Sentyabr ayında litvalı jurnalist Qintaras Visotskasın yazdığı “Qara Bağın faciəsi” (“Трагедия Черного Сада”) adlı kitab və jurnalist Leonas Yurşanın müəllifi olduğu “Siyasətçilərin xalqların talelərini dəyişdirmiş qərarları” (“Решения политиков, изменившие судьбы народов”) adlı kitabça Litva dilindən rus dilinə tərcümə olunaraq nəşr edilib.
AZƏRTAC xəbər verir ki, kitablarda ermənilərin iki əsr öncə Türkiyə və İran ərazilərindən Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza köçürülməsindən, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunur. Hər iki nəşr Litva ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
2015-ci ildən başlayaraq bir sıra litvalı politoloqlar və tarixçilər tərəfindən Litva dilində yazılmış “Dağlıq Qarabağ münaqişəsi: həlli yolları axtarışında” adlı kitab, tarixçi-alim Alqimantas Liyekis tərəfindən yazılmış “Millətlərin Qafqaza köçü. XX əsr” kitabı, jurnalist Qintaras Visotskasın yazdığı “Qara Bağın faciəsi” kitabı və jurnalist Leonas Yurşanın müəllifi olduğu “Siyasətçilərin xalqların talelərini dəyişdirmiş qərarları” adlı kitabçanın Litva siyasətçiləri və ictimai xadimləri arasında paylanılması və kitabxanalara verilməsi, “Elibrary.lt” elektron kitabxanasında yerləşdirilməsi erməni uydurmalarının ifşa olunmasında və Litva ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinə baxışında xeyli dönüş yaradıb.
Bir müddət öncə tarixçi alim A.Liyekisin “Millətlərin Qafqaza köçü. XX əsr” adlı kitabı rus dilində də nəşr edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs