əsasında yazılan bir kitabdır. Həmin kitabı 4 dilə tərcümə etdik. Hər dəfə o müsahibələri alanda ağlayırdım. Uşaqlar Laçın haqqında məlumatsızdılar. Bəziləri öyrədilmiş şablon cümlələr danışırdı. Ona görə də maraqlı deyildilər. Yadımda 1-2 uşaq qaldı. Bir oğlan var idi. Ondan soruşanda Zəngilan sənin üçün nədir? Dedi Zəngilan anamın xalçaya vurduğu naxışdır. Qısası, bizim hədəfimiz uşaqlar, gənclər olmalıdır.
Biz lazım olan adamlardan istifadə edə bilmirik. Vəsilə xanım çox aktiv jurnalist xanımdır. Laçınlıdır. Film çəkmişdi. Onun təqdimatı çox zəif oldu. Ancaq film çox gözəl idi. Əsirlikdən çəkiliş bir mövzu idi.
İlham Quliyev: Biz 14-25 yaş arası gəncləri qazanmalıyıq. Bu yaşlar arasında olan insanların işğal edilmiş torpaqlar haqqında məlumatları yoxdur. Dövlət dəstəyi olmadan, yalnız ictimai dəstəklə bir iş ortaya qoymaq olmaz.
Sultan Hümbətov: Laçın icra hakimiyyəti “Laçının 85 illiyi”nə həsr edilən kitab və disk buraxıb.
“XOXAN” FİLMİ BİR HƏFTƏYƏ 600 MİN GƏLİR GƏTİRDİ
Elşən Talıbov: Şübhə deyil ki, cəmiyyətə ən yaxşı təsir vasitəsi filmdir. Məsələn, Türkiyədə “Kurtlar vadisi” serialı çəkildi və həmin film bütün Türkiyə, o cümlədən dünyada çox böyük maraqla qarşılandı. Feysbukla nə isə etmək çox çətindir. Bütün anlaşılmaz məqamlara bir qəhrəmanlıq filmi çəkməklə cavab verə bilərik.
Günay Malikqızı: Bu yaxınlarda “Laçına 3D ekskursiya” oldu. Çox gözəl də təqdimatı oldu.
Elşən Talıbov: “Xoxan” filmi bir həftəyə 600 min gəlir gətirdi və bütün respublikaya səs saldı.
Günay Malikqızı: Amma Laçın haqqında olan film “Xoxan” qədər gəlir gətirməyəcək.
Elşən Talıbov: Gəlir düşünməyək. Maraqla qarşılanacaq, bizə də lazım olan da budur.
İlham Quliyev: Amma döyüş haqqında olan filmlər bir milyondan ucuz başa gəlmir. Biz o qədər pulu necə tapacağıq?
Günay Malikqızı: İndi maraqlı layihəyə pul yatırılır. Mənim atam 15 ildir rəhmətə gedib. Ancaq 15 ildir onun mahnılarından istifadə edirlər. Heç kim demir ki, bəlkə onun əsərlərindən bir muzikl yaradaq? Önəmlisi olan maraqlı layihə ortaya qoymaqdır. Film çəkə bilmirik. Video çəkək. Bunları etmək lazımdır. Maraqlı ideyası olan kiçik videolara hamı baxacaq və hər yerdə yayımlanacaq. Feysbuk çox yaxşı PR məkanıdır. Feysbuk vasitəsi ilə istənilən işi layiqincə reklam etmək olar.
Nənəm danışırdı ki, Laçında yaylağaçıxma mərasimi olub. Olmaz ki, o adət-ənənəni qabardaq və təqdim edək?! Bir dəfə də Laçını o cür yada salaq. Biz Xocalının işğal edilməsinin növbəti il dönəmində 1905.az saytı ilə birgə Park Bulvarda tədbir təşkil etdik. Müraciəti 1905.az-a özüm etmişdim. Çünki sayt mənim diqqətimi cəlb etmişdi.
Fuad Babayev: Kampaniyaçılıqdan necə qurtula bilərik?
Ənvər Çingizoğlu: Bundan azad olmaq çətindir. 20 yanvarda 20 Yanvardan, Xocalıda Xocalıdan danışırıq.
Fuad Babayev: Bəs lokallaşdırmadan necə uzaqlaşaq? Məsələn biz, ayrılıqda Laçın şəhidləri, Qubadlı şəhidləri kitablarına rast gəlirik. Amma məsələn, bütün Azərbaycan şəhidləri siyahısı olan kitaba rast gəlmirik.
Ənvər Çingizoğlu: Mən əslən Füzulidənəm. Amma Şuşa və Laçın haqqında da kitablarım var. Yəni bu fərdə bağlı məsələdir.
KAMPANİYAÇILIQDAN UZAQLAŞSAQ ÇOX ŞEYİ UNUDACAĞIQ
Xatirə Laçın: Amma biz kampaniyaçılıqdan azad olsaq çox şey unudacağıq. Belə olduğu halda heç olmasa 2-3 gün yad edirik. Bu yaxınlarda bir nəfər danışırdı. Bir qadın digərindən soruşub ki, haralısan? Deyib Laçındandır. Cavabında deyib ki, uzaq deyil hər gün oradan gəlib-gedirsən Bakıya? Yəni Laçının işğal altında olmasından xəbərsiz adamlar var. Bu qədər acınacıqlıdır vəziyyət….
Fuad Babayev: İşğal edilmiş torpaqları yaddaşlardan silməmək üçün nə etməliyik? Təklifləri eşidək.
Sultan Hümbətov: Eyni hədəfə vurmağı bacarmalıyıq. Birləşməli, ayrı-ayrı rayonlara bölünməməliyik.
Günay Malikqızı: Belə məsələlərdə maddiyyat güdmək lazım deyil. İdeyası olan insanları ətrafımıza yığmalı, həmin ideyanı gerçəkləşdirmək istiqamətində çalışmalıyıq. Bu gün heç kimin internetdə uzun araşdırma yazı oxumağa vaxtı yoxdur. Çünki həyat ritmimiz çox dəyişib.
Xatirə Laçın: Laçının İcra başçısı Akif Səlimov keçmiş döyüşçü, işgüzar icra başçısıdır. O icra başçısı olandan sonra hər evdən bir hərbiçi şüarı ilə çıxış elədi. Bu gün 10 çox yuxarı laçınlı oğlan hərbi məktəbdə təhsil alır. Onun işlərini danmaq olmaz.
Günay Malikqızı: İşlər görülür, amma təqdimat zəifdir. Bu, düzgün strategiya deyil. Həmin hərbçi oğlanların həyatından qısametrajlı videosüjetlər hazırlamaq olar.
İlham Quliyev: Hər halda icra hakimiyyətində mətbuat xidməti var. Bəs, o mətbuat xidməti niyə aktiv deyil? Heç olmasa o bizimlə birləşsin və icra hakimiyyətinin gördüyü işləri mətbuata çatdırsın.
Günay Malikqızı: Təqdimatı həmişə kitabla, jurnalla etmək şərt deyil. Gəlin, məsələn, 10 laçınlı ailəni və 8-14 yaş aralığında olan uşaqları bir araya yığaq. Böyüklər tarixçələrini danışsın, uşaqlar da eşitsin.
Fuad Babayev: Hər birinizə təşəkkür edirəm. Vaxt ayırıb gəldiniz. Zənnimcə çox maraqlı alındı.
Hazırladı: Aynur Hüseynova
1905.az
Material ilk dəfə 18 may 2015-ci ildə dərc edilib