1905.az saytının bu dəfəki həmsöhbəti Harvard Universitetində qonaq tədqiqatçı alim (visiting scholar) kimi fəaliyyət göstərmiş tarix üzrə fəlsəfə doktoru Lalə Əliyevadır. O, Harvardın Yaxın və Orta Şərq Mərkəzində “İslamın milli kimliyə təsiri” adlı elmi-tədqiqat layihəsi üzərində işləyib.
– Azərbaycan xalqı. XXI əsr. Qarabağ problemi. Qonşular. Qloballaşma. Bu anlayışlar arasında rabitələr çoxdur. Bu rabitələrin “anatomiya”sı haqqında danışaq.
İcazənizlə, bu sırada bəzi dəyişikliklər edərdim. Məsələn, Azərbaycan xalqı yox, milləti. Daha sonra Qarabağ problemi ilə yanaşı “neft” ifadəsini əlavə edərdim. Çünki sizin sualınıza uyğun olaraq demək istərdim ki, bu gün Azərbaycan haqqında ən çox iki mövzuda danışırılır ki, bunlardan biri Qarabağ, biri də neft mövzusudur.
Bilirsiniz, qərb etnologiyasında xalq və millət anlayışlarının interpretasiyası keçmiş Sovet və hazırkı rus etnologiyasından çox fərqlənir.Və bu gün, müasir dünyada Sovet etnologiyası qəbul edilmir. Qərb antropoloqları sübut edir ki, bütün millətlər XIX-XX əsrlərin məhsuludur və bu dövrə qədər mövcud olan tayfa və xalqalr etnik kimliyə (ethnicity) malikdir.
Dövlət etnosun millətə çevirən faktordur. Xalq o zaman millətə çevrilir ki, özünə dövlət yaratmış olsun. Və Tadeuş Svyataçovski yazır ki, Azərbaycan milləti 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə doğuldu. Müasir Azərbaycanın Konstitusiyası ABŞ Konstitusiyasında təsbit olunan vətəndaş milləti ideyasına əsaslanır. Qısası, konstitusiyamızda göstərilir ki, dövlətin mənbəyi xalqdır və xalqı da Azərbaycan vətəndaşlarından ibarətdir. Bu isə o deməkdir ki, Azərbaycan dövləti etnik kimliyindən asılı olmayaraq, hər bir vətəndaşa məxsusdur.
Vətəndaş milləti anlayışı hazırda geniş yayılmış tendensiyasıdır. ABŞ timsalında biz görürük ki, etnik, hətta mədəni rəngarəngliyə baxmayaraq, böyük bir kütlə millət kimi təşəkkül tapa bilir və bu zaman etnik və dini assimilyasiya baş vermir. Sadəcə cəmiyyəti təşkil edən müxtəlix seqmetlər bir-birinə güclü inteqrasiya edir.
Azərbaycan geopolitik nöqtəyi-nəzərindən sanki Rusiya, Türkiyə və İranın yaratdığı üçbucağın əhatəsindədir. Uzun əsrlər ərzində biz bu geopolitik zonada yerləşməkdəyik. Sadalanan hər 3 dövlət zaman-zaman bizə müəyyən faktorlardan istifadə etməklə təsir etməyə çalışıb. Məsələn, İran əhalinin böyük əksəriyyətinin şiə olması faktorundan, Rusiya isə iqtisadi və etnik faktordan (məsələn, ləzgi, talış faktoru) istifadə etməklə bizə təsir etməyə çalışıb. Ancaq düşünürəm ki, Azərbaycanı etnik zəmində parçalamaq cəhdi lüsumsuz cəhddir. Çünki biz artıq bir millət kimi formalaşmışıq və etnik separatizmlə Azərbaycanı məhv etmək mümkün deyil. Türkiyəyə gəldikdə isə düşünürəm ki, Türkiyə həmişə etnomədəni, etnolinqvistik- türkçülük amildən istifadə etməyə çalışır. Burada qardaşlıq, ümumi dil və mənşə faktoru və s. bu kimi məsələləri sadalamaq olar.
Əlbəttə, başqa qonşu dövlətlərin təsiri haqqında da danışmaq olar. Ancaq mən məsələn, Orta Asiya amilini qonşu kateqoriyasına salmazdım. Çünki Əmir Teymurdan və Şeybanilərdən sonra mən bir tarixçi kimi Orta Asiyanın Azərbaycana heç bir formada ciddi təsirini görməmişəm.
Qloballaşma. Azərbaycan qloballaşmaya daha çox yeni texnologiyalar vaitəsi ilə daxil olur. Dünya Azərbaycana daha çox müasir texnologiya, media, sosial şəbəkələr vasitəsi ilə təsir edir. Qloballaşmanın müsbət təsiri ilə yanaşı, mənfi tərəfləri də az deyil. Qərblə yanaşı Azərbaycana həm də müxtəlif İslam cərəyanları ciddi nüfuz etməkdədir. Mənfi təsirlər az deyil. Azərbaycan islamı əslində uyumlu, qeyri-siyasi bir islamdır. Başqa sözlə, o, insanın şəxsi həyatının bir parçasıdır. Amma hazırda müxtəlif aqressiv islam cərəyanları, siyasi islam Azərbaycana nüfuz etməyə çalışır. Məsələn, məhz İslam faktoru ilə bu gün onlarla azərbaycanlı Suriyada döyüşlərə qoşularaq vəfat edir. Qloballaşan dünyada siyasi İslam, aqressiv islam Azərbaycana öz mənfi təsirini göstərməkdədir.
– Azərbaycanlıların milli özünüdərki prosesində erməniliyin “xidmət”ləri haqqında nə demək olar ?
– Çox gözəl sualdır. Onu deyə bilərəm ki, qəribə səslənsə də Qarabağ probleminin milli birliyə, milli özünüdərkə müsbət təsir göstərən amil rolunu oynayıb. Belə demək mümkünsə “bədbəxtlikdən qazanc da əldə etmişik”. Əvvəla, 1980-ci illərin sonunda Qarabağ problemi fonunda Azərbaycanda milli-azadlıq hərəkatı yüksəlib. Eləcə də bu problem Azərbaycan xalqını bir yumruq halında birləşdirib. Bu isə çox vacib məsələdir. Qubalı da, Naxçıvanlı da, Gəncəli də Qarabağ problemini özününkü kimi hiss edir və onun uğrunda ölməyə hazırdır. Yəhudilərin hələ Yerusəlimi almadan, İsrail dövləti yaranmazdan öncə, belə bir deyimi vardı: “Mən o zaman Yerusəlimi unudaram ki, sağ əlimi unudam”. Çox yaxşı deyimdir. Biz də o zaman Şuşanı, Qarabağı unudarıq ki, sağ əlimizin mövcüdluğunu unudaq.
Etnik kimliyindən asılı olmadan, hətta Qarabağı görməyən gənclərimiz belə bu gün Qarabağ uğurunda vuruşmağa hazırdır. Qarabağ artıq bizim milli dəyərimizə, bizim bir olma simvolumuza çevrilib. Biz içdən bir-birimizi yeyən millətik. Ancaq Qarabağ mövzusunda biz həmişə birik, vahidik. Qarabağ müharibəsi göstərdi ki, biz hər hansı məsələ ilə bağlı birləşməyi bacarırıq.
Millətin özünü harada identifikasiya etməsi (özünü təyin etməsi) də çox vacib məsələdir. Azərbaycan xalqı özünü Qarabağ ərazisində identifikasiya edir.
Baxın, Rusiya Krımı işğal edib, şübhəsiz ki, bu anneksiyadır. Amma siz bir ukraynalının Krım uğrunda ölməyə hazır olduğunu gördünüzmü? Yox, çünki Ulrayna xalqı Krım ərazisində özünü identifikasiya etmir. Ukrayna bu proseslərin qızğın vaxtında Krım tatarlarını Krımın köklü əhalisi elan etdi. Rusiya prezidenti Putin isə bir müsahibəsində əksini iddia edərək yunanların Krımda yerli (köklü) əhali olması fikrini iddia etdi. Yəni millətin torpağı özününkü hesab etməsi, özünü hansı torpaqda identifikasiya etməsi məsələsində xüsusi diqqətli olmaq lazımdır. Bəzən bizdə parodoksal təbliğat aparılır ki, xalq özünü Orta Asiyada identifikasiya etsin.
– Bizim sayımız çoxdur. Təbii sərvətlərimiz var. Biz bəşəriyyətə çoxsaylı işıqlı simalar bəxş etmişik. Mədəniyyətimiz, ədəbiyyatımız… Biz çox güclü olmalı idik. Bəlkə də güclüyük. Amma buna inanmayanlar var. Sizcə niyə?
– Olduqca maraqlı sual üçün minnətdaram. Doğrudur, sayımız çoxdur, ancaq istədiyimiz kimi güclü deyilik. Bilirsiniz ki, bütün postsovet ölkələri üçün xarakterik olan belə bir xüsusiyyət var ki, tarixən burada ziyalılar, cəmiyyətin intellektual kəsimi ictimai fikri müəyyən edir. Yalnız ziyalı hissə aktivdir və yalnız bu kateqoriyaya aid şəxslər önə getməyə çalışır, aktivliyini hər hansı formada nümayiş etdirir. Cəmiyyətin qalan kəsimi ölkənin ictimai həyatına seyirçi mövqedədir, yalnız öz ailə-məişət problemlərinə qapanıb. Bu bizdə də, ruslarda da, gürcülərdə də belədir. Millət öz içindən bir ziyalı yetişdirib, onu qabağa verir, böyük kütlə isə passiv olaraq qalır. Biz müəyyən qrup insanı önə verib onun ardınca gedirk və bütün məsuliyyəti də onların üzərinə qoyuruq. Və təəssüf ki, intelektual insaların sayı olduqca azdır. Aktiv insanların azlığı bir yana, həmin o intelektual insanların arasında bir araya gələ bilməmək bizim ikinci problemimizdir. Çox təəssüfverici hal da olsa bunu demək məcburiyyətindəyəm. Biz plüralizmini qəbul edə bilmirik və fikir müxtəlifliyi içərisində rasional orta məxrəcə gələ bilmirik. Bəzən forumlarda, sosial şəbəkələrdə rast gəlirəm. Bizim qanımızdan olan 2 şəxs bir-biri ilə açıq formada düşmənçilik edir.
Ədəbiyyatımıza gəldikdə, mən bir şey demək istəyirəm. Harvard Universitetində olanda mənə çox gözəl və çox sadə bir sual verdilər. Sual belə idi ki, müasir dövrdə Azərbaycan ədəbiyyatının mövzusu nədir? Sizdə ədəbiyyat nədən yazır? Son dövrdə oxuduğum gənc yazşıların əsərləri əksərən açıq-saçıq səhnələrlə doludur. Belə çıxır ki, Azərbaycan hazırda seksual inqilab yaşamaqdadır. Çağdaş ədəbiyyatın nədən bəhs etməsi millətin hansı ideyalarla tərbiyə olunması və gələcək inkişafda hansı yolu tutmasının göstəricisidir. Həqiqətən də, son illər bizim ədəbiyyatımızın mövzusu yoxdur. Gənc yazarların əsərlərində mözu dəyişmir. Halbuki ədəbiyyat böyük silahdır. Məsələn, biz Misirə nəzər salsaq, görərik ki, 1960-cı illərin Camal Əbdül Nasir dövrü Misri ilə hazırkı Misir tam fərqli dəyərlərlə yaşayır. Çünki son 50 ildə ərəb ədəbiyyatına baxsaq, orada sekulyar cəmiyyətə qarşı dini dəyərlərin təbliğ olunmasını görərik. Nəticəsi isə hazırkı Misirdə göz önündədir: aqressiv dini cərəyanlar və onların bir –biri ilə mübarizəsi ölkəni fəlakət halına salıb. Ona görə ədəbiyyat nümayəndələri yazılarında diqqətli olmalıdılar, çünki ədəbiyyatın mədəni inkişafda təsiri olduqca böyükdür.
– ABŞ-da tədqiqatlar aparmısınız. Okeanın o tayıında Azərbaycanı tədqiq etməyin çətinliyi varmı?
– Tədqiqat mövzum “İslamın milli kimliyə təsiri” mövzusu olub. Bu mövzu elmlər doktoru disseratsiyamın bir hissəsidir əslində və Azərbaycan xalqının etnogenez problemi ilə bağlıdır: etnosun yaranması, milli kimliyin formalaşması, İslam dininin ona təsiri və müasir dövrdə rolu.
Çətin deyil okeanın o tayında Azərbaycanı araşdırmaq. Çünki Harvardın o qədər zəngin kitabxanaları var ki… adam sadəcə orada yatıb qalmaq istəyir. Harvardda istədiyin kitabı, jurnalı, qəzeti və hətta qədim əlyazmanı rahatlıqla tapa bilərsən. İstər fiziki formada, istər elektron. Təsəvvür edin ki, Harvadda bizim “Babai-Əmir”, “Molla Nəsrəddin” kimi jurnallarımızın orijinalı var. Hətta Elmlər Akademiyasının nəşr etdiyi jurnalları belə Harvardda tapa bilərəm. Ancaq gəlin baxaq görək, Harvardın jurnalları Elmlər Akademiyasında varmı? Acınacaqlı haldır. Orada isə istənilən məlumatı tapa və tədqiq edə bilərsən. Çox təəssüf ki, Azərbaycan ictimaiyyətinin böyük bir hissəsinin dünyada Azərbaycan haqda edilən araşdırmalardan xəbəri yoxdur. Məsələn, 1996-ci ildə qədim alban dilində İncil aşkar edilib. Və 2008-ci ildə həmin İncil deşifrə edilərək (açılaraq) oxunub. Qəbələnin Niç kəndində hazırda yaşamaqda olan udilərin dilinə yaxın bir dildə olması müəyyən edilib. Bu həqiqətən də böyük bir kəşfdir. Ancaq Azərbaycanda bu haqda heç bir yerdə informasiyaya rast gəlmirik. Bizim Azərbaycan tarixi dərsliklərində hələ də yazılır ki, Qafqaz Albaniyasının əlifbası açılmayıb.
– 1905.az az portalına tövsiyyələriniz?
– Mən sizə təşəkkür edirəm və saytınıza yalnız uğurlar arzulayıram.
– Minnətdarıq.
Fuad Babayev, Aynur Hüseynova
1905.az