Zəngin floraya malik Laçın rayonu respublikamızda arıçılıq mərkəzlərindən biri sayılırdı. Füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü burada arıçılığın inkişafını şərtləndirirdi. Odur ki, rayon iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biri də arıçılıq idi. Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilənə qədər rayonda 42 min 364 arı ailəsi var idi.
Laçın 1992-ci ildə işğal ediləndə rayonun digər sərvətləri kimi, arı ailələri də erməni qəsbkarları tərəfindən talan edildi. Buna baxmayaraq, ölkəmizin müxtəlif bölgələrində məskunlaşan laçınlı məcburi köçkünlər arıçılıq təsərrüfatlarını yenidən quraraq, ata-babadan qalan bu sahəni yaşatmaqdadırlar. Laçın rayonunun 2020-ci il dekabrın 1-də işğaldan azad edilməsi laçınlı arıçıların daha çox sevincinə səbəb olub. Çünki onlar həm 28 il həsrətində olduqları doğma yurdlarına qayıdacaq, həm də arıçılığı daha yaxşı inkişaf etdirəcəklər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı arıçılar da öz təsərrüfatlarını Laçın rayonunda inkişaf etdirməyi planlaşdırırlar.
Rayonun peşəkar arıçılarından olan Marks Vəliyev bildirib ki, Laçın rayonunun ərazisi arıçılığın inkişafı üçün olduqca əlverişlidir: “Ata-babadan arıçılıqla məşğuluq. Laçın rayonu işğal edildikdən sonra Ağcabədi rayonunun Taxtakörpü ərazisində arıçılığı davam etdirirəm. Bitki örtüyünə və balının keyfiyyətinə görə Laçınla Ağcabədinin fərqi çoxdur. Laçın rayonu arıçılığın inkişafı üçün əvəzolunmazdır. Zəngin bitki örtüyünə malik Laçında istehsal edilən arı məhsullarının keyfiyyəti hər zaman yaxşı olub. Orada istehsal edilən balın ətri də, rəngi də fərqlidir, müalicəvi xüsusiyyəti yüksəkdir. Şükürlər olsun Allaha, Prezidentimizin, müzəffər ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edildi. Laçına qayıdanda təsərrüfatımı daha da genişləndirəcəyəm, arı ailələrinin sayını artıracağam. Eyni zamanda, gənc nəslə arıçılığın sirlərini öyrədəcəyəm ki, ənənəni davam etdirsinlər”.
Dövlət tərəfindən arıçılıqla məşğul olan şəxslərə dəstək göstərilməsi sayəsində Laçında bu sahəni yenidən inkişaf etdirmək çətin olmayacaq. Bundan başqa Laçının təbiəti, iqlimi və zəngin bitki örtüyünün də arıçılığın inkişafı üçün əlverişli olması təsərrüfat sahiblərini əlavə xərclərdən azad edəcək. Çünki yaz-yay mövsümündə arı ailələrinin bir ərazidən başqa əraziyə köçürməyə ehtiyac qalmayacaq.
Digər arıçı Hüseyn İsmayılov da Laçın rayonuna qayıtdıqdan sonra arı ailələrinin sayını artıracağını deyir: “Burada 10 arı ailəsi saxlayıramsa, Laçında 60-70 arı ailəsi saxlamağı planlaşdırıram. Artıq buna hazırlaşmağa başlamışam. Əlavə yeşiklər düzəltmişəm”.
Hazırda laçınlı arıçılar arı ailələrinə yaz qulluğu edirlər. Qulluq işlərini vaxtında və düzgün aparmaqla onlar bol məhsulun əsasını qoyurlar. Gövhər Hümbətova bildirib ki, yaz mövsümündə arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir. “Arı pətəklərinə baxış günəşli, sakit və havanın temperaturu 15 dərəcədən artıq olan günlərdə aparılmalıdır. Bu zaman pətəyin nəmliyi, ailənin gücü, ana arının varlığı və yaxud səmərəliliyi, işçi arıların, yumurta və sürfənin vəziyyəti, yem ehtiyatı yoxlanılır. Nəmli və zibilli yeşiklər dəyişilir. Arı pətəyinə baxış zamanı ana arıya xüsusi diqqət yetirilməlidir. Əgər sürfələr aralarda boş gözlər olmaqla qoyulubsa, bu, ana arının yaşlılığının və ya səmərəsizliyini göstərir. Yumurta qoyma bacarığı azalmış ana arılar yenisi ilə əvəzlənməlidir, – deyə o qeyd edib.
Yaz mövsümündə pətəklərdə arı xəstəliklərinə tez-tez rast gəlinir. Laçının təcrübəli arıçıları bildirirlər ki, doğma yurdlarında əvvəllər bu cür hallar çox az müşahidə olunurdu. Onlar əmindirlər ki, Laçın rayonuna qayıtdıqdan sonra təbiətin zənginliyinə görə yenə də arıların sağlam inkişafını təmin edə biləcəklər.