ABŞ-ın yarım milyon erməninin yaşadığı Los-Anceles vilayətində Xocalı soyqırımına və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinə dair kitab nəşr olunub. Kitab tanınmış “Floricanto Press” nəşriyyatı tərəfindən çap edilib.
“FOX News Latino” və “The Hill” kimi nüfuzlu mətbu orqanları ilə əməkdaşlıq edən, bir sıra məşhur ABŞ televiziya və radio kanallarının şərhçisi, amerikalı jurnalist Raul Lovery Kontrerasın müəllifi olduğu kitab Xocalı soyqırımına dair Birləşmiş Ştatlarda nəşr olunmuş və satışa çıxarılmış ilk kitabdır. Bu nəşr dünyanın ən böyük internet kitab mağazası olan Amazon şəbəkəsində, ABŞ-ın ən böyük kitab mağazası şəbəkəsi olan Barnes & Noble-da və digər şəbəkələrdə satışa çıxarılıb. Amazon şəbəkəsi vasitəsilə kitabı ABŞ ilə yanaşı, Almaniya, Fransa, İtaliya və İspaniyada da almaq mümkündür. Yaxın aylarda digər ölkələr də bu siyahıya əlavə olunacaq.
“Dağlarda qətl. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” adlı kitabda Xocalı soyqırımı ilə yanaşı, Dağlıq Qarabağın tarixi, onun əzəli Azərbaycan torpağı olması, Ermənistan qoşunları tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunması və azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti haqda oxuculara ətraflı məlumat verilir. Kitabda müəllifin Xocalı şahidlərindən və digər məcburi köçkünlərdən götürdüyü müsahibələr əksini tapıb.
R.Kontreras, həmçinin erməni terrorizmi, onun yaranma tarixi, erməni terrorçularının Azərbaycan, ABŞ, eləcə də digər ölkələrdə həyata keçirdikləri terror aktları, eyni zamanda, Birləşmiş Ştatlarda fəaliyyət göstərən erməni lobbisi barədə oxuculara ətraflı məlumat verir.