Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, yalnız Ermənistan stendində “Karabakh” yazılı bir şirkətin lövhəsi qoyulub: “Üzdəniraq qonşularımız işğalçı xislətlərinə sadiq qalaraq London sərgisində öz niyyətlərini həyata keçirməyə çalışsalar da, buna nail ola bilməyiblər. Sərginin açılış günü Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə stendimizə baş çəkib, turizm şirkətlərinə uğurlar arzulayıb. “Karabakh” yazılı bir şirkətin lövhəsinə gəldikdə, Tahir Tağızadə bu məsələyə toxunaraq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Londondakı səfirliyin müvafiq addımlar atdığını diqqətə çatdırıb. Səfir bu məsələnin sərginin sonunadək xüsusi diqqətdə saxlanılacağını bildirib”.
Qeyd edək ki, 2002-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 12-ci dəfədir London sərgisində iştirak edir. Ötən il tədbirdə ümumilikdə 192 ölkə təmsil olunub. Sərgi noyabrın 6-dək davam edəcək.